Misir: qədim ölkənin çağdaş günləri

 

Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin MDB Ölkələri ilə Texniki Əməkdaşlıq Layihəsi əsasında Azərbaycan jurnalistlərinin bu ölkəyə daha bir səfəri başa çatdı. Azərbaycan KİV-nin müxtəlif sahələrini təmsil edən 17 nəfərlik qrup proqramı həyata keçirən Misir Fondunun Qahirə Universitetinin jurnalistika fakültəsində təşkil etdiyi seminar məşğələlərində iştirak etdi, Misir jurnalistikası ilə ətraflı tanış oldu, qədim ölkənin tarixi yerlərinə səyahət etdi, Misir — Azərbaycan əməkdaşlığı ünvanlarından keçdi. Səfərin iştirakçısı olaraq təəssüratımızı qısa şəkildə oxuculara təqdim edirik.

 

1. Misirdə jurnalistika

 

Proqram Misirin Bakıdakı səfirliyindən start götürdü. Səfərdən bir gün əvvəl möhtərəm səfir Sabir Mənsur qrupumuzun üzvlərini çay süfrəsi arxasında qəbul edərək proqram barədə məlumat verdi, Azərbaycan jurnalistlərinə Misirlə tanışlıqda uğurlar arzuladı. Təyyarə ilə Bakıdan çıxandan, İstanbuldan keçməklə, 8 saat sonra gecəyarı Qahirəyə yetişdik. Hava limanında qrupumuzu qarşılamağa Misir XİN-nin nümayəndəsi ilə yanaşı, Azərbaycan səfirliyinin əməkdaşı da gəlmişdi. Xurma ağaclarının sıralandığı xiyabanla Qahirənin mərkəzinə gələnədək Avrasiya ilə Afrikanı, Qərblə Şərqi, Şimalla Cənubu, İslam aləmi ilə xristian dünyasını qovuşduran bu meqapolis barədə ilk təəssüratımız o qədər də kasad olmadı. Afrika nəhənginin, Nil mirvarisinin içərilərinə doğru getdikcə qədim tarixin heyrətamiz nişanələrini bugünədək yaşadan səhralar məmləkətində dünyanın ən böyük və müasir şəhərlərindən birinin nağılvari və əzəmətli gecəsinə dördgözlə tamaşa etdik. İlk baxışdan Qahirənin də Bakı kimi Qərb—Şərq sintezindən yoğrulduğunu yəqin etdik. Nilin sahilindəki təntənəli “Şepard” oteli Qahirə Universiteti ilə birlikdə ikihəftəlik səfərimizin qərargahı oldu.

Səhərisi Qahirə Universitetinə yollandıq. Məlumat üçün bildirək ki, bu ali təhsil ocağı dünyanın ən böyük universitetlərindəndir. Onun əsasını ötən əsrin əvvəllərində Misir şahının qızı, Avropada təhsil almış Fatimə xanım öz zinət əşyalarını satmaqla qoymuşdur. Sonrakı illərdə universitet sürətlə böyümüş, Yaxın Şərqin ən böyük ali məktəbinə çevrilmişdir. Universitet I əsrlik tarixinin bir sıra əlamətdar fakt və hadisələri ilə öyünür. 3 Nobel mükafatçısının — yazıçı Nəcib Məfhusun, Fələstinin sabiq lideri Yasir Ərəfatın və Beynəlxalq Atom Agentliyinin direktoru Əl-Bəradayinin vaxtilə burada oxuması isə universitetə daha çox şöhrət gətirir.

Nil çayı boyunca Qahirənin mərkəzində yerləşən böyük universitet şəhərciyinin giriş tağının qarşısında mərasimlər salonunun əzəmətli dairəvi binası yerləşir. Bu nəhəng, yaraşıqlı zalda Misir prezidentləri Nasir, Sadat və Mübarək dəfələrlə çıxış etmişlər. Qahirənin ən hörmətli qonaqları, xarici dövlət rəhbərləri də ənənəvi olaraq bu tribunadan mühüm bəyanatlar səsləndirmişlər. Bu yaxınlarda Misirdə olan ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Afrikaya, İslam aləminə yönəlik çıxışını burada etmişdir.

