Aktual müsahibə

 

Milli-mənəvi dəyərlərimizə teleməkanda daim böyük ehtiramla yanaşmalıyıq

 

Qloballaşan dünyanın qlobal vəzifələrindən biri də yeni tip cəmiyyət quruculuğudur ki, bu da, bütövlükdə, kütləvi informasiya vasitələri və artıq özünü kütləvi informasiya institutu kimi tanıdan televiziya qarşısında əvvəllər araşdırılmamış yeni prinsipial tələblər qoyur. Televiziyanın zəngin imkanları müasir dünyada ondan müəyyən funksional məsələlərin həllini, məsələn, təkcə ayrı-ayrı fərdlərin yox, bütün cəmiyyətin informasiya tələbatının yerinə yetirilməsini tələb edir.

XX əsrin sonu və XXI əsrin əvvəllərindən başlayaraq televiziyaların fəaliyyət istiqamətlərində kommersiya maraqlarından irəli gələn müəyyən sapınmalar başladı və qısa bir zaman içində cəmiyyətin daxilində haqlı narazılıqlar başladı. Əgər bütün televiziya auditoriyası cəmiyyətin ayrılmaz tərkib hissəsidirsə, onların baxdıqları proqramlar ümumi dəyərlər sistemini inkişaf etdirməli və istənilən destruktiv tendensiyalara qarşı çıxmalı idi. Bəs nə baş verdi? Bu proses Azərbaycanın efir məkanında hansı neqativ halların meydana çıxması ilə səciyyələndi? Azərbaycan ictimaiyyətini narahat edən bu və bir çox digər suallar Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində ətraflı və dolğun cavabını tapmışdır.

Müsahibimiz Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala MİRƏLƏMOVLA söhbətimizdə məqsəd məqalədə qalıdırılan problemlərə münasibət bildirmək və kütləvi-mədəni kommunikasiya vasitəsi olan televiziyanın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparmaqdır.

 

— Hüseynbala müəllim, akademik Ramiz Mehdiyevin məqaləsində açıqlanan fikirlərin cəmiyyətdə böyük əks-səda doğurmasını təbii qəbul edirsinizmi? Sizcə, bu, dövlətin cəmiyyətin mənəvi və mədəni həyatına biganə olmadığını göstərən faktdır, yoxsa filosof alimin xalqın mənəvi taleyi üçün keçirdiyi narahatlıq?

— Etiraf etmək lazımdır ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ilə biz ziyalıların, ədəbiyyat və sənət adamlarının çoxdan deməyə borclu olduğu problemləri kompleks şəkildə təhlil edib ictimaiyyətin müzakirəsinə çıxardı. İctimaiyyətin reaksiyası isə, təbii ki, başqa cür ola bilməzdi və ictimaiyyət onu narahat edən, mən deyərdim, hətta qəzəbləndirən televerilişlərə dövlət səviyyəsində tənqidi yanaşma görəndə, sözsüz, bunu alqışlamalı idi.

Amma gəlin razılaşaq ki, məqalə ilə yaxından tanışlıq zamanı televiziya və cəmiyyət münasibətlərinə daha çox fəlsəfi baxışın və yanaşmanın şahidi olursan. Aydın məsələdir ki, real olaraq televiziya nümayiş etdirdiyi proqramlarla ilk nöbədə insanların estetik zövqünü tərbiyə etməyə, etik-əxlaqi normaları təlqin etməyə, təkcə ayrıca bir cəmiyyətin deyil, bütün bəşəriyyətin mədəni-mənəvi dəyərlərini tanıtmağa borcludur. Filosof alim bu gün bir çox Azərbaycan televiziya kanallarının nəinki buna xidmət etmədiyini, əksinə, onların bir çox verilişlərinin heç bir “ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr” olunduğunu, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verdiyini, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korladığını, təlim-tərbiyəsinə mənfi təsir etdiyini" konkret faktlar və arqumentlərlə göstərir.

