Misir: qədim ölkənin çağdaş günləri
Misir Ərəb Respublikası Xarici İşlər
Nazirliyinin MDB Ölkələri ilə Texniki Əməkdaşlıq
Layihəsi əsasında Azərbaycan jurnalistlərinin bu
ölkəyə daha bir səfəri başa çatdı. Azərbaycan
KİV-nin müxtəlif sahələrini təmsil edən 17 nəfərlik
qrup proqramı həyata keçirən Misir Fondunun Qahirə
Universitetinin jurnalistika fakültəsində təşkil
etdiyi seminar məşğələlərində iştirak
etdi, Misir jurnalistikası ilə ətraflı tanış
oldu, qədim ölkənin tarixi yerlərinə səyahət
etdi, Misir — Azərbaycan əməkdaşlığı
ünvanlarından keçdi. Səfərin
iştirakçısı olaraq təəssüratımızı
qısa şəkildə oxuculara təqdim edirik.
2. Misir və misirlilər
Azərbaycanın
KİV təmsilçiləri üçün “Misirdə
jurnalistika” proqramının yekununda Misir Fondunun prezidenti, xarici
işlər nazirinin müavini, MDB və İslam ölkələri
üzrə səfir Samah Sotohi ilə görüşdən
istifadə edib ondan Misir — Azərbaycan münasibətlərinin
həssas məqamları ilə bağlı bir neçə sualı
cavablandırmasını xahiş etdik.
Yüksək mövqeli diplomat
Misirin Azərbaycanı özünə dost ölkə
saydığını, lakin hərtərəfli əlaqələrin
qurulmadığına təəssüfləndiyini söylədi.
O, bildirdi ki, SSRİ dövründə bir çox Azərbaycan
mütəxəssisi Misirə qardaşlıq yardımında
fəal iştirak etmişdir. Sovet İttifaqı
dağılandan sonra Misir keçmiş sovet respublikaları
ilə əlaqələri ikitərəfli şəkildə
davam etdirmək xətti yeridir. Azərbaycana və Orta
Asiyanın müsəlman ölkələrinə isə daha
isti münasibət göstərilir.
Nazir müavini Qahirədəki Azərbaycan
səfirliyinin öz ölkəsini tanıtmaq yönündə
fəaliyyətini təqdir etdi. O, iki ölkə arasında
ticarət-iqtisadi, turizm, təhsil, elmi-mədəni sahələrdə
əlaqələrin daha da genişləndirilməsinin
xalqlarımızın maraqlarına uyğun olduğunu
söylədi. S.Sotohi Qahirə və Bakı
opera teatrlarının, İsgəndəriyyə və Azərbaycan
Milli kitabxanalarının əməkdaşlığını,
Misirin Qəlyubiyyə vilayətinin Qanatır və
respublikamızın Xırdalan şəhərlərinin
dostluq əlaqələrini, tələbə mübadiləsini,
turist səfərlərini, mütəxəssislər
üçün tanışlıq proqramlarını gələcək
çoxtərəfli münasibətlərin sağlam
özülü kimi dəyərləndirdi. Müsahibimiz vaxtilə
Prezident Heydər Əliyevin və indiki dövlət rəhbərimiz
İlham Əliyevin Misir Prezidenti Hüsnü Mübarəklə
görüşlərinin diplomatik dairələrdə daim
ehtiramla xatırlandığını da vurğuladı.
Dağlıq
Qarabağ münaqişəsinin BMT-də müzakirəyə
çıxarılarkən Misir dövlətinin bitərəf
qalması ilə bağlı sualımız nazir müavini
üçün gözlənilməz olsa da o, səmimi cavab
verməyə çalışdı. Diplomat bildirdi ki, Misir Azərbaycanla
İslam Konfransında bir yerdədir, Azərbaycanın ərazi
bütövlüyünü tanıyır, lakin Ermənistanla
da normal münasibətlər qurmağa
çalışır. Əgər BMT-də müzakirə
zamanı Misir Azərbaycanı dəstəkləsəydi, Ermənistanı
itirə bilərdi. Misir dövləti bu fikirdədir ki,
Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan
öz aralarında razılığa gələrək həll
etməlidir.
