Azərbaycan alimlərinin kəşf etdiyi yeni bioloji aktiv
maddənin dünyada analoqu yoxdur
Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Baytarlıq Xidmətində “Brusellyoz xəstəliyinin
müalicəsində effekitiv nəticələrin əldə
edilməsinə” dair mətbuat konfransı keçirilmişdir.
Xidmətin rəisi İsmayıl Həsənov xəstəlik
haqqında məlumat verərək bildirdi ki, brusellyoz xroniki
gedişli yoluxucu xəstəlik olub, ona bütün növ kənd
təsərrüfatı heyvanları, xüsusən, qoyunlar,
keçilər, qaramal, donuzlar, dəvələr, şimal
maralları, itlər daha çox tutulur.
Brusellyoza insanlar
yoluxmuş xəstə heyvanların əsasən qoyun və
keçilərin çiy məhsullarından istifadə etdikdə
yoluxurlar. Xəstəlik kənd təsərrüfatı
iqtisadiyyatına külli miqdarda ziyan vurmaqla yanaşı,
insanların əmək qabiliyyətinin itirilməsinə və
əlilliyə gətirib çıxarmaqla sosioloji problemlər
yaradır. Xəstəlik nəticəsində kənd təsərrüfatı
heyvanlarında balasalmaya, məhsuldarlığın
aşağı düşməsinə, xəstə
heyvanların məcburi qaydada çıxdaş edilməsinə
gətirir.
Xəstə heyvan vaxtında zərərsizləşdirilmədikdə
xəstəlik qısa müddətdə sürü və ya
naxırı, daha sonra isə ərazini yoluxdurur. Xəstəlik aşkar edilmiş təsərrüfatın
sağlamlaşdırılması üçün müxtəlif
təşkilati-təsərrüfat və baytarlıq-sanitariya
tədbirləri həyata keçirilir, həmçinin xəstəliyin
vaxtında aşkar edilməsi üçün müvafiq
seroloji müayinələrdən istifadə edilir ki, bütün
bunlar da külli miqdarda vəsait hesabına başa gəlir.
Natiq qeyd etdi ki, bu
günə kimi bütün dünyada brusellyoza qarşı
aparılan mübarizə tədbirləri yalnız xəstə
heyvanların zərərsizləşdirilərək təsərrüfatdan
çıxarılması və həssas heyvanların peyvəndlənməsi
olmuşdur ki, bu da istənilən müsbət nəticəni vermir,
insanların müalicəsi uzun illər davam etməklə tam
sağalma mümkün olmur. Bu xəstəliyin
qarşısının alınmaması onun daim öz
sıralarını genişləndirməsi mütəxəssis
və bu sahədə çalışan alimləri daim narahat
etmiş və bu günə qədər dünya alimlərinin
apardıqları çoxsaylı ekspermentlər uğursuzluqla
nəticələnmişdir.
Artıq Azərbaycan
baytar mütəxəssislərinin və alimlərinin 4 ildən
yuxarı apardıqları gərgin və hərtərəfli
tədqiqatlar nəticəsində əldə edilmiş
brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr
əsasında alınmış bu
narahatçılığa son qoymuşdur. Həmin bioaktiv maddə
quruluşuna görə dünyada analoqu olmayan maddədir.
Yeni bioloji aktiv maddənin
bakterisid təsirə malik olmasını öyrənmək
üçün respublika Baytarliq Laboratoriyasının
bakteriologiya şöbəsində “Brusellyozun törədicisinə
qarşı orqanizmdən kənarda həssaslığı”
öyrənilmiş, onun bakteriosid təsirə malik olması
sübut edilmişdir. Eləcə də sınaqlar laborator və
xırdabuynuzlu heyvanlar üzərində aparılaraq bruselloz
xəstəliyinin modeli yaradılmış, bu aktiv maddənin
müalicəvi təsiri öyrənilmiş və onun
yüksək müalicəvi effekti əldə olunmuşdur.
Bioloji aktiv maddəyə 2008-ci ildə patent alınmışdır. Bundan sonra DBX-nin Elmi Şurasında həmin preparatın Azərbaycan Respublikasının rayonlarında tətbiq edilməsi üçün təklif verilmişdir. Bu təklifdən sonra Azərbaycan Respublikasının bir çox rayonlarında (Xaçmaz, Gəncə, Goranboy, Astara, İmişli, Bakı kəndlərindən Maştağa, Ramanı) xəstəliyə tutulmuş iri və xırdabuynuzlu heyvanlar müalicəyə cəlb edilmiş və 100 faiz nəticə əldə edilmişdir.
Bioloji aktiv maddə xəstə heyvana 2 gün əzində hər gün 1 dəfə olmaqla tətbiq edildikdən 5 gün sonra həmin heyvanda tam kliniki sağalma baş verir. Xəstəlik, onun gedişi, əldə edilən yeni maddə ilə sağalması barədə ətraflı məlumat verdikdən sonra İ.Həsənov jurnalistlərin suallarını cavablandırdı.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 8.