Əsas Qanunumuz dövlətin fəaliyyətini və cəmiyyətin həyatını yüksək səviyyədə tənzimləyən mükəmməl sənəddir

 

Müstəqil Azərbaycanın tarixindəki çoxsaylı bayram və əlamətdar günlərin hər biri daim həm xalq, həm də dövlət tərəfindən yüksək qiymətləndirilir. Ancaq elə əlamətdar günlər vardır ki, insanlar həmin günlərin milli tariximizdəki daha əlamətdar hadisələrlə bağlı olduğunu məxsusi qeyd edirlər. Azərbaycanın ilk müstəqil dövlət yaratdığı 28 may və 70 illik Sovet imperiyasından qurtulduğumuz, bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazandığımız 18 oktyabr tarixləri bizim üçün nə qədər əzizdirsə, 1995-ci il noyabrın 12-si də məhz o qədər ehtiramla xatırlanan gündür. Çünki həmin gün müstəqil Azərbaycan dövləti özünün ilk milli Konstitusiyasını qəbul etmişdir.

 

Bu sənəd Azərbaycan xalqı tarixində ilk milli Əsas Qanun kimi böyük hörmətə və ehtirama layiqdir. Çünki 1918-ci ildə əldə etdiyimiz dövlət müstəqilliyinin ömrü qısa olduğuna görə o zaman Konstitusiya qəbul edə bilməmişdik. Daha doğrusu buna regionda gedən ictimai-siyasi proseslər imkan verməmişdi. Ona görə də “Azərbaycan Konstitusiyası” adıyla tarixə düşən ilk analoji dövlət sənədimiz 1921-ci ildə — Sovet Azərbaycanı dönəmində qəbul edilən Konstitusiya olmuşdur. Bu barədə və ümumiyyətlə, XX əsrdə beş dəfə qəbul edilmiş Azərbaycan Konstitusiyası haqqında aşağıda söz açacağıq. Hələlik isə beynəlxalq aləmdə müstəqil Azərbaycana böyük nüfuz qazandıran 1995-ci il Konstitusiyası barədə bir neçə kəlmə qeyd edək.

Maraqlıdır ki, Azərbaycan tarixində iki Konstitusiya xalqın, mətbuatın və elmi ictimaiyyətin yaddaşında “Heydər Əliyev Konstitusiyası” kimi qalmışdır. Bunlardan birincisi 1978-ci il Konstitusiyası idi ki, orada Heydər Əliyev Kremlin çoxsaylı təzyiqlərinə baxmayaraq Sovet Azərbaycanının dövlət dilinin Azərbaycan dili olduğunu sübut edən müddəanın yazılmasına nail olmuşdu. İkinci Konstitusiya isə indi haqqında söhbət açmaq istədiyimiz 1995-ci il Konstitusiyasıdır ki, həmin Əsas Qanun da bilavasitə ulu öndərimizin şəxsi təşəbbüsü və iştirakı ilə hazırlandığına, çoxsaylı xarici və daxili maneələrin dəf edilməsindən sonra qətiyyətlə qəbul edildiyinə görə insanlar arasında “Heydər Əliyev Konstitusiyası” kimi tanınır.

1991-ci ilin payızında özünün ikinci müstəqilliyinə qovuşan Azərbaycan dövləti sözün həqiqi mənasında böyük məhrumiyyətlər, problemlər, ən başlıcası dövlət müstəqilliyimizi gözü götürməyən xarici qüvvələrin çoxsaylı təzyiqləri ilə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov da, onu silah gücünə devirib hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da bu problemləri həll edə bilməzdi. Çünki Mütəllibov bu problemlərin xalqa yox, Moskvaya sərf edən şəkildə həllinə çalışırdısa, onu əvəzləmiş iqtidarın nümayəndələri siyasi diletantlıq ucbatından vəziyyəti daha da düyünə salırdılar. Nəticədə hər iki iqtidar müstəqil Azərbaycan dövlətini xaos, anarxiya girdabına çevirmişdi. Bir tərəfdən də öz himayədarları tərəfindən şirnikləndirilən işğalçı ölkə Azərbaycanın bütün guşələrində qan tökməyə girəvə gözləyirdi. Belə bir zamanda xalqa Heydər Əliyev siyasi dühasının köməyi lazım idi. Xalqın istəyi, tanrının qisməti və ulu öndərin heç zaman öz xalqını darda qoya bilməmək keyfiyyətinin nəticəsində Heydər Əliyev yenidən siyasi hakimiyyətin olimpinə qayıtdı. Onun Naxçıvandan Bakıya gəldiyi gün türkiyəli ekspertlər yazırdılar ki, Azərbaycanın ikinci dövlət müstəqilliyi uzunömürlü olacaq. Bu fikir səsləndiriləndə Heydər Əliyevin hələ heç bir səlahiyyəti yox idi. Ancaq xalq ona inanırdı.

