“Almaniyanın romantik
şəhərləri” mövzusunda
sərgi
Bu il noyabr ayının 10-dan 20-nə kimi Azərbaycan
Turizm İnstitutunda Almaniyanın ölkəmizdəki səfirliyinin
təşəbbüsü ilə tematik mövzuda sərgi
keçirilir.
“Almaniyanın romantik
şəhərləri” adlı sərginin açılışında
səfirliyin rəsmi nümayəndələri, o cümlədən,
mədəni işlər üzrə attaşe cənab Herbert
Şmitter, İraq səfiri cənab Erşad Ömər
İsmayıl və Ukrayna səfirliyinin əməkdaşları
iştirak etmişlər. Sərgi
iştirakçılarını və qonaqları salamlayan
institutun rektoru tarix elmləri namizədi, dosent Cəfər Cəfərov
çıxışında bildirdi ki, tədbirin keçirilməsi
ölkələrimiz arasında mədəni və elmi əməkdaşlığın
daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Tematik mövzuya həsr olunmuş sərgi ötən il də
təşkil olunmuşdu və nəzərdə tutulmuşdu
ki, analoji tədbir hər il mütəmadi keçirilsin.
Sərginin iştirakçıları
əsasən Almaniyanın
mənəvi sərvəti
sayılan bəzi şəhərlərinin geniş
planda ümumi mənzərəsini, tarixi
abidələrini, turizm
imkanlarını, eləcə
də ekzotik gözəlliklərini əks
etdirən fotomaterialları
heyranlıqla izləmişlər,
həmçinin Almaniyanın
qədim şəhərləri
haqqında sənədli
materialları özündə
ehtiva edən 31 elmi-kütləvi kitabla da tanış
olmaq imkanı qazanmışlar.
Almaniya səfirliyinin
təşəbbüsü ilə keçirilən tədbir iki ölkə arasında, o cümlədən, Azərbaycan Turizm İnstitutu ilə əlaqələrin müxtəlif
istiqamətlərdə inkişafına
zəmin yaradacaqdır.
İ.RÜSTƏMOV
Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 8.