Parlaq bir məşəl kimi...

 

Lənkəran Dövlət Humanitar Kollecinin 85 yaşı tamam olur

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsisçiliyi ilə pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət göstərən tədris ocaqlarından biri də Lənkəran Dövlət Humanitar Kollecidir. Şəhərin mərkəzində, icra hakimiyyətinin qonşuluğunda yerləşən kollec özünün 75 illiyini uğurlarla qarşılayır.

 

Bu məktəb 1924-cü ildə “Darülmüəllimeyn” kimi fəaliyyətə başlayıb. Həmin il üçün cəmi 9 tələbə məktəbə qəbul edilmişdi. Ölkəmizin cənub bölgəsində savadsızlığın ləğvi ilə bağlı müəllim kadrları hazırlayan ilk orta ixtisas məktəbi olub. Sonrakı illərdə kadr hazırlığına olan tələbatla əlaqədar məktəbin adı dəyişdirilərək “Oğlanlar seminariyası”, pedaqoji məktəb, məktəbəqədər pedaqoji məktəb, pedaqoji texnikum olub.

Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə Lənkəran Məktəbəqədər Pedaqoji və Musiqi Texnikumlarının bazası əsasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılıb. Hazırda 1400 tələbənin təhsil aldığı, 127 müəllimin çalışdığı kollec cənub bölgəsinin ən qabaqcıl tədris müəssisələrindən sayılır. Burada 11 ixtisas üzrə pedaqoji kadrlar hazırlanır: ibtidai təhsil, ingilis dili, qeyri-Azərbaycan məktəblərində Azərbaycan dili, bədən tərbiyəsi və idman, fortepiano, xalq çalğı alətləri, musiqi nəzəriyyəsi, musiqi təhsili, təsviri incəsənət və rəsmxətt, xor dirijorluğu və xanəndəlik.

Kollecin direktoru Cahangir İbrahimov qabaqcıl maarif xadimidir. Lənkəranın Velədi kəndində dünyaya gəlib. Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsini bitirən Cahangir müəllim uzun müddət kənd məktəblərində çalışıb, 1977-ci ildən Sütəmurdov kənd orta məktəbinin direktoru vəzifəsində işləyib. On səkkiz ildir ki, bu kollecin direktorudur. Məhz onun dövründə məktəbə texnikum, sonra isə Dövlət Humanitar Kolleci adı verilib. Təhsil ocağının inkişafında, bölgədə ibtidai və əsas təhsil pilləsi üçün mütəxəssis hazırlanmasında direktorun xidmətləri danılmazdır.

Kollecin 85 illiyi ərəfəsində Cahangir müəllimlə görüşümüz işgüzar şəraitdə keçdi. Beş il öncə, 80 illik yubiley münasibətilə çap etdirdiyi kitabı göstərərək dedi:

— Bu kitabdan 1000 nüsxə çap olunmuşdu. Məzunlarımız gəlib hamısını alıblar. Bu gün təntənəli mərasim üçün məruzə hazırlamaqdan ötrü lazım oldu, gördüm ki, özümdə bir nüsxəsi belə qalmayıb. Bunu isə müvəqqəti istifadə üçün müavinimdən almışam.

Zəngin tarixi, adlı-sanlı məzunları olan Lənkəran Dövlət Humanitar Kolleci nə vaxtsa burada təhsil almış adamlar üçün hər zaman doğma olub. Sonradan ali təhsil alan, böyük vəzifələrə gedən məzunlar belə yeniyetməlik dövrünün əziz ünvanı saydıqları kolleci görməkdən, onun uğurlarına sevinməkdən şərəf duyurlar. Onlar tez-tez kollecə gəlir, unudulmaz tələbəlik illərini xatırlayır, sevimli müəllimləri ilə görüşürlər.

Qocaman kollec isə illərcə inkişaf edib, fəaliyyət dairəsini genişləndirib, maddi-texniki bazasını gücləndirib. Burada səkkiz kabinet var, hər biri də təlimin yeni metodlarına müvafiq şəkildə tədris planlarına və proqramların tələbinə uyğun şəkildə tərtib edilib. Fənn kabinetlərində olan stendlər, sxemlər, cədvəllər, didaktik materiallar, əyani və texniki vasitələr proqramların dərindən mənimsənilməsinə şərait yaradır. İstər fənlərə aid, istərsə də informatika və hesablama texnikası üzrə kabinetlər müasir səviyyədə olmaları ilə seçilir.

Kollecdə tələbələrin müstəqil fəaliyyətini inkişaf etdirmək üçün dərnəklər yaradılıb. Ədəbiyyat, əmək və əl işləri, bədii və texniki fəaliyyət, idman, İKT və digər dərnəklərin bu baxımdan rolu əvəzsizdir.

Lənkəran Dövlət Humanitar Kollecinin zəngin kitabxanası var. Oxu zalı tələbələrin elmi-metodiki biliklərə yiyələnməsinə, bədii təfəkkürünün inkişafına zəmin yaradır. Kitabxananın fondunda 1600-dək kitab toplanıb. Burada foto-stend, bülleten, illüstrativ və səyyar sərgilər təşkil olunur, görüşlər keçirilir. Müəllim və tələbələr kitabxananın imkanlarından hərtərəfli bəhrələnə bilirlər.

Direktor Cahangir İbrahimovun dedikləri:

— Kollecdə təlim-tərbiyə işlərinin təşkili ölkədə həyata keçirilən təhsil islahatlarının tələblərinə uyğun qurulub. Tarixi günlər və milli bayramların təntənəli şəkildə qeyd olunması ənənəvidir. Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar maraqlı elmi-praktik konfranslar keçirilir. Tələbələr arasında “H.Əliyev və Lənkəran” mövzusunda inşa müsabiqəsi yaddaqalan olub. Tələbə özünüidarə işlərinin tətbiqinə şərait yaradılır, “Öyrən və öyrət” şüarı altında fəaliyyət gücləndirilir. Hər tədris ilinin ən önəmli hadisələri müəyyənləşdirilir və bununla bağlı tədbirlər yüksək zövqlə həyata keçirilir.

Qazandığımız uğurlar bizi arxayınlaşdırmır. Təhsil nazirimiz, professor Misir Mərdanovun bizim kollecə və kollektivimizə xüsusi münasibət göstərməsindən daha da ruhlanırıq. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun gündəlik diqqəti və qayğsı ilə əhatə olunmuşuq. Rayon rəhbərliyi hər bir işimizdə bizə yaxından köməklik göstərir. Müəllimlərimiz dərin bilikli, işgüzar adamlardır. Məzunlarımızdan da razıyam, əksəriyyətinin xoş sorağı gəlir. İnşallah, kollecin 85 illiyinə həsr olunan təntənəli mərasimdə bir araya gələcək, sevincimizi bölüşəcəyik...

Bizim isə ilk tanışlıqdan xoş təsir bağışlayan bu təhsil ocağı barədə gəldiyimiz qənaəti belə ifadə etmək olar: Gözəl şəraiti, yüksək səliqə-sahmanı, möhkəm nizam-intizamı, kadr hazırlığında fədakarlıq göstərən direktoru və layiqli müəllim kollektivi olan Lənkəran Dövlət Pedaqoji Kolleci parlaq bir məşəl kimi ətrafına işıq saçır.

 

 

Əli ƏLİYEV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 6.