Xalqın inamı nəticəsində yenidən hakimiyyətə gələn ulu öndərin ölkədə həyata keçirdiyi tədbirlər barədə çox yazılıb, dəfələrlə söz açılıbdır. Ölkədə daxili sabitlik təmin edildi, cəbhədə atəşkəs haqqında sənəd imzalandı, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla “Əsrin müqaviləsi” adlandırılan nəhəng neft sazişi imzalandı, Azərbaycana xarici investisiya axını təmin edildi, ilk parlament seçildi və sairə. Ancaq Avropa politoloqları yazırlar ki, Heydər Əliyevin birinci prezidentliyi dövründə əldə etdiyi ən böyük nailiyyət ölkənin ilk Konstitusiyasının qəbul edilməsi idi. Çünki məhz bu Konstitusiyanın mətni göstərirdi ki, Azərbaycan dövləti həqiqətən sivil, demokratik və dünyəvi dövlət quruculuğu kursu götürmüşdür. Çox sonralar avropalılar açıq şəkildə etiraf edirdilər ki, onlar bu Konstitusiyanın qəbul edilməsinədək keçmiş sovet rəhbərlərindən olan Heydər Əliyev tərəfindən bu sənəddə demokratik dəyərlərə, xüsusən, əsas insan hüquq və azadlıqlarının qorunmasına elə böyük önəm verilib. Hətta bizim Əsas Qanunumuzun bir çox Avropa ölkələrinin analoji sənədlərinə nisbətən daha mükəmməl, daha əhatəli olduğunu söyləyənlər də tapıldı. Bu məsələni daim diqqət mərkəzində saxlayan ulu öndər 2002-ci ilin avqustunda Konstitusiyaya bəzi əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi (referendum) keçirilməsinə nail oldu. Əsas Qanunumuza edilən əlavə və dəyişikliklər onu daha da təkmilləşdirdi və ölkədə insan hüquq və azadlıqlarının daha mükəmməl şəkildə qorunmasına zəmin yaratdı. Yeri gəlmişkən, bu istiqamətdə ikinci mühüm addım bu ilin mart ayında atıldı. Azərbaycan Respublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi üçün keçirilən referendum Əsas Qanunumuzun müasir dünya standartlarına uyğunlaşdırılması, xüsusən, yuxarıda qeyd etdiyimiz kimi, insan hüquq və azadlıqlarının dünya təcrübəsi səviyyəsində qorunması üçün reallaşdırılmış mühüm siyasi dövlət tədbiri idi.

Bir sözlə, həm ulu öndər Heydər Əliyev, həm də onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövlətin Əsas Qanununun ölkə vətəndaşlarının və dövlətin mənafeləri baxımından daim təkmilləşdirilməsinin qayğısına qalıblar. Ümumilikdə isə Azərbaycan Konstitusiyası mövcud olduğu 88 ildə müxtəlif təzyiqlərə və sıxıntılara məruz qalsa da, bütövlükdə möhtəşəm bir təkmilləşmə prosesindən keçib. İndi məhz bu proses barədə söz açmaq istəyirik. Yeri gəlmişkən, qəzetimizin ötən saylarından birində dövlət bayrağımız barədə söz açarkən olduğu kimi indi də mötbər bir mənbəyə – Prezident kitabxanasının əməkdaşlarının hazırladığı www.preslib.az elektron nəşrinə müraciət edirik.

Bəri başdan hörmətli oxucuların nəzərinə çatdıraq ki, bu elektron nəşr Azərbaycanda qəbul edilmiş iki İstiqlal Bəyannaməsi, bir Müstəqillik Haqqında Konstitusiya Aktı və beş Konstitusiyanın tam mətninin eyni ünvanda cəmləşdirildiyi ilk və hələlik yeganə nəşrdir. Burada bütün sənədlər olduğu kimi verilib. Hətta, müasir mətnyığma texnologiyası ilə uyğun gəlməyən mətnlərin foto-surəti verilib ki, bu da əsas məqsədə — dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımıza milli tariximizin mühüm tərkib hissələrindən olan bu sənədlərin məhz olduğu kimi çatdırılması istəyinə xidmət edir. Üstəlik, bu sənədi xarakterizə edən peşəkar tarixçi şərhinə də yer ayrılıb.

