Ustad tarzənin
vəfatından 40 il ötür
Azərbaycanda tar ifaçılığı sənətinin
inkişafı və təbliğində görkəmli tarzən,
respublikanın əməkdar artisti Məmmədağa Muradovun
xüsusi yeri var. O, yaradıcılığının
çiçəkləndiyi bir dövrdə —
ömrünün 48-ci ilində həyatdan köçdü. Lakin
bu qısa ömrü ərzində incəsənətimizin,
tar sənətinin bütün dünyada tanınmasında əlindən
gələni əsirgəmədi. Onun özünəməxsus
ifa tərzi, şirin barmaqları, yüksək
çalğı texnikası bu gün də gənc sənətçilərə
bir örnək olaraq qalır.
O, dövrünün ən
tanınmış müğənni və muğam
ifaçıları — Seyid Şuşinski, Xan Şuşinski,
Zülfü Adıgözəlov, Şövkət Ələkbərova,
Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova
və bir sıra digər korifey sənətçiləri
özünəməxsus incə, yüksək
ifaçılıq məziyyətləri və virtioz müşayiəti
ilə sənətsevərlərin qəlblərinə yol
tapmışdır. Azərbaycan incəsənətinin xarici
ölkələrdə də təbliği sahəsində
müstəsna xidmətləri olan Məmmədağa Muradov
Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda. İranda,
Çində, Mərakeşdə, Sudanda və digər
dövlətlərdə Azərbaycan tarını, Azərbaycan
musiqisini öz yüksəkt ifaçılığı ilə
bütün dünyaya tanıdıb sevdirmişdir.
Məmmədağa
Muradovun ifaçılıq bacarığı xarici ölkə
dinləyiciləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Həbəşistan qastrol çıxışlarına
yüksək dəyər verən ölkənin imperatoru Hayle
İlesiye ustad tarzəni iki dəfə şəxsən
özü qəbul etmiş və ona ölkənin ali
“Qızıl imperator” ordenini təqdim etmişdir. M.Muradov eyni
zamanda Bakının bir sıra musiqi məktəblərində,
o cümlədən A.Zeynallı adına orta ixtisas musiqi məktəbində
uzun müddət müəllim işləmiş istedadlı gənc
tar ifaçılarının yetişməsində
böyük rolu olmuşdur. Məmmədağa Muradovun milli
musiqimizin inkişafı və təbliği sahəsindəki
xidmətləri dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, 1959-cu ildə ona respublikanın əməkdar
artisti fəxri adı verilmişdir.
1969-cu ilin bir payız
axşamı 48 yaşında ürək xəstəliyindən
həyatı tərk etdi. Söz-söhbəti, ürəyə
yatımlı şirin ifası, könülləri riqqətə
gətirən “Segah”ı, “Şur”u, “Rast”ı,
“Çahargah”ı, neçə-neçə ifaları
xalqın yaddaşında qaldı. Əslində Azərbaycan
incəsənətindən ayrılan yalnız onun cismi oldu.
Ruhu isə bizimlə qaldı. Bu gün ustad tarzənin vəfatından
düz 40 il ötür. Qalsaydı bu gün onun 88 yaşı
olardı. Yəqin ki, onu yada salıb qəbrini ziyarət edənlər
övladları, yaxın qohum, dostları da olacaq. Lakin biz
inanırıq ki, bu gün ölkə
başçımızın incəsənətə,
muğam sənətinə bu qədər diqqət və
qayğı göstərdiyi bir vaxtda nə vaxtsa Məmmədağa
Muradov da yada düşəcək və şöhrətli
tarzənin xatirə gecələri keçiriləcəkdir. Ruhun
şad olsun ustad.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 5.