12 Noyabr Konstitusiya Günüdür
Azərbaycan öz milli Konstitusiyası ilə
qanunçuluğu ideya və dəyərlər kimi təsbit
etmişdir
Hər bir xalqın yaratdığı dövlətin
qüdrəti onun milli iradəni nə dərəcədə
ifadə etməsilə ölçülür. Demokratiya yeni
dünya nizamına uyğun olaraq, bir dövlətin öz
milli iradəsinə qarşı beynəlxalq güclərə
etdiyi güzəştlər sistemi deyil, əksinə, milli
sınaqlar sistemi və bu çərçivədə öz
vətəndaşlarının hüquq və
azadlıqlarının qorunması üçün
yaratdığı sarsılmaz təminatdır. Məhz belə
bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında özünün strateji
seçimini etmişdir. Müstəqil respublikamızın
müdrik rəhbərinin bilavasitə təşəbbüsü
və müəllifliyi ilə hazırlanmış ilk milli
Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi
konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik
tariximizdə yeni mərhələ açmış, dövlət
quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik
inkişafa güclü təkan vermişdir.
İlk milli
Konstitusiyamızın qəbul edilməsindən 14 il
keçir. On iki fəsil, 158 maddədən ibarət olan bu Əsas
Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun
gerçəkləşməsi təminatlarına həsr
edilmişdir. Konstitusiya ilə insan və vətəndaş
hüquq və azadlıqlarını dövlətin ali məqsədi
kimi təsbit etməklə uzun sürən totalitar sistemdə
doğulub böyümüş ölkə vətəndaşlarına
bütün növ insan hüquqlarından – əmək,
istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil,
fikir və söz azadlığı, cəmiyyətin və
dövlətin siyasi həyatında, dövlətin idarə
edilməsində iştirak hüquqları və sairədən
yararlanmaq imkanı verilmişdir.
Doğrudan da, hər bir
dövlət yalnız vətəndaşlarının təhlükəsizliyini,
onların hüquqlarının və qanuni maraqlarının
qorunmasını, müdafiəsini və bunun səmərəli
bərpasını təmin etdikdə, mahiyyətcə
hüquqi dövlət kimi qəbul edilə bilər. Azərbaycan
Respublikası Konstitusiyasının 12-ci (dövlətin ali məqsədi),
24-cü (insan və vətəndaş hüquqlarının və
azadlıqlarının əsas prinsipi), 25-ci (bərabərlik
hüququ), 26-cı (insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiəsi),
60-cı (hüquq və azadlıqların məhkəmə təminatı),
61-ci (hüquqi yardım almaq hüququ), 71-ci (insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı)
maddələrində müstəqil, suveren milli
respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər
verilməsi, onların tanınması və müdafiəsində
dövlətin vəzifəsi və s. məsələlər
hüquqi həllini tapmışdır.
Eyni zamanda, bu maddələrin
məzmununa əsasən, dövlət yalnız birbaşa Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş
hüquq və azadlıqları deyil, həmçinin onlardan
irəli gələn və qanun əsasında əldə edilən
digər hüquqları da qorumağa və müdafiə etməyə
borcludur. 14 il bundan öncə ilk milli Konstitusiyamızın qəbulu,
sadəcə, yeni ictimai sistemin hüquqi tanınmasını
təsdiq edən fakt deyil, ölkədə humanitar
inkişafın prinsipcə yeni mərhələyə qədəm
qoymasının göstəricisi idi. Bu mərhələ isə
ilk növbədə siyasi sistemin mərkəzində
insanın və vətəndaşın, onun hüquq və
azadlıqlarının, demokratik və hüquqi dövlət
ideallarının durması ilə səciyyəvidir.
