Zamanın söz kürsüsü
(Həqiqət işığında)
Dövrün mətbu mühiti
Məfkurəsindən, məramından, qayəsindən asılı olmayaraq ölkəmizdə zaman-zaman nəşrə başlayan hər bir informasiya daşıyıcısı, qəzet və jurnal xalqın, ictimai-siyasi, ədəbi-mədəni həyatında əhəmiyyətli hadisə, söz kürsüsü, fikir tribunası olmuşdur. Şübhəsiz ki, milli mətbuatımızın 134 illik tarixi boyunca işıq üzü görmüş dövri mətbuat orqanları ilk növbədə təsisçi qurumun, firqənin, zümrənin mənafeyini güdməklə, təəssübünü çəkməklə tarixi salnamə funksiyasını öz üzərinə götürmüş və cəmiyyətdə söz azadlığının inkişafına, milli şüurun oyanışına rəvac vermişdir. XX yüzilliyin əvvəlləri Azərbaycan mətbuat tarixi fərqli fikir və baxışların, müxalif ideya və cərəyanların mübarizə meydanına çevrilməklə özünün çiçəklənmə dövrünü keçirmişdir. Bu meyl Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra isə daha da sürətlənmişdi.
Xatırlatmaq yerinə düşərdi ki, Cümhuriyyətin Məclisi-Məbusanında (Parlamentində-A.R.) 11 fraksiya, xüsusilə “Müsavat”, “Sosialistlər”, “Daşnaksütun”, “İttihad”, “Milli azlıqlar”, “Sol bitərəflər”, “Əhrar”, digər firqə və zümrələrin nümayəndələri təmsil olunurdu və bir-birinə zidd olan siyasi qüvvələrin ideoloji cəbhələşməsi parlament zalından daha çox mətbuat müstəvisində özünü büruzə verirdi. Eyni ideoloji cərəyanın müxtəlif dillərdə onlarla qəzet və jurnalın fəaliyyətinə istiqamət verməsi dövrün mətbu mühitinin demokratikliyini şərtləndirən tarixi gerçəklik idi.
Ümumiyyətlə, Bakıda 1918-ci ilin mart soyqırımı günlərində erməni daşnaklarının və bolşevik hərbi birləşmələrinin “Kaspi”, “Turan”, “Açıq söz”, “Novruz”, Orucov qardaşlarının elektrik mətbəələrini yandırıb talan etmələrinə baxmayaraq, Cümhuriyyət Hökuməti Gəncədən Bakıya köçdükdən (1918, 25 sentyabr) sonra bu sferada ciddi dönüş yaradıldı. Mətbuat orqanlarının sayı, bədii-publisistik səviyyəsi, tirajı bu dövrədək görünməmiş həddə yüksəldi. Yalnız 1919-cu ildə Azərbaycanda 92 adda qəzet və jurnal işıq üzü görürdü ki, bunlardan da 42-si Azəri türkcəsində, 44-ü rus və 6-sı qeyri dillərdə çıxırdı. Cümhuriyyət dövründə Bakıda müxtəlif dillərdə intişar tapan bolşevik təmayüllü mətbuat orqanlarının sayı 30-dan çox idi. Bunlardan “Hümmət”, “Bakı Şurasının əxbarı”, “Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı”, “Bakı fəhlə konfransının əxbarı”, “Bayraqi-ədalət”, “Hürriyyət”, “Həqq”, “Füqəra sədası”, “Zəhmət həyatı”, “Zəhmət sədası”, “Azərbaycan füqərası”, “Gənc işçi”, “Tartan-partan”, “Məşəl”, “Yoldaş”, “Al bayraq”, “Oktyabr inqilabı” və b. qəzet—jurnallar Azərbaycan türkcəsində çap edilirdi. Nəşrlərə tanınmış partiya və dövlət xadimləri Nəriman Nərimanov, Əliheydər Qarayev, Ruhulla Axundzadə, Səmədağa Ağamalıoğlu, Seyid Cəfər Cavadzadə (Pişəvəri), Ağababa Yusifzadə, Sultan Məcid Əfəndiyev və b. mühərrirlik və rəhbərlik edirdilər. Adları çəkilən mətbuat orqanlarında bədii nümunələr, ədəbi-mədəni həyatı əks etdirən publisistik yazılarla yanaşı, sosialist düşərgəsinin ideologiyasını, bolşevik nöqteyi-nəzərini yayan məqalələr, məlumatlar və əsərlər də çıxırdı.
