Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının əsas təminatçısıdır

 

Hər il noyabr ayının 12-si müstəqil Azərbaycanda Konstitusiya Günu rəsmi dövlət bayramı kimi qeyd olunur. 14 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən fundamental hüquqi sənəd olmaqla cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyir. Əsas Qanunda həmçinin Azərbaycan xalqının hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunmuşdur.

 

Əsas Qanunun ideya müəllifi

 

Müstəqil yaşamaq haqqını təmin etmiş hər bir ölkədə Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını yox, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirən, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir. Konstitusiya dövlət qanunlarının təməl prinsiplərini müəyyən edən Əsas Qanun olmaqla hökumətin fəaliyyətini nizamlayır, insanların çəmiyyətdə və biri-birinə münasibətdə əxlaqi davranışlarını qaydaya salır. Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini elan edərək beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildikdən sonra demokratik cəmiyyətin atributu olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulu ciddi vəzifə kimi qarşıda dayanırdı. Bu, ilk növbədə, totalitar rejimdən liberal cəmiyyətə transfer olunmaq istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquq sistemi formalaşdırmaq, dövlətin inkişaf perspektivlərini xalqın iradəsinin təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək zərurəti ilə şərtlənirdi.

1991-1993-cü illərdə hakimiyyətdə xalqımızın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun reallaşdırılması, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

1992-ci ilin mayında silahlı yolla iqtidara yiyələnən AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkədəki vəziyyət daha da gərginləşmiş, vətəndaşların təhlükəsiz yaşamaq kimi təbii hüququnun təminatında ciddi problemlər yaranmışdı. Qanunçuluğun kövrək xarakter daşıması, hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifələri həyata keçirə bilməməsi son nəticədə ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, qanunsuz silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların dövlətin o zamankı rəhbərinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması, Ermənistanla sərhəddə Azərbaycan torpaqlarının müdafiəsinin taleyin ümidinə buraxılması, daha sonra Gəncə hadisələri ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı. Belə bir şəraitdə AXC-Müsavat cütlüyü hakimiyyətini qoruyub saxlamaq üçün yeni parlament seçkilərinin keçirilməsinə hər vəchlə mane olur, yeni konstitusiyanın qəbuluna tələsmirdi. Əsas Qanunun qəbulunun süni şəkildə gecikdirilməsi həm də o zamankı hakimiyyətin səbatsızlığı, ölkənin gələcək iqtisadi, siyasi, hüquqi inkişaf hədəfləri haqqında konkret təsəvvürlərə malik olmaması ilə bağlı idi.

1993-cü ilin iyununda ölkədəki hakimiyyət böhranının kulminasiya zirvəsinə çatması və silahlı qarşıdurmanın yaranması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, o zamankı iqtidara qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Belə bir şəraitdə vəziyyəti sabitləşdirmək iqtidarında olmayan AXC-Müsavat cütlüyü acizanə bir şəkildə ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli istəyi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə vəziyyəti sabitləşdirdi, siyasi sabitliyi, vətəndaş həmrəyliyini təmin etdi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atmağa başladı. Ulu öndər yaxşı bilirdi ki, Azərbaycan dövlətinin gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, iqtisadi, siyasi, hüquqi islahatlara etibarlı zəmin yaradılması, bir sözlə, uzunmüddətli inkişaf strategiyasının reallaşdırılması baxımından ölkədə yeni dövrün tələblərinə cavab verən Konstitusiyanın qəbuluna ehtiyac var. Bu Konstitusiya həm də inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.

Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci il mayın 2-də Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Həmin qərarla komissiyanın tərkibi sədr müavinindən və 32 üzvdən ibarət müəyyənləşdirildi. İşin həcmi, əhəmiyyəti nəzərə alınmaqla, o cümlədən ayrı-ayrı vətəndaşlar, təşkilatlar və dövlət orqanları tərəfindən daxil olan təkliflərin dərindən öyrənilməsi məqsədilə komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə işçi qrup yaradıldı. Həmin iclasda çıxış edən ümummilli lider Heydər Əliyev Konstitusiyanın xalqın və dövlətin taleyində müstəsna əhəmiyyətini nəzərə alaraq deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Nüfuzlu hüquqşünasların, o cümlədən cəmiyyətin görkəmli ictimai-siyasi və elm xadimlərinin daxil olduğu komissiya ulu öndərin rəhbərliyi altında gərgin işlədi, Konstitusiyanın hər bir müddəası ətrafında geniş müzakirələr, diskussiyalar aparıldı. 6 ay sürən ictimai müzakirələrdən sonra 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyasının referendum yolu ilə qəbulu çağdaş tariximizin mötəbər hadisələrindən biri olmaqla, ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən mühüm xidmətlərindən sayılır. Böyük strateq Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirir, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə məsuliyyətlə yanaşırdı. Ulu öndər sonralar çıxışlarında bu barədə deyirdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.