Mənə elə gəlir ki, Azərbaycanın mövcud telekanallarının mənəvi mühitimizdə yaratdığı diskomfort artıq çoxdan belə ciddi və sosial-fəlsəfi araşdırmaya ehtiyac duyurdu. Bu, bir də onu göstərdi ki, dövlət xalqın milli-mənəvi dəyərlərinin qorunması, onun gələcəyi olan gənc nəslin mənən sağlam vətəndaş kimi böyüməsi işini heç zaman diqqətdən kənarda qoymur.

— Sırf telekanalların fəaliyyətinə keçməzdən əvvəl, çox istərdim, belə bir paralelə münasibətinizi bildirəsiniz – ədəbiyyat və cəmiyyət, televiziya və cəmiyyət. Üstün və fərqli cəhətlər hansılardır, onların cəmiyyətin inkişafındakı rolunu necə dəyərləndirərdiniz?

— Ədəbiyyat uzun əsrlər yaşı olan tarixi keçmişin sosial, mədəni, mənəvi informasiyasını bu günümüzə daşıyan bir mədəniyyət növü kimi, cəmiyyətin qərinələr boyu baxıb düzləndiyi, tərbiyə aldığı, formalaşdığı, əxlaq, zövq öyrəndiyi, kamilləşdiyi bir yaradıcılıqdır. İstər şifahi xalq ədəbiyyatının xəzinəsi, istər klassik ədəbiyyat, istərsə də müasir ədəbiyyat həmişə cəmiyyətin mənəvi dünyasının zənginləşməsinə xidmət edib. Lakin bununla belə onun özü də daim ictimai nəzarət altında olub. Yəni ədəbiyyatda baş verən proseslərə cəmiyyət biganə qalmayıb.

Ona görə də ədəbiyyat yaranar-yaranmaz ədəbi tənqid meydana gəlib və bu ədəbi tənqid ədəbiyyatın, ədəbi mühitin cəmiyyətə, xalqa, tərəqqiyə xidmət etməsi istiqamətində formalaşmasına yardım edib. Şübhəsiz, ədəbiyyatın, elə incəsənətin özünün də dəyəri təkcə ədibin, sənətkarın istedadı ilə deyil, eyni zamanda, əsərin ictimai məzmunu ilə şərtlənib və şərtlənir.

Televiziyaya gəldikdə, bir faktı qabaqcadan etiraf etməliyik ki, sözün həqiqi mənasında, televiziyaların fəaliyyəti əslində heç zaman araşdırma, qiymətləndirmə və tənqid mövzusu olmayıb. Ən azından Azərbaycanda ara-sıra mətbuatda çap olunan bəzi yazıları istisna etməklə mən buna rast gəlməmişəm. Hər halda mənə elə gəlir ki, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi bu səpkidə olan ilk mükəmməl yazıdır. Burada dərin təhlil, fəlsəfi yanaşma və həm də ciddi, obyektiv tənqid var.

Sizə qəribə gəlmirmi ki, bütün yaradıcılıq sahələrinin tənqidçiləri olduğu halda, yarandığı bir əsrə yaxın bir dövrdə teleradio tənqidçiləri olmayıb. Axı ədəbiyyatdan fərqli olaraq televiziyanın yerinə yetirməli olduğu funksiyalar daha geniş, üzərinə düşən vəzifələr daha ciddidir. Ölkədə və dünyada baş verən hadisələr haqqında əhalini məlumatlandırmaq – informasiya çatdırmaq funksiyası, əhalinin maariflənməsi, biliklərin populyarlaşması və mədəniyyətin yayılması – mədəni maarifləndirmə funksiyası, xidmətin təşkili və istirahətin təmin olunması, emosional gərginliyi aradan qaldırmaq, əyləndirmək – xidmət, əyləndirmə funksiyası; əhalinin əqidə və baxışlarının təbliği – tərbiyələndirici, nəhayət, dövlət tapşırıqlarının həlli naminə cəmiyyətin həmrəyliyinin və səfərbərliyinin təşkili – sosial inteqrasiya və siyasi səfərbərlik funksiyası. Bu, kifayət qədər mühüm iyerarxiyadır.

