Samux: diqqət və qayğı inkişafı sürətləndirir

 

Dəfələrlə fikir vermişəm. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Samuxda hər hansı maraqlı bir iş görülürsə və ya bir obyekt inşa olunursa bu barədə yalnız o zaman məlumat verməyi sevir ki, iş artıq başa çatmış, yaxud istifadəyə verilmə ərəfəsindədir. Elə bu dəfəki görüşümüzdə də başçı yeni və artıq istifadəyə verilmiş obyektlərin siyahısı ilə bizi tanış etdikdə bir daha əmin olduq ki, o, həmişə son nəticəyə daha çox üstünlük verir.

 

...Rayonu gəzirik. Addımbaşı yeni, özü də hərəsi bir görkəmdə, gözəl milli memarlıq üslubunda tikilmiş obyektlərlə qarşılaşırıq. Hamısı da lap bu yaxınlarda istifadəyə verilib. Respublika ağır atletika federasiyası tərəfindən təyin edilən Ağır Atletika üzrə İdman Kompleksi istər özünün xarici görünüşünə, istərsə də daxilində idmançılar üçün yaradılan şəraitə görə istər-istəməz diqqəti cəlb edir. Bir qədər aralıda rayon maliyyə şöbəsinin inzibati binası göz oxşayır. Bundan başqa rayon poçtamtının, 57 saylı yol-istismar idarəsinin, statistika idarəsinin, 1 saylı polis məntəqəsinin inzibati binaları da istifadəyə verilmişdir. Maraqlıdır ki, rayon icra hakimiyyətinin başçısı V.Hacıyev bu obyektlərin hər biri ilə, hətta, bünövrəsi töküləndə belə maraqlanıb, tikintinin gedişini izləyib, öz tövsiyələrini verib, hərtərəfli köməklik göstərib. V.Hacıyev deyir ki, hər bir obyekt rayonun simasını, orada yaşayanların və işləyənlərin zövqünü əks etdirir. Gərək elə edək ki, qonaq-qara yanında da xəcalətli olmayaq və gələcəyi də fikirləşək. Daşı-daş üstünə qoymağa nə var ki... Əsas məsələ obyektin milli-memarlıq ənənələrinə uyğun, gözoxşayan və həm də hər cür şəraiti olmaqla tikilməsindədir.

Rayonun girəcəyi artıq öz görkəmini tamamilə dəyişir. Ulu öndər Heydər Əliyevin adını daşıyan möhtəşəm parkın yaxınlığında ərazisi 1 hektar olan bayraq meydanı demək olar ki, hazırdır. Meydanı hündürlüyü 33 metr olan bayraq daha əzəmətli edib, burada xiyaban salınıb, əraziyə su xətti çəkilib. Rayon icra hakimiyyəti üçün inşa olunan inzibati bina da bu əraziyə xüsusi görkəm verir və obyektdə son tamamlama işləri görülür.

Samuxda tərəqqi yüksələn xətt üzrə inkişaf edir, desək yanılmarıq. Bu ilin ötən ayları göstərir ki, rayonda inkişaf tempi, abadlıq-quruculuq işləri səngiməyəcək. Elə rayonun əsas iqtisadi göstəricilərinə nəzər salsaq bunu aydın görmək mümkündür. Məsələn, 2009-cu ilin 9 ayı ərzində ümumi məhsul buraxılışının həcmi 56,1 manat olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövründən 3,2 faiz çoxdur. Hesabat dövründə sənaye məhsullarının həcmi 0,6 faiz artaraq 3,3 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 6,7 faiz artaraq 36,7 min manat təşkil etmişdir. 2008-ci ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayı ərzində pərakəndə əmtəə dövriyyəsi 33,3 faiz artaraq 34,1 min manat, orta aylıq əmək haqqı 22,8 faiz artaraq 186,4 manat, əhalinin pul gəlirləri 67 faiz artaraq 41,7 min manat olmuşdur. Hazırda 732 ailə ünvanlı sosial yardım alır ki, bu da ümumilikdə 3356 nəfəri əhatə edir. Orta hesabla hər bir ailəyə 112,6 manat yardım göstərilir.

Bu dövrdə rayonda 939 yeni iş yeri yaradılmışdır ki, onun da 154-ü daimi, 322-si müvəqqəti və 463 iş yeri mövsümi iş yerləridir. Ümumiyyətlə, 2003-cü ildən bəri rayonda 12 minə qədər yeni iş yeri yaradılmışdır ki, onlardan da 3 mini daimi iş yerləridir.