Etiraf etməliyik ki, Rusiya kommunistlərinin “Bakılı oğlanlar”ı mövcud demokratik mühitdən sui-istifadə edərək fabrik və zavodlara gedir, fəhlələr arasında təbliğat işləri aparır, onları siyasi tələblər irəli sürmək şərtilə tətillərə, nümayişlərə çağırır, yoxsul əhali arasında Cümhuriyyət quruluşuna və rəhbərlərinə qarşı narazılıqları artırırdılar. Siyasi mübarizənin qabaqcıl təbliğat və təşviqat vasitəsi olan mətbu orqanlarının geniş imkanlarından bolşevik təmayüllü qüvvələr məharətlə istifadə edirdilər. Onlar mütəmadi olaraq “cümlə cahan işçilərinin birliyi”ndən, problemlərindən yazır, tətillər, nümayişlər barədə bəyanatlar yayır, qətl və qarət hadisələrinə qərəzli baxış bucaqlarından yanaşır, öz ideoloqlarının müraciət və tövsiyələrini şərh edirdilər.
Siyasi mühitdə hərarətin kəskin şəkildə yüksəldiyi bir zamanda — 1919-cu il avqustun 29-da Bakıda bolşevik təmayüllü iki leqal qəzet eyni gündə nəşrə başladı. Bunlardan biri Məclisi-Məbusanın üzvü, sosialist fraksiyasının liderlərindən biri Əliheydər Qarayevin redaktorluğu ilə yeni nəşrə başlayan “Zəhmət sədası” idi. “Füqəra sədası” qapandıqdan sonra onun siyasi varisi və davamı olaraq işıq üzü görən “Zəhmət sədası” qəzeti iki ay gündəlik fəaliyyət göstərərək 42 nömrəsini öz oxucularına ünvanlaya bilmişdi. Digər mətbuat orqanı isə tanınmış dövlət xadimi və publisist Ruhulla Axundzadənin redaktorluğu ilə çıxan, 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız “Xalq qəzeti”nin sələfi “Kommunist” qəzeti idi.
Qara haşiyəli qəzet
“Kommunist”in 29 avqust 1919-cu il tarixli cümə günü işıq üzü görən dördsəhifəlik ilk sayında redaktorun kimliyi, redaksiyanın ünvanı və nüsxələrin sayı göstərilməsə də qəzetin loqotipində “Azərbaycan İştirakyunları tərəfindən nəşr olur” kəlmələri yazılmışdır. “İştirakyun” sözü ərəb mənşəli olub iştirakçılar anlamını ifadə edir və şübhəsiz ki, kommunist təmayüllü qrupların, zümrələrin birliyinə işarədir. Birinci nömrənin bütün səhifələrinin qara haşiyəyə alınması ilk baxışdan diqqəti cəlb edir. Loqotipdə yerləşdirilmiş “Bir nömrəlik əza (yas, hüzn — A.R.) qəzetəsidir” sözləri və burada Azərbaycan ilə bağlı materialın yer almaması bəzi örtülü məqamlara, mətləblərə aydınlıq gətirir. Bu cümlə “Kommunist”in müsavat hökuməti üçün dəhşətli bir top mərmisi kimi guruldaması" və qəzetin “müsavat hökuməti” tərəfindən bağlanması fikirlərini təkzib edir. “Bir nömrəlik” qəzetənin Azərbaycan sovetləşəndən sonra da on ilə yaxın “unudulmasının”, hətta 5 may mətbuat günü münasibətilə partiya xadimlərinin yazdığı məqalələrdə adının xatırlanmamasının səbəblərini, şübhəsiz ki, ilk öncə qara haşiyəli mətnlərdə aramaq zərurəti yaranır.