Ona görə də mənə elə gəlir ki, televiziyanın əsas problemlərindən biri ondan ibarətdir ki, ədəbiyyatşünaslıqdan, teatrşünaslıqdan, kinoşünaslıqdan fərqli olaraq o, televiziya tənqidini, televiziya nəzəriyyəsini yaratmadı. Yəni, bəşəriyyətin varlığının ən mühüm sahələrindən biri intellektual baxımdan, nəzarətdən kənarda qaldı - bu çox qorxuludur.

Bəlkə, elə bu səbəbdəndir ki, bu gün bizim tamam başqa televiziyalarımız var, başqa nəsil böyüyüb. Amma yaxın xarici ölkələrdə aparılan tədqiqatlar göstərir ki, əhalinin televiziyaların cəmiyyətdəki funksiyaları və vəzifələri barədə fikirləri dəyişilməyib. Yenə insanların şüurunda televiziyanın əsas funksiyaları əvvəlki kimi qalır. Amma çox təəssüflər olsun ki, bir-iki telekanal istisna olmaqla, insanın mənəvi aləminə çox güclü təsir imkanları olan Azərbaycan telekanallarının əksəriyyəti öz üzərlərinə düşən funksiya və vəzifələrin az bir hissəsini belə yerinə yetirmir.

Akademik Ramiz Mehdiyev çox haqlı olaraq yazır: “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmışdır, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”. Təbii ki, bütün bunlar televiziyaların sosial cavabdehliyi problemini ortaya qoyur.

— Müşahidələriniz zamanı bir tamaşaçı, bir siyasi xadim və ədəbiyyat adamı kimi televiziya verilişlərində sizi daha çox razı salmayan nədir?

— Əslində, cəmiyyət nəyi qəbul etmirsə mən də onu qəbul etmirəm, nədən narazıdırsa, mən də ondan narazıyam, onu narahat edən nədirsə, məni də narahat edən odur. Başqa cür ola bilməz, çünki mən də cəmiyyətin bir üzvüyəm. Qaldı intellektual yanaşmaya, əlbəttə, daha çox müşahidə olunan televiziya verilişlərinin insanların sosial davranışlarının modelləşdirilməsinə yönələn tendensiyası ciddi narahatlıq doğurur.

Bu gün televiziyaların başlıca məqsədi reallığı virtuallıqla əvəz etmək, hadisələri, gerçəklikləri, şəxsiyyətləri öz istəklərinə uyğun təqdim etməkdir. Onlar insanları öz yaratdıqları gözəgörünməz ruhlar dünyasına aparır, insanlar ruhların yaşadıqları həyatı və hadisələri yaşamağa başlayırlar. Axı televiziya nə qədər yaxşı, müsbət obrazları, həm də real obrazları ekrana gətirirsə, bir o qədər fərdi və sosial rifahın zənginləşməsinə xidmət edir. Nə qədər bayağı, stereotip obrazları ekranlara gətirirsə, bir o qədər mədəni və sosial deqradasiyaya xidmət və yardım edir. Məsələn, ATV-nin, ANS-in ekranlarında canfəşanlıq edən, ədəbi dili bir kənara qoyub jarqonlardan yeri gəldi-gəlmədi istifadə edən əyləncəli proqramların aparıcıları, gerçəkdə yetkin şüuru olmayan bəzi tamaşaçılar üçün zövqün, davranışın və ədəb qaydalarının az qala müəlliminə çevrilirlər. Nəzərdən qaçırmaq olmaz ki, ali təhsili olmayan gənclər, xüsusilə gənc qızlar televiziyaya daha çox bağlıdırlar. Bu da ondan irəli gəlir ki, teleekran onlar üçün dünyaya əsas və yeganə pəncərədir. Televiziyasız onlar çox şey itirərlər, ancaq haqqında danışdığımız televiziyalardan onların qazandığı da bir şey deyil.