Saysız-hesabsız tələbənin qaynaşdığı şəhərcikdə ayrıca binalarda yerləşən çoxsaylı fakültələrin hərəsi az qala bir universitetdir. Müxtəlif ixtisas kursları və proqramlar da daxil olmaqla universitetdə 300 minədək tələbə və müdavim təhsil alır. Müəllimlərin bir çoxu ABŞ və Avropa universitetlərində ixtisaslaşmış, elmi dərəcə almış doktor-professorlardır. Tibb, hüquq və iqtisadiyyat fakültələri daha nüfuzludur. Jurnalistika fakültəsinə də gənclər böyük həvəslə gəlirlər.

Qadınların ictimai mühitdə fəallığı bu fakültədə daha artıq nəzərə çarpır. Müəllimlərin yarısından çoxu qadınlardır. Hətta fakültəyə, kafedra və digər bölümlərin çoxuna qadın professorlar rəhbərlik edirlər.Tələbələrin sayında isə qızların xüsusi çəkisi ildən-ilə artır. Hazırda onlar mütləq çoxluq təşkil edirlər. Ayrıca və müasir binada yerləşən jurnalistika fakültəsində qəzet-jurnal-nəşriyyat, teleradio və elektron media ixtisasları üzrə 3 mindən artıq tələbə təhsil alır. Fakültənin mətbəəsi, teleradio studiyası, kitabxanası, böyuk və kiçik toplantı salonları var. Burada qəzet, bülleten, kitab nəşr olunur, teleradio yayımı həyata keçirilir.

Fakültədəki treninq mərkəzində müxtəlif mövzularda jurnalistika kursları təşkil olunur. Misir Fondu da MDB və İslam ölkələrindən dəvət olunan jurnalist qrupları üçün məşğələləri jurnalistika fakültəsinin tanınmış, təcrübəli müəllimlərinin cəlb olunduğu bu mərkəzə həvalə edib. Bizim iştirakçısı olduğumuz “Misir jurnalistikası” proqramının nəzəri məşğələ və diskussiyaları da burada keçdi.

İlk gündə proqramın açılışında Misir Fondunun prezidenti, xarici işlər nazirinin müavini, səfir Samah Sotohu Azərbaycan jurnalistlərini salamladı, MDB-nin və İslam aləminin 19 ölkəsi üçün nəzərdə tutulmuş texniki əməkdaşlıq layihəsi barədə məlumat verdi. Fond rəhbəri bildirdi ki, layihə Misirin özünə yaxın bildiyi, əməkdaşlığı genişləndirmək istədiyi ölkələrin ayrı-ayrı mütəxəssislərinin müəllim, həkim, diplomat, jurnalist, bank işçisi və s. qruplarının ərəb dünyasının lideri, Afrikanın ən böyük və güclü dövləti Misir ilə yaxından tanış olması, dostluq körpüləri yaradılması, təcrübə mübadiləsi aparılması üçün əlverişli imkanlar yaradır. Azərbaycandan da vaxtaşırı belə qruplar dəvət olunur. Jurnalistlər isə artıq bir neçə dəfə Misirdə qonaq olublar.

Jurnalistika fakültəsinin dekanı, professor xanım Leyla Əbdülməcid Misir KİV-i, rəhbərlik etdiyi fakültə barədə ətraflı məlumat verdi, jurnalistlərin ötən səfərlərindən sonra Azərbaycan jurnalistikasına həmkarlarının artan marağını vurğuladı.