Qəzetin birinci səhifəsində “Ümumdünya işçilərinə qarşı” məqaləsi geniş və əhatəli olsa da imzasız verilmişdi. Baş məqalədə “Dünya işçilərinə”, “Avropa işçilərinə”, “Avropa və Amerika işçilərinə”, Şərq və Qərb aləminin füqəralarına müraciət edilərək Birinci cahan savaşından sonra dünyanın ədalətsiz bölünməsinə, ölkələrin talanmasına, inqilabi hərəkatın boğulmasına, kommunizm uğrunda mübarizlərin edam olunmasına, qətlə yetirilməsinə diqqət yönəldilir, “zəhmətkeş dünyası”, füqareyi-kasibə birliyə, mübarizəyə, kapitalizmdən intiqam almağa çağrılır.
Əlbəttə, “Kommunist”in ilk sayının “bir nömrəlik əza qəzetəsi” adlandırılması təsadüfi deyildi. Bu barədə baş məqalədə yazılırdı: “Vəhşiləşmiş və qan dəryasında məst olan köpəklər bu gün ən əziz, ən müqəddəs, ən böyük qəhrəmanlarımızı əlimizdən almışlar. Şərq aləminin parlaq yulduzları bu gün sönmüş, əsmər siması qara pərdələr ilə örtülmüşdür.
Dünya işçiləri! Həmən quldurlar bu gün böyük kommunist Mustafa Sübhini əlimizdən almışlardır.
Ağməscid (indiki Simferapol — A.R.) şəhərində avqustosun 15-də o böyük qəhrəmanı əksinqilabçı ədnaların (rəzillərin, alçaqların — A.R.) tamaşası üçün min əziyyətlər verəndən sonra başı aşağa asmışlardır.
Mustafa Sübhi kimi ümumdünya işçilərinin fədakarını Avropa vəhşiləri böylə qətl ilə şəhid edirlər.
Mustafa Sübhi inqilab oğlu, sosializm qəhrəmanı idi. O dünyaya göz açanda inqilab üçün, zəhmətin xilası yolunda fədakarlıq etmək üçün göz açmış idi.”
Doğrudan da, dəhşətli faciədir. Azərbaycan sosial-demokratlarının öz əqidə yoldaşları, tanınmış türk kommunisti Mustafa Sübhinin edamı ilə əlaqədar əsəbi yazı tonu, narahatlıq keçirmələri, yas saxlamaları, bütün dünya işçilərini ayağa qaldırmaq cəhdləri təbii və başadüşüləndir. Onlar bəyanatlarının sonunda yazırdılar: “Nahaq qanlara nəhayət vermək uğrunda, dünyada ədaləti bərpa etmək uğrunda, millətlər qardaşlığını payidar etmək uğrunda kapitalizm quldurlarını məhv edək.
Ey Qərb aləminin sərsəf işçiləri, ey Şərq aləminin füqərası, ey zəhmətkeş dünyası! Kommunizm bayrağı altında, intiqam bayrağı altında birləşiniz!"
Qəzetin qurucuları “Türk Lenini şəhid yoldaşımız Mustafa Sübhi” sərlövhəli geniş nekroloqda türk kommunistinin irihəcmli portretini, həyat və fəaliyyətindən geniş fraqmentlər təqdim etmişdilər. “Kommunist”in 2—3-cü səhifələrində yerləşdirilmiş tərcümeyi-halda qeyd edilirdi ki, məşhur türk kommunisti Mustafa Sübhi 1299-cu ildə (1883-cü ildə — A.R.) Giresunda təvəllüd edib. İbtidai təhsilini Qüds və Şamda, orta təhsilini isə Ərzurumda alıb. İstanbul hüquq məktəbini və Parisdə Siyasi Biliklər Ali Məktəbini bitirib. İstanbula döndükdən sonra isə müəllimlik və qəzetçilik fəaliyyəti ilə məşğul olub. Yusif Akçuranın qurduğu Milli Məşrutiyyət Firqəsinə girib və partiyanın “İfham” qəzetində yazı işləri müdiri vəzifəsində çalışıb. Mahmud Şövkət Paşanın öldürülməsindən sonra Sinopa sürgün edilib və 1914-cü ildə bir neçə dostu ilə birlikdə qaçaraq Rusiyaya gedib. Mustafa Sübhi Batumda, Bakıda, Krımda, Türküstanda, Uralda müharibənin qurbanları olan türk əsirləri ilə görüşür, cahangirlik və cəngculuq əleyhinə təbliğat aparır, dostlarını sosializmi yaymaq işinə dəvət edir.
