Ağac əkmək nəcib iş, savab əməl sayılır

 

Nizami rayonunda bu vacib məsələyə xüsusi diqqət göstərilir

 

Ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də xeyli sürətlənməsinə imkan yaratmışdır. İndi ölkənin elə bir bölgəsi yoxdur ki, orada geniş miqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir. Sirr deyil ki, yaşıllıq zolaqları salınmadan, ağaclar əkilmədən abadlıq-quruculuq işlərinin keyfiyyətindən, eləcə də ekoloji mühitin sağlamlaşdırılmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev bu vacib məsələyə toxunmuş, ölkənin hər yerində ağac əkilməsini, yaşıllıqların salınmasını tövsiyə etmişdir. Artıq ölkənin bütün şəhər və rayonlarında dövlət başçısının bu mühüm məsələ ilə bağlı verdiyi tövsiyə və tapşırıqların icrası istiqamətində geniş miqyaslı işlərə başlanılmışdır.

 

Paytaxtın Nizami rayonunda da yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirilir. Ölkə Prezidentinin ekoloji tədbirlərin gücləndirilməsi, yaşıllıqların salınması ilə bağlı tapşırıqların icrası məqsədilə rayon icra hakimiyyətində geniş tədbirlər planı işlənib hazırlanmışdır. Xatırladaq ki, 2009-cu ilin payız mövsümünü əhatə edən həmin tədbirlər planında rayonun ayrı-ayrı küçə və meydanlarında, iri istehsalat müəssisələrinin, eləcə də müxtəlif ictimai-iaşə obyektlərinin ətrafında ümumilikdə 20 minədək ağacın əkilməsi nəzərdə tutulur. Artıq bir aya yaxındır ki, bu vacib kampaniyaya start verilib.

Ağacəkmə kampaniyasında rayonun bütün idarə və təşkilatlarının, təhsil və səhiyyə müəssisələrinin, özəl bölmələrin nümayəndələri ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Bu da təsadüfi deyil. Çünki son zamanlar rayon rəhbərliyinin abadlıq-quruculuq və yaşıllaşdırma işləri sahəsində həyata keçirldiyi tədbirlər sakinlərin dərin razılığına səbəb olub. Bunun nəticəsidir ki, rayonda yaşından, peşəsindən asılı olmayaraq hamı bu kampaniyaya həvəslə qoşulur, necə deyərlər, hərə bacardığı işin qulpundan yapışmağı özünə borc bilir.

Son baharın son ayı olmasına baxmayaraq, rayonda bu iş, bir an da olsa, səngimir. Elə Nizami rayonunda dünən keçirilən şənbə iməciliyi də bütövlükdə yeni yaşıllıq zolaqlarının salınmasına həsr olunmuşdu. Son baharın mülayim, günəşli havası da, sanki bu vacib kampaniyaya öz töhfəsini verməyə çalışırdı. Rayonun idarə və təşkilatlarının, səhiyyə və təhsil müəssisələrinin, özəl bölmələrin minlərlə işçisi, eləcə də sakinlər onlara həvalə olunmuş sahələrdə öz əlləri ilə əkdikləri ağaclara sanki sığal çəkir, qulluq göstərirdilər.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ətrafında da böyük qələbəlik var idi. Ümumrayon iməciliyinə çıxan müəssisənin çoxminli kollektivi bu ərazidə müxtəlif növ ağaclar əkirdilər. Bir azdan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov da işçiləri ilə birlikdə bu əraziyə gəlir və onlar da ağacəkmə kampaniyasına qoşulurlar. Öyrənirik ki, rayon ərazisindəki iri idarə və müəssisələrin ərazisində 3500 ağacın əkilməsi nəzərdə tutulub.

Sonra ağacəkmə kampaniyasında fəal iştirak edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı üçün ayrılmış sahəyə baş çəkirik. Rayondakı uşaq evinin qarşısında partiya fəalları ilə yanaşı, bu təlim-tərbiyə ocağının kollektivi və şagirdlər də həvəslə ağac əkir, onlara ilkin qulluq göstərirdilər.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevdən öyrənirik ki, ölkə Prezidentinin ekoloji tədbirlərin gücləndirilməsi, eləcə də gələn ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı təşəbbüsü, bu sahədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə son bir ayda rayon ərazisində 15 mindən artıq ağac əkilmişdir. Ötən müddətdə əkilmiş Eldar şamı, akasiya, çinar, sərv, zeytun ağacları və müxtəlif bəzək kollarının alınmasını, əkilməsini və onlara qulluq göstərilməsini təmin etmək üçün məsul şəxslər, eləcə də əkilmiş ağacların qorunub saxlanmasına cavabdeh müəssisələr və icra hakimiyyəti aparatından məsul şəxslər müəyyənləşdirilmişdir. Bundan əlavə, suvarma xətlərinin çəkilməsini və su təchizatını təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon su kəmərlərinin istismarı zonasına xüsusi tapşırıq verilmişdir.

...Yaşıllıq, təmizlik sağlam həyat deməkdir. Yeni əkilmiş ağaclara, yaşıllıq zolaqlarına xüsusi qulluq və qayğı göstərmək isə nəcib iş, savab əməllərdən sayılır. Çünki bu gün əkilən hər bir ağac boy ataraq son nəticədə sağlamlığımızın, istirahətimizin təminatına çevrilir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 4.