Ona görə də televiziya özünün institusional gücünü, məsuliyyətini dərk etməli, elə forma və məzmun tapmalıdır ki, özünün yüksək təyinatına uyğun gəlsin. Özünün ruhuna uyğun, televiziyada doğma mühit tapan yüngül əyləncədən imtina etmək o demək deyil ki, əyləncənin bütün növlərindən imtina etmək lazımdır. Məxsusi olaraq yalnız yaxşı zövqün naminə, bu günlər çox tez-tez əyləncə adı altında ekrana çıxarılan zəhlətökən vulqar verilişlərdən xilas olmaq lazımdır. Kim nə deyir desin - bu, həqiqi tamaşaçının istədiyi bir şey deyil. Bunun özü yüksək mədəniyyət və əxlaq üçün təhlükə mənbəyinə çevrilir.

— Hüseynbala müəllim, ictimaiyyət, cəmiyyət arasında daha çox narazılıq doğuran da məhz bu televiziyaların hazırladıqları əyləncəli şou proqramlar, onların aparıcıları, bura dəvət olunan adamlar və təbii ki, onların ekran davranışları, intellektual səviyyələri ilə bağlıdır. Sizcə, heç bir ictimai əhəmiyyət daşımayan, mən deyərdim, əslində, cəmiyyətin mənəvi aləminin, zövqünün, əxlaqının korlanmasına xidmət edən belə primitiv, əksər hallarda vulqar səciyyə daşıya şou verilişlərin Azərbaycanın bir çox telekanallarının ekranlarını zəbt etməsi nədən irəli gəlir?

— Akademik Ramiz Mehdiyevin məqaləsində bu suala çox dolğun və sərrast cavab verilmişdir: “Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər... Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər... Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var”.

Bütün dövrlərdə kölgədə olan “yalançı incəsənət”in bu şəkildə geniş və kütləvi təqdimatının arxasında, şübhəsiz, milli maraqlar yox, televiziya sahibkarlarının şəxsi, maddi maraqları dura bilər. Özəl televiziya rəhbərləri – yəni biznes adamları, əslində, əyləncəyə bu prizmadan yanaşırlar: tamaşaçı istəyir, tamaşaçıya istədiyini vermək lazımdır. Bu, milli düşüncə tərzinə uyğun gəlməyən, heç bir cavabdehlik, məsuliyyət daşımadan ortaya qoyulan mövqedir. Onların əyləncə funksiyası konsepsiyası tamaşaçını manipulyasiya etməyə yer qoymur.

Unutmaq olmaz ki, əyləncə özü də mənəvi, estetik, psixoloji və sosial mahiyyət daşıyır. Əyləncə, şou adı altında bu gün yüngül, vulqar mədəniyyətin hər addımda ekranları zəbt etməsi yüksək mədəniyyət və incəsənət üçün də böyük təhlükə yaradır. Əslində hazırkı durumu, televiziya kanallarının əyləncə xarakterli verilişlərinin həqiqi əyləncəyə, mənəvi-estetik, psixoloji və sosial mahiyyət daşıyan incəsənətə vulqar yürüş kimi dəyərləndirmək lazımdır. Vaxtında qarşısı alınmayan bu bəla müəyyən bir mərhələdən sonra elitar mədəni əyləncə səviyyəsinə qalxacaq. Hər halda bu günün özündə belə bəzi üzdəniraq şoumenlər bunu belə də təqdim edirlər. Ən qorxulusu isə ondan ibarətdir ki, hazırda bu vulqar əyləncələr gənc nəslin mədəniyyətə, incəsənətə zövqünü formalaşdırır. Xalqımız və ali mədəni irsimiz üçün bundan böyük təhlükə ola bilməz.