 

İnsan hüquqlarının təminatçısı

 

1995-ci il Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.

Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd – insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli liderin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.

Azərbaycan Konstitusiyanın bəzi maddələrinin qısaca şərhi fonunda onun nə dərəcə liberal və demokratik hüquqi sənəd olduğu, insan hüquqlarına etibarlı təminat yaratdığı tam təsdiqini tapır. Məsələn, Əsas Qanunun birinci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Konstitusiyanın 4-cü maddəsində vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. 6-cı maddəyə görə isə Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Həmin maddənin 2-ci bəndində hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayət kimi xarakterizə olunur.

Hüquqi dövlətin mühüm prinsipi kimi dəyərləndirilən hakimiyyət bölgüsü isə Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsində birbaşa təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir.

Əsas Qanunun 24-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır”. Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququnu tanıyır və bu hüququn qorunmasına təminat verir. Şübhəsiz, bu azadlıqlar sərhədsiz deyildir – həmin maddənin 2-ci bəndində bildirilir ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də özündə ehtiva edir”. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Əsas Qanunun 25-ci maddəsində isə hər bir şəxsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi təsbit edilmişdir. Bu müddəanın 2-ci bədində göstərilir ki, dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bununla yanaşı, Konstitusiyamız insan və vətəndaş hüquqlarını və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağı qəti şəkildə qadağan edir.

Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş və bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan son illərdə bir sıra konstitusiya qanunlarının qəbulunu xüsusi qeyd etmək olar. Konstitusiyanın 95-ci maddəsinin IV hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. 156-cı maddədə isə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası əksini tapmışdır. Həmin maddənin I bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Xatırlatmaq yerinə düşər ki, 28 dekabr 2001-ci il tarixli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”, 24 dekabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, 24 dekabr 2002-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”, 5 dekabr 2006-cı il tarixli “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” konstitusiya qanunları Milli Məclisdə Əsas Qanuna əlavə kimi qəbul edilməklə, ölkədə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı məqsədindən irəli gəlmişdir.

 

Zamanın diktə etdiyi dəyişikliklər

 

Hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olduğundan, ictimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər onun xarakterində təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də iqtisadi inkişaf tempinə adekvat olaraq insanların demokratik-siyasi şüurunda baş verən kardinal dəyişikliklər cəmiyyətin hüquqi bazasının əsasını, istinad mənbəyini təşkil edən Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə obyektiv tələbat yaradır. Bu baxımdan Azərbaycan Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda ümumxalq referendumu ilə edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi.

Həmin vaxt Konstitusiyaya ümumxalq referendumu əsasında edilmiş prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqaladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (l50+1 faiz) prinsipi ilə hesablanmasını, habelə hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməyə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tuturdu. Bu dəyişikliklər mahiyyət etibarilə insan və vətəndaş hüquq-azadlıqlarının konstitusion təminatını gücləndirməyə xidmət etməklə yanaşı, eyni zamanda, hakimiyyət qolları arasında hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi.

Həmin dəyişikliklərdən əvvəl 105-ci maddə Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərinin Milli Məclisin sədrinə keçməsini nəzərdə tuturdu. Konstitusiyaya edilmiş dəyişikliyə görə fövqəladə hallarda Prezidentin səlahiyyətlərinin Baş nazirə keçməsi hakimiyyət bölgüsü prinsipi baxımından daha məntiqəuyğun idi. Çünki həm Prezident, həm də Baş nazir icraedici hakimiyyətin nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərin icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi məntiqi və qanunauyğundur. Bu qanunauyğunluq həm də hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin diqtə etdiyi tələblərdən irəli gəlir. Hakimiyyətin icraedici, qanunverici və məhkəmə orqanları arasında bərabər surətdə bölünməsi prinsipinin qorunub saxlanılması demokratik dövlətin əsas atributlarından hesab olunur. Milli Məclis rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində cəmləşdirməsi isə istər-istəməz hakimiyyətin iki qanadı arasında tənzimləmə prosesini çətinləşdirirdi. Təsadüfi deyildir ki, həmin dəyişikliklər istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə dəstəklənərək zamanın tələbindən irəli gələn müsbət dəyişikliklər kimi xarakterizə edilmişdir.