Azərbaycan ilk milli Konstitusiyası
ilə qanunçuluğu ideya və dəyərlər sistemi
kimi təsbit etmişdir. Beləliklə, dövlətin və
cəmiyyətin hüquqla sıx bağlılığı,
insan şəxsiyyətinə və ləyaqətinə
hörmət, dövlət hakimiyyət orqanlarının
demokratik qaydada formalaşdırılması vasitəsilə
xalqın hakimiyyət funksiyalarının həyata
keçirilməsində iştirakı, insan
hüquqlarının səmərəli müdafiəsi
mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə
təminat verilməsi, sosial ədalətə nail olunması,
ümumbəşəri dəyərlərə sadiqlik, milli
qanunvericiliyin beynəlxalq hüquqa
uyğunlaşdırılması və s. proseslərə
geniş yol açılmış, ictimai, siyasi və iqtisadi
həyatın hüquqi bazası müəyyənləşmişdir.
12 noyabr 1995-ci il
xalqımızın və dövlətimizin tarixində
konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir.
Çoxəsrlik dövlətçilik ənənəsi olan
bir xalq üçün bu qələbə istiqlaliyyətin və
ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti
quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin,
sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt
kimi tanınmağın əsasını qoymuşdur. Milli intibah
ruhu ilk milli Konstitusiyamızın məğzini təşkil
edir. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərə
alaraq qəti şəkildə deyirdi: “Müstəqilliyimiz əbədidir!”
Əsas Qanun müstəsna mənəvi
dəyərə malikdir. Ötən 14 il, əslində, Azərbaycan
cəmiyyətindəki mütərəqqi qüvvələrin
və onlara verilmiş azadlığın tarixi
sınağı olmuşdur. Xalqımız uzaqgörən rəhbərin
ölməz ideyaları altında bu sınaqdan uğurla
çıxmışdır.
Ötən əsrin 90-cı illərinin
əvvəlində Azərbaycanı bürüyən
ümumi xaos və tənəzzül prosesi məhz Heydər Əliyevin
hadisələrə tarixi müdaxiləsi sayəsində
özünün hüquqi məcrasına
salınmışdır. Azadlıq və hüquq uğrunda
mübarizə tarixində bu qədər qısamüddətli
zəfər nümunəsi yoxdur. Ulu öndər Heydər Əliyev
xalqın istək və amalına konstitusion istiqamət verərək,
milli tariximizi siyasi intibah mərhələsinə
qaldırdıdı və sözün əsl mənasında,
məhz bu tarixi mərhələdə millətin
yaradıcı qüvvələri sərbəst
buraxıldı, ictimai- mədəni və iqtisadi həyatda
differensiya və plüralizm baş verdi.
Əsas Qanunda konseptual baxımdan
azad insan amilini önə çəkən ideyalardan biri
ictimai münasibətlər sistemində dövlətin rolu ilə
bağlıdır. Konstitusiyamız dövlətin hər
hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların
mənafelərinə, azad cəmiyyətin aparıcısı
olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən
yüksək səviyyədə bəyan edir. Bu mənada, Əsas
Qanunda insan və vətəndaş hüquq və
azadlıqlarının dövlətimizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun tətbiq edilməsi xüsusi önəm
daşıyır. Bu, beynəlxalq hüquqi sistemə
inteqrasiyanın başlıca amilidir.
Avropa Konvensiyasında təsbit
olunmuş və Avropa Məhkəməsinin qərarlarında
inkişaf etdirilən ideya və hüquqi dəyərlərin
Azərbaycanda insan hüquqlarının müdafiəsi
sisteminə böyük müsbət təsiri vardır. Belə
bir imperativ ilk milli Konstitusiyamızda 12-ci maddənin ikinci hissəsində
təsbit olunmuşdur: “Konstitusiyada sadalanan insan və vətəndaş
hüquq və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir”.
Buradan aşkar görünür
ki, ümummilli liderimizin konstitusiyon idealı formal hüquq
dövlətçiliyi deyil, maddi hüquq dövlətçiliyindən
ibarət olmuşdur. O, ölkədə insan və vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsi sistemini
milli və qlobal səviyyədə yaratmağı, təkmilləşdirməyi
və inkişaf etdirməyi əsas dövlət quruculuğu
istiqamətlərindən biri hesab etmişdir. Azərbaycan vətəndaşının
öz hüquq və azadlıqlarını qorumaq
üçün milli imkanlarla bərabər, hətta Avropa
İnsan Hüquqları Məhkəməsinə – Strasburqa
müraciət etmək və öz problemini beynəlxalq insidentə
çevirə bilmək şansı tanınmışdır.
