Azərbaycanın Avropada daha bir strateji müttəfiqi: Sloveniya

 

Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanın yerləşdiyi geostrateji mövqe, həyata keçirdiyi uğurlu xarici siyasət və malik olduğu zəngin təbii sərvətlər onun əhəmiyyətini daha da artırır. Bu səbəbdən Avropa ölkələri həm də etibarlı tərəfdaş olan rəsmi Bakı ilə sıx münasibətlər qurmağa çalışır, mövcud əlaqələri yeni mərhələdə inkişaf etdirməyə böyük önəm verirlər. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana ilk rəsmi səfəri də, ümumilikdə Qərb dövlətlərinin Cənubi Qafqazın aparıcı dövlətinə münasibətinin təzahürü kimi qiymətləndirilir.

 

Sloveniya ilə Azərbaycan əlaqələri dünya siyasətinin aparıcı tendensiyalarına uyğun olaraq böyük inkişaf potensialına malikdir. Yaxın keçmişdə hər iki ölkənin bənzər tarixi proseslərə şahidlik etməsi, xalqlarımızın çətin siyasi sınaqlardan mətanətlə çıxması, Avropa Birliyinin genişlənməsində Bakı ilə Lyublyananın birgə mövqedən çıxış etməsi və üst-üstə düşən digər mühüm iqtisadi-siyasi və geostrateji maraqlar əməkdaşlığın möhkəm təməllərə söykənməsini sübut edir. Sloveniya Prezidenti Danilo Türkün Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər və aparılan müzakirələr də ikitərəfli əlaqələrin yüksək potensiala malik olduğunu təsdiqləyir.

Hər iki tərəf xüsusən də iqtisadi əməkdaşlığın böyük perspektivə malik olduğu qənaətindədir. Azərbaycan və Sloveniya şirkətləri informasiya texnologiyaları, maliyyə, bank, sənaye, inşaat, ticarət, xidmət, turizm sahələrində birgə fəaliyyət göstərə, qarşılıqlı sərmayə yatıra bilərlər. Hazırda Sloveniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi çox az — 10 milyon ABŞ dolları səviyyəsindədir. Lakin gələcəkdə bu rəqəmin dəfələrlə artacağı istisna edilmir. Sloveniyanın dövlət başçısı ilə keçirdikləri birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladı ki, hər iki tərəf iqtisadi əlaqələri genişləndirmək istiqamətində ciddi addımlar atmaq fikrindədir: “Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, onlar bir-birini dəstəkləyən iqtisadiyatlardır. İqtisadi sahədə nə qədər çox təmaslarımız olsa, biz özümüzü bir o qədər yaxşı tanıyacağıq və bu əməkdaşlığın praktiki nəticələrinin şahidi olacağıq. İqtisadi fəaliyyət çərçivəsində bir çox sahələr mövcuddur ki, onlar bizim sərmayələr üçün cəlbedici ola bilər. Eyni zamanda, biz turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika və digər sahələrdə sərmayə imkanlarını araşdırdıq. Biz bütün sahələrdə əməkdaşlıq edə bilərik və əminəm ki, bunun yaxşı nəticələrini görəcəyik”.

Sloveniya ilə Azərbaycan iqtisadiyyat sahəsində qarşılıqlı təcrübə mübadiləsi də apara bilərlər. Belə ki, hazırda Sloveniya şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Ölkəmizdə də bu sahədə xeyli iş görülüb və gedən müsbət iqtisadi tendensiyanın etibarlılığını təmin etmək üçün yeni təcrübəni tədbiq etmək yalnız fayda gətirə bilər. Qlobal böhran şəraitində inkişaf edən Azərbaycan iqtisadiyyatı isə tənəzzüldən sarsılan Sloveniya üçün örnək ola bilər. Prezident Danilo Türk də çıxışında bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın bu qabaqcıl təcrübəsi həm ölkəsi, həm də inkişaf etmiş dövlətlərə nümunədir.