 

Konstitusion islahatların keyfiyyətcə yeni mərhələsi

 

2002-ci ilin 24 avqust referendumundan sonra Azərbaycanda baş verən ictimai-siyasi, iqtisadi və hüquqi inkişafın miqyası barədə dolğun təsəvvür formalaşdırmaq, bu sahədə özünü göstərən yenilikləri əhatə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevin son 6 illik rəhbərliyi altında respublikamız bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə adlamış, iqtisadi tərəqqi, demokratikləşmə, insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyəti təsisatlarının təminatı sahəsində böyük uğurlara imza atmışdır. Ümumi daxili məhsulun sürətli artımı, cəmiyyətdə orta təbəqənin mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə, habelə müasirləşdirilməsinə xidmət edən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, ən başlıcası, siyasi-hüquqi və iqtisadi islahatların biri-birindən təcrid edilmədən həyata keçirilməsi 2009-cu ilin 18 mart referendumunun hansı səbəblərlə şərtləndiyini bir daha əyani şəkildə göstərir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilmiş bu referendumla Əsas Qanuna obyektiv tələbatdan irəli gələn əlavə və dəyişikliklərin edilməsi respublikamızın mütərəqqi inkişaf xüsusiyyətlərindən irəli gələrək onun beynəlxalq aləmdə demokratik dəyərlərə, insan hüquqlarına sadiq dövlət kimi tanınması, nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədi daşımışdır. Səsvermə hüququna malik seçicilərin 71,08 faizinin Azərbaycan Konstitusiyasının 29 maddəsinə təklif edilən bütün əlavə və dəyişiklikləri dəstəkləməsi bu mütərəqqi prosesə olan əsaslı ictimai inamı bir daha nümayiş etdirmişdir.

Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin böyük qisminin respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təmini məqsədinə xidmət etdiyi bir sıra müddəaların qısa şərhinə nəzərən tam təsdiqini tapır. Məsələn, 12, 15 və 17-ci maddələrə təklif edilən əlavələr xalqın layiqli həyat tərzinin təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit edir, ölkədə həyata keçirilən sosialyönümlü siyasətə, habelə uşaq hüquqlarının daha etibarlı qorunmasına, uşaq əməyinin istismarına qarşı konstitusiya təminatını gücləndirməklə, bir sıra yeni normalara konstitusion status verir.

Konstitusiyanın 32-ci və 50-ci maddələrinə edilmiş dəyişikliklər isə hər bir vətəndaşın şəxsi və ailə toxunulmazlığının daha etibarlı təmini məqsədi daşıyır. 32-ci maddəyə edilən əlavələrlə, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə, eləcə də şəxsin xəbəri olmadan və ya etirazına baxmadan izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyulması qadağan olunur. Eyni zamanda, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəsin onun haqqında toplanmış məlumatlarla tanış olmasına, barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququna təminat yaradılır. 50-ci maddənin III hissəsində yer alan əlavə ilə “Hər kəsin hüquqlarını pozan və ya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”.

71 və 72-ci maddələrə edilən əlavə və dəyişiklik hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini, hüquq və azadlıqlarının qanuni çərçivələrini müəyyən edir. 71-ci maddəyə edilən əlavəyə görə, “Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. Şübhəsiz, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu, baxımdan təklif olunan əlavə də demokratik cəmiyyət quruculuğunun meyarlarına tamamilə uyğundur. 72-ci maddə isə hansısa vətəndaşın üzərinə Konstitusiya və qanunlarda nəzərdə tutulmayan vəzifələrin qoyulmasını birmənalı qadağan edir.

Konstitusiyanın 67-ci, 125-ci, 129 və 131-ci maddələrinə edilmiş əlavələr məhkəmə təcrübəsi ilə bağlı bəzi hüquqi normalara konstitusion statusun verilməsi baxımından təqdirəlayiqdir. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) edilən dəyişikliyə görə “cinayət törədilməsində ittiham edilənlər” ifadəsinin “təqsirləndirilənlər” sözü ilə əvəz edilməsi təqsirsizlik prezumpsiyasının (Konstitusiyanın 63-cü maddəsi) mahiyyətindən irəli gəlir. 67-ci maddəyə edilən digər əlavədə göstərilir ki, “Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir”. Cinayət Prosessual qanunvericiliyində əksini tapmış bu hüququn Konstitusiyada da təsbit edilməsi təqsirləndirilən şəxsin mənafeyinə hesablanmış mütərəqqi yenilikdir.

