Azərbaycan dinlərarası dialoq mövzusunda keçirilən tədbirlərin qeyri-rəsmi paytaxtına çevrilib

 

Ölkəmiz tarix boyu dini dözümlülük, tolerantlıq məkanı olub

 

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün Azərbaycan Respublikası və cəmiyyəti bir sıra məsələlərdə dünyaya nümunədir. Bunlardan biri və bəlkə də ən önəmlisi ölkəmizdə dini dözümlülüyün, tolerantlığın ən yksək səviyyədə olmasıdır. Bu baxımdan “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransın məhz Bakıda keçirilməsi təsadüfi deyil. Ölkəmizin yerləşdiyi coğrafi məkan, dövlət səviyyəsində həyata keçirilən uğurlu siyasət, həmçinin xalqımızın tarixi keçmişi, sahib olduğu milli-mənəvi dəyərlər buna geniş imkanlar açır.

 

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək qeyd edib ki, müsbət keyfiyyətləri və ümumbəşəri dəyərləri əsrlər boyu yaşadan xalqımız dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. Hətta ictimai-siyasi quruluşundan asılı olmayaraq ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq həmişə çox yüksək olub: “Bu, doğrudan da hesab edirəm ki, dünyada çox nadir hallarda rast gəlinən bir fenomendir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda nə milli, nə dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, Azərbaycanın inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər”.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmiz islam dünyasının bir parçasıdır və öz milli, dini ənənələrinə sadiqdir. Azərbaycan İslam Konfransı Təşkilatına üzv olmaqla yanaşı, coğrafi vəziyyətinə görə bəzi Avropa təşkilatlarının da üzvüdür. Qərblə Şərqin qovuşduğu məkanda açar rolunu oynayan Azərbaycanda mövcud olan nadir imkanlar müstəqillik dövründə də inkişaf etdirilib. Ölkəmizin Konstitusiyasında və dövlət siyasətini müəyyənləşdirən digər qanunlarda bütün azadlıqlar, o cümlədən vicdan və din azadlığı da yüksək səviyyədə qorunub. Müxtəlif millətlərə və dinlərə mənsub olan yüzlərlə Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir, praktiki işlərlə, konkret proqramlarla yaradılan şəraitdən bəhrələnir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı ictimai-siyasi və iqtisadi həyatda fəal iştirak edir. Bu gün Azərbaycanda məscidlərlə yanaşı, pravoslav və katolik kilsələri, sinaqoqlar tikilir, təmir olunur. Yüzlərlə tarixi, dini abidə bərpa edilir. Ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, quruculuq-abadlıq işləri milli azlıqların yaşadığı bölgələrdə də bərabər səviyyədə hiss olunur. Respublikamızın bütün rayonlarında olduğu kimi, milli azlıqların yaşadığı regionlarda da sosial problemlər diqqət mərkəzində saxlanılır və məqsədyönlü şəkildə həll edilir. Bu yolla çoxmillətli ölkə olan Azərbaycanın təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə inkişafı təmin olunur.

Azərbaycan dövlətinin yürütdüyü siyasət və cəmiyyətimizin yüksək keyfiyyətləri bu gün hətta bir sıra Avropa ölkələrinə belə nümunə göstərilir. Reallıq budur ki, bu məsələdə Azərbaycan təcrübəsinin dünyanın digər regionlarında tətbiq edilməsi sülh və təhlükəsizliyin təmini baxımından zərurətə çevrilmişdir: “Mən əminəm ki, növbəti illərdə də Azərbaycan dinlərarası dialoqun gücləndirilməsi üçün öz rolunu oynayacaq. Bu il Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı, eyni zamanda, Avropa mədəniyyətinin paytaxtı elan ediləcəkdir”. Prezident İlham Əliyevin dediyi bu fikirlər özündə mühüm reallığı ehtiva edir. Çünki bir sıra dünya siyasətçiləri, həmçinin beynəlxalq təşkilatlar da Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını vurğulayıblar. Ölkəmizdə Avropa dəyərləri də, islami dəyərlər də qorunur, yaşadılır. “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları da bildiriblər ki, Azərbaycan dövləti və xalqı sivilizasiyalararası münasibətlərin inkişafında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Postsovet məkanında ən iri dinlərarası qurum olan və 2004-cü ildə yaradılan MDB Dinlərarası Şurasına Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etməsi də Azərbaycanın daim artan nüfuzu ilə bağlıdır. Bu, həm də onunla bağlıdır ki, yuxarıda qeyd edildiyi kimi, tarix boyu ölkəmiz dini dözümlülüyün, tolerantlığın məkanı olub.