Qeyd etdiyimiz kimi, Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi barədə qərar 1921-ci il mayın 6-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edirlmişdir. 15 günlük müzakirələrdən sonra məhz qurultay nümayəndələri tərəfindən qəbul edilmiş ilk Konstitusiyamız 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi. O dövrün siyasi quruluşu və hakimiyyətin təşkili qaydası, seçkilərin keçirilməsi, dövlət rəmzləri (gerb və bayraq) və bir çox məsələlərin öz əksini tapdığı ilk Konstitusiyamız insanların bərabərlik hüququnu təsbit etsə də bəzi kateqoriyadan olan şəxsləri seçki hüququndan məhrum edirdi. Bu isə tam təbii idi. Çünki Azərbaycan da digər ölkələr kimi çar üsul-idarəsindən yenicə azad olmuşdu və üstəlik bu ölkədə demokratik dövlət də qurulub dağıdılmışdı. Ona görə də birbaşa hamıya səsvermə hüququnun verilməsi o dövr üçün yolverilməz hesab olunurdu. İlk Konstitusiya Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev, MİK üzvləri Səməd Ağa Ağamalıoğlu, Teymur Hüseynov, Mir Bəşir Qasımov, Nəriman Nərimanov, Əli Heydər Qarayev və başqaları tərəfindən imzalanan qərarla qüvvəyə minmişdir.

1927-ci il martın 26-da Beşinci Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycanın ikinci Konstitusiyası qəbul edildi. Bunun üçün mühüm zərurət yaranmışdı. Çünki ötən 6 il ərzində həm SSRİ, həm də ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) yaranmış, Azərbaycan bu qurumlara daxil olmuş, ölkə ərazisində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edilmişdi ki, bu amillər Əsas Qanunda öz əksini tapmalı idi. Üstəlik dövlət strukturunun inzibati-ərazi bölgüsündə bir sıra dəyişikliklər edilmişdi. Doğrudur, 1925-ci ilin martında Azərbaycan Konstitusiyasına bir sıra dəyişiklik və əlavələr edilmişdi. Ancaq zaman yeni Konstitusiyanın qəbulunu tələb edirdi.

1937-ci ildə qəbul edilmiş üçüncü Konstitusiya əvvəlki analoji sənədlərdən bir neçə cəhətdən fərqlənirdi. Burada “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları”, “DQMB-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlı fəsillər də var idi. 14 fəsil və 155 maddədən ibarət bu Konstitusiya iqtisadi sahədə cəmiyyətin sinfi quruluşunda və milli qarşılıqlı münasibətlərdə əmələ gəlmiş əsaslı dəyişikliklərlə yadda qaldı. Bu Konstitusiyada da bayraq və gerb haqqında söhbət açılsa da Dövlət Himni barədə maddə yoxdur.

www.preslib.az elektron nəşrinin müəllifləri yazırlar ki, XX əsrin 60-cı illərinin sonunda kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğramış, 70-ci illərin əvvəllərində “inkişaf etmiş sosializm” cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmışdı. Uzunmüddətli müzakirələrdən sonra SSRİ-nin üçüncü Konstitusiyası 1977-ci il oktyabrın 7-də qəbul edildi. 1978-ci il aprelin 21-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında isə respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edildi. 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət bu Əsas Qanunun özündən əvvəlki qanunlardan bir sıra prinsipial fərqləri var idi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağlamlığının mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, ən başlıcası, yaradıcılıq azadlığı təsbit edilirdi. Özündən əvvəlki Konstitusiyadan fərqli olaraq 1978-ci il Konstitusiyasında təkcə Respublika Ali Sovetinin deyil, Ali Sovetin Rəyasət Heyətinin, Nazirlər Sovetinin, eləcə də Naxçıvan Ali Sovetinin, Respublika Ali Məhkəməsinin də qanunvericilik hüququ təsbit edilirdi. Bu Əsas Qanunda artıq Azərbaycan Dövlət Himni barədə də maddə vardır. Dövlət Himninin sözləri və musiqisi Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq edilirdi. Himnin son variantında mətnin müəllifləri Süleyman Rüstəm, Səməd Vurğun və Hüseyn Arifdir. Himnin musiqisi isə Üzeyir Hacıbəyova məxsus idi.

1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası barədə (bu, Azərbaycan dövlətinin sayca beşinci Əsas Qanunudur) yuxarıda qısa da olsa söz açdıq. Xüsusilə xatırlatmalı məqam ondan ibarətdir ki, bu Əsas Qanunda Azərbaycanın dövlət quruculuğunun əsasları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğunu və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1978-ci il Konstitusiyasından fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məclisə verilir. Bir palatalı parlament olan Milli Məclisin əsas funksiyası qanun yaradıcılığı ilə məşğul olmaqdır.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün — noyabrın 12-si hər il Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 3.