Görkəmli dilçi alim – türkoloq Zərifə Budaqova

 

Ərəb nağıllarından birinin adı belədir: “Nə cür adamlar olur”. Bu nağılın məzmununa görə, məşhur bir alim adamların dörd cür olduğunu söyləyir. Birinci qrup adam hər şeyi bilir, nə bildiyini özü də anlayır. Bu, alimdir və ondan ibrət götürmək lazımdır. İkinci qrup adam da bilir, ancaq nə bildiyini özü bilmir. Bu, yatağan adamdır və onu oyatmaq lazımdır. Üçüncü qrup adam bir şey bilmir, özü də bilir ki, heç nə bilmir. Bu adamın öyrənməsi üçün ona kömək etmək lazımdır. Dördüncü qrup adam isə heç nə bilmir və heç nə bilmədiyini özü də bilmir. Bu adam avamdır və onun haqqında yaxşı bir söz deyə bilməzsən.

 

Biz bu məqalədə birinci qrup adamlardan biri — ibrət götürməli alim bir xanımdan — Zərifə İsmayıl qızı Budaqovadan bəhs edəcəyik. Zərifə İsmayıl qızı Budaqova Azərbaycanın görkəmli dilçi alimlərindən biri olmuşdur. O, ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədqiqinə həsr etmişdir. Belə bir müqəddəs və nəcib iş onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli adlara ucaltmışdır. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınmış, respublikada dilçi alimlərin yetişməsində səmərəli fəaliyyət göstərmişdir. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirmişdir.

Alimin “Azərbaycan dilinin sintaksisi”, “Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dilində söz birləşmələri”, “Müasir Azərbaycan bədii dilinin üslubiyyatı”, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, “Azərbaycan dilinin durğu işarələri”, “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə”, rus dilində yazılmış “Azərbaycan dilinin qrammatikası” (fonetika, morfologiya, sintaksis) kitabları mənbə, məxəz rolu oynayır və dilçilərimizin stolüstü kitablarından sayılır.

Zərifə İsmayıl qızı Budaqova 1929-cu ildə anadan olmuş, 1936-cı ildə orta məktəbə getmişdir. 1943-cü ildə pedaqoji texnikuma, 1945-ci ildə Ermənistan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olunmuşdur. O, 1948-ci ildə Bakı şəhərinə köçmüş və təhsilini V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) dil-ədəbiyyat fakültəsində davam etdirmişdir. Zərifə xanım 1949-cu ildə dil - ədəbiyyat fakültəsini bitirmiş və Azərbaycan SSR EA-nın Dilçilik İnstitutunun (indiki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu) aspiranturasına daxil olmuşdur. O, aspiranturaya qəbul olduqdan sonra Moskva şəhərinə SSRİ EA-nın Dilçilik İnstitutuna ezam olunmuşdur. 1953-cü ildə Moskvada “Müasir Azərbaycan dilində tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Yeri gəlmişkən qeyd edək ki, Zərifə xanım tərz kateqoriyasından yazarkən türkologiyada felin tərzləri barəsində, ümumiyyətlə, tərz kateqoriyası barəsində müxtəlif fikirlər söylənilirdi. Məsələn, N.K.Dmitriyev, A.N.Baskakov, İ.A.Batmanov və başqaları tərz kateqoriyası dedikdə iş, hal, hərəkətin təkrar olunmasını, sürəkliliyi, davamlılığı, hərəkətin müxtəlif istiqamətləri və s. kimi məsələləri izah edirdilər. B.M.Yunusəliyev, Borovkov, Xarisov, Şaripov və başqaları isə belə hesab edirdilər ki, tərz kateqoriyası iş, hal və hərəkətin bitməməsini, başlanmasını bildirir. Onlar eyni zamanda felin tərzində onun zamanının da rolunu qeyd edirdilər. Azərbaycan dilçiliyində tərz kateqoriyasından bəhs edən M.Xəlifəzadə də tərz kateqoriyasını düzgün müəyyənləşdirməmiş, bu kateqoriya ilə felin zamanlarını və formalarını qarışdırmışdır.