Kim nə deyir desin, vulqarlıq – bu, heç də tamaşaçının istədiyi bir şey deyil. Ən azından ona görə ki, orta statistik tamaşaçı mövcud deyil, əksinə müxtəlif zövqlü, müxtəlif inkişaf səviyyəsi olan çoxlu tamaşaçı var. Bununla yanaşı, onların hamısının ümumi müsbət bir xarakterik cizgisi var – yaxşını qəbul etmək bacarığı. Xüsusən də pis bir şey təklif etməyəndə.

Məsələnin digər qorxulu bir tərəfi də bu vulqar əyləncəli verilişlərin, şouların, nümayiş olunan əxlaqsız səhnələrlə dolu filmlərin gənc nəsildə insanlığın xüsusi göstəricilərindən olan xəcalət, həya-abır hissələrini, əxlaqi dəyərləri məhv etməsidir. Ekrana bütün sərhədləri pozan belə verilişlərin yol tapması o anlama gətirib çıxarır ki, telekanal sahibləri tamaşaçılar haqqında Berhauz Skipperdən elə də fərqli düşünmürlər. Çünki B.Skipper özünün “Azadlığın və ləyaqətin o tayında” əsərində açıqcasına “şəxsiyyət azadlığı” və ləyaqət haqqında köhnəlmiş miflərlə" xudahafisləşməyə çağırır, belə şeylərin ümumiyyətlə mövcud olmadığını deyir, yalnız “bioloji orqanizm”in varlığını iddia edirdi. Nə qədər sərt səslənsə də, bu qənaət özəl telekanalların təqdim etdiyi bir çox verilişlərin məzmunundan doğur. Çünki bu verilişlər sözün həqiqi mənasında, millətimizin, xalqımızın mənəvi və əxlaqi dəyərlərinin devalvasiyasını “təmin edən” vasitəyə çevrilib.

Məsələyə dövlət rəhbərliyi tərəfindən ciddi tənqidi yanaşma da bir daha onu göstərir ki, artıq bütün çərçivələr dağıdılmış, bütün sədlər keçilmişdir.

Yeri gəlmişkən, bir faktı da qeyd edim ki, dünyanın əksər ölkələrində, yer üzündə milyardlarla insanın ağlını və düşüncəsini əlindən alan bədheybət bir əjdahaya çevrilmiş televiziyaların fəaliyyəti çox ciddi müzakirələrə yol açıb. Çünki yaşlı nəsil, gənclər bir yana, hələ formalaşmamış uşaq psixikasına və orqanizminə televiziyanın təsiri daha qorxulu hal almışdır. Rusiyanın məşhur psixoloqlarından biri Sergey Obraztsov hələ neçə illər əvvəl belə bir müdrik fikri daim təlqin edirdi ki, yeddi yaşına qədər uşaqlara zorakılıq, qəddarlıq, amansızlıq, heyvanlar və xüsusilə insanlarla qaba rəftarı əks etdirən səhnələr göstərmək olmaz. Görkəmli psixoloq yaxşı bilirdi ki, uşaq qəlbi, uşaq beyni maqnit kimidir, ətrafda baş verənləri, ekranda, səhnədə gördüklərini dərhal özünə çəkir. Yaddaşlara yazılan bu eybəcərliklərin, zorakılıq, amansızlıqların bir gün işə düşüb əks təsir göstərməyəcəyinə heç kim zəmanət verə bilməz.

Mənə elə gəlir ki, xalqın gələcəyi olan gənclərin, yeniyetmələrin və xüsusilə uşaqların mənəvi və əxlaqi tərbiyəsini bu televiziyaların inhisarına vermək çox pis nəticələr verəcək və sonradan bunu düzəltmək asan olmayacaq.

