Hacımurad Yegizarov kinomuzun da istedadlı aktyorudur
Bu günlərdə Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamı ilə xalq
artisti Hacımurad Yegizarov anadan olmasının 70 illiyi
münasibətilə “Şöhrət” ordeni ilə təltif
olundu.
Yaradıcı
ömrünü teatr və kino sənətimizin
inkişafına həsr etmiş aktyor uzun illər S.Vurğun
adına Azərbaycan Rus Dram Teatrında klassik və müasir
rollar yaratmış, öz istedadlı oyunu ilə
tamaşaçıların dərin rəğbətini
qazanmışdır. H.Yegizarov bu teatra M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun aktyorluq
fakültəsini bitirdikdən sonra gəlmişdi. “Şeyx Sənan”da
baş rolu ifa edən aktyor az bir zaman içərisində məşhurlaşdı,
rus klassiklərinin əsərlərində əsas rollar ifa
etdi.
Şux qaməti, istedadı kinorejissorların da diqqətini cəlb etdi və ona kino rolları həvalə olunmağa başlandı. İnstituta qəbul olunduğu il — yəni 1958-ci ildə onu iki filmə dəvət etdilər. Həmin il rejissor Həbib İsmayılov onu “Ögey ana” filmində çəkdi. M.Yegizarov kinoya ilk gəlişi barədə demişdir: “İlk dəfə mənim “Uzaq sahillərdə” filminin baş qəhrəmanı olan Mehdi obrazının sınaq çəkilişlərinə dəvət etmişdilər. Yaş baxımından Mehdi obrazına uyğun gəlmədiyim üçün sınaqdan uğursuz çıxdım”. Lakin Həbib İsmayılov onun fotoşəklini görən kimi Ayaz rolunu ona həvalə etməyi qərara alır. Aktyor o vaxtı belə xatırlayır: “Qısa tanışlıqdan sonra o, məni yeni çəkdiyi filmdə Ayaz roluna dəvət etdiyini bildirdi. Razılaşmadan sonra mən, təbii ki, sınaqsız Ayaz roluna təsdiq olundum”. Beləliklə, aktyor bundan sonra öz tadeyini bu sənətə bağlayacağını qət edir və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə (rus qruppası) daxil olur. İnstitutda təhsil aldığı illərdə ardıcıl olaraq filmlərdə çəkilməyə dəvət alır.
“Ögey ana” filmi H.Yegizarovun ilk işi olduğundan müəyyən çətinliklərlə qarşılaşsa da, kollektivin yaratdığı çəkiliş mühiti ona yardımçı oldu. Özü bu haqda deyirdi ki, “nə qədər çətin olsa da ilk görünüş, ilk tanışlıq məndə böyük təəssürat, böyük maraq yaratdı. “Ögey ana” gənc aktyora kino sənətini doğmalaşdırdı. Sonra ona bir-birinin ardınca yeni rollar həvalə olunmağa başlandı.
Baxmayaraq onu “Uzaq sahillərdə” filmində baş rola təsdiq etməmişdilər, o filmdə epizodda oynadı, hətta həmin filmin materialları əsasında 1960-cı ildə yaradılan “Mateo Falkone” filmində də ona epizodik rol verilmişdi.
Ümumiyyətlə, H.Yegizarovun kino bioqrafiyasında müxtəlif xarakterli obrazlar vardır. Məsələn, elə “Arşın mal alan” filminin II variantında Tofiq Tağızadə ona filmin əsas obrazlarından olan Süleyman rolunu həvalə etmişdi. I variantda bu rolu məşhur aktyor İsmayıl Əfəndiyev oynamışdı. Həm də çox uğurlu alınmışdı. Yegizarov bu rolu oynayanda çalışırdı ki, təkrar alınmasın, Süleyman məhz Üzeyir bəyin yaratdığı kimi dost təsiri bağışlasın. Və elə buna da nail olmuşdu.