Oktyabr inqilabından sonra M.Sübhi qırmızı Moskvaya çağırılır. Ümumrusiya Müsəlmanları Mərkəzi Komissarlığında beynəlmiləl təbliğat şöbəsinə müdir təyin olunur. İslam ölkələrinin dillərində kitablar, bəyannamələr çıxardıb həmin məmləkətlərinə göndərir. Leninlə dəfələrlə görüşür. Qəzetin yazdığına görə, Türküstanın, Tatarıstanın, Başqırdıstanın istiqlaliyyətə qovuşmasında, Rusiya Şura Cümhuriyyəti ilə Şərq aləminin yaxınlaşmasında Mustafa Sübhinin xidmətləri olduqca böyükdür. O, 1919-cu ilin martında Moskvada keçirilən 3-cü beynəlmiləl kommunistlər konfransının üzvü seçilir. Partiya işini yaymaq üçün M.Sübhi Krıma qayıdır, burada “Yeni dünya” qəzetini buraxır.
“Kommunist”in baş məqaləsində qeyd olunduğu kimi, 1919-cu ilin avqustun 15-də iş başında, vəzifəsini yerinə yetirərkən şəhid olur. Nekroloqun sonunda qəzet informasiya mənbəyini göstərməklə təfsilata yeni çalar da əlavə edir: “İştə Şura Teleqraflarının böyük yoldaşımızın qəhrəmanlar şəhadətilə şəhid olduğu xüsusda bizi dağüdaredici yas xəbəri:
Sübhini başı aşağı asmışdılar. Sinəsinə üç dildə böylə bir yazı vurmuşdular: “Biz hamu kommunistlərlə böylə rəftar edirik!”
“Kommunist”in 3-4-cü səhifələrində M.Rəşid imzası ilə verilmiş “Vəhşilər bizdən nasıl intiqam alıyor” sərlövhəli yazısında isə M.Sübhinin meyidinin şəhər mərkəzində “tam 24 saat asılı” qaldığı göstərilmişdir.
“Kommunist”in ilk sayı, əsasən, Mustafa Sübhinin edamına həsr edilsə də burada Dağıstan kommunistlərinin qətlə yetirilməsinə də yer ayrılmışdır. M.Rəşidın “Vəhşilər bizdən nasıl intiqam alıyor” məqaləsində Harun Səidovun və Uluğ bəy (Ullubiy) Buynakskinin vəhşicəsinə öldürülməsi barəsində də məlumat verilmişdir. Laqeyd insanlarda da insani həyəcan doğura biləcək informasiyada deyilirdi: “Məşhur Dağıstan kommunistlərindən biri, dobrovollar (könüllülər, general Denikinin ordusu nəzərdə tutulur — A.R.) tərəfindən axtarışda olan Harun Səidov dağ kəndlərindən birisində Dağıstan bəyləri tərəfindən öldürülmüşdür. Qayət xəncər ilə doğranmış, şəhidin sifətindən bəzi əzaları kəsilmiş, gözləri çıxarılmış, meyit tanınmaz bir hala salınmışdır.”
M.Rəşid Uluğ bəyin və yoldaşlarının şəhadəti bölümündə yeni törədilmiş hadisə barədə oxucularını belə məlumatlandırırdı: “Dəmir yol əmələlərinin (fəhlələrinin — A.R.) yardımı ilə sevgili millət şəhidləri Buynakski, İsmayılov və başqa yoldaşların meyitləri kəşf edilmişdir.
