“Sumqayıt qanadlı
nəğməyə bənzər”
Gənclik şəhəri Sumqayıt onu tərənnüm
edən nəğmələrlə birgə yaranıb. Altmış
il öncə görkəmli bəstəkarımız, xalq
artisti Səid Rüstəmovun yazdığı “Canlanır hər
qarış çöl Sumqayıtda” mahnısı bu gün
də öz melodiya qanadlarında bu gözəl şəhəri
göylərə qaldırır. Sumqayıtın himninə
çevrilmiş mahnı bəşəri ruh, qəhrəmanlıq,
qürur duyğuları ilə aşılanıb, hər notu
insan qəlbinin tellərini tərpədir.
Elə Sumqayıtın
60 illiyi münasibətilə şəhər mədəniyyət
və turizm idarəsinin Bəstəkarlar İttifaqı ilə
birgə Bülbül adına incəsənət məktəbində
keçirdiyi “Ən yaxşı mahnı” müsabiqəsinin
yekun tədbirində də həmin mahnının
“şahlıq” etməsinin, ölməzlik qazanmasının
bir daha şahidi olduq. Həmin gün mükafata layiq
görülən çox dəyərli nəğmələr
belə Səid Rüstəmovun məşhur “Sumqayıt”
mahnısına bir qədər aşağıdan
boylandılar...
Amma Azərbaycan Bəstəksrlar
İttifaqının sədri, “Şöhrət” ordenli bəstəkarımız,
xalq artisti Firəngiz Əlizadənin iştirakı ilə
şərəf verdiyi, sevimli bəstəkarımız Eldar
Mansurovun baş münsiflik etdiyi mahnı müsabiqəsi də,
fikrimizcə, çox uğurlu alınmışdı. Bu tədbirə
qədər Sumqayıt Şəhər Mədəniyyət və
Turizm İdarəsinin keçirdiyi ən yaxşı şeir,
rəqs və rəsm müsabiqələrinin də fərəhli
nəticələr verdiyini xüsusü vurğulamaq
lazımdır. Ümumiyyətlə, son illərdə bu idarə
neçə-neçə belə gözəl, yaddaqalan tədbirlər
təşkil edib.
Yekun mərasimi “Azərbaycan
Televizya və Radiosu” QSC-nın məşhur “Bənövşə”
uşaq xorunun ifasında “Sumqayıtın bircə anı”
mahnısı ilə açıldı. Mötəbər
münsiflər heyətinin sədri, Bəstəkarlar
İttifaqının katibi Eldar Mansurov son tura
buraxılmış 10 əsər içərisindən ən
yaxşılarının necə çətinliklə
seçildiyini, hansı meyarın əsas
götürüldüyünü söylədi və arzu etdi
ki, Sumqayıta yubileydən-yubileyə deyil, hər vaxt belə
gözəl nəğmələr yazılsın. Çünki
bu şəhərin özü qanadlı bir nəğməyə
bənzəyir.
Sonra “Ən yaxşı
mahnı” müsabiqəsinin nəticələri elan edildi,
qalib nəğmələr ayrı-ayrı təqdim olundu. Bəstəkar
İlham Abdullayevin Vahid Əzizin sözlərinə
yazdığı “Sumqayıt lövhələri”
mahnısının 1-ci yerə layiq görüldüyü
açıqlandı. Tural Ağasıyevin peşəkar
ifasında səslənən mahnı sürəkli
alqışlarla qarşılandı. Mükafatı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Əliyev təqdim elədi.
Sumqayıtlıların
çox bəyəndiyi “Sevən ürəklər” vokal qrupunun
təqdimatında Emin Muradın bəstələdiyi mahnı
2-ci yeri tutdu. Əlviyyə Məmmədovanın şair Zivər
Ağayevanın sözlərinə yazdığı mahnı
da “gümüş” pillədə qərar tutdu.Nərminə
Nağıyevanın şair Qafqaz Əvəzoğlunun
sözlərinə bəstələdiyi daha bir “Sumqayıt”
mahnısı 3-cü oldu.
Firəngiz Əlizadə
müsabiqənin qalib nəğmələrinə münasibətini
bildirdi və sumqyıtlılara ən xoş arzularını
çatdırdı. Vaqif Əliyev ölkədə, o cümlədən
Sumqayıtda mədəniyyətə göstərilən
qayğıdan danışdı, sahənin inkişaf
dinamikasına diqqəti cəlb etdi və müsabiqənin
qaliblərinə yeni-yeni sənət uğurları dilədi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 12 noyabr.- S. 6.