Tərtər: təhsildə yeniləşmə uğurla gedir

 

Bunu son 2 ildə tələbə adı qazananların sayının artması da təsdiq edir

 

Son illər ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə edilmişdir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan təhsil islahatı proqramını Prezident İlham Əliyev uğurla davam etdirir. Təhsil sisteminin ardıcıl inkişafı qazanılan nailiyyətlər, ilk növbədə, dövlət başçısının təhsilə göstərdiyi böyük diqqət və qayğı sayəsində mümkün olmuşdur. Son illərdə təhsilə ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox, təhsil işçilərinin aylıq əmək haqqı 6 dəfə artmışdır. Təhsil sahəsində 16 dövlət proqramı və sənədi qəbul edilmiş və uğurla həyata keçirilir. Son 5 ildə ölkəmizdə 1800-ə qədər yeni məktəb binası tikilmiş, 300-dən çox məktəb əsaslı təmir edilmişdir.

 

Ölkəmizdə təhsilin inkişafına qayğıdan danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidməti xüsusi qeyd edilməlidir. Fondun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” və “Uşaq evləri və internat məktəbləri” proqramları çərçivəsində 226 yeni məktəb tikilmiş, 39 məktəb əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin edilmişdir. Fondun xətti ilə Tərtər rayonunda 2 məktəb tikilib istifadəyə verilmişdir.

Rayonumuzun təhsil sistemində 48 ümumtəhsil məktəbi, 28 məktəbəqədər və 4 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. 678 sinif komplektində 11 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 1600-dən artıq müəllim məşğul olur. Müəllimlərdən 3 nəfəri “əməkdar müəllim” adı almış, 3 nəfəri “Tərəqqi medalı” ilə təltif olunmuşdur. 4 nəfər isə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisidir.

Son illər Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonumuzda təhsilin inkişafına göstərdikləri diqqət və qayğının nəticəsində təhsilin keyfiyyətcə yaxşılaşdırılması və onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli iş görülmüşdür. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında təhsil naziri Misir Mərdanov bildirmişdir ki, ölkədəki siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsilin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Bu sahəyə ayrılan vəsait 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatmış, investisiya qoyuluşları isə 5,8 milyon manatdan 220 milyon manata yüksəlmişdir.

Yeni dərs ili ərəfəsində ictimaiyyətin çoxdan gözlədiyi “Təhsil haqqında” Qanun qəbul edilmişdir. “Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramı”nın yerinə yetirilməsi ilə əlaqədar məktəblərimizə 268 kompyuter verilmişdir. Hazırda orta hesabla 29 nəfər şagirdə 1 kompyuter düşür. Həmin kompyuterlərdən səmərəli istifadə etmək məqsədilə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun təşəbbüsü ilə 2008-ci ilin yanvar ayından başlayaraq rayonun ümumtəhsil məktəblərində İKT avadanlıqları üzrə informatika müəllimləri üçün kurslar təşkil edilmişdir.

Bu il təmir-tikinti işləri ilə əlaqədar xeyli iş görülmüşdür. Şəhər 2 saylı məktəb-lisey yerli büdcə vəsaiti hesabına əsaslı təmir edilmişdir. 1 saylı Sarıcalı kənd orta məktəbi üçün 220 şagird yerlik müasir tələblərə cavab verən məktəb binasının tikintisinə başlanılmışdır. Qalan məktəblərdə isə daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır. 2008-2009-cu dərs ilində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar zəruri işlər həyata keçirilmiş, 30 məktəbdə ikinövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçirilməsi şagirdlər üçün əlverişli təlim şəraiti təmin edilmişdir. Növbəti illərdə qalan siniflərin də beşgünlük tədris həftəsinə keçirilməsi nəzərdə tutulmuşdur.

2009-cu ildə orta məktəbi bitirmiş məzunların 296 nəfəri ali məktəblərə imtahanda iştirak etmiş, 91 nəfər tələbə adı qazanmışdır. Bu, məzunların təqribən 27 faizini təşkil edir. 2008-ci ildə isə ali məktəblərə sənəd verən 379 nəfər şagirdin yalnız 38 nəfəri (10,35 faizi) tələbə adını qazanmışdı. Keçən illə müqayisədə bu il tələbə adını qazanan məzun 42 nəfər çox olmuşdur. Sevindirici haldır ki, 3 nəfər 600-dən çox bal toplamışdır. Bunlardan 2 nəfəri Tərtər şəhər 1 nömrəli, 1 nəfəri isə Şıxarx 2 nömrəli məktəbin məzunudur.