Türkologiyada və Azərbaycan dilçiliyində tərz kateqoriyası ilə bağlı fikir müxtəlifliyi mövcud olduğu bir dövrdə Zərifə xanım belə çətin mövzuda namizədlik dissertasiyası yazmış, problemin həllinə nail olmuşdur. O, bu məsələ barəsində yazan türkoloqlardan fərqli olaraq tərz kateqoriyasının əmələgəlmə qaydalarını müəyyən etmiş və bir sistem yaratmışdır. Bununla da məsələnin həllinə öz elmi töhfəsini vermişdir.

Zərifə Budaqova 1953-cü ildən Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun (indiki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu) müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmişdir. O, 1963-cü ildə “Müasir Azərbaycan dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsi, 1968-ci ildə professor elmi adı almışdır. Alim Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuşdur.

Zərifə xanım müasir Azərbaycan dilinin morfologiyasına, sintaksisinə, orfoqrafiyasına, üslubiyyatına, eləcə də türkologiyanın müxtəlif problemlərinə dair əsərlərin müəllifi olmaqla, dilçiliyin nəzəri və əməli məsələlərinə dair qiymətli tədqiqatlar aparmışdır. Görkəmli dilçi Azərbaycan dilinin qrammatik qayda-qanunlarını rus dilində çap etdirməklə, dilimizin imkanlarını rusdilli oxuculara çatdırmış və bir növ Mirzə Kazım bəyin yolunu davam etdirmişdir. Belə ki, Mirzə Kazım bəy Azərbaycan dilinin qrammatikasını 1839-cu ildə Peterburqda çap etdirmişdir. Onun “Türk-tatar dilinin qrammatikası” kitabı qrammatika kitablarının yazılmasında nümunə olmuşdur.

Professor Zərifə Budaqovanın 1977-ci ildə çap etdirdiyi “Azərbaycan dilində durğu işarələri” adlı kitabı təsadüfi tədqiqat əsəri deyildir. Yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında, aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Hər bir durğu işarəsi müəyyən məqsədlə işlədilir. Başqa sözlə, durğu işarələrinin cümlədə vəzifəsi, xidməti rolu vardır. Bütün zamanlarda durğu işarələrinin yerli-yerində işlənməsinə ehtiyac duyulur.

Odur ki, professor Zərifə Budaqova “Azərbaycan dilində durğu işarələri” kitabını yazmaqla hər hansı durğu işarəsinin yerli-yerində işlədilməsinin möhkəm qaydalarını dəqiq izah etmiş, durğu işarələri ilə əlaqəli olan qaranlıq məqamları, durğu işarələrinin funksiyasını öz əsərində dəqiq aydınlaşdırmışdır.

Zərifə xanım Azərbaycan dili ilə bağlı yazdığı kitablarında ciddi elmi - nəzəri təhlillər aparmış, həm dilimizin zənginliklərini, həm də problem və qayğılarını dilçi kimi aktual mövzuya çevirə bilmişdir. Onun “Azərbaycan ədəbi dilinin çiçəklənməsi” adlı məqaləsi (bax: “Azərbaycan kommunisti”. ¹3, 1983, s.84-90) ədəbi dilimizin bir sıra xüsusiyyətlərini səciyyələndirir. Alim Azərbaycan ədəbi dilində funksional üslubların çiçəklənməsini bədii ədəbiyyatın inkişafı, elm, mətbuat, radio və televiziyanın, kargüzarlığın, rəsmi yazışmaların inkişafı ilə əlaqələndirir. Mətbuat dilinin müxtəlif üslub növlərinin meydana gəldiyini qəzet və jurnal materialları əsasında xarakterizə edir. Mətbuat dilinin dar çərçivəli müxtəlif üslub növlərinin meydana gəlməsi barədə yazır: “Kommunist” qəzeti, məktəblilərin “Pioner”, məktəbəqədərki yaş dövründə olan uşaqlar üçün nəzərdə tutulmuş “Göyərçin” jurnalları spesifik ifadə üslublarına malikdir”.