Bu cavab bizi qane etmədiyindən
cənab səfirə Misirin Fələstin - İsrail
münaqişəsində dost ölkələrdən, eləcə
də digər dövlətlərdən birmənalı
mövqe, dəstək gözlədiyini xatırlatdıq. O
bildirdi ki, Azərbaycan – Misir əlaqələri elə
yüksək səviyyəyə qalxmalı, ölkənizin
dostları o qədər çoxalmalıdır ki, ermənilərin
diplomatik dairələrdə, lobbiçilik sahəsində fəallığını
üstələsin. Misir Azərbaycanın umacağını
və incikliyini başa düşür. Şübhəsiz,
onun ölkəsinin Azərbaycana İslam Konfransındakı dəstəyini
beynəlxalq qurumlarda da genişləndirməsi
qarşılıqlı maraqlarımıza cavab olardı.
Ermənilərin Misirdə
lobbiçilik fəaliyyəti barədə
sualımızın cavabında S.Sotohi dedi ki, bu Afrika ölkəsində
uzun zamandır ki, xeyli erməni yaşayır. Misir dini-etnik
baxımdan tolerant ölkə olduğundan ermənilər yerli
xalqla qaynayıb-qarışmışlar. Onlar ticarətdə,
mədəniyyət qurumlarında, KİV-də yaxşı
tanınırlar. Bütün bunlar ermənilərin misirlilərə
hansısa təsiri göstərməsi üçün
üstün imkanlar yaradır. Arzu edərdik ki, Misirdə azərbaycanlıların
sayı daha çox olsun, onlar öz mövqeləri ilə erməniləri
neytrallaşdıra bilsinlər.
Misir — İsrail münasibətlərinin
məzmunu və perspektivi ilə bağlı
sualımızın cavabında fond rəhbəri bildirdi ki,
Misir dövləti Kemp-Devid sazişinə sadiqdir. Lakin Fələstin
məsələsi həll edilmədiyindən, İsrail öz
öhdəliklərini yerinə yetirmədiyindən diplomatik əlaqə
formal xarakter daşıyır. Misirlilər İsraildən
Sinay yarımadasını tərk etdiyi kimi, digər ərəb
torpaqlarından da geri çəkilməsini, ərəb
dövlətləri ilə sülh şəraitində
yaşamasını tələb edir. Təəssüf ki, beynəlxalq
birlik bu dondurulmuş münaqişənin ədalətli həllində
İsraildən qətiyyət tələb etmir.
Cənab səfir istər-istəməz
bir az əvvəl Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qrupumuzun səsləndirdiyi tələbi Fələstin
probleminin həlli ilə əlaqədar eyni ilə ifadə
etdi və bu bizə də xoş gəldi. Görünür,
beynəlxalq güc mərkəzlərinin “ikili
standartları”na qarşı birgə səylər
artırılmalıdır.
Səfər günlərində
təmasda olduğumuz insanların xalqımız barədə,
demək olar ki, məlumatsız olduğunu görür və
buna təəssüflənirdik. Azərbaycan hələ də
“rusdilli məkan” kimi qəbul olunur. Bakıda və Qahirədə
ərəb dilini yaxşı bilən kifayət qədər
mütəxəssis olsa da, ölkəmizdən gedən
mütəxəssis və turist qrupları ilə ünsiyyət
rus dilində təşkil olunur. Elə bizim qrupda təmsil
olunan ərəbşünas yazarlar Əmir Qasımlı və
Cəmaləddin Quliyev yeri gəldikcə ünsiyyətimizi Azərbaycan-ərəb
dillərində qura bilirdilər. Qahirənin
müxtəlif ünvanlarına gedərkən əzəmətli
tikililərə, yaraşıqlı xiyabanlara,
saysız-hesabsız çoxmərtəbəli və uzun
körpülərə nə qədər heyranlıqla
baxırdıqsa, şəhərətrafı məhəllələrdəki
tikintisi yarımçıq qalmış evlərə, səliqəsizliyə
və qarşılıqlığa da o qədər
təəssüflənirdik. Şübhəsiz, bunlar imperiya əsarətinə
yaxın keçmişdə son qoyan sivil həyata doğru
inamlı addımlar atan qədim dünyanın həmişə
cavan ölkəsi üçün təbiidir. Əsası
odur ki, Misir qədim tarixin əzəmət və təntənəsini
müasir dövrdə də nümayiş etdirə bilir. Nil
üstündəki 10-dək nəhəng körpü, mərkəzdəki
göydələnlər, müasir mühəndis
qurğuları, dünənin piramidaları qədər
heyranedicidir.
Qahirədə olduğumuz
günlərdə ölkə və Qahirə şəhəri
ilə ətraflı tanışlığımıza da kifayət
qədər imkan tapdıq, lazımi məlumat toplaya bildik. Yer
üzündə və altında ən azı 5 minlik tarixi
yaşadan bu qədim ölkə çağdaş siyasi
sistemin əsası olan respublika quruluşuna görə 56
yaşlı gənc bir dövlətdir. Misirin ayağı qədimdə,
başı yüksəlişdədir. Respublika illərində
ölkə və onun paytaxtı sürətlə inkişaf
edib, müasirləşib. Təbii sərvətlərinə,
iqtisadi imkanlarına, insan ehtiyatlarına görə Misir
dünyanın orta böyüklükdə və gücdə
olan ölkələrindəndir.
Müstəmləkə və
şahlıq rejimlərindən çıxdığına
görə Misirdə demokratiya və yüksək həyat tərzi
hələ arzu olunan səviyyəyə qalxa bilməyib. Lakin hamı etiraf edir ki, cəmiyyətin daha
yaxşı təşkili, nöqsanların və problemlərin
aradan qaldırılması ilə bu qədim ölkənin cəfakeş
və açıqürəkli xalqı yüksək rifaha
qovuşa bilər. İnkişaf edən sənaye, məhsuldar
kənd təsərrüfatı, ölkənin tələbatından
artıq neft-qaz hasilatı, geniş xidmət sferası,
Süveyş kanalının və turizmin böyük gəliri
sosial ədaləti yüksəltməklə Misir xalqına
xoş güzəran vəd edir.
Misirdə qadın
azadlığı, əhali artımı, işsizlik və
ekoloji durumun ağırlığı ciddi problemlər
sayılır və həllini gözləyir. 1973-cü il
Misir-İsrail müharibəsindən sonra ölkə əhalisi
2 dəfə artaraq 80 milyon nəfərə çatıb. Əhalinin
90 faizi ümumi ərazinin 4 faizini təşkil edən Nilboyu münbit ərazilərdə və
vahələrdə yaşayır. Nilin hər iki tərəfində
eni 40, uzunluğu 60 kilometr ərazidə uzanıb gedən
paytaxt Qahirədə əhalinin beşdə biri qədər —
16 milyon əhali yaşayır. Gündəlik gəliş-gediş
isə 2 milyon nəfərdir. Şəhərdə gecə-gündüz
6-7 milyon avtomobil tüstü püskürür, mərkəzi
küçələr, sanki, dumana bürünür. İkinci
böyük şəhər İsgəndəriyyənin əhalisi
6 milyon nəfərə çatır. Port-Səid və
digər əyalət mərkəzləri də daxil olmaqla
sakinlərin təxminən yarısı şəhərlərdə
yaşayır. Misirlilərin 96 faizi müsəlman ərəblər,
4 faizi xristianlardır.
Qahirədə
olduğumuz günlərdə Azərbaycan səfirliyində də
olduq. Şəhərin yaraşıqlı, yaşıl
rayonlarından birində yerləşən səfirliyimiz Vətənimizin
bir parçası kimi bizi doğmalıqla qoynuna aldı. Təmir
olunmuş, orijinal tərtibat verilmiş bu ünvanda hər
şey Azərbaycanla bağlıdır, onu nişan verir: qapıdakı üçrəngli
bayrağımız da, içəridəki əşyalar da,
etnoqrafik Qarabağ evi də, yurdsevər səfirlik əməkdaşları
da. Səfir Faiq Bağırov təşəbbüskarlıqla
çalışır, Misir—Azərbaycan münasibətlərinə
dinamizm, yeni məzmun vermək üçün müxtəlif
tədbirlər, görüşlər keçirir. Qahirədə
olduğumuz günlərdə səfirliyin “Eyn üş-şəms”
Universitetində təşkil etdiyi Azərbaycan
diplomatiyasının 90 illiyinə həsr olunmuş konfransa
biz də dəvət olunduq. Qahirədəki diplomatik korpusun,
Misirin məsul şəxslərinin iştirak etdiyi məclisdə
iki ölkə arasında dostluq münasibətləri, Azərbaycan
həqiqətləri barədə geniş söhbət getdi.
Səfir ayrıca bir
görüşdə qrupumuzu mehribanlıqla qəbul etdi,
görülmüş işlərdən, yeni planlardan
danışdı. Qahirədə təhsil alan 200-dək tələbə
qayğı ilə əhatə olunub. Faiq müəllim təəssüflə
bildirdi ki, soydaşlarımızın bir çoxu təhsil
almağa geniş perspektivi olmayan dini “əl-Əzğər”
universitetinə gəlirlər. Səfir onların daha gərəkli
ixtisaslar üzrə nüfuzlu “Eyn üş-Şəms”
universitetinə keçmələrinə yardımçı
olur. O, Azərbaycanın mədəniyyət ocaqlarının
Misirdəki analoji qurumlarla əlaqələrinin qurulmasına
və genişlənməsinə də önəm verildiyini
vurğuladı. Bu yöndə artıq uğurlu addımlar
atılmaqdadır. F. Bağırov azərbaycanlı mütəxəssislərin
Misirə dəvət olunmasının müqabilində dost
ölkə təmsilçilərinin də respublikamızda
olmasının gərəkliyini də qeyd etdi. Səfirliyin əməkdaşları
ilə birlikdə Qəlyubiyyə vilayətinə gedib ulu
öndər Heydər Əliyevin abidəsini də ziyarət
etdik.
Səfər proqramında gəzinti
və istirahət məsələləri də məzmunlu
qurulmuşdu. Bakıdan çıxmamışdan
hamımızın əsas istəyi olan Cizə
piramidalarını görmək arzumuz yüksək səviyyədə
baş tutdu. Bir axşam şəhərdəki turistlər
üçün 6 dildə hazırlanmış piramidalar
qarşısındakı işıq-musiqi kompozisiyasına
tamaşa etdik. Simfonik musiqinin və lazer
işıqlandırmasının əfsanəvi mənzərəsi
fonunda Xeops (ata), Hefren (oğul), Mikerin (nəvə)
firon-ehramların əbədi keşikçisi Sfinksin hekayətini
dinlədik. Səhərisi tikintisi eramızdan əvvəl
2590-cı ildə başa çatmış, eni 230, hündürlüyü
147+9 metr olan, təxminən 3 tonluq 2,3 milyon qranit blokdan
ucaldılmış Xeopsun, 40 il sonra tikilmiş, eni 215,
hündürlüyü 136 metr olan Hefrenin, e.ə.2505-ci ildə
başa çatmış, eni 108, hündürlüyü
66 metr olan Mikerinin düz qarşısına gəldik. Bu əfsanənin
irili-xırdalı elementlərinə gözdolusu baxdıq,
çoxillik qiyabi heyrətimizə əyanilik gətirdik.
