Cəlilabad: uğurlar artır, inam güclənir
Ötən əsrin ortalarında Cəlilabada gələrək
bu bölgə haqqında “Muğanın yeni dövranı”
adlı gözəl oçerk yazmış unudulmuz xalq
şairimiz Səməd Vurğun qeyd edirdi ki, buradakı park
kiçik Astraxanbazar (Cəlilabad — Ə.N.) şəhərinə
görə çox böyük nəzərə
çarpır. O vaxt həmin parkı yaradanlar haqlı olaraq
şəhərin böyüyəcəyini və əhalisinin
artacağını düşünüblərmiş. Bugünkü
böyük Cəlilabadda neçə-neçə iri park
var, artıq köhnə park çox kiçik
görünür. Möhtəşəm Heydər Əliyev
seyrangahı, ulu öndərin adını daşıyan park,
Mişarçayın ətrafındakı park, “Karusel”, Azərbaycan
və Ərdəbil küçələrinin kəsişdiyi
ərazidəki istirahət bağı və digər bu kimi
dilbər guşələr Cəlilabadın simasını təbəssümlə
nurlandırır.
Burada adam
özünü əyalətdəki kimi hiss eləmir. Şəhər
mədəniyyəti elementləri get-gedə artmaqdadır. Küçə
və meydanların təmizliyi, səliqə-sahmanı diqqətdən
yayınmır. Elə Ələt-Astara magistral yolundan şəhərə
dönən hissədəki dairədə ucaldılmış
müasir işıqlandırma sistemi — naxışlı
“salxım” çilçıraqlar Cəlilabadın necə
yüksək zövqlə
abadlaşdırıldığını göstərir. Yeri
gəlmişkən, yolun bu hissəsi o qədər genişləndirilib
ki, hərəkət intensivliyinin artdığı ən gur
saatlarda belə avtomobillər sərbəst
şütüyür, tıxac yaratmır.
Rayon icra hakimiyyətinin
başçısı Əziz Əzizov və onun komandası
idarəetmənin mütərəqqi üsullarını
bacarıqla tətbiq edir, görülən işlərin
keyfiyyətli olmasını diqqətdə saxlayırlar. Bir
vacib amil də odur ki, Cəlilabadda hər hansı bir iş və
ya vəzifə onun öhdəsindən daha yaxşı gələ
bilən, daha qabiliyyətli adama tapşırılır. Elə
uğurların təməlində də məhz bu cür
yanaşma dayanır. Bu komandada yarıtmaz adam yoxdur deyə,
bitməz işlərə də rast gəlinmir.
Cəlilabadın memarlıq
üslubundakı pərakəndəlik aradan tam
qaldırılmaqdadır. Yenidən qurulmuş
avtovağzal kompleksi, ondan bir qədər cənubda inşa
olunan Olimpiya İdman Kompleksi, müalicə-diaqnostika mərkəzi,
habelə rayonda tikilmiş yeni məktəblər, bank
filialları, dövlət idarələrinin inzibati
binaları, “Göl” oteli, fərdi və ümumi
yaşayış evləri, getdikcə uzanan abad yollar fərəhli
duyğular yaradır.
Cəlilabadın bir əsas
özəlliyi də onun sakinlərinin zəhmətsevərliyi
və doğma şəhərə təəssübkeşliklə
yanaşmasıdır. Axı qurub-yaratmaq işin bir tərəfi,
yaradılanları qoruyub-artırmaq isə digər vacib tərəfidir.
Bu baxımdan Cəlilabad, demək olar ki, problemsiz rayondur. Yeni salınmış “Naxçıvan”
bağının yaşıllıqları, küçə
və meydanlarda əkilmiş çoxsaylı ağac və
dekorativ kol bitkiləri, sıra-sıra üzüm
plantasiyaları, meşə zolaqları qayğı ilə bəslənir,
artırılır və rayonun hüsnünə günbəgün
daha artıq yaraşıq verir...
Cəlilabadda broyler fabriki, Qarazəncir
şərab zavodu, “Kristal” MMC, “Ruslan” mebel fabriki, “Avanqard”,
“Dalğa-94" kimi müəssisələrin sırasına
bu il asfalt zavodu da qoşulub. Hazırda taxıl tədarükü
və saxlanması məqsədilə elevator və anbarlar
tikilir, 200 tonluq iki soyuducu kameranın inşasına
başlanıb. Tezliklə regional gübrə
bazasının tikintisinə start veriləcək. Şəhərdə
əlil və şəhid ailələri üçün 16 mənzilli
yaşayış binasının istifadəyə verilməsindən
o qədər də çox vaxt keçməyib, artıq 36 mənzilli
daha bir belə binada son tamamlama işləri gedir. Rayon mərkəzindəki əksər binaların
dam örtükləri dəyişdirilir, fasadları təmir
edilir, işıqlandırma və su xətləri
quraşdırılır. Şiləvəngə və Zopun kənd
orta məktəblərinin yeni binaları, əhalinin sosial
müdafiəsi mərkəzi tezliklə istifadəyə veriləcək.
Öyrəndiyimizə görə,
bu il Cəlilabad şəhərində küçələrə
42540 kvadratmetr asfalt döşənib, yeni piyada yolları
salınıb, yaşayış binaları kompleksində kanalizasiya
xətləri çəkilib, divar, hasar və səkilər rənglənib.
Səkkiz kilometrlik Cəlilabad-Seyidbazar yolunun
asfaltlaşdırılması da son vaxtlar görülən
mühüm tədbirlərdəndir. Bu yolun çəkilməsi
beş kəndin əhalisini çətinlikdən birdəfəlik
qurtarıb.
Yaz mövsümündə rayonda
2140 ağac əkilib. Payız mövsümündə daha 4260
ağacın əkilməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikası
regionlarının 2009—2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda Cəlilabadın
şəhər və kənd yaşayış məntəqələrinin
su təchizatının yaxşılaşdırılması
xüsusi qeyd edilib. Bu məsələ əhali
üçün həyati önəm daşıyır,
çünki son illərdə iqlim şəraitinin dəyişməsi
ilə əlaqədar içməli su ehtiyatları xeyli
azalıb və dayaz quyuların suyu quruyub. Hazırda səkkiz
kənddə içməli suyun əsasən 100-150 metrlik
artezian quyuları vasitəsi ilə hasil olunması problem
yaradır. Bunu nəzərə alaraq həmin
yaşayış məntəqələrində yeni, dərin
artezianların qazılması vacibdir.
Cəlilabadda yaşayan
qohumlarımdan götürürəm: burada adamlar bekar
qalmağı sevmirlər. Rayon rəhbərliyi də bu məsələni
daim diqqətdə saxlayır. Regional inkişaf üzrə
2004—2008-ci illəri əhatə edən Dövlət
Proqramının icrası ilə əlaqədar burada 57
istehsal və 383 xidmət obyekti istifadəyə verilib, 22192
yeni iş yeri yaradılıb. Təkcə ötən il bu rəqəm
1620 olub. Cari ilin doqquz ayında yaradılmış 204 yeni
iş yerinin 80-i daimidir. Təkcə “Cəlilabad-broyler” ASC-də
110 işçinin çalışdığı 11 sex tam
gücü ilə işləyir. İlin əvvəlindən
bu müəssisədə 800 ton yüksək keyfiyyətli
quş əti istehsal edilib. Sənaye müəssisələrinin
buraxdığı məhsulun həcmi ötən ilin
müvafiq dövründəkindən çox olub. Pərakəndə
əmtəə dövriyyəsi, pullu xidmətlərin həcmi
də müvafiq olaraq 15 və 26,4 faiz artıb.
Avqust ayında Cəlilabadda əhalini
işlə təmin etmək məqsədilə əmək
yarmarkası keçirilib. Vətəndaşlara 233 boş
iş yeri təklif edilib, onların arzusu nəzərə
alınmaqla 73 nəfər işlə təmin olunub, 10 nəfər
ictimai işə, 12 nəfər peşə
hazırlığına cəlb edilib.
