Neftçala: Mavi Xəzərin aynasında gözəlliklər
şəhəri
Mavi Xəzərin gözəlliklərə güzgü
tutduğu, dəli Kürün dəcəllik etdiyi yerdir
Neftçala. Balığı, yodu ilə, nefti, qazı-odu ilə
öyünən bu torpağın ən böyük sərvəti
zəhmətkeş, qonaqpərvər, mehriban adamlarıdır.
Hamının birgə səyləri ilə rayonun sosial-iqtisadi
inkişafı təmin edilir. Şair demişkən, hər
zaman bu şəhər ətir qoxuyur, sərvlər,
çinarlar əl-ələ verərək nəğmə
oxuyur.
On beş-on altı il
öncə ilk dəfə Neftçalaya gəldiyim
günü xatırlayıram. Onda icra hakimiyyətində işləyən, indi isə bu
torpağın alim oğlu kimi bütün ölkədə
tanınan Azər Turanla rayonun hər tərəfini gəzmiş,
nəhayət, nahara Kürün üstündə babat bir yer
tapa bilmişdik. Dövlət müstəqilliyimizin ilk
dövrləri olduğundan burada abadlıq naminə hələ
bir iş görülməsə də, Azər Turanın sayəsində
Neftçala səfərim çox uğurlu
alınmış, yaddaqalan olmuşdu. O məni, səhv etmirəmsə,
Puşkin küçəsində yerləşən evlərinə
aparıb atası Hacı İmamverdi Əbilovla tanış
etmişdi.
Yaddaşımda dərin iz buraxan
cəhət o idi ki, İmamverdi müəllimin evində
dünya ədəbiyyatının, bəlkə də,
bütövlükdə təmsil olunduğu çox nadir və
zəngin şəxsi kitabxanasını
görmüşdüm. Onun özü də ki,
akademik dostu Bəkir Nəbiyevin təbirincə desəm,
taleyini doğulduğu yurddan ayırmayan, körpəliyindən
pirani qocalığınadək bütün ömrünü
Neftçalada keçirən əməkdar müəllim,
filologiya elmləri doktoru, Türk Dünyası
Araşdırmaları Uluslararası Bilimlər
Akademiyasının üzvü, ictimai
xadim, tanınmış el ağsaqqalı, maraqlı bir şəxsiyyətdir.
İlahi, mənim keçdiyim həmin qapıdan daha öncə
kimlər keçməmişdi – Səməd Vurğun, Rəsul
Rza, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov,
Süleyman Rüstəm, Yusif Məmmədəliyev, Mustafa
Topçubaşov, Şəfaət Mehdiyev, Vəli
Axundov, Həsən Əliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı,
Əziz Şərif, Bəkir Nəbiyev başda olmaqla bu
gün həyatda olan yüzlərcə digər ünlü
şair, ədib və alim!
Mən o vaxt Neftçala barəsində
işlədiyim AzTV efiri üçün təbliğat
xarakterli veriliş hazırlamağa material tapa bilməsəm
də, İmamverdi müəllimdən aldığım
çox gözəl müsahibəni televiziya
tamaşaçılarına təqdim etmişdim.
Yazının bu yerində yenə
də hörmətli akademikimizin duyğularımla səsləşən
qeydlərini sitat gətirirəm:
“...Neft çalası, neft quyusu,
nöyüt qoxusu... Niyə gizlədim, mən hələ
uşaq ikən Muğan torpağının Neftçala məntəqəsinin
adını eşidəndə xəyalımda ilkin canlanan
bunlar olmuşdur. Zaman keçdi, böyüdüm. Allah qismət
elədi, Neftçalaya gəldim. Balıqçı, əkinçi,
maldar, gəmiçi, neftçi, inşaatçı, müəllim,
həkim və s. muğanlıların qadir əlləri ilə
yaranmış abad, səliqəli bir cənnət guşəsi
gördüm. Baharın oğlan çağında
bütün həyətlərdə, küçə və
xiyabanlarda tüğyan edən əlvan güllərin,
çiçəklərin ətrindən bihuş kimi oldum,
öz ilkin, qiyabi təsəvvürümdə
aldandığıma ürəkdən sevindim.
Beləcə,
gül ətri saçan Neftçalanın ən böyük
möcüzəsini isə bu diyarda dünyaya göz
açıb şan-şöhrəti bütün Azərbaycanı
bürüyən, səsi-ünü bu gün ölkə
hüdudlarından da uzaqlara gedib çatan qocaman alim, müəllim,
yorulmaz ictimai xadim, iman və inam sahibi, dostumuz İmamverdi Əbilovun mənzilində
tapdım...”
Bugünkü Neftçala daha
gözəldir. Muğan düzündə uca zirvəyə,
bir gözəllik abidəsinə çevrilib. Son bir neçə
ildə Neftçalada aparılan abadlıq-quruculuq işləri
əksər rayonlara nümunə ola bilər. Neftçala indi
ətirli parklar şəhərinə dönüb. Deyirlər,
parklar şəhərin təbəssümüdür. Bu mənada
Neftçalanın üzü daim gülür desəm,
yanılmaram.
Ötən dəfələrdən
birində Neftçalaya Tümendə yaşayan eloğlumuz
Balaşirin Ağayevlə gəldiyimi yazmışdım.
Şəhərlə tanış olandan sonra dostumun söylədiyi
fikri olduğu kimi bir daha xatırladıram: “Rusiyanın əyalətlərində
belə inkişaf, tərəqqi yoxdur”.