Quduz cəlladlar silahsız və köməksiz əsirləri öldürməkdən əqdəm bir çox işgəncələrə düçar etmişdilər. Şəhidanın bədənlərində bir çox qılınc yaraları kəşf edilmişdir. Yoldaşları öldürdükdə əllərindən və ayaqlarından qandalları çıxarmamışlar. Meyitlərdən birini aparmaq mümkün olmuşdur. Fəqət Uluğ bəyin və İsmayılovun meyitlərini Denikinin sadiq köpəkləri vermiyorlar. Vermiyorlar ki, dağıstanlılar öz qəhrəman pişrovlarını (qabaqcıllarını — A.R.) torpağa tapşırıb onlara son ehtiramlarını bildirsinlər.
Ümumdünya işçilərinin, Dağıstan füqərasının, Türkiyə füqərasının intiqamı şədid (şiddətli — A.R.) pək şədid olacaqdır."
Qəzet Harun Səidovdan fərqli olaraq, Uluğ bəy Buynakskinin qətli haqqında eyniadlı, geniş nekroloq da dərc etmişdi. Mərhumun həyat və fəaliyyətini geniş işıqlandıran Ərəstü adlı müəllif Dağıstandakı hərbi-siyasi mühitin qeyri-sabit durumundan, xalqın ağır güzəranından, inqilabi ideyaların düşmənlər tərəfindən yerindəcə boğulmasından və çətin şəraitdə Buynakskinin mübarizəsindən yazmaqla mərhumun həyat yoluna da işıq salmışdı. Onun siyasətə gəlişini vurğulayan müəllif yazırdı: “Siyasi dairələrdə 1911 sənəsindən başlamış Uluğ bəyi sosial-demokrat fəhlə firqəsi (bolşevik) üzvü kibi tanımışlardır. Tutduğu məsləkində mətin və səbatlı bir qədəmlə irəliləyən bu inqilabçı 1917 sənəsi inqilabi-kəbirdən sonra ərseyi-siyasətə (siyasət meydanına — A.R.) qədəm qoyur.”
Ərəstü qeyd edir ki, Uluğ bəy Buynakski 1917-də Moskvaya partiya işinə dəvət olunur, elə həmin il əvvəl Petrovskə, 1918-ci ildə isə Dağıstan Vilayət Hərbi İnqilab Komitəsinə sədr göndərilir. Burada sovet hakimiyyəti devrildikdən sonra Uluğ bəy Həştərxana gedir. 1919-cu ilin fevral ayında yenidən Dağıstana qayıdaraq hərbi şuranın və qızıl ordunun təşkilində iştirak edir. 1919-cu il mayın 13-də Uluğ bəy Buynakski başda olmaqla vilayət şurasının üzvləri həbs olunaraq Nikolay qanununun 108-ci fəslinə əsasən ölümə məhkum edilir. 1919-cu il avqustun 16-da U.Buynakski və silahdaşları Şamilqala həbsxanasında əksinqilabçılar tərəfindən qətlə yetirilir.
Qəzetin sonuncu səhifəsində Əhməd Çavuş imzası ilə “Cahan inqilabı və aləmi-islam zəhmətkeşləri” adlı məqalə verilmişdir. Müəllif mətbuat və siyasət aləmində tanınmış şəxsiyyət olmasa da dünyada baş verən hadisələri diqqətlə izlədiyi və ictimai proseslərə həssas münasibət nümayiş etdirməsi müşahidə olunur. “Ümumdünya işçilərinə qarşı” baş məqaləsi kimi bu yazı da cümlə cahan əmələləri, füqarəyi-kasibəsi və Oktyabr inqilabına münasibət məsələsi, xalqların imperializmin caynağından xilas olması, Şərq ölkələrində inqilaba hazırlığın vəziyyəti təhlil olunaraq nəzərdən keçirilmişdir. Əhməd Çavuş istiladan, müstəmləkəçilikdən xilasın Rusiya təcrübəsinə əsasən yollarını da göstərir. O, millətlərin azad olması haqqındakı “reseptində” yazır: “Məzlum millətlərin azad olması bu məmləkətlərin baba yurdlarından yabançılar süngüsünün dəf olunması ilə başa gələcəkdir. Bu isə yalnız sərmayəçi məmləkətlərdə ictimai inqilab olduğu zamanda və məhkum millətlər öz məmləkətlərində üsyan qaldırdıqları zamanda başa gəlir. Bu gün ümumcahanın məzlum millətləri, o cümlədən hamudan məzlum olan islam millətləri — Türkiyə, İran, Hindistan, Əfqanıstan, Misir və başqalarının əhalisi pək bu fikirdədirlər.”