Bu gün milli
Konstitusiyamızın hüquqi zəmini üzərində
ölkəmizdə gerçəkləşən
qanunçuluq mühiti Qərb hüquq sisteminə milli ədliyyəmizin
sürətlə inteqrasiyasını təmin edir. Milli ədliyyədə
presedentlər sistemi ilə Roma hüquq sistemi arasında
ziddiyyətlərin aradan qaldırılması, beynəlxalq
uyğunlaşma və uzlaşma prosesi gedir. Burada da ulu öndər
Heydər Əliyevin humanizm baxışları, monumental
hüquqi irsi başlıca rol oynamaqdadır.
Azərbaycan konstitusionalizmi
hüquq və azadlıqların siyasi, ictimai və iqtisadi həyatın
bütün sahələrində möhkəmlənməsi və
qərarlaşması, normayaradıcı hüquqi gücə
çevrilməsində əvəzsiz humanitar vasitədir. Odur
ki, konstitusion hüquq və azadlıqların təminatının
yaradılması istiqamətində hazırlanmış və
qəbul edilmiş qanunvericilik aktları – “Vətəndaşlıq
haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr
və hakimlər haqqında”, “Sərbəst toplaşmaq
azadlığı haqqında”, “Prokurorluq haqqında”, “Polis
haqqında” , “Qaçqınlar və məcburi
köçkünlərin statusu haqqında”, “Vəkillər və
vəkillik fəaliyyəti haqqında” və başqa qanunlar
xüsusi əhəmiyyətə malikdir. Qanunların aliliyi
barədə müdrik rəhbərin qəti tələbləri
milli hüquqi əxlaqın təməlidir: “Qanun hamı
üçün qanundur. Həm adi vətəndaş
üçün, həm dövlət məmuru
üçün, həm də şəhid ailəsi
üçün”.
İlk milli Konstitusiyamızın
qəbulundan ötən 14 il ərzində cəmiyyətimizin
konstitusion əsasları qanunvericiliyin inkişafı ilə
daha da möhkəmləndirilmiş, durmadan inkişaf
etdirilmişdir. Bu sıraya daxil olan yeni-yeni qanunvericilik
aktları və ayrı-ayrı maddələr konstitusion insan
və vətəndaş hüquq və
azadlıqlarının miqyasını daha da genişləndirməyə
xidmət etmişdir. Məsələn, 1998-ci ildə ölkəmizdə
senzuranın ləğvi tam reallığa çevrildi.
“KİV haqqında”, “Televiziya və radio fəaliyyəti
haqqında”, “İctimai yayım haqqında”, “İnformasiya əldə
etmək haqqında”, “Reklam haqqında” və “Telekommunikasiya
haqqında” qanunlar, Mülki Məcəllənin 23-cü maddəsi
(şərəf, ləyaqət və işgüzar nüfuzun
mülki-hüquq müdafiəsi), Cinayət Məcəlləsinin
147-ci (böhtan), 148-ci (təhqir), 163-cü (jurnalistlərin
qanuni peşə fəaliyyətinə mane olma), 202-ci (məlumatları
qanunsuz yolla əldə etmə və yayma), 242-ci ( pornoqrafik
materialları yayma), 283-cü (milli, irqi, sosial, dini nifrət və
düşmənçilik salınması), 323-cü (dövlət
başçısının şərəf və ləyaqətini
ləkələmə və alçaltma), 324-cü (dövlət
bayrağı və gerbi barədə təhqiredici hərəkətlər)
və s. maddələr media hüququ ilə bağlı sosial
davranışı yönəldən, məcburi
yürüdülən qaydaları müəyyənləşdirmişdir.