Dövlətin göstərdiyi
qayğıdan bəhrələnən kənd əməkçiləri
üç rübdə 152422 ton taxıl, 88569 ton kartof, 10321
ton tərəvəz, 943 ton bostan məhsulları, 1360 ton meyvə,
3250 ton üzüm istehsal ediblər. Payızlıq əkin
üçün 59245 hektarda şum aparılıb, taxıl əkini
məqsədilə 12710 ton toxum fondu yaradılıb.
Biz rayonda olarkən
Cəlilabad-Göytəpə şəhərləri
arasındakı yolun kənarlarında, habelə digər ərazilərdə
və əlbəttə, bazarlarda öz təsərrüfatının
məhsullarını satışa çıxaran xeyli kəndli
gördük. Əslində, ilboyu belə mənzərənin
şahidi oluruq. Bu, o deməkdir ki, ailəsinin ehtiyacını tam
ödəyən, qışa tədarükünü görən
torpaq adamları qalan məhsulu satmaq imkanı da əldə edə
bilirlər. Şübhəsiz, bu, müsbət haldır,
yoxsulluğun azalmasını göstərən amildir.
Camaatın şəxsi
təsərrüfatında mövcud olan 99 min baş mal-qara,
122 min baş davar və 6700 min baş quş ərzaq
bolluğunun yaradılmasında həlledici rol oynayır.
İlin əvvəlindən Cəlilabadda 7754 ton ət, 38371
ton süd və 14870 min ədəd yumurta istehsal edilib ki, bu da
ilbəil artan rəqəmlər
kimi səciyyələnir. Bu il süni mayalandırma üzrə
14 nəfər texnik hazırlanıb və onların fəaliyyəti
üçün hər cür şərait yaradılıb.
Deməli, heyvandarlıq məhsulları get-gedə daha da
artacaq.
Cəlilabaddakı bank
filialları və kredit təşkilatları da adamların təsərrüfatlarını
dirçəltməsinə, tədricən varlanmasına həvəslə
dəstək göstərirlər. Bu ilin əvvəlindən
rayonda 7700 hüquqi və fiziki şəxsə 14344 min
manatlıq kreditlər verilib. Bundan əlavə,
Kənd Təsərrüfatına Yardım Dövlət
Agentliyinin vəsaiti ilə 10 nəfər 775 min manat,
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti ilə 21
nəfər 171 min manat, İpoteka Fondunun vəsaiti ilə 6 nəfər
240 min manat kreditlə təmin olunub.
Rayonda poçt-rabitə xidməti
xeyli yaxşılaşıb. Əhalinin elektrik enerjisi və təbii
qazla fasiləsiz təchizatı rayon rəhbərliyinin daimi
diqqətindədir. Hesabat dövründə yaşayış
məntəqələrində 58 transformator təmir edilib, 2
yeni transformator qoyulub, 11 kilometrlik yararsız hava xətti yenisi
ilə əvəz edilib, 130 elektrik dirəyi dəyişdirilib.
Hazırda şəhərin yeni
yaşayış massivlərində elektrik hava xətlərinin
çəkilişi və “Smartkart” tipli sayğacların
quraşdırılması davam etdirilir. 630 metr orta təzyiqli
qaz xətti təmir olunub, şəhərin qaz təchizatını
yaxşılaşdırmaqdan ötrü Uzuntəpə kəndindən
10 kilometrlik yeni daşıyıcı qaz kəmərinin
çəkilişinə başlanıb. Bütün bunlar
qış qayğılarının həllində
mühüm addımlardır.
Hazırda Cəlilabad
inkişafının ikinci mərhələsini yaşayır.
Adamlar daha nikbin görünürlər. Rayonda hər kəs
inanır ki, sabah güzəranı bugünkündən də
yaxşı olacaq. Bu qənaəti yaradan, gücləndirən
dövlətin gündəlik qayğısı, eləcə də
rayon rəhbərliyinin yorulmaz səyləridir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 6