Müəllifin Amerikanın və Avropanın “mədəniyyət saçan” dövlətlərini, xüsusilə İngiltərəni, Fransanı, Almaniyanı, İtaliyanı eyni məntiqlə ittiham etməsi Rusiya bolşeviklərinin və 3-cü kominternin proqramından tərcüməni xatırladır. Bununla belə Əhməd Çavuşun müstəmləkə siyasəti yürüdən imperialist dövlətlərin ağalıq iddiası və məzlum xalqların azadlıq arzuları haqqında aşağıdakı emosional fikirlərinə də laqeyd qalmaq mümkünsüzdür: “Mədəniyyət saçan”ların bu müstəmləkə siyasəti bigünah millətlərin əsrlərcə əsirlik zəncirinə qeyd olunmasına, dəryalarca qanlar tökülməsinə, məsum və zavallı insanların məhv olmasına bais olunuyordu. Qan dəryasında boğulan, məhv olan millətlərin günahı nə idi?
Günahları o idi ki, bunlar azad (hürr) yaşamaq istəyordular. Yabançılara tabe və məhkum olmaq istəmiyordular. Bunlar öz vətənlərini təmam saxlayıb, öz baba yurdlarında öz mədəniyyətlərini intişar etmək istəyordular. Başqa heç bir günahları yox idi."
Əslində, bu fikirlərlə Azərbaycan Cümhuriyyətinin nəinki müxalifətçi kommunistləri, eyni zamanda, əks düşərgədə dayanan istiqlalsevər qüvvələri, ideoloqları da həmrəydir. Onlar da Azərbaycan xalqının “Yabançılara tabe və məhkum olma”sını istəmir, bu millətin “öz baba yurdlarında öz mədəniyyətlərini” inkişaf etdirməyi arzulayırdılar. Elə isə xalqın müstəqilliyini, azadlığını istəyən kommunistlərlə bu istəyi həyat məramına çevirən istiqlalsevər müsavatçıların arasındakı düşüncə fərqi nədən ibarət idi? Niyə onlar birləşib taleyin xalqımıza bəxş etdiyi bu milli azadlığımızı eyni mövqedən müdafiə etmirdilər?
Fikrimizcə, Əhməd Çavuşun “Cahan inqilabı və aləmi-islam zəhmətkeşləri” adlı məqaləsinin həyəcan dolu, bəyanat xarakterli son abzası eyni millətin bu iki siyasi qanadı arasındakı fərqli düşüncələrin, baxışların kökləri, səbəbləri haqqında aydın təsəvvür yaradır: “Ey əli silah tutan türk və Azərbaycan əsgərləri! Babalarınızın yurdu, analarınızın və bacılarınızın isməti yolunda bu şəhid qəhrəmanlar fəda olundular. Qəhrəmanlarımızı əlimizdən aldılar. Sizin kəskin, müzəffər silahınız düşməni məhv etməyə qalxmasa, sizin pələng əlləriniz düşmən boğazlarını xırpalamasa, yoldaşlarımızın intiqamını almasa mərdlik sizə qənim olsun, silah sizə haram olsun!...”
Bu üsyankar çağırışda bir neçə məqama diqqət yetirməyə ehtiyac duyulur. Əvvəla, məqaləsini bütövlükdə Şərq — Qərb, imperiya — müstəmləkə, zalım — məzlum problemlərinə, dünya inqilabının perspektivlərinə, beynəlxalq mövzuya həsr edən müəllifin son anda “Azərbaycan əsgərləri”nə müraciəti təəccüb doğurur.