Azərbaycan Respublikasının
bir hüquqi dövlət kimi formalaşması,
inkişafı və tanınmasında ümumi ədliyyə
sistemindən kənar hüquq müdafiə təsisatının
yaradılması ölkəmizin tarixində irəliyə
doğru daha bir addım olmuşdur. İlk milli
Konstitusiyamızda nəzərdə tutulmuş bu hüquqi
statusun gerçəkləşməsi prosesinə 1997-ci ildə
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
haqqında” Qanunun qəbulu ilə start verilmişdir. 1998-ci il
iyulun 14-dən etibarən həmin məhkəmə fəaliyyətə
başlamışdır. İlk gündən indiyədək
Konstitusiya Məhkəməsi qanuni fəaliyyətinə
uyğun olaraq, Konstitusiyamızın aliliyinin təmin edilməsi
uğrunda fəal çıxış edir – Konstitusiya nəzarət
orqanı kimi vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsində önəmli yer
tutur. Bu məhkəmə həm norma nəzarəti, həm də
Konstitusiyanın və qanunların rəsmi şərhi
üzrə qəbul etdiyi qərarlarında ümummilli
liderimizin konstitusionalizm ideyalarının reallaşmasına
legitim yol açır, Əsas Qanuna uyğun gəlməyən
müxtəlif qanun və digər normativ hüquqi aktları
qanunvericilik sistemindən çıxarır, habelə hər
cür hüquqi aktların və fəaliyyətlərin
konstitusiya hüquqi məzmununu şərh edir. Əlbəttə,
bütün bunlar, hər şeydən öncə, Azərbaycan
cəmiyyətinin hər bir üzvünün geniş planda
“Ümumdünya insan hüquqları Bəyannaməsinə”
uyğun surətdə cəmiyyətin bütün üzvlərinə
xas olan ləyaqət hissinin təsdiqinə, onların bərabərlik
və ayrılmaz hüquqlarına və azadlıqlarına, ədalətə
və ümumi sülhə cavab verən konstitusiya atmosferində
yaşamağına və fəaliyyət göstərməyinə
hüquqi yardım və qanuni şərait yaradır.
Daha bir hüquqi amil Azərbaycan
Respublikasının “İnsan hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi və
fəaliyyət göstərməsi hesab edilməlidir. Ölkəmizdə
hüquqi müdafiə sisteminin milli parametrlərinin “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Avropa Konvensiyasına, daha
doğrusu, Qərb standartlarına
uyğunlaşdırılması cəmiyyətimizin həyatında
bir sıra problemlərin həllində mütərəqqi
yanaşma üsullarının tətbiqini artırır. Belə
ki, sosial, iqtisadi və mədəni hüquqlar,
özünütəyinetmə hüququ, işgəncə,
ölüm cəzası, uşaq hüquqları,
azlıqların hüquqları və s. problemlər həmin
Konvensiyanın tələbləri səviyyəsində öz
həllini tapmışdır. Milli Konstitusiyamızın 12-ci
maddəsinin 1-ci və 2-ci bəndləri üzrə müstəqil
respublikamızın həyata keçirdiyi bütün
hüquqi tədbirlər Avropa və dünya üzrə insan
hüquqları ilə bağlı ali təsisatlara təqdim
olunmuş bütün məruzələrdə geniş
müsbət əksini tapmışdır. Bunun əyani təsdiqi
– ölkədə hökm sürən sabitlik və
ümummilli konsensusdur. Təbiidir ki, konsensusa yalnız
inandırma metodu ilə, demokratik prinsiplərin
könüllü olaraq qəbul edilməsi şərtilə
nail olmaq mümkündür.
Milli Konstitusiyamızın
inkişafında referendum institutunun – ümumxalq səsverməsinin
geniş tətbiqi də ümummilli konsensusa əsas
yaradır. Bu, bir tərəfdən, hakimiyyətin mənimsənilməsinin
qarşısının qətiyyətlə alınmasında,
digər tərəfdən isə ümummilli liderimiz Heydər
Əliyev kursunun bütün cəmiyyət həyatına
nüfuz etməsinə səbəb olmuşdur. Ölkəmiz
uzun illərin xroniki siyasi böhranlarından ləyaqətlə
çıxaraq, rəvan, sabit və nəhəng inkişaf
perspektivinə qovuşmuşdur.