Son illərdə
Neftçalanın siması başdan-başa dəyişib,
gözəlləşib. Burada 85 yeni müəssisə qurulub,
14 müəssisənin fəaliyyəti bərpa edilib, 7 minədək
yeni iş yeri yaradılıb. Bu il rayonda 5 yeni müəssisə
işə salınıb, 195 fiziki şəxs fəaliyyətə
başlayıb, 290 daimi iş yeri açılıb. Kənd təsərrüfatında
mövsümi işlərə 904 nəfər cəlb edilib.
Poçt-rabitə, iaşə və digər xidmətlərin
səviyyəsi yüksəlib. Elektrik enerjisi, təbii qaz və
su təchizatının problemləri apadan
qaldırılır. Aqrar sahədə irəliləyişə
nail olunub: istehsal 15 faiz artıb, daha çox ət, süd,
yumurta istehsal edilib. Taxıl əkini sahələri genişlənib,
104081 ton məhsul toplanıb. “Aqroservis” filialında
texnikanın sayı 72-yə çatıb. Rayondakı bank və
kredit təşkilatlarının filialları
sahibkarlığa kömək məqsədilə iş
adamlarına 1 milyon 604 min manatlıq kredit veriblər.
Cari ildə Neftçaladakı
üç zavodda 6,7 milyon ədəd nərə cinsli
balıq körpəsi yetişdirilərək Kür
çayı vasitəsi ilə Xəzər dənizinə
buraxılıb. Bu rəqəm daha böyük ola bilərdi,
təəssüf ki, törədici balıqlarla təchizat yetərincə
deyil.
Neftçalada yol təmirinə
böyük diqqət yetirilir. Bu məqsədlə ayrılan
vəsaitdən səmərəli istifadə edilir. Artıq
küçələrin çoxu
asfaltlaşdırılıb. Səki, hasar,
işıqlandırma sistemləri, küçələrdə
suöturən kanallar müasir səviyyədədir. Şəhərin
sanitar təmizliyinə, sosial obyektlərin təmirinə ciddi
fikir verilir. Təhsil, səhiyyə və mədəniyyət
ocaqları günün tələblərinə cavab verəcək
vəziyyətə gətirilib.
İnşasına ötən il
başlanmış “Dizayn-qlas” MMC-də quraşdırma
işləri sona çatır. Burada şuşə istehsal
ediləcək. Dərinlik dalma nasoslarına xidmət və təmir
üzrə müəssisə – “Azərpamservis” MMC də
istismara hazırlanır. Bankə qəsəbəsində
suötürücü qurğunun tikintisi davam edir.
Şəhid ailələri və
Qarabağ əlilləri üçün Neftçalada yeni,
16 mənzilli bina da inşa olunur. Şəhərin
S.Vurğun, M.Hadi küçələrinə və “Pir” ziyarətgahına
10 min kvadratmetrdən çox asfalt vurulub. Onlarca yeni ticarət
obyekti tikilib.
Rayonda yaşıllaşdırma
tədbirləri müntəzəm həyata keçirilir. Bu
il 5 mindən artıq ağac, 4 min gül kolu əkilib.
Dövlət başçısının gələn ilin
“Ekologiya ili” elan olunması təşəbbüsü
Neftçalada hamı tərəfindən razılıqla
qarşılanıb. Deməli, bu sahəyə diqqət daha da
artacaq.
...Neftçaladan
qayıdanda Salyanla sərhəddə, Səməd Vurğun
parkının yanında ucaldılmış “Kür–Xəzər”
Mədəniyyət Mərkəzini görcək yenə də
yadıma yazının əvvəlində haqqında söz
açdığım Hacı İmamverdi Əbilov
düşdü. İnişil bu sarayda əyaləti mənəvi-mədəni
paytaxt səviyyəsinə qaldıran yaradıcı
ziyalının 80 illik yubileyi təntənəylə qeyd
edilmişdi. Xalq şairi Zəlimxan Yaqubun, xalq
yazıçısı Anarın, akademik Bəkir Nəbiyevin,
millət vəkili Arif Rəhimzadənin, xalq şairləri
Söhrab Tahirin, Vaqif Səmədoğlunun, Fikrət
Qocanın, Aşıq Əhlimanın, Oqtay Rzanın,
Almaniyadan gəlmiş Azərbaycan təbliğatçısı
Nizaməddin Onkun və başqalarının istər
yubilyar, istərsə də Neftçala və
neftçalalılar haqqında necə ürəkdən
xoş sözlər söylədiklərini xatırladım. Həmin
tədbirdə icra hakimiyyətinin başçısı Taleh
Qaraşovun ağsaqqal alimə, rayonun mədəniyyət
işçilərinə göstərdiyi qayğı dönə-dönə
təqdir edilmişdi. Bildiyimə görə, rayon rəhbərliyi
Neftçalanın fəxri olan alimi heç vaxt diqqətsiz
qoymur. O da öz növbəsində elmimizə töhfələr
verməkdədir, hazırda əsərlərinin 15 cildliyini
hazırlayıb çap etdirir.
Sağlıq olsun, Neftçalaya
növbəti səfərimdə unudulmaz müəllimim Qulu Xəlilovun
“bu yerlərin mötəbər kişisi”
adlandırdığı müdrik ziyalını yenidən
ziyarət edərəm. Onda, yəqin ki, söhbət hərlənib-fırlanıb
Neftçalanın bugünkü növrağının da
üstünə gələr.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 14 noyabr.- S. 5.