2009-cu il olimpiadalarının respublika turunda iştirak etmək üçün 6 şagird vəsiqə qazanmışdı. Tərtər şəhər 1 saylı orta məktəbin X sinif şagirdi İlahə Əmrahlı birinci yeri (dil-ədəbiyyat), Jalə Muradova üçüncü yeri (Azərbaycan tarixi), Cəmilli kənd orta məktəbinin XI sinif şagirdi Mənsim Məmmədzadə dördüncü yeri (kimya) tutmuşdular. Təhsil Nazirliyinin fənn olimpiadalarının nəticələri barədə xüsusi əmrində uğurlu nəticələr göstərən rayonların sırasında Tərtər şagirdlərinin müsbət nəticələri də qeyd edilmişdi. “Mən Heydər Əliyevi düşünürəm” mövzusunda ümumrespublika inşa yazı müsabiqəsində Tərtər şəhər 1 saylı orta məktəbinin X sinif şagirdi İlahə Əmrahlı yenidən fərqlənərək qalib olmuşdur.

C.Naxçıvanskinin xatirəsinə həsr olunmuş məktəblilərin şahmat üzrə respublika çempionatında rayon şahmat məktəbinin yetirməsi İman Tanrıverdiyev mükafata layiq yer tutaraq diplomla təltif edilmişdir. İdman məktəbinin yetirmələri digər spartakiada və yarışlarda da fəal iştirak etmişlər. Onlar zona yarışlarında finalda oynamaq hüququ qazanmışlar. Voleybolçularımız finalda III yeri tutmuşlar.

Məktəbdənkənar iş mərkəzinin işi də son vaxtlar xeyli canlanmışdır. Mərkəzin dram dərnəyinin üzvləri tamaşa və konsert proqramları hazırlayaraq rayon mədəniyyət evində nümayiş etdirmişlər. ATƏT-in Bakı ofisi və Tərtər Rayon Polis Şöbəsinin məktəblilər arasında keçirdiyi “Mən Azərbaycanın polisini necə görürəm?” rəsm müsabiqəsinə təqdim edilən 5 rəsm çox bəyənilmiş, müəlliflərə, dərnək rəhbərinə və mərkəzin direktoruna hədiyyələr verilmişdir. Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsində mərkəzin yetirməsi Anar Ağayevin hazırladığı hərbi maşın modeli respublika mərhələsində diploma layiq görülmüşdür.

Son illərdə təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar rayonun təhsil işçilərini təşəbbüskarlıqla çalışmağa, təlim-tərbiyəni keyfiyyətcə yüksəltməyə ruhlandırmışdır. Təhsildə başlanan məzmun dəyişiklikləri təlim-tərbiyə proseslərinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları altında aparılır. Yeni kurikulumlarla tədrisə keçən dərs ilindən I siniflərdən başlanmışdır. Bununla əlaqədar həmin siniflərdə dərs deyəcək 60 müəllim müəyyənləşdirilmiş və onlar üçün treninqlər təşkil edilmişdir. Bu iş cari dərs ilində də davam etdirilmişdir. Bu məqsədlə 58 ibtidai sinif müəlliminə kurs keçilmişdir. I siniflərdə tədrisin vəziyyətini sistemli şəkildə metodmərkəz nəzarətdə saxlamış, qabaqcıl müəllimlərin iş təcrübəsi öyrənilmiş və digər müəllimlər də tanış edilmişlər.

Müəllimlərin XIII qurultayında qeyd edildiyi kimi, dövlətin ümumi təhsilin inkişafı naminə gördüyü işlər orta məktəb sisteminin uğurlu gələcəyinə, məktəblərimizin, sözün əsl mənasında, bilik-savad mərkəzlərinə çevriləcəyinə cəmiyyətdə böyük inam yaradır. Qurultayda məktəbəqədər təhsil haqqında geniş söhbət getmişdir. Qeyd edilmişdir ki, dövlətimiz təhsilin bütün pillələri ilə yanaşı, məktəbəqədər təhsil sistemini də daim diqqət mərkəzində saxlayır. Ölkə Prezidentinin təsdiq etdiyi 2007–2010-cu illəri əhatə edən “Məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı” xüsusi əhəmiyyət kəsb edir. Təhsil pillələri arasında özünəməxsus yeri olan, uşaqların erkən inkişafında, sağlamlığında və təhsilində müstəsna əhəmiyyəti olan məktəbəqədər təhsil sahəsində hələ görüləsi işlər və problemlər çoxdur. Rayonumuzda bu problemlər sürətlə aradan qaldırılır.