Bütün bunları konfransda iştirak edən Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill də təsdiq edib. O deyib: “Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməmişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşmuşlar. 1905-ci ildə müsəlman və pravoslav ruhaniləri millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər”.

Qloballaşmanın sürətlə davam etdiyi və bir sıra mənəvi dəyərlərin aşınmaya məruz qaldığı bu günlərdə Azərbaycanda dini tolerantlığın qorunub saxlanılmasını ölkəmizdə həyata keçirilən uğurlu siyasətlə əlaqələndirənlər də az deyil. Onların fikrincə, Azərbaycan dövlətinin öz xalqını yad təsirlərdən qoruması və müsbət ənənələrə söykənən siyasətin bu gün də davam etdirilməsi dini dözümlülüyün etibarlılığını təmin edib. Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev də məhz bu arqumentin tərəfdarlarındandır: “Hörmətli İlham Heydər oğlu, əsasən, Sizin və şeyxülislamın səyləri sayəsində Azərbaycan bu gün dünyada sivilizasiyalararası, mədəniyyətlərarası razılığın və tolerantlığın ictimai həyatın adi vəziyyətinə çevrildiyi ölkə kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təşkilatı tərəfindən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti paytaxtı elan olunmuşdur və bu işdə sizin xidmətləriniz böyükdür”.

Azərbaycanda azlıqlar üçün yaradılan şərait bütün dünyada minnətdarlıq hissi ilə qarşılanır. Təsadüfi deyil ki, dünyanın ən böyük din xadimləri də bu məsələdə Azərbaycanın müstəsna imkanlar əldə etdiyini və müstəqillik qazandığı qısa dövr ərzində on illərdir müstəqil olan dövlətlərə nümunə göstərdiyini bildirirlər. Roma Papası XVI Benediktin adından konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş Vatikanın nümayəndəsi kardinal Salvata De Corci də Azərbaycanda bütün dinlərə və millətlərə eyni münasibətin Vatikanda da böyük razılıq doğurduğunu qeyd edib: “O, zati-müqəddəsləri Roma Papasının adından, eyni zamanda, Azərbaycanın bütün katolik icması adından hörmətli cənab Prezidentə və şeyx həzrətlərinə Azərbaycanda müxtəlif dinlər arasında bu cür nümunəvi əlaqələrin və münasibətlərin olmasını nəzərə alaraq öz dərin minnətdarlığını bildirir və Roma Papası şəxsən öz tərəfindən Sizi əmin edir ki, bundan sonra da Tanrıya üzünü tutaraq, Sizin ölkənizə, bütün cəmiyyətinizə və Azərbaycan xalqına Allah-Təaladan ən yaxşı arzularını diləyəcəkdir”.

Konstantinopol Patriarxı Varfolomeyin nümayəndəsi Emanuel də Azərbaycanın hər sahədə inkişaf etdiyindən məmnun olduqlarını və rəsmi Bakının ölkədə və beynəlxalq aləmdə yürütdüyü siyasətin bütün dövlətlər üçün nümunə göstərdiyini qeyd edib: “Bu ölkədəki inkişaf mərhələləri bizim üçün çox vacibdir. Bu inkişafın bütün Qafqaz regionundakı vəziyyətə çox böyük və müsbət təsiri vardır. Sizin mərhum atanızın xatirəsi də çox yüksək qiymətləndirilir. Tanrı Sizə xeyir-dua versin və Sizin bu uğurlu fəaliyyətinizə bizim dualarımız kömək olsun”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də qeyd edib ki, həm onun, həm də bütün azərbaycanlıların rəhbəri ümummilli lider Heydər Əliyev olub. Bu gün ölkəmizin tolerantlıq məkanı kimi dünyada şöhrət qazanmasında ulu öndər əvəzsiz rol oynayıb. Onun siyasətinin davam etdirilməsi nəticəsində milli-mənəvi dəyərlərimizlə yanaşı, dini dözümlülük kimi yüksək keyfiyyətlərimiz də qorunub saxlanılıb: “Siz Azərbaycana diqqətlə baxın. Bu gün Azərbaycan tolerantlıq beşiyidir. Tarixən belə olub, bu gün də belədir. Azərbaycanda dinlər, millətlər sülh şəraitində, vahid ailə kimi yaşayıb. Bu birlik, bu vəhdət gücümüzün göstəricisidir. Azərbaycan dünyada tolerantlığın örnəyidir”.

Təbiidir ki, bu xüsusiyyətlərə sahib olan bir ölkə həm İslam, həm də Avropa mədəniyyətinin paytaxtı olmağa layiqdir. Son bir ildə Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans isə onu göstərdi ki, Azərbaycan artıq belə tədbirlərin və sivilizasiyalararası dialoqun da paytaxtına çevrilib.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 13 noyabr.- S. 4.