Rejissor Həbib İsmayılov onu ikinci dəfə “Böyük dayaq” filmində çəkdi. 1961-ci ildə istehsal olunan bu kinolentdə ona partkom Şirzadın obrazı həvalə olunmuşdu. Şirzad onun üçün bir qədər çətin rol idi. Çünki şəhərdə böyümüşdü, kənd həyatı ilə o qədər də tanış deyildi. Amma film istehsal olunduqdan sonra hiss olundu ki, aktyor obrazı yaxşı mənimsəyib, onun xarakterini bütünlüklə aça bilib. Beləliklə, xaraktercə prinsipial, haqsızlıqla barışa bilməyən Şirzad filmdə olduqca təbii alındı və aktyorun geniş manevr imkanları olduğunu təsdiq etdi. Hətta istədiyi qızın atası, işlədiyi kolxozun sədri Rüstəm kişiyə belə güzəştə getməməsi, onun artıq formalaşmış aktyor olduğunu sübut edirdi.
“Ulduz” filmi
də onun kino yaradıcılığında əhəmiyyətli
yer tutur. Bu filmdə rejissor Ağarza Quliyev aktyora Bəxtiyar
rolunu verib. Bəxtiyar romantik xarakterli roldur. H.Yegizarovun əvvəlki
rollarından fərqli olaraq o, təbiətcə sakit, mehriban
bir gəncdir. İnstitutu yenicə bitirib rayonlardan birinə təcrübəyə
göndərilmişdir. Əslində isə onu rayona çəkən
tələbə yoldaşı Ulduza olan məhəbbətidir.
Aktyor Bəxtiyarı sevərək yaradıb və onu da
tamaşaçılara sevdirə bilib. Bəxtiyar H.Yegizarovun yaddaqalan
maraqlı rollarındandır. Əslində bu rol onrun “Bir cənub
şəhərində” filmində yaratdığı Cahangir
roluna bir qədər yaxın idi. 1969-cu ildə lentə
alınmış bu filmin uğurları barədə
danışmaq istəmirik. Amma onu demək lazımdır ki,
filmin aktyor ansamblını gənclər təşkil edirdilər.
Çingiz rolunu oynayan Hacımurad Yegizarovun ifası da bu
ansamblı tamamlayırdı. Hacımurad bu rolları ilə təsdiq
etmişdi ki, o kinoya təsadüfən gəlməmişdi.
Öz istedadına arxayın idi və bunu da çəkildiyi
filmlərlə sübuta yetirmişdi.
Hacımurad Yegizarov sonralar daha
tez-tez filmlərə dəvət alır. Belə ki, 1971-ci ildə
aktyoru rejissor Eldar Quliyev “Ən vacib müsahibə” filmində
baş rola dəvət edir. Jurnalist mənəviyyatından
söhbət açan bu filmdə əsas qəhrəman Zaurun
rolunu ona həvalə etmişdilər. Təmiz, saf mənəviyyata
malik olan bu gənc jurnalist belə bir suala həmişə
cavab tapmağa səy göstərir: “Həyatın mənası
nədir və mən insanlar üçün nə edə bilərəm?”
Ancaq bu suala cavab tapmaqda həmişə maneələrlə
rastlaşır. Həyatın mürəkkəb təzadları
bəzən onu çaşdırır.
Hacımurad Yegizarovun kino
yaradıcılığında müxtəlif səpkili rollar
var. Rejissorlar gənclik illərində ona daha çox romantik
rollar həvalə edirdilər. Dramatik xarakterli rolları
ustalıqla açmağı bacaran aktyorun sonralar ifa etdiyi
rollar xaraktercə özünə inanan, bir qədər
kübar xarakterli insanlardır.
Məsələn, elə “Bağ
mövsümü” filmindəki Kələntəri, yaxud
“Nizami” filmindəki Atabəy rollarını buna misal göstərmək
olar. Bundan başqa aktyor “Babək”, “Birisigün, gecəyarısı”,
“İnsan məskən salır”, “Qara gölün cəngavərləri”,
“O qızı tapın”, “Səmt küləyi”, “Şeytan
göz qabağında” və başqa filmlərdə yaddaqalan
maraqlı rollar ifa etmişdir.
Hacımurad Yegizarovun
yaradıcı fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib, 1974-cü ildə əməkdar
artist, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq
görülüb. Humay və Dövlət mükafatları
(1986) laureatıdır.
Anadan olmasının 70 illiyi
münasibətilə “Şöhrət” ordeni ilə təltif
olunması isə aktyorun yaradıcılığına verilən
yüksək mükafatdır.
Bu gün də Hacımurad
Yegizarov yaradıcılığını davam etdirir.
Çalışdığı S.Vurğun adına Rus Dram
Teatrında yeni rollar oynamaqla tamaşaçılara sevinc bəxş
edir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 14 noyabr.- S. 8.