Xalqın iqtisadi rifahının
daha da yaxşılaşdırılması və ictimai-siyasi
həyatda aparılan islahatlar, sürətli inkişaf və
beynəlxalq aləmə daha sıx inteqrasiya müasir
dövrdə Konstitusiyada müəyyən dəyişikliklər
və əlavələrin edilməsi zərurətini
yaratmışdır. Beləliklə, istər 2002-ci ilin (24
avqust), istərsə də 2009-cu ilin (18 mart) Konstitusiyaya dəyişiklik
və əlavələri Əsas Qanunun daha da zənginləşdirilməsinə,
dünyada müşahidə edilən müasir hüquqi
tendensiyalara cavab verən ətraflı normativ hüquqi akta
çevrilməsi üçün mühüm töhfə
olmuşdur.
Bütün bunlar əyani surətdə
sübut edir ki, müstəqil Azərbaycanın sürətli
inkişafı yalnız qlobal layihələrdə onun
oynadığı aparıcı rolla – “Əsrin müqaviləsi”,
Bakı–Tbilisi–Ceyhan neft kəməri, tarixi İpək yolunun bərpası,
yeni-yeni neft və qaz layihələri, müxtəlif qlobal
kommunikasiya xətlərinin çəkilişi ilə məhdudlaşmır,
eyni zamanda, bu inkişaf insan hüquqları sahəsində
beynəlxalq hüquq sferasına inteqrasiya xətti ilə,
ölkəmizdə insan və vətəndaş hüquq və
azadlıqlarının prioriteti ilə, həqiqi demokratik
siyasi rejim – maddi hüquq dövlətçiliyi və
hüququn aliliyi prinsipi ilə daha sıx tellərlə
bağlıdır.
Müstəqil Azərbaycan
Respublikası öz banisi və qurucusunun ölməz siyasi
kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan
dövlətinin başçısı, Prezident İlham Əliyevin
ölkədə qanunçuluğun möhkəmləndirilməsi
və cəmiyyətdə ümumbəşəri dəyərlərin
tanınması bazasında kompromis və konsensusun
yaradılması istiqamətində geniş və
ardıcıl fəaliyyəti gənc müstəqil
respublikamızı nüfuzlu dövlətlər
sırasında önəmli yerə
çıxarmışdır. Bu baxımdan,
Konstitusiyamızın hüquq müdafiə sferası –
qanunçuluğun təkmilləşdirilməsi, Konstitusiyaya
düzəlişlər aparılması qaydaları, nəzarət-yoxlama
tədbirləri (parlament, idarəetmə orqanları, ictimaiyyət,
prokuror nəzarəti), müdafiə tədbirləri, məsuliyyət
tədbirləri getdikcə ictimai həyatın bütün
qatlarına, cəmiyyətin bütün təbəqələrinə
nüfuz edir və ictimai birgəyaşayışın və
fəaliyyətin hüquqi sabitliyinin əsasına
çevrilir.
Prezidentin əfvetmə istiqamətində
həyata keçirdiyi sistemli konstitusion tədbirlər
yuxarıda sadaladığımız bütün fəaliyyət
istiqamətlərinin əsasını təşkil edir.
Müstəqilliyinə yenicə qovuşmuş gənc
respublikanın ictimai həyatında demokratiyanın
prioritetliyini təmin etmək üçün cəmiyyətdə
inzibati amillərdən daha çox mənəvi – əxlaqi
saflaşdırma və ictimai tərbiyə amillərinə
üstünlük verilməsi diqqəti cəlb edir. Az
müddətdə geniş tətbiq edilən demokratik
hüquq qaydalarından sui-istifadə və yanlış nəticə
çıxarılması üzündən həyatda
ağır səhv etməklə cinayət törətmiş
insanların xeyli hissəsini – yüzlərlə məhbusu əfv
etməklə Prezident İlham Əliyev ölkədə yürüdülən
Heydər Əliyev siyasi kursunun humanitar mahiyyətinin praktik
izahını vermiş, eyni zamanda, qanunçuluqda inzibati amilləri
daha çox mənəvi amillərlə əvəz etməyin
zərurətini əyani nümayiş etdirmişdir. Əfv
olunanlar arasında bütün sosial təbəqələrin üzvləri
– gənc, yaşlı, qadın və kişi, müxtəlif
millətlərin nümayəndələri, ziyalı,
savadsız, hərbi, mülki, eləcə də başqa
kateqoriyalardan olan insanlar vardır.