Digər tərəfdən, şübhəsiz ki, müəllif “bu şəhid qəhrəmanlar” dedikdə Krımda və Dağıstanda öldürülən kommunistləri — Mustafa Sübhini, Uluğ bəy Buynakskini, Harun Səidovu və digərlərini, “düşmən” deyəndə isə onları qətlə yetirən Denikin ordusunun könüllülərini nəzərdə tuturdu. Əhməd Çavuş fərqinə varırdımı ki, özünün də mənsub olduğu xalq, vətəndaşı olduğu millət müstəqil cümhuriyyətdir və onun vurğuladığı qanlı hadisələr bu dövlətin sərhədlərindən kənarda baş vermişdir? “Əli silah tutan türk və Azərbaycan əsgərləri”ni Denikin ordusuna qarşı mübarizəyə çağıran müəllif, əslində, müstəqilliyimizi tanımayan və eyni təkliflə sonralar Azərbaycana dəfələrlə müraciət edən Rusiya xarici işlər komissarı G.Çiçerini bir neçə ay qabaqlayır və onunla vahid mövqedə dayandığı üçün təəssüf doğurur.
Beləliklə, əks mövqelərdə dayanan siyasi qüvvələrdən kommunistlər Azərbaycanın azadlığını Rusiya ilə birləşməkdə, istiqlalçılar isə müstəqil, milli dövlətçiliyin tərəqqisində görürdülər.
Bütün məqalə və yazıları nəzərdən keçirdikdən sonra bu qənaətə gəlmək olur ki, qəzetin Cümhuriyyət dövründə işıq üzü görən, qara haşiyəli ilk sayı həqiqətən də əza, yas, hüzn buraxılışıdır.
Rusiya sovet informasiya agentliklərinin məlumatlarına əsasən, 1919-cu ilin avqust ayının 15-də Mustafa Sübhi Krımda, 16-da isə Uluğ bəy (Ullubiy) Buynakski öz silahdaşları ilə Dağıstanda general Denikinin başıpozuq könüllü dəstələri tərəfindən qətlə yetirilmişdir.
Lakin çox keçmir ki, eyni agentliyin təkzibedici yeni xəbəri Azərbaycan bolşeviklərini dəhşətə salır. Məşhur türk kommunisti, 3-cü kominternasionalın üzvü Mustafa Sübhi sağdır, onun “dobrovollar” tərəfindən edamı, şəhər mərkəzində “tam 24 saat başı aşağı asılı” qaldığı təsdiqlənmir. Həqiqətən Mustafa Sübhi sonra Bakıya gəlir və yenidən məsləkdaşlarının əlini sıxır. O, 1920-ci il sentyabrın 10-da Bakıda Türkiyə Kommunist Partiyasını yaradır və onun rəhbəri seçilir, 3-cü İnternasionalın Azərbaycanın paytaxtında keçirdiyi Şərq xalqlarının qurultayında çıxış edir.
1921-ci ilin yanvarında arkadaşları ilə Ankaraya getmək istəyən Mustafa Sübhi Trabzonda müxalif qüvvələrin təzyiqi ilə üzləşərək geri qayıtmağa məcbur olur və yanvarın 28-dən 29-na keçən gecə qayıqla Qara dəniz vasitəsilə Batuma dönərkən 4 silahdaşı ilə birlikdə öldürülərək dənizə atılır.
“Kommunist” qəzetinin Cümhuriyyət dövründə buraxılan 29 avqust 1919-cu il tarixli ilk sayının on ilə yaxın hətta onun təsisçiləri, mühərrirləri tərəfindən “unudulmasının”, burada yer alan materialların sonralar da şərh edilməməsinin başlıca səbəbi çox güman ki, Mustafa Sübhinin edamı ilə bağlı Şura agentliklərinin verdiyi əsassız xəbərlərin də yer alması olmuşdur. Bu dezinformasiya o vaxt, şübhəsiz, yerli bolşevikləri oxucular qarşısında pərt vəziyyətə salmışdır.
Asif RÜSTƏMLİ,
tədqiqatçı
Xalq qəzeti.- 2009.-15 noyabr.- S. 4.