Azərbaycan dilinin kütləvi informasiya vasitələrinin dili kimi xidmət göstərməsi məsələsi də Zərifə xanımı bir dilçi kimi düşündürmüşdür. O yazırdı: “Gələcək nəsli yüksək danışıq və yazı mədəniyyətinə malik görmək üçün ailə, bağça, məktəb arasında ahəngdar ünsiyyət yaradılmalıdır. Yazıçıların, jurnalistlərin, alimlərin, televiziya və radio işçilərinin yazısı, nitqi gənclərə örnək, nümunə olmalıdır”.

Zərifə Budaqova dilçilərin qarşısında bir sıra vəzifələrin durduğunu da xüsusilə qeyd edirdi. Həmin vəzifələr bütün zamanlarda və indi də öz aktuallığını itirməmişdir. Məsələn, qəzet, jurnal və bədii əsərlərdə ikili və mübahisəli orfoqrafik nöqsanların olması, orfoepik normalara riayət edilməməsi, bədii dilin özünəməxsus xüsusiyyətlərinin süni şəkildə ədəbi dil normalarına tabe edilməsi, dilin bütün üslublarının hələlik eyni səviyyədə öyrənilməməsi, dilimizin izahlı omonim, sinonim, antonim sözlər lüğətinin tərtib olunması və belə məsələlərdəndir.

Zərifə Budaqova dillərin geneoloji və morfoloji təsnifindən əlavə, xalqların, millətlərin, dillərin maraq dairəsini, zəruri problemlərin öyrənilməsinin vacibliyini nəzərə alaraq dillərin sosioloji təsnifini də aparırdı. Bu cür təsnif əsasında hər bir dilin inkişaf səviyyəsini, xidmət dairəsini, eləcə də mövcud imkanlarını üzə çıxartmağa çalışırdı. Bu mənada onun “Dillərin sosioloji təsnifi” (bax:Dillərin sosioloji təsnifi. – “Elm və həyat”. ¹ 7, 1978, s. 18 - 20) məqaləsi böyük əhəmiyyət kəsb edən məqalələrindən olmaqla, həm də dilçi alimin dillər və onların xüsusiyyətləri ilə bağlı nəzəri-praktik təhlil aparmaq bacarığını təsdiq edir.

O, bu məqaləsində keçmiş SSRİ-də yaşayan millətlərin və xalqların dillərinin sosioloji təsnifini aparırdı. Alim rus dilinin o vaxt bütün millətlər üçün ünsiyyət vasitəsi olduğunu, ayrı-ayrı respublikalarda milli dillərin varlığını və bu dillərdən başqa xalqların (məs.: Azərbaycanda talışların, tatların və s.) istifadə etdiyini, muxtar qurumlarda yaşayan 40-a yaxın xalqın (məs.: tatar, başqırd, xakas, udmurt və s.) dilinin mövcudluğunu, nanay, qaqauz kimi 10-dan artıq milli mahal xalqlarının yazılı dilinin varlığını, ana dillərində yazısı olmayan, sayı bir neçə yüzdən bir neçə minə qədər olub bəzi rayonlarda və kəndlərdə yaşayan xalqların (məs.: “Dağıstanda rutul, aqul dilləri, Azərbaycanda qrız, buduq, xınalıq, udin dilləri və s.) dillərini dil quruculuğu prosesində unutmamağı nəzərə çatdırırdı.