Prezidentin konstitusion tədbirləri
sırasında penitensiar qaydaların Avropa standartlarına
uyğunlaşdırılması sahəsində görülən
işlər xüsusi vurğulanmalıdır. Məhz bunun nəticəsidir
ki, İşgəncə Əleyhinə Avropa Komitəsinin,
Avropa İnsan Hüquqları Məhkəməsinin, BMT-nin
respublikamızda penitensiar şəraitin
humanitarlaşdırılması istiqamətində aparılan
və qarşıda duran tədbirlərlə bağlı məruzə
və hesabatlarında müsbət dəyişikliklər daha
çox nəzərə çarpır. Əlbəttə,
bütün bunlar respublikamızda insan hüquqları və əsas
azadlıqların müdafiəsində Prezident İlham Əliyevin
həyata keçirdiyi ardıcıl, dönməz siyasi xəttin
real nəticələridir. Demokratiya və Konstitusiya idarəetmə
yolunu, bir mənalı olaraq, ulu öndərimiz bugünkü
və gələcək nəsillərə başlıca
siyasi irs kimi qoyub getmişdir.
Prezident İlham Əliyev məhz
bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi
yorulmadan fəaliyyət göstərir, ölkədə
konstitusionalizmin əbədi qərarlaşmasının,
qanunlarımızın aliliyinin qarantı kimi
çıxış edir. Bu gün ölkəmiz əsl
demokratiya, ümumi rifah və azadlıq məkanı kimi
yaşayır və inkişaf edir. Bu tərəqqinin müqəddəm
şərtləri Heydər Əliyev kimi siyasi xadimi bəşəriyyətə
bəxş etmiş xalqın geniş intellektual potensialı,
tarixi dözümü və mənəvi dəyanətidir.
Çağdaş milli zəkamızın
ümumdünya sivilizasiya dəhrində 90 illik
yürüşünü təmsil edən
flaqmanımızın – Bakı Dövlət Universitetinin bu
günlərdə keçirilmiş təntənəli yubiley
mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışında bu milli mənəvi qüdrətin
dərin təhlili və qiyməti verilmişdir: “Bakı
Dövlət Universitetinin məzunları öz fəaliyyəti
ilə ölkəmizin çiçəklənməsinə dəyərli
töhfələrini vermişlər. Ulu öndər Heydər
Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi
və bütün dövrlərdə – 1970-1980-ci illərdə
və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı
Dövlət Universitetinin inkişafı üçün
çox böyük səylər göstərmişdir”. Vətənimizin
və xalqımızın maddi və mənəvi
potensialı durmadan artır və inkişaf edir. Əlbəttə,
dövlətimizin başçısının milli intellektual
elita və bütün xalqın qarşısında bəyan
etdiyi reallıqlar və uğurlar Azərbaycanın
üçüncü minillikdə epoxal yürüşdə
tarixi perspektivinin dəqiq ifadəsidir: “Biz elə etməliyik
ki, uzun illər bundan sonra da Azərbaycan öz müstəqil
siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif
amillər lazımdır. İlk növbədə siyasi iradə
lazımdır. Digər tərəfdən, xalqla iqtidar
arasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi
canlanma, siyasi islahatların, demokratiya proseslərinin sürətləndirilməsi
lazımdır. Bütün bu amillər Azərbaycanda
vardır”.
Bütün bunlar isə ilk milli
Konstitusiyamızın qəbulundan ötən 14 ilin ərzində
Vətənimiz, millətimiz və xalqımızın öz
qarşısına qoyduğu və bəyan etdiyi demokratik
quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq, hamının layiqli həyat
səviyyəsini təmin etmək, dünya xalqları ilə
dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və s. ülvi niyyətlərə sarsılmaz sədaqətindən
və əbədi bağlılığından irəli gəlir.
Müsəddiq MƏMMƏDOV,
Azərbaycan Respublikası
Konstitusiya
Məhkəməsinin insan
hüquqları və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Xalq qəzeti.- 2009.- 12 noyabr.- S. 4.