Demokratik islahatlar sosial-iqtisadi yüksəlişi daha da gücləndirir

 

Prezident İlham ƏLİYEV: Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram

 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan həyatının bütün sahələrində — istər dövlət quruculuğunun möhkəmləndirilməsində, istərsə də sosial-iqtisadi sferanın əsas istiqamətlərinin, o cümlədən qeyri-neft sektorunun, sahibkarlığın inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir. Dövlət başçısı İlham Əliyevin xarici siyasətində Qərbə geniş inteqrasiya, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli, ölkəmizin mənafeyinə uyğun balanslaşdırılmış müstəqil xarici siyasətin yürüdülməsi və bu kimi məsələlərin prioritet təşkil etməsi dövlətimizin dünya ölkələri arasında mövqeyini möhkəmləndirmiş, nüfuzunu artırmışdır.

 

Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti istər yerli, istərsə də xarici politoloqlar, dünyanın aparıcı dövlət başçıları birmənalı şəkildə təqdir edir, onun şəxsi keyfiyyətlərini, praqmatizmini yüksək dəyərləndirirlər. ABŞ-ın çox nüfuzlu konqresmeni Kurt Ueldonun Prezident İlham Əliyevin fenomenal keyfiyyətləri barədə səmimi sözlərini xatırlayaq: “...Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik bir lideri olsun. Hesab edirəm bu baxımdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur”.

Yuxarıda qeyd edilən fikirlərin təsdiqi kimi ölkənin sosial-iqtisadi inkişafını əks etdirən bəzi göstəricilərə diqqət yetirək. Son beş ildə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı 2,8 dəfə artmışdır. Dünyadakı qlobal maliyyə böhranına və bir sıra xarici ölkələrdə iqtisadi artım tempinin enməsinə baxmayaraq, Azərbaycanda bu ilin doqquz ayında ÜDM 6,1 faiz, sənayedə məhsul istehsalı 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artmışdır. Əhalinin gəlirləri təxminən 10 faiz çoxalmış, orta aylıq əmək haqqı 15 faiz artmış, inflyasiya isə cəmi 2,1 faiz olmuşdur. Aparılan düzgün siyasət nəticəsində manatın məzənnəsi sabit saxlanılmış, əhalinin banklarda qoyduğu əmanətin məbləği 11 faiz artmışdır.

Dünya Bankının ötən il dərc etdiyi hesabata görə, Azərbaycan 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş, biznes mühitinin yaxşılaşdırılması üzrə dünyada lider ölkə adını qazanmışdır. Belə mühüm nailiyyətlər isə respublikanın iqtisadi və sosial həyatında son illərdə islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq aləmdə əldə edilən uğurlar və s. nəticəsində mümkün olmuşdur.

Onu da xatırladım ki, son illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilmiş və yoxsulluğun azaldılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Eyni zamanda, ölkədə infrastrukturun təkmilləşdirilməsi sahəsindəki nailiyyətlər respublikamızın gələcək inkişafında böyük əhəmiyyətə malik olacaqdır.

Ümumiyyətlə, iqtisadiyyatın şaxələndirilməsi, iş yerlərinin yaradılmasında özəl sektorun rolunun gücləndirilməsi, Azərbaycanın insan kapitalının reallaşdırılması, yerli və xarici investisiya təşəbbüslərinin təşviqində və tarazlaşdırılmış regional sosial-iqtisadi inkişafın təmin olunmasında hökumətin roluna önəm verilməsi, qeyri-neft büdcə kəsirinin tədricən azaldılması və dayanıqlı səviyyəyə çatdırılmasına şərait yaradılması ölkəmizin iqtisadi qüdrətini, qlobal miqyasda nüfuzunu artırmışdır.

Yeri gəlmişkən, bir məqama da diqqət yetirməyi vacib bilirəm. Azərbaycanda əsas institusional islahatların prioritetlərinə xüsusi əhəmiyyət verilir. Prioritetlər isə infrastrukturun yaxşılaşdırılmasının davam etdirilməsi və regional inkişaf, insan kapitalına sərmayələr və qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasıdır. Bu addımlar iqtisadiyyatın şaxələndirilməsinə və qlobal iqtisadiyyatda Azərbaycanın mövqeyini qorumaq üçün zəruri olan bünövrəni formalaşdırmağa gətirib çıxaracaqdır.

İş adamı olaraq Azərbaycanda özəl sektorun, sahibkarlığın tərəqqisinə göstərilən diqqət və qayğı barədə də ətraflı danışmaq istərdim. Dövlətimizin başçısı prezidentlik fəaliyyətinin bütün məqamlarında özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirmişdir. Yeridilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında ön sıralarda olduğunu son illərdə müxtəlif beynəlxalq təşkilatların hazırladıqları hesabatlar da təsdiqləyir. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.