İlk məşğələni treninq mərkəzinin rəhbəri professor xanım Samya Əhmədəli apardı. ABŞ-da təhsil almış və işləmiş, Qərb KİV-nə yaxından bələd olan mühazirəçi Misir jurnalistikası barədə mülahizələrini ümumərəb, ümumşərq mediasının beynəlxalq KİV sistemində yeri, müqayisəsi əsasında açıqlamağa üstünlük verirdi. O qeyd etdi ki, Misir KİV-i ərəb dünyasında öndə getsə də, bir sıra uğurlar qazansa da dünya informasiya məkanında təşəbbüsü ələ almış Qərb informasiya vasitələri ilə rəqabətdə uduzur. Onlar Şərqə, İslam aləminə münasibətdə, sanki, yaxşını görmür, bir qayda olaraq, faciə və fəlakətləri önə çəkirlər. Nəticə etibarilə şərqlinin cahil, terrorçu, narkotika yayan, şübhəli işlərlə məşğul olan, demokratiyadan uzaq insan obrazının yaranmasına xidmət edirlər. Samya xanım bizimlə dialoqlarda Dağlıq Qarabağ , Fələstin münaqişələrinə də Qərb KİV-nin belə birtərəfli, ikili standart mövqeyindən yanaşdığını söylədi.

Sonrakı günlərdə mühazirəçi professorlar Məhəmməd Nəcib, Aulətif Əbdürrəhman, Naqua Kemil, Bərəkət Əbdüləziz Misir jurnalistikasının tarixi, müasir durumu, cəmiyyətdə rolu, aparıcı mövzuları, sənətkarlıq məsələləri, problemləri və inkişaf perspektivləri barədə geniş məlumat verdilər, suallarımızı cavablandırırdılar. Onların Azərbaycan jurnalistikası ilə bağlı sorğularına isə biz həvəslə aydınlıq gətirirdik . KİV-in hər iki ölkədə oxşar tarixi missiyası, çağdaş durumundakı eyniliklər yeri gəldikcə müqayisə və etiraf olunurdu.

Misirin aparıcı KİV-i əsasən dövlət orqanlarına bağlıdır. Partiya nəşrlərinin bir çoxu mülayim müxalifət mövqeyindədir. Hazırda 40-dək belə nəşr işıq üzü görür. Ancaq onların ömrü çox uzun olmur. Müstəqil mətbuatın mövqeyi cəmiyyətdə o qədər güclü deyil. Regional nəşrlərin səviyyəsi və tirajı aşağıdır. Teleradio dövlətin nəzarətindədir. Özəl teleradio yayımları, bitərəf informasiyaları, reklam və əyləncələrin bolluğu ilə seçilir. Misirin hazırda əsas dövlət qəzeti olan “Əl-Əhram” 1875-ci ildən çıxır. 1952-ci ildən nəşr olunan “Əl-Əxbar” və 1953-cü ildən buraxılan “Əl-Cumhuriyyə” qəzetləri də ölkənin rəsmi mövqeyini əks etdirir. Hər 3 qəzet 250—300 min tirajlarla çıxır. Çoxlu ixtisas və reklam jurnalları buraxılır. 1956-cı ildə Qahirədə yaradılmış və əhatə dairəsinə görə dünyada 10-cu yerdə dayanan “Yaxın Şərq İnformasiya Agentliyi” Misir və Ərəb mətbuatında aparıcı yer tutur.

Ölkədə radio verilişləri 1932-ci, teleyayım isə 1960-cı ildən aparılır. Dövlətə bağlı teleradio kanalları birliyi İnformasiya Nazirliyinə tabedir. Özəl telekanallar sürətlə çoxalır. 21 dövlət teleradio şirkətində 40 minədək adam çalışır. Telekanalların sayı 50-dən çoxdur. Dünya teleməkanında son illər nüfuzu artan Qətərdəki “Əl-Cəzirə” kanalında çalışan aparıcı kadrlar da Misir jurnalistləridir. Dünyanın məşhur telekanalları və digər ərəb ölkələrinin teleyayımları da daxil olmaqla, Misir teleməkanı liberallığı ilə nəzəri cəlb edir. Düyməni basdıqca ekranda əsasən ərəb estrada musiqisi, müxtəlif illərin kinofilmləri, informasiya buraxılışları, beynəlxalq markaların reklamları, studiya əyləncələri baş alıb gedir.