125-ci maddəyə edilən əlavəyə görə “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. Yəni məhkəmənin həqiqəti müəyyən etməkdən başqa məqsədi olmamalı, çıxarılan qərar ədalətə, qanuna, obyektivliyə söykənməlidir. 129-cu maddəyə olunan əlavələr isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatı gücləndirir. Həmin əlavəyə əsasən, “Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir. Bundan başqa, 130 və 131-ci maddələrə edilən əlavələrlə Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının rəsmi mətbuatda dərc edilməsi Konstitusiyada əksini tapır.

Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə edilən əlavədə isə göstərilir ki, “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Azərbaycan xarici sərmayədarlar, əcnəbi iş adamları üçün açıq ölkə olduğundan belə bir əlavənin Konstitusiyada əksini tapması son dərəcə vacib və aktual məsələdir. Ölkə vətəndaşları ilə yanaşı, respublikamızda fəaliyyət göstərən və yaşayan hər bir əcnəbinin Azərbaycanın dövlət rəmzlərinə hörmətlə yanaşması vacibdir.

Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min nəfər vətəndaşına qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Bu mühüm dəyişiklik vətəndaşların mənafeyinə xidmət edən qanun layihələrinin birbaşa Milli Məclisin müzakirəsinə çıxarılmasına və qəbuluna real imkanlar yaradır.

Konstitusiyanın 101-ci maddəsinin (Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları) V hissəsinin yeni redaksiyada qəbulu da ümumən respublikamızın hazırkı dinamik inkişafı ilə şərtlənərək hər bir vətəndaşın aktiv seçki hüququnun səmərəli təminatı baxımından xüsusi aktuallıq kəsb edir. Bu dəyişikliklə bir şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır.

Ümumiyyətlə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması və yaxud belə bir məhdudiyyətin olmaması müasir dövrdə dövlətin demokratikliyini kölgə altına alan amil kimi dəyərləndirilə bilməz. Siyasi hakimiyyətin legitimliyi də qətiyyən bu amillərlə şərtlənməyib xalqın azad seçim hüququna, demokratik, şəffaf və azad seçkilərə əsaslanır. 2008-ci ilin 15 oktyabr seçkiləri göstərdi ki, Azərbaycanda siyasi hakimiyyətin tamamilə legitim və hüquqi yolla formalaşdırılması üçün münbit seçki qanunvericiliyi, demokratik mühit mövcuddur. Belə olan halda hansısa namizədin prezident seçkilərində iki dəfədən artıq təkrarən iştirakı Azərbaycanın demokratik yolla inkişafına heç bir maneə yaratmır.

Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə olunan dəyişikliyə görə “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”. Konstitusiyada əksini tapan bu dəyişiklik eyni zamanda Milli Məclis seçkilərinə də şamil edilir. Əsas Qanunun 84-cü maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti) I hissəsinə edilmiş əlavəyə görə “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.

Konstitusiyanın 101-ci maddəsinin beşinci hissəsinə və 84-cü maddəsinin birinci hissəsinə edilmiş dəyişikliklər müharibə şəraitində ölkədə prezident və parlament seçkilərinin keçirilməsi aktiv döyüş əməliyyatlarının aparılması üzündən mümkün olmadığı halda tətbiq edilir. Bu da müharibə şəraitində ölkənin milli təhlükəsizlik maraqlarının qorunması, müdafiə qabiliyyətinin təmin olunması zərurətindən irəli gəlir. Bütün bunlar deməyə əsas verir ki, ötən 14 il ərzində Konstitusiya öz həyatı gücünü, humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Əsas Qanunun əhatə etdiyi bütün sahələrdə – hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş vermişdir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Ölkəmiz dünya dövlətləri içərisində öz müstəqil siyasəti, inkişaf perspektivləri, potensialı və dövlət idarəçiliyinin effektiv təşkili ilə seçilir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı 

 

Xalq qəzeti.- 2009.- 13 noyabr.- S. 5.