Qurultayda şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimin fəaliyyətinə, “müəllim–şagird”, “məktəb–valideyn” münasibətlərinə, tədris prosesinin idarə olunmasına, eləcə də müəllim hazırlığı məsələlərinə diqqət vermək qarşımızda mühüm vəzifə kimi qoyulmuşdur. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin mühüm tərkib hissəsi şagirdlərin bilik, bacarıq və vərdişlərinin yekun buraxılış imtahanları vasitəsilə yoxlanılmasıdır. Bu, həm də məktəbin fəaliyyətinin keyfiyyət səviyyəsini göstərir. Keçən dərs ilində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada bir gündə 3 mərkəzdə keçirilmişdir. Nəticələr kompyuter vasitəsi ilə Təhsil Nazirliyində yoxlanılmışdır.

Rayonumuzda öz peşəsinin vurğunu olan, peşəkarlığı ilə fərqlənən, fədakar əməyi əsl vətənpərvərlik nümunəsi olan müəllimlərimiz çoxdur. Belələrindən Aybəniz Kərimovanı, Oqtay Həsənovu, Fazilə Kərimovanı, Könül Həsənovanı, Mehparə Fərəcovanı, Təranə İbrahimovanı, Nadir Sadıqovu, Afaq Xəlilovanı, Hüsniyyə Məmmədovanı, Ruhanə Mirzəyevanı, Mülayim Məmmədovanı göstərmək olar. Bu gün cəmiyyətdə təhsillə bağlı daha çox müzakirəyə səbəb olan məsələ bilavasitə təhsilin keyfiyyəti ilə bağlıdır. Son illər aparılan məqsədyönlü işlərin nəticəsidir ki, təhsilin keyfiyyəti rayonumuzda da xeyli yaxşılaşmışdır. Bu, özünü ali məktəblərə qəbul imtahanlarında əldə olunan nəticələrin ilbəil yaxşılaşdırılmasında da göstərir.

Dövlət başçısı İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı” keyfiyyətli təhsil uğrunda sağlam rəqabətin güclənməsinə səbəb olmuşdur. Bu proqramın icrası ilə bağlı son 3 ildə rayonda ardıcıl iş aparılmışdır. Məktəblər üzrə istedadlı şagirdlər aşkar edilmiş və onlarla məktəblərdə qrafik əsasında məşğələlər təşkil edilmişdir. Belə uşaqlarla işləyən müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun təşkil etdiyi “Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri mövzusunda” birhəftəlik seminarda 40 müəllim iştirak etmişdir. Həmin müəllimlərin apardığı səmərəli işin nəticəsidir ki, son illərdə olimpiadalarda, inşa müsabiqələrində, idman yarışlarında qeyd olunan uğurlar əldə edilmişdir.

Rayon Təhsil Şöbəsi 2009-cu ilə dair fəaliyyət planı əsasında Cəmilli, Umudlu, Qarağacı, 2 saylı Sarıcalı kənd orta və Qəzyan kənd əsas məktəblərində monitorinq keçirmiş və nəticələr şura iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. 2009-cu il məzunlarının ali məktəblərə qəbul imtahanlarının nəticələri barədə məsələ də ciddi müzakirə edilmişdir. Təhsilin keyfiyyəti onun məzmununun nə dərəcədə dəqiq, tələbata uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir. Təhsildə başlanan məzmun dəyişiklikləri təlim-tərbiyə proseslərinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları altında aparılır. Beləliklə, ümumtəhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur.

Təhsilə aid dövlət proqramları, qərar və sərəncamlarla yanaşı, Azərbaycan müəllimlərinin XIII qurultayının qərarlarında da təhsil işçilərinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Tərtər rayonunun təhsil işçiləri başlanmış yeniləşmə işlərini ardıcıl davam etdirəcək, müstəqil ölkəmiz üçün layiqli nəsil yetişdirilməsinə töhfələrini artıracaqlar.

 

 

Aydın QARAYEV,

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri 

 

Xalq qəzeti.- 2009.- 14 noyabr.- S. 5.