Davos Forumunun “2009- 2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat”ı respublikamızda əlverişli biznes və investisiya mühitinin mövcudluğunu bir daha təsdiqləyir. Hesabata əsasən, respublikamız rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Məlumdur ki, dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Davos Forumunun hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. 30 ildən artıq müddətdə dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin iqtisadiyyatının davamlı inkişafını, uzunmüddətli çiçəklənməsini şərtləndirən amilləri araşdırır. 2004-cü ildə dövlətlərin rəqabətə davamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılmış və Qlobal Rəqabət İndeksi kimi Ümumdünya İqtisadi Forumuna təqdim edilmişdir.

Dövlətlərin rəqabətə davamlılığı – Qlobal Rəqabət İndeksi 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim (insan kapitalı), texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və mükəmməl işləyən qurumlar, korrupsiyanın olmaması, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir. Davos Forumunun yaydığı sənəddə qeyd edilir ki, Azərbaycanın 34-cü pillədən 13-cü pilləyə irəliləməsi ilk növbədə makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisitit və dövlət borclarının azaldılması ilə bağlıdır.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri “Doing Business-2010" reytinqində isə Azərbaycan investisiya cəlbediciliyinə görə 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabat müəllifləri qeyd edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir. Hesabatda Azərbaycan biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olmuşdur. Müqayisə üçün bildirək ki, həmin reytinqdə Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yerləri tutmuşdur.

Şübhəsiz, hər iki hesabatda Azərbaycanda əlverişli biznes və investisiya mühitinin mövcudluğu faktının xüsusi vurğulanması bir sıra real əsaslara söykənir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən yerli və xarici sahibkarların hamisinə çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlıq fəaliyyətinin genişlənməsinə diqqət artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Prezidenti hələ 1 fevral 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar vermiş, sonrakı mərhələdə bu məqsədlə imzaladığı bütün fərman və sərəncamların icrasını daim diqqət mərkəzində saxlamışdır. Həmin görüşdən az sonra, 11 fevral 2004-cü ildə imzalanaraq qüvvəyə minmiş “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası isə regionların tarazlı, davamlı inkişafına, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasına, qeyri-neft sektorunun möhkəmlənməsinə, infrastrukturun yeniləşməsinə müsbət təsir etməklə yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafını sürətləndirmişdır.

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramın” da sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Proqramda xüsusi qeyd olunur ki, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS- un rolunun gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi, sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi, ticarət yarmarkalarının təşkili, yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması və s. mühüm vəzifələr qarşıya qoyulmuşdur.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirilməsi faktının önə çəkilməsi təsadüfi deyildir. Azərbaycan Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmışdır, 2009-cu il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanılmışdır.

“Vahid pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artmış, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində “İslahatçı ölkə” elan edilmişdir.

Xatırlatmaq yerinə düşər ki, ixracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin “CSP”, Avropa İttifaqının “CSP+” proqramlarına da daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına Avropanın 27 ölkəsinə, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzvolma ilə bağlı işlər davam etdirilmiş, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılmış, 2 ölkə ilə ikitərəfli protokol imzalanmışdır.

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması isə ölkəyə investisiya axınının təşviqi sahəsində həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət, eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsinə nail olmalıdır. Eyni zamanda, şirkət Azərbaycanın sənaye potensialının güclənməsi yönumündə müəyyən addımlar atır.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.

2009-cu ilin 6 ayında isə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr üstünlük təşkil etmişdir. Bunun 82,4 faizi daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir.

2010-cu ildən Azərbaycanda bir sıra sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır. Gələn ilin yanvarından fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Azad sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımlar həm də demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

Bu gün Azərbaycan beynəlxalq qurumların hesabatlarında ilk növbədə sabit iqtisadiyyatı və sosial həyatı dinamik inkişaf edən, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.

Bütün bunlar bir daha təkrar bildirirəm ki, ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, millətimizin və dövlətimizin parlaq gələcəyi naminə düşünülmüş düzgün və qəti addımlar atılmasının, tarazlı daxili və xarici siyasət yeridilməsinin nəticəsidir.

Bəli, Prezident İlham Əliyevin regionda, dünyada sülhün bərqərar olması üçün çoxşaxəli siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqitsadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində reallaşdırılan mühüm tədbirlər, qəbul edilən strateji proqramlar dövlət başçımızın dünya miqyasında nüfuzunu gücləndirir. Bu baxımdan İlham Əliyevin bu ilin oktyabr ayının əvvəllərində Kanadanın türkdilli diasporlarının Torontoda keçirilən forumunda “İlin adamı” seçilməsi də təqdirəlayiq faktdır.

Xatırladaq ki, sözügedən forumda Kanadanın türkdilli diasporları ilə yanaşı, Gürcüstan, Latviya, Litva və Estoniya diasporlarının nümayəndələri, habelə Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbəri də iştirak etmişdir. Forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanır. Müraciətdə deyilir: “Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız...”

Sözügedən forum iştirakçıları tərