Yaşıllıq, gözəllik, sağlamlıq
Xətai rayonunda
ağacəkmə kampaniyası
Müasir dövrümüzdə ekoloji
tarazlığın qorunması, ətraf mühitin
sağlamlaşdırılması getdikcə daha çox
aktuallıq kəsb edir. Azərbaycan Respublikasında da son illər
bu sahədə xüsusi tədbirlər, mühüm layihələr
həyata keçirilir. Elə ölkə Prezidenti İlham Əliyevin
də böyük önəm verdiyi məsələlər
sırasında ekoloji mühitin
sağlamlaşdırılması xüsusi yer tutur.
Təsadüfi deyil ki,
son illər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının
ayrı-ayrı dövrlərini əhatə edən yekun
iclaslarında dövlət başçısı bu vacib məsələyə
dönə-dönə toxunur, konkret tövsiyə və
tapşırıqlar verir. Ekoloji mühitin
sağlamlaşdırılmasında yeni
yaşıllıqların salınmasının xüsusi əhəmiyyət
daşıdığını vurğulayan Prezident İlham Əliyev
qısa müddət ərzində Bakıda və paytaxtın
ətrafında ən azı 3 milyon ağac əkilməsini
tövsiyə etmişdi.
Son zamanlar mövsümlə
əlaqədar paytaxtda, eləcə də ölkənin digər
şəhər və rayonlarında bu iş xeyli intensivləşmişdir.
Elə həftənin şənbə və bazar günlərində
iməciliyə çıxan rayon icra hakimiyyətlərinin,
idarə, müəssisə və təşkilatların
kollektivləri paytaxtın ayrı-ayrı yerlərində on
minlərlə müxtəlif növ ağac və bəzək
kolları əkdilər. Bakının küçə və
meydanlarında abadlıq-təmizlik işləri apardılar.
Nazirlər Kabinetinin cari
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclasında Prezident
İlham Əliyevin ekoloji mühitin
sağlamlaşdırılması, xüsusən də 2010-cu
ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə
bağlı irəli sürdüyü təşəbbüs
ölkəmizin hər yerində olduğu kimi, Xətai
rayonunda da bu sahədə mühüm işlərin, konkret
layihələrin işlənib hazırlanmasına səbəb
olmuşdur. Artıq bir aya yaxındır ki, rayon ərazisində
ağacəkmə kampaniyasına, yaşıllıqların
salınmasına başlanılmışdır.
Ötən şənbə
günü səhər saatlarından etibarən rayonda
böyük qələbəlik var idi. Ümumrayon iməciliyinə
çıxan rayon icra hakimiyyəti aparatının
işçiləri, idarə və müəssisələrin,
xidmət sahələrinin, sahibkarlıq qurumlarının
nümayəndələri onlar üçün
ayrılmış xüsusi sahələrdə böyük həvəslə
çalışır, ağac və bəzək kolları əkirdilər.
Həmin gün əsl işgüzarlıq, iməcilik
ab-havası hökm sürürdü. Elə payızın
mülayim, günəşli havası da ağacəkmə
kampaniyasında iştirak edən sakinlərin əhval-ruhiyyəsini
bir qədər də artırırdı.
Zığ şosesi 1
“B” ünvanda, yeni salınmış yerüstü piyada
keçidinin yaxınlığında böyük bir ərazidə
də xeyli sayda çinar, şam və söyüd
ağacları əkildi. Əraziyə baş çəkən
Xətai Rayon İcra hakimiyyətinin başçısı
Razim Məmmədov ağacəkmə kampaniyasının
gedişi ilə maraqlandı, burada bir neçə ağac əkdi.
Bütövlükdə isə şənbə günü
keçirilən iməcilikdə rayonun Nobel prospekti və
Zığ şosesi boyunca mindən artıq çinar,
söyüd, şam və palıd ağacı,
çoxsaylı bəzək kolları əkildi.
Yeri gəlmişkən,
bir məsələni də xüsusi qeyd etmək lazım gəlir.
Belə ki, əvvəllər əkilmiş ağacların əksəriyyəti
baxımsızlıq üzündən quruyub tələf
olurdusa, indi bu məsələyə yanaşma tamamilə fərqlidir.
Artıq əkilmiş ağaclara xüsusi qayğı
göstərilməsi üçün cavabdeh təşkilatlar
və ayrı-ayrı şəxslər müəyyənləşdirilir.
Xətai rayonunda isə bu məsələ ilə bağlı
düşünüb tapılmış orijinal bir üsulun
şahidi olduq. Belə ki, rayon rəhbərliyinin göstərişi
ilə hər bir ağacdan onun nə zaman və kim tərəfindən
əkildiyi qeyd olunmuş xüsusi lövhəciklər
asılmışdı. Bu da hər bir şəxsin əkdiyi
ağacla vaxtaşırı maraqlanmasına səbəb
olacaq.
Öyrənirik ki,
ölkə Prezidentinin müvafiq tövsiyəsinə əsasən
Xətai rayonunda ağacəkmə kampaniyasına
başlanıldığı ötən bir ay ərzində
rayonun Nobel və Gəncə prospektlərində, Məhəmməd
Hadi və Telnov küçələrində, Zığ
şosesində və başqa ərazilərdə 18 minədək
ağac əkilib. Mövsümün sonunadək isə rayonda
daha iki min ağacın, eləcə də çoxsaylı bəzək
kollarının əkilməsi və yaşıllıq
zolaqlarının salınması nəzərdə tutulur.
Son zamanlar paytaxtın Xətai
rayonunun siması xeyli dəyişmiş, gözəlləşmiş,
paytaxtın ən abad, ən yaraşıqlı güşələrindən
birinə çevrilmişdir. Təsadüfi deyil ki, dövlət
başçısı İlham Əliyev cari ilin ötən
dövründə dəfələrlə bu rayonda olmuş,
bir sıra obyektlərin açılış və təməlqoyma
mərasimlərində iştirak etmişdir. Xətai rayonunda
aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirən
ölkə Prezidenti bu sahədə tədbirlərin davam
etdirilməsini tövsiyə etmişdir.
Yeri gəlmişkən,
Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosia-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında Prezident İlham Əliyevin söylədiyi
“İndi Bakıda “Qaraşəhər” adlandırılan sahə
yoxdur. Əvvəllər olub, “Qaraşəhər”
adlandırılan ərazi indi abadlaşır, parklar, yollar
salınır” fikri Xətai rayonu ərazisində həyata
keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərinə
verilən yüksək qiymətdir. Bu, rayon sakinlərinin,
burada çalışan idarə, müəssisə və təşkilatların
işçilərinin sabaha inamını artırır,
onların əhval-ruhiyyəsinə müsbət çalarlar əlavə
edir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 17 noyabr.- S. 7.