Zərifə xanım dilimizlə bağlı xarici ölkələrdə görülmüş işlər barəsində geniş təhlil aparmaqla, bir daha dilimizin tədrisinə, təbliğinə sonsuz məhəbbətini ifadə etmişdir. XIX əsrdə Bestujev-Marlinskinin, M.Y.Lermontovun Azərbaycan dilini öyrənmələrini, Azərbaycan dilinin ilk qrammatika kitabı olan “Türk-tatar dilinin qrammatikası” kitabının digər xalqların (xüsusilə rusların) Azərbaycan dilini öyrənməsində əvəzsiz rol oynadığını, L.Z.Budaqovun “Turetsko – tatarskiy bukvar”, “Praktiçeskoye rukovodstvo turetsko – tatarsko – azerbaydjanskoqo nareçiya” kitabları, A.O. Çernyayevskinin “Vətən dili” dərsliyi, S.M.Qənizadənin “İstilahi – Azərbaycan” adlı kitabı və “Somouçitel tyurkskoqo yazıka Kavkazsko – Azerbaydjanskoqo nareçiya” dərsliyi və digərləri Zərifə xanımın tədqiqatlarına görə, Azərbaycan dilinə olan maraqla bağlı yazılmışdır.

Professor Zərifə Budaqovanın tədqiqatları türkoloqların maraq dairəsində olmuş, onun qaldırdığı problemlər həmişə ciddi elmi dəyəri ilə seçilmişdir. Ona görə də onun araşdırmalarına türkoloqlar xüsusi əhəmiyyət vermişdir. Məsələn, professorlardan türkoloq Əthəm Tenişev, Məhərrəm Ergin, Sadəttin Buluc, Zeynəb Qorxmaz və digərləri professor Zərifə Budaqovanın yaradıcılığına araşdırılmasına xüsusi ehtiyac olan tədqiqatlar kimi yanaşmışlar. Onun əsərlərinin əhəmiyyətli olduğunu dilçilərimiz həmişə dəyərləndirmiş və yüksək qiymət vermişlər. Vaxtilə professorlardan Ağamusa Axundovun çap etdirdiyi “Vacib nitq mədəniyyəti məsələsi”, Afad Qurbanovun “Zamanın tələblərindən doğan kitab”, Mirəli Seyidovun “Türkoloqların IV konqresində”, Məmməd Qasımovun “Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək” və s. məqalələri Zərifə xanımın tədqiqatlarına verilən yüksək qiymətdir.

Zərifə xanım həmişə dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilib. Onun səmərəli elmi fəaliyyəti və elmi əsərlərinin əhəmiyyəti Azərbaycan qadınının müvəffəqiyyəti kimi qiymətləndirilib və təbliğ olunub.

Səyyahlar, alimlər, tədqiqatçılar arasında bir yaxınlıq var. Bu da odur ki, onların izləri bir çox hallarda unudulsa da, heç vaxt itib getmir. Bir balaca axtarışa başlasan, ipin ucu əlində olacaqdır. Bu günə dartsan da, sabaha gedib çıxacaqsan. Biz də Zərifə xanımın yaradıcılığının bəzi məqamlarına toxunmaqla, həm dünənimizə getdik, həm də bu günümüzə gəlib çıxdıq.

Məhəmməd Peyğəmbərin (s.) belə bir kəlamı var: “Behişt anaların ayaqları altındadır”. Peyğəmbərimizin başqa bir kəlamı da vardır: “Bir adam anasının, atasının üzünə şəfqətlə baxarsa, Allah ona qəbul olunmuş həcc savabı yazar”. Bu mənada bizim hər birimizin dəyərli insanlarımızı, xidməti olan alimlərimizi yada salmağımız həm savabdır, həm də keçmişə hörmət və gələcəyə olan inamdır. Professor Zərifə Budaqovanın 2009-cu ildə anadan olmasının 80 ili tamam olur. O, cismən dilçilərin arasında olmasa da, ruhən dilçilərlə, məhz dilin keşiyində dayanan ən nüfuzlu dilçilərlə birgədir. Azərbaycan dilçiləri həmişə Zərifə xanım Budaqovanın xatirəsini əziz tutacaq, onun xidmətlərini unutmayacaqlar.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor 

 

Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 5.