Misirdə jurnalistika yüksək qazanc gətirən digər ixtisaslarla müqayisədə qibtə olunası peşə sayılmasa da, mərkəzi KİV-də çalışan nüfuzlu jurnalistlər, dövlət və hökumət orqanlarına yaxın yazarlar cəmiyyətdə yaxşı tanınır, təminatlı həyat sürürlər. Jurnalistlərin həyatında həmkarlar ittifaqları təsirli rol oynayır. Bu qurumlar onların başlıca əmək və məişət problemlərini həll edirlər. 60 minədək jurnalisti birləşdirən həmkarlar ittifaqları jurnalistlərin gəlirinin artmasına, mənzil məsələlərinin həllinə, müalicə, istirahət və səfərlərin təşkilinə bacardığı qədər kömək göstərir. Gənc jurnalistlərin problemləri çoxdur. Son illərdə bu sahəyə gələnlərin sayı artsa da təminatlı iş tapmaq asan deyil.

Treninqlərdən sonra Misir KİV-in durumu, işi ilə tanış olmaq üçün Qahirədəki məşhur media ünvanlarında da olduq. Dövlət teleradio kanallarının mərkəzdə, XİN-lə yanaşı çoxmərtəbəli binasında müxtəlif studiyalara baxdıq. Burada yerləşən 10-dan artıq kanalın texniki cəhətdən müasir avadanlıqla təchiz olunduğunun, peşəkar yayım aparıldığının şahidi olduq. Misir prezidenti Hüsnü Mübarəkin təşəbbüsü ilə yaradılan, Misirin ərəb dünyasına liderlik iddiasının görüntülərindən biri olan Qahirə ətrafındakı nəhəng İnformasiya Mərkəzinə də getdik. Burada ölkənin qədim əzəmətinin təsvirləri müasir dünya memarlığının ultra elementləri ilə qovuşaraq təntənə və heyrət yaradır. Çox böyük ərazinin nəbati tərtibatı, çoxkorpuslu nəhəng bina və pavilyonları fironlar dövrünün əfsanə yaratmaq amirəliyini xatırladır. Mərkəzdə tədris akademiyası fəaliyyət göstərir, tədqiqatlar aparılır. Özəl teleradio kanallarının kino və prodakşn şirkətlərinin bir çoxu burada yerləşir. Açıq səma altındakı pavilyonlarda iri şəhərlərin bütöv küçələrinin təsviri quraşdırılır, döyüş meydanları, kommunikasiya görüntüləri yaradılır.

Yaxın Şərq İnformasiya Agentliyi də Qahirənin mərkəzi hissəsində böyük bir binada yerləşir. Agentlik güclü bazası, müasir təchizatı, mürəkkəb strukturu, əksər qitələri əhatə edən geniş şəbəkəsi ilə fasiləsiz informasiya axını yarada bilmişdir. Qurum MDB-nin, xüsusən, Rusiyanın informasiya məkanı ilə sıx əlaqədədir. Agentlik dövlət tərəfindən maliyyələşsə də müstəqil mövqeyi olduğunu göstərməyə çalışır. Qurumu aparıcı qəzetlərin redaktorlarının da daxil olduğu şura idarə edir. 800 nəfərin çalışdığı bu böyük informasiya maşını Misirin və ərəb dünyasının səsini dünyaya çatdırır. Agentlik ərəbdilli informasiya ilə beynəlxalq aləmdə tanınır, mövqeyini gücləndirməyə cəhd edir. Agentliyin direktor müavini Ləbib Bəd iki ölkənin media qurumları arasında əlaqələrin qurulmasının vacibliyini vurğuladı.

Qahirə Universitetində məşğələlər qurtaranda yekun görüş oldu. Misir Fondunun rəhbəri Samah Sotohi Azərbaycan jurnalistlərinə bu təhsil ocağının sertifikatlarını və xatirə medalını təqdim etdi. Mərasimdə ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirməkdə jurnalistlərin rolu bir daha vurğulandı.

 

 

Tahir AYDINOĞLU,

Bakı-Qahirə-Bakı

 

Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 7.