— Bu gün tamaşaçıların əsas müzakirə mövzularından biri də bu televiziyaların proqram siyasəti və yorucu, bezdirici reklam nümayişi üslubudur. Mən belə düşünürəm ki, hər bir televiziya kanalı özünün proqram siyasətini formalaşdırmalı, efir boşluğunu doldurmaq üçün bezdirici, yorucu təkrarçılıqdan əl çəkməlidir. Əslində, bu primitivlik o anlama gətirib çıxarır ki, televiziyaların bütün proqram siyasəti yalnız reklam nümayişindən qazanc əldə etmək məramına xidmət edir...

— Etiraf edim ki, televiziya mətbəxinin incəliklərinə o qədər də dərindən bələd deyiləm. Ancaq özəl telekanallarımızın hansı proqram siyasəti ilə işlədiklərinə bələd olmaq üçün elə böyük mütəxəssis olmağa da ehtiyac yoxdur. Siz, bəlkə də, problemi “xaotik” ifadənizlə bir az yüngülləşdirdiniz. Mən belə qənaətdəyəm ki, telekanallarımızın ümumiyyətlə heç bir proqram siyasəti yoxdur. Yeganə siyasət kommersiya maraqlıdır və hər şey bunun üstündə qurulur.

Bir faktı qeyd edim, bəzən 3-4 kanalda, eyni vaxtda eyni bir müğənninin, şou-biznes nümayəndəsinin və ya hər hansı sahədə bir ekspertin ekrana çıxması artıq onu göstərir ki, dediyimiz o proqram siyasəti yoxdur və yox kimidir.

Reklama gəldikdə isə deməliyəm ki, istehlakçı reklamları, şübhəsiz olmalıdır. Əslində, özəl telekanalların əsas maliyyə mənbəyi reklamdadır. Reklam çarxının hər saniyəsi telekanala gəlir gətirdiyi kimi, istehlakçıya da məhsul satışından gəlir gətirir. Amma unutmaq olmaz ki, şəxsi tələbatları “mühüm sosial” amilə çevirən istehlak reklamı şəxsiyyətin əsarətə alınmasına və mənən yoxsullaşmasına xidmət edir. Ona görə də reklamların teleproqramlarda yeniləşdirilməsi də xüsusi peşəkarlıq və diqqət tələb edir. Tamaşaçıları hövsələdən çıxaran reklamların bolluğudur. Təsəvvür edin, bəzən maraq kəsb edən bir filmin və ya proqramın nümayişi zamanı, 5-8 hətta bəzən 10 dəqiqədən artıq reklam fasiləsi olur. Bax, onda televiziya kanallarının proqram siyasətinin əsas mahiyyəti üzə çıxır.

— Hüseynbala müəllim, telekanallarımızda hansı verilişlərə daha çox yer ayrılmasını arzulayırdınız? Bu gün ekranlardan qeybə çəkilən mövzular, reallıqlar hansılardır?

— Gəlin səmimi etiraf edək ki, real həyatımızda baş verən hadisələrin, cəmiyyətdə, sosial həyatda olan problemlərin varlığına kütləvi informasiya vasitələri və xüsusilə bu sahənin lideri olan televiziya hüquq verir. İnformasiya varsa, hadisə var, informasiya yoxdursa, demək, hadisə də yoxdur. Siz bunu daha yaxşı bilirsiniz.

Torpaqlarının 20 faizi işğal altında qalan, 1 milyona yaxın qaçqını olan ölkənin televiziyalarında nə vaxt qaçqın probleminin ağrı-acısını, mənəvi, psixoloji sarsıntılarını, işğal faktının insanların vətəndaşlıq, vətənpərvərlik heysiyyatına vurduğu ağır zərbənin dərin təhlilini verən verilişləri gördünüz!

Min bir zəhmətlə salınan qaçqın və köçkün şəhərciklərində yaşayanların sevincini və bu sevincin içindəki həsrəti və niskili nə vaxt qaçqınlıq ömrünün ağrı-acısını bilməyən həmvətənlərimizə nümayiş etdirən verilişlərə baxdınız? Yəqin bilirəm ki, xatırlaya bilməyəcəksiniz.