2009-cu ilin ötən ayları ərzində də rayonda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli, 80 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009—2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər planı hazırlanmışdır. Belə ki, ilin əvvəlində rayonun mərkəzi Samux şəhərinin Kolayır prospektində yenidənqurma işlərinə başlanmış, prospektdə yolun hərəkət hissəsi genişləndirilmiş, köhnə hasarlar sökülərək yenidən hörülmüş, hasarlarda və yaşayış binalarının fasadlarında 2500 kvadratmetrdən çox suvaq və rənglənmə işləri aparılmış, su keçidlərinə borular quraşdırılmışdır. Eyni zamanda 2373 paqonometr uzunluğunda səki qurulmuş, yolun hərəkət hissəsinə və səkiyə yeni asfalt örtüyü salınmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdə yenidənqurma işləri aparılmış, prospekt boyu hər iki tərəfdə yerləşən binaların fasadlarına və divarlara aqlay daşından üzlük çəkilmişdir ki, bu da təxminən 4000 kvadratmetr sahəni əhatə edir. Eyni zamanda prospektin kənarlarına dekorativ ağaclar əkilmişdir.

Son aylarda rayonun Lək kəndi ərazisində inşa edilən və respublikamızda ən böyük yarımstansiyalardan biri olan 500/300 kv-lıq yarımstansiyanın tikintisində işlər daha da sürətlənmişdir. Hazırda regional əhəmiyyətli bu yarımstansiyanın tikintisində 200-dən artıq işçi qüvvəsi çalışır ki, onların da çox hissəsini rayon sakinləri təşkil edir.

Rayonun bütün istiqamətlərində yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, keçid boruların giriş-çıxış hissələri təmizlənmişdir. Gəncə—Samux, Samux—Hacıallı və digər istiqamətlərdə asfalt- beton örtüklü yollarda cari təmir işləri aparılmışdır. Samux-Gəncə yolunun sıradan çıxmış hissəsinə və Sarıqamış kəndinin girişinə 1 kilometr uzunluğunda yeni asfalt örtüyü salınmışdır. Yenikənd—Poylu—Kəsəmən—Qırmızı Samux istiqamətlərində çınqıl örtüklü yollara qum-çınqıl qarışığı tökülərək avtoqreyderlə hamarlanmışdır. Mart-aprel aylarında bütün yolların kənarında təmizlik işləri aparılaraq, 5 mindən çox həmişəyaşıl ağaclar əkilmişdir. Hazırda yol kənarlarına yeni ağacların əkilməsi üçün hazırlıq işləri aparılır.

Gəncə və Quşqara çayları üzərində olan körpülərin dayaqlarının daşqınlar zamanı yuyulmasının qarşısının alınması məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda sentyabr ayında baş vermiş təbii fəlakət nəticəsində Yenikənd-Poylu və Yenikənd—Qırmızı Samux yolunda yaranmış problemlər təxirəsalınmadan aradan qaldırılmışdır.

İqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən rayonda əsas diqqət yetirilən sahələrdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatıdır. Bu sahəyə 460 ədəd subartezian quyusu, 22 ədəd nasos stansiyası, Şəmkir-Maşın kanalı və 8 əsas kanal xidmət edir. Suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədi ilə 9 ay ərzində 242 ədəd nasos, 44 ədəd elektrik avadanlığı və 21 ədəd quyuda isə güc transformatorları təmir edilmişdir. Çaylarda və kanallarda lildən təmizləmə, sahilbərkitmə, tənzimləmə işləri görülmüş, kanallarda quraşdırılmış hidrotexniki qurğular, hidrotexniki postlar təmir edilmişdir. Hesabat dövründə 22780 hektar əkin sahəsinin suvarılması üıçün 93,9 milyon kubmetr su istehsal edilmişdir. Bu dövr ərzində istifadə edilmiş 32 milyon kilovatt/saat elektrik enerjisinin dəyəri rayon Suvarma Sistemləri İdarəsi tərəfindən tam olaraq ödənilmişdir.

Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 10/04 kv-lıq transformatorlar əsaslı təmir edilərək istismara verilmiş, elektrikverici xətlərdə naqillər texniki istifadə qaydalarına uyğun qaydaya salınmış, texniki şərtlərə cavab verməyən naqillər yeni naqillərlə əvəz edilmişdir. Gəncə-Samux yolunun işıqlanmasını təmin etmək üçün 1 ədəd 250 kv-lıq yeni güc transformatoru quraşdırılmışdır.

