Şəmkir polisi cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirib

 

Son vaxtlar Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları cinayətkarlığa qarşı mübarizə işini daha da gücləndirmişlər. Təsadüfi deyildir ki, bu ilin 9 ayı ərzində rayonda 232 cinayət hadisəsi qeydə alınmış və onlardan 196-sı, yəni 94,7 faizi açılmışdır. Cinayətlərin açılma faizi keçən ilin müvafiq dövründəkindən də yüksək olmuşdur. Müsahibimiz rayon polis şöbəsinin rəisi, polis polkovniki Namiq İsmayılovdur.

 

— Cənab polkovnik, əvvəlcə cinayətlərin profilaktikası və açılması, cinayətkarların, xəbərsiz itkin düşənlərin axtarışı sahəsində apardığınız işlər barədə məlumat verməyinizi xahiş edirəm.

— Biz dediyiniz bu işləri digər hüquq-mühafizə, ərazi və yerli özünüidarəetmə orqanları ilə birlikdə müəyyən qabaqlayıcı-profilaktik və çevik əməliyyat tədbirləri hazırlamaqla həyata keçirmişik. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 37 fakt artmışdır. Doğrudur, 232 cinayət işinin 196-nın üstü açılıb. Amma qalan 25 faktın açılması üçün istintaq davam etdirilir. Biz keçən illərdən qalmış 3 cinayət hadisəsini də açmışıq. Lakin bu rəqəm hələlik bizi o qədər də qane etmir.

Ötən ilin eyni dövrü ilə müqayisədə quldurluq, sağlamlığa yüngül zərər vurma və döymə, mənzil oğurluğu, avtomaşın qaçırılması faktları azalmışdır. Bir sıra cinayətlər, o cümlədən ölümə sui-qəsd, dələduzluq, şəxsi əmlak, mal-qara oğurluğu, xuliqanlıq, ölümlə hədələmək, yol nəqliyyat hadisələrinin sayı artmışdır.

Axtarışda olan cinayətkar şəxslərin tutulması, itkin düşmüş şəxslərin tapılması şöbə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Bu ilin 9 ayı ərzində 41 nəfər cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxs, 18 nəfər isə itkin düşmüş şəxs barəsində axtarış işi olmuş və 1 nəfər cinayətkar şəxs barəsində axtarış işi ərazi aidiyyatı üzrə göndərilmişdir.

İtkin düşmüş şəxslərdən 11 nəfəri və ya 61,1 faizi tapılmış, cinayətkar şəxslərdən 29 nəfəri və ya 70,7 faizi tutulmuşdur. Keçən ilin müvafiq dövründə isə itkin düşmüş 16 şəxsdən 10 nəfəri və ya 62,5 faizi tapılmış, 53 cinayətkar şəxsdən 33 nəfəri və ya 62,2 faizi tutulmuşdur. Bu dövrdə ağır və xüsusilə ağır cinayət törətmiş 3 nəfər axtarışda olan şəxs Rusiya Federasiyasında tutularaq respublikamıza gətirilmişdir.

— Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən tədbirlər haqqında nə deyə bilərsiniz?

— Ölkəmizdə narkomaniyaya qarşı mübarizənin hərtərəfli təmin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanı və Dövlət Proqramı var. Ona görə də bu iş fəaliyyətimizin mühüm istiqamətlərindən biridir. Ötən müddətdə rayon ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu xətt üzrə 15 cinayət hadisəsi aşkar edilmiş və günahkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 kiloqram 76,3 qram marixuana, 3,04 qram həşiş, 1,52 qram tiryək, 1,949 qram heroin, 5 kiloqram çəkidə əkilmiş formada 8 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Ümumilikdə isə 4 kiloqram 82,7 qramdan çox narkotik vasitə müəyyən edilərək dövriyyədən çıxarılmışdır.

— Cənab polkovnik, faktlar göstərir ki, hələ də qanunsuz silah və sursat var. Bu istiqamətdə apardığınız iş haqqında danışmağınızı istərdik.

— Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli fərmanının icrası ilə əlaqədar şöbəmizdə az iş görülməmişdir. Bu ilin ötən dövründə vətəndaşlardan 4 ədəd avtomat, 2 ədəd qaz tapançası, 4 ədəd ov tüfəngi, 4 ədəd əl qumbarası, 6 ədəd avtomat xəzinəsi və xeyli miqdarda sursat aşkar edilərək götürülmüşdür. Keçən ilin müvafiq dövründə isə 2 ədəd avtomat, 2 ədəd tapança, 1 ədəd ov tüfəngi, 3 ədəd avtomat xəzinəsi və xeyli miqdarda sursat aşkar edilərək götürülmüşdür. Biz bu işi daim ciddi nəzarət altında saxlayırıq və həmin istiqamətdə tədbirlərimizi genişləndiririk.

— Cənab polkovnik, bəs, kadrlarla necə iş aparırsınız? Sirr deyil ki, polis işçiləri arasında da neqativ hərəkət edənlər, nizam-intizamı pozanlar olur...

— Bütövlükdə qeyd etmək olar ki, Şəmkir Polis Şöbəsinin kollektivi əsasən mənəvi cəhətdən sağlam, peşə hazırlığı baxımından qənaətbəxşdir. Onların hər biri ölkə Prezidentinin, Daxili İşlər Nazirliyi rəhbərliyinin daxili işlər orqanları qarşısında qoyduğu bugünkü vəzifələri yerinə yetirmək iqtidarındadır. Polisin texniki təhqiqatı, onun sosial vəziyyəti daim ölkə başçısının, cənab nazirimizin diqqət mərkəzindədir.

Şöbənin rəhbərliyi nizam-intizamın yüksəldilməsi məqsədilə hər bir əməkdaşla fərdi qaydada söhbətlər aparır, onlara diqqət və qayğı göstərir, sosial problemləri ilə daim maraqlanır. Bayram günlərində şəhid polis ailələrinə və vəfat etmiş polis əməkdaşlarının ailələrinə yardımlar edilir, ailə başçısını itirmiş iki polis ailəsinə hər ay pul yardımı göstərilir. 20 Yanvar şəhidlərinin xatirəsi günü, Xocalı faciəsi ilə əlaqədar keçirilmiş yığıncaqlara tarixçilər dəvət olunur, həlak olanların ailələri yad edilir. Şəxsi heyət arasında keçirilən “Mən müstəqil Azərbaycan dövlətinə xidmət edirəm” mövzusunda məşğələ maraqla qarşılanır. Təbii ki, işində səhlənkarlıq göstərənlər, nöqsanlara yer verənlər də var. Elə təkcə bu ilin 9 ayında 15 əməkdaşı cəzalandırmışıq ki, onlardan da 12-si zabitdir.

Şəmkir polisi Daxili İşlər Nazirliyi və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə həyata keçirməyə səfərbər olunub. Biz cinayətkarlığa qarşı daha amansız mübarizə aparacağıq.

 

 

Söhbəti yazdı: Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 14 noyabr.- S. 6.