Misir Muzeyi ilə
tanışlıq da səfərimizin misilsiz mənəvi
qazanclarından biri oldu. Mumiyaları, sarkofaqları, firon heykəllərini,
Tutanxamon sərdabəsinin misilsiz eksponatlarını görməyimizdən
də taleyin bəxşişi kimi feyz aldıq, bu təsvirləri
hafizəmizə acgözlüklə həkk etdik. Nəhəng Məhəmmədəli məscidi, erkən
xristianlıq məbədi Müqəddəs Qriqori kilsəsi
ilə tanışlıq, “Xurustal-Nil” restoran-gəmisi ilə
Nildə axşam gəzintisi Qahirənin dünəni ilə
bugünü arasında təsəvvürlərimizi
dolğunlaşdırdı. Başdan-başa əzəmət və tarix olan Qahirə küçələrində,
Nil bulvarında və körpülərində sərbəst
gəzinti, şən-çevik misirlilərlə birtəhər
dil tapmağımız, hətta qırsaqqız olub yaxamızdan
əl çəkməyən küçə
satıcıları ilə təmaslar ömrümüzün
Misir kitabının unudulmaz səhifələrinə,
foto və video xatirələrə çevrildi.
Səfərin ortasına
düşən istirahət günlərində beynəlxalq
turizmin füsunkar, ilboyu çimərlik mövsümü
yaşayan, çal-çağırlı ünvanlarından
birində — Sinay yarımadasının “min bir gecə” əhvallı
Şarm əl-Şeyx şəhərinə getdik.
Süveyş kanalının altındakı uzun tuneldən
keçib, yarımadanın o başınadək səhra ilə
500 kilometr yol gedib yorulsaq da, bu nağıllar aləmində,
Qırmızı dənizin sahilində 2 gün yaxşıca
dincəldik. Ara günlərdə axşamlar turistlərin
alış-veriş etdikləri nəhəng və məşhur
“Xan əl-Xəlil” bazarının ənginliyinə də
baş vurduq, səfərdən yadigar qalan xırdavat, həmişə
Misiri xatırladacaq suvenirlər aldıq.
Sonuncu gün qədim, əfsanəvi
sahil şəhəri - dünya fatehinin zəfərlərinə
layiq İsgəndəriyyədə olduq. Qahirədən bu
şəhərə çəkilmiş 220 kilometrlik
çoxcərgəli yol boyu səhrada insan hünərinin bir
çox izlərini gördük. Qədim Roma
amfiteatrı qalıqları, Misirin milli azadlıq qəhrəmanı
Sədi Zəğlul meydanı, Məmluk Qaitbəyqalası
(1477), İsgəndəriyyə kitabxanasının dünya
memarlığı incilərindən olan, günəş
şüasından enerji alan müasir binası Misir səfərimizdə,
necə deyərlər, yağ üstündən çəkilmiş
bal kimi şirin və dadlı oldu. Misirdə
ağzımızı açıb danışmasaydıq,
hamı bizi özününkü sayırdı. Ünsiyyət
qurub Azərbaycandan gəldiyimizi biləndə isə yad hesab
etmirdilər. Səsimizi eşidib tanış türk sözlərini
eşidən kimi: “Türkiş, Həsən Şaş,
yavaş-yavaş” – deyib ürəkdən gülürdülər.
Məşhur türk futbolçusuna olan bu məhəbbətdən
bir məhrəmlik duyur, öyünürdük.
Misirə getdik, gəzdik,
gördük. Misir bizə əvvəl də bir çox bilgilərimizlə
tanış idi. Bu səfərimizlə qədim sivilizasiya
ölkəsinin havasını udduq, suyunu içdik,
çörəyini yedik, adamlarına əziyyət verdik.
İki həftəliyə misirli olduq. Bu iki həftənin
ömrü görüb-duyduqlarımızla 5 min il qədər
uzun olsa da, qəlbimizin xatirə guşəsinə
doğmalıqla sığındı. Gecə təyyarədən
son dəfə Nil boyunca alışıb-yanan nəhəng
ocaq yerinə – Qahirəyə baxdıq və dedik:
“Salamat qal, əfsanələr şəhəri, Afrika
azmanı. Azərbaycanın jurnalist qrupu sənin unudulmaz əksini
və əzəmətini qəlbində aparır. Aparır
ki, bütün Azərbaycana göstərsin”.
Tahir AYDINOĞLU,
Bakı-Qahirə-Bakı
Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 6.