Samux şəhərində abadlıq işlərinin aparılması ilə əlaqədar Kolayır prospektində yeni 0,12 kilometr uzunluğunda 0,4 kv-lıq xətt çəkilmişdir. Ziyadlı kəndində qeyri-standart dayaq və naqillər 0,6 kilometr məsafədə yenisi ilə əvəz olunmuşdur. Poylu kəndində təbii fəlakət nəticəsində 35/10 kv-luq yarımstansiyada zədələnmiş güc transformatoru yenisi ilə əvəz edilmişdir. Ümumilikdə 9 ay ərzində 43 ədəd dayaq, 132 ədəd izolyator dəyişdirilmişdir.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Sarıqamış, Qədilli və Seyidlər kəndlərində daşıyıcı qaz kəmərləri, küçə xətləri çəkilmiş, hər bir abonent qaz sayğacı ilə təmin olunmuşdur. Yaxın vaxtlarda həmin kəndlərdə 371 abonentə təbii qaz veriləcəkdir. Şəhərin Heydər Əliyev və Kolayır prospektlərində uzunluğu 1600 metrdən artıq olan qaz boru xətti sökülərək yenidən texniki şərtlərə cavab verən qaydada çəkilmişdir. Rayonun Bağbanlar kəndində 1, Sərkar kəndində 4 və rayon mərkəzində 5 ədəd qaz tənzimləyicisi təmir olunaraq yararlı vəziyyətə gətirilmiş və istifadəyə verilmişdir.

Ötən müddətdə 710 yeni abonent təbii qazla təmin edilmişdir. Bununla bərabər dayanaqlı qaz təminatının verilməsi üçün gündəlik qrafik üzrə texniki qulluq işləri aparılaraq rayon əhalisinə normal qazın verilməsi təmin edilmişdir. Rayon ərazisindən keçən Qoşqar çayında baş verən daşqın nəticəsində Qarayeri qəsəbəsinə gedən qaz xəttində baş verən qəza aradan qaldırılmış, 110 metr uzunluğunda boru xətti yenidən çəkilmişdir. Alıuşağı kəndində mərkəzi küçədə olan 4 ədəd yol keçidi yenidən qurulmuşdur.

Rayon əhalisinə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, 2009-cu ilin 9 ayı ərzində əsas telefon aparatlarının sayının artımı 900 ədəd təşkil etmiş, abunəçilərin sayı 7634-ə çatdırılmışdır. Bunun nəticəsində rayonda hər yüz ailəyə düşən telefonların sayı 65,2 ədəd, hər yüz nəfərə düşən telefonların sayı isə 13,8 ədəd təşkil etmişdir. Rayonun Çobanabdallı kəndindəki ATS-in elektron ATS-lə əvəz olunması başa çatdırılmış, bununla da qovşağın montaj tutumu 8096 nömrə olmuşdur. Beləliklə rayonda fəaliyyət göstərən ATS-lər tam elektronlaşmışdır. Rayonda yeni informasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədilə 16 port tutumlu ADSL avadanlığı istifadəyə verilmiş və bununla da şəhər sakinlərinin yüksək sürətə malik olan geniş zolaqlı ADSL internet xidmətindən istifadə etməsinə imkan yaradılmışdır.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Cari ildə rayonda 10832 hektar sahədən 39787 ton taxıl məhsulu əldə edilmişdir ki, məhsuldarlıq hər hektara 36,7 sentner təşkil edir. O cümlədən 7435 hektar sahədən 27237 ton buğda (məhsuldarlıq 36,6 sentner), 3397 hektar sahədən 12550 ton arpa (məhsuldarlıq hər hektara 37,2 sentner) toplanmışdır. Hazırda gələn ilin məhsulu üçün hələlik 3640 hektar sahədə şum aparılaraq 1052 hektar taxıl səpilmişdir. Bunun 947 hektarı arpa, 105 hektarı isə xəsil üçün istifadə edilmişdir. Hazırda bu işlər davam etdirilir.

Rayon ərazisində digər kənd təsərrüfatı məhsullarından 350 hektar sahədən 2563 ton kartof, 1136 hektar sahədən 9449 ton tərəvəz, 490 hektar sahədən 5579 ton bostan, 1088 hektar sahədən 1706 ton günəbaxan, 298 hektar sahədən 985 ton qarğıdalı, 50430 ton ot, 5908 ton küləş istehsal edilmişdir ki, onların da məhsuldarlığı əvvəlki ildən yüksəkdir.

Samux rayonu, bax, beləcə hər il, hər ay, hər gün inkişaf edir, gözəlləşir. Adamlar rayon rəhbərliyindən, bir sıra nazirlik və şirkətlərin işindən razılıq edirlər. Çünki illər uzunu abadlıq, quruculuq işləri getməyən bir rayonda son illər əsl canlanma var və bunu hamı görür, hiss edir. Rayon icra hakimiyyətinin başçısı bu inkişafı və tərəqqini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara, o cümlədən Samuxa göstərdiyi xüsusi diqqət və qayğı ilə əlaqələndirdi...

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 5.