Avropa İttifaqı və NATO kimi nüfuzlu qurumların üzvü olan Sloveniyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməsi ölkəmizin Qərbə inteqrasiyasında da əhəmiyyətli rol oynaya bilər. Azərbaycan artıq üç ildir ki, Avropa İttifaqının “Yeni Qonşuluq” proqramının üzvüdür və bir neçə ay bundan əvvəl ölkəmiz “Şərq tərəfdaşlığı” proqramına qoşulub. Bu proqram rəsmi Bakının Avropa təsisatları ilə təmaslarını sıxlaşdırmağa şərait yaradır. Bu baxımdan təbiidir ki, Azərbaycanla Sloveniya qarşılıqlı olaraq beynəlxalq və regional təşkilatlarda, o cümlədən Aİ, NATO və ATƏT çərçivəsində də əməkdaşlığı davam etdirəcəkdir. Bu məsələdə Qərb dövlətləri də maraqlı olduqlarını gizlətmirlər. Çünki Azərbaycanın istənilən formada və çərçivədə Avropa ölkələri ilə əlaqələri Qərbin Cənubi Qafqazdakı ciddi maraqlarının təmini baxımından həyati önəm daşıyır. Ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı məkanı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminində də xüsusi çəkiyə malikdir. Prezident Danilo Türkün “Sloveniya və Avropa İttifaqı Qafqazdakı qonşularla daha yaxın əməkdaşlığa çalışır. Bu məqsədlə biz qitəmizdə davamlı sülh, sabitlik, təhlükəsizlik və rifahı təmin edəcək bu əməkdaşlığın təşviqini intensivləşdirməliyik” bəyanatını da məhz bu kontekstdən dəyərləndirmək mümkündür.

Azərbaycan isə artıq nüfuzlu dövlətlərin, önəmli beynəlxalq qurum və təşkilatların əməkdaşlıq məkanına çevrilib. Dövlət başçısı İlham Əliyev də qeyd edib ki, Azərbaycan milli maraqları çərçivəsində bütün tərəflərlə, həmçinin Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirəcək: “Əməkdaşlığımızın mühüm sahələrindən biri, həmçinin energetika sahəsidir və hesab edirik ki, bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Çünki biz artıq bir neçə ildir ki, enerji təhlükəsizliyi məsələləri, enerji nəqlinin şaxələndirilməsi sahəsində avropalı tərəfdaşlarımızla işləyirik. Azərbaycan nəhəng neft və qaz yataqlarına və çox müasir nəqletmə infrastrukturuna malik olan ölkə kimi enerji təchizatının şaxələndirilməsində artıq mühüm rol oynayır. Ümidvaram ki, biz gələcək illərdə bu istiqamətdə daha da mühüm addımlar atacağıq. Bu həm Avropanın, həm də Azərbaycanın marağındadır”.

Bu sahədə ölkəmiz hər zaman Sloveniyanın dəstəyini hiss edib. Lyublyana Azərbaycanın ən ağrılı məsələsində — Dağlıq Qarabağ münaqişəsində də rəsmi Bakının mövqeyini birmənalı şəkildə dəstəkləyir. Sloveniya Prezidenti Danilo Türk bildirib ki, ölkəsi Qafqaz regionundakı münaqişələrin xüsusiyyətlərindən məlumatlıdır və bu məsələlərin Avropada təhlükəsizliyə və əməkdaşlığa təhdid təşkil etdiyi qənaətindədir. Cənab Türk dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin uzanmasından da narahatlıq ifadə edib: “Dağlıq Qarabağ, demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində biz həll olunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həll olunma prinsipləridir. Hesab edirik ki, keçmişdə müəyyən irəliləyiş əldə olunub, yəni həll variantının konkret məsələləri müəyyən edilib. İndi bilirik ki, sülh yolu ilə nizamlanma üçün hansı addımların atılması zəruridir. Hazırda güclü siyasi iradəyə ehtiyac duyulur. Mən Bakıda bu tribunadan çıxış edərək demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədi ilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk. Hesab edirəm ki, biz hamımız, Avropa bu nizamlamada maraqlıyıq və bizim hamımız çoxdan gözlənilən daha güclü səylərin olmasını dəstəkləyirik”.

Sloveniya Prezidentinin haqq işimizə dəstək verən bu bəyanatı ölkələrimiz arasında münasibətlərin hər sahədə əməkdaşlıq və qarşılıqlı anlayış şəraitində davam etdiriləcəyinə zəmanət xarakteri daşıyır. Lyublyana ilə Bakı arasında imzalanan 5 əhəmiyyətli sənəd isə əlaqələrin bütün sferaları əhatə edəcəyindən xəbər verir.Təbii ki, bu sənədlər arasında ən çox diqqəti çəkən “Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat”dır. Həmin bəyanat ölkələrimizin gələcək əməkdaşlığına dair gündəliyin konkret mexanizmlərini əks etdirir və Sloveniyanın Azərbaycanın Avropadakı daha bir strateji müttəfiqi olduğunu təsdiqləyir.

Sloveniya — Azərbaycan dostluğunu şərtləndirən məqamlar isə tarixi köklərə malikdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Sloveniya Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və tarixdə bizi birləşdirən ümumi məqamlar çoxdur. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının qəhrəman övladları sloveniyalılarla birlikdə alman faşizminə qarşı mübarizə aparmışlar. Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyada həlak olmuş və onun şərəfinə orada abidə ucaldılmışdır. Bu gün isə yaxın əməkdaşlıq quran ölkələrimiz bir sıra dövlətlərə nümunə olacaq dostluq abidəsinin təməlini qoyurlar.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 3.