Bəs cəmiyyət və mühit, əxlaq və mənəviyyat, estetik dəyər və zövq, keçmiş və bu gün, şəxsiyyət və zaman haqqında bəşəri düşüncə sahibi olan ziyalılarımızı, elm adamlarımızı, siyasi xadimlərimizi, parlaq və nüfuzlu şəxsiyyətləri necə, ekranlarımızda tez-tezmi görürsünüz? Yenə cavabınız, uzun düşüncələrdən sonra “yox” olacaq.

Bu millətin haqqında salnamə filmlər çəkiləsi qəhrəmanları, hər an ölümlə üzləşən və cəsarət mücəssiməsi olan zabiti, əsgəri, bu ölkənin iqtisadi potensialını zənginləşdirən əmək qəhrəmanı, sahibkarı yoxdurmu? Onları necə, ekranlarda tez-tezmi görürük? Təbii ki, yenə yox, yox.

Bəs nə görürük? “Yağ kimi”də, “10 lar”da, “ATV maqazin”də, “Performans”da, “Maşın şou”da, “Kim, harda, necə”də, “Dostum”da, “Ulduzlu Xəzər”də, “Ay Zaur”da, “Günəbaxan”da, “Toylar kraliçası”nda, “Bazar+”da və daha nələrdə eyni üzlər, eyni çək-çevirlər, dava-dalaşlar, qeybətlər, hətta təhqirlər və daha hansı eybəcərliklər.

Məhz buna görə tam məsuliyyətlə demək olar ki, televiziyalar cəmiyyətimizə dərin “mədəni avitaminoz” bir mərhələ yaşadırlar. Hörmətli akademikimiz Ramiz Mehdiyev haqqında danışdığımız məqalədə haqlı olaraq qeyd edir ki, “Bu gün Azərbaycanın aparıcı kanallarının maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanır. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictmai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır” .

Amma təəssüflər olsun ki, unudurlar. Təsəvvür edin, 1993-2000-ci illər ərzində ümummilli lider Heydər Əliyev yeni müstəqillik qazanmış, lakin az qala dünyadan təcrid edilmiş, tam informasiya blokadası şəraitində yaşayan Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün nə qədər böyük səy və əmək sərf etdi. Xarici ölkələrə səfərləri zamanı xalqımızın düşdüyü vəziyyəti, onun potensialını, milli -mənəvi dəyərlərini tanıtmaq üçün bu böyük dahiyə bəzən saatlarla danışmaq, arqumentlər, faktlar göstərmək, inandırmaq lazım gəlirdi. Ancaq o yorulmur, usanmır, əksinə, öz simasında xalqını, millətini bütün dünyaya tanıdırdı.

Bu siyasət ondan sonra bu fenomen şəxsiyyətin ləyaqətli davamçısı və varisi, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son beş ildə Azərbaycanın milli-mədəni xəzinəsini, xalqımızın zövqünün və ruhunun göstəricisi olan incəsənətini, folklorunu, musiqisini yorulmadan və çox böyük uğurla bəşəriyyətə təqdim edən, bununla da dünyanı qarış-qarış fəth edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən, milli təəssübkeşliyindən, əsl vətəndaş qürurundan, xalqına, millətinə sevgisindən niyə nümunə götürməsinlər bizim teleradio rəhbərləri?

Axı milləti, xalqı belə nümunələrə yönəltmək lazımdır ki, Azərbaycan sürətlə qloballaşan dünyada özünün milli-mənəvi simasını, özünəməxsusluğunu qoruyub saxlaya bilsin.

— Sizin fikirlərinizlə razılaşmamaq olmur. Ancaq televiziyaların bu vəziyyətdən çıxması, onların öz gerçək vəzifə və funksiyalarına xidmət etməsi üçün nə təklif edərdiniz? Cəmiyyətdə ən müxtəlif fikirlər, hətta senzura tətbiq etmək kimi sərt təkliflər irəli sürülür.

— Ciddi, intellektual tamaşaçı narahatlığından doğan bu fikirləri təbii qəbul edirəm. Ancaq senzuranın tətbiqi geriyə atılan bir addım olar və mən bununla razı deyiləm. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir”.

Bu, müstəqilliyin verdiyi ən dəyərli töhfələrdən biridir və ümummilli liderimiz Heydər Əliyev də söz azadlığını, mətbuat azadlığını cəmiyyətin demokratik inkişafının təmin olunmasında mühüm element kimi dəyərləndirirdi. Lakin azadlığın, müstəqilliyin hüdudları var, o, sərhədsiz deyil və mövcud hüquqla tənzimlənir. Digər tərəfdən, cəmiyyətin özünün mənəvi, əxlaqi dəyərlərinin cızdığı bir çərçivə var.

İndiki şəraitdə, respublika kütləvi informasiya vasitələrinin, o cümlədən, televiziyanın fəaliyyətindən bu nəticəyə gəlmək olar ki, söz azadlığı artıq abstraksiyaya çevrilməkdədir. Əslində, başlıca maraq pul qazanmaqdır. Ona görə də kütləvi informasiya vasitələrinin çap məhsullarından fərqli olaraq, televiziyalar yaradıcılıq axtarışlarından daha çox, yorulmadan məhz qazanc axtarışındadırlar.

Müdriklər müəllimi Konfutsi deyirdi ki, “düzəlməsi mümkün olan şey səhv deyil. O şey səhvdir ki, onu düzəltmək mümkün deyil”. Mənə elə gəlir ki, bugünkü informasiya cəmiyyətində televiziyanı ictimai həyatın həqiqi universal institutuna çevirmək üçün instutisional dəyişikliklər aparılmasına ehtiyac var. Hörmətli akademikimiz Ramiz Mehdiyev məqaləsində bu məsələyə münasibətini bildirib və təkliflərini verib. Zənnimcə, televiziyaların ümumi bir ictimai şurasının yaradılması və ona müəyyən imtiyazlar verilməsi də pis olmazdı. Şuranın məqsədi heç də teleproqramların senzurası yox, efirə gedəndən sonra onların müzakirəsi və qiymət verilməsi olardı.

Belə bir layihə Rusiyada da geniş müzakirə olunur. Əlbəttə, əsas məsələ bu şuraya kimlərin daxil olmasıdır. Əgər şura obyektivlik göstərərsə, ictimai rəyə təsir imkanları olacaq və televiziya kanalları öz proqram siyasətlərini göstərilən tələblərə uyğun qurmağa, ictimai rəyi nəzərə almağa məcbur olacaqlar. Beləcə, televiziyaların sosial məsuliyyətsizliyini tamaşaçı qarşısında məsuliyyət əvəz edəcək.

Bir mühüm məqam da telekanallarda çalışan yaradıcı kadrların, aparıcıların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Akademik Ramiz Mehdiyev bu sahədə bir sıra xarici ölkələrdə televiziya akademiyalarının fəaliyyət göstərdiyini qeyd edir. Düşünürəm, bizim də bu təcrübədən yararlanmağımız ancaq ümumi işin xeyrinə olardı.

Söhbətimizin yekununda bildirmək istəyrəm ki, milli-mənəvi dəyərlərimiz üçün təhlükə yaradan televiziya verilişlərinin müzakirəyə çıxarılması artıq cəmiyyətin özünüqorumaq instinktinin hələ də güclü olduğunu göstərən amildir. Mən əminəm ki, cəmiyyət bunun sayəsində problemi yoluna qoyacaq.

— Maraqlı müsahibə üçün təşəkkür edirik.

 

 

Söhbəti qələmə aldı: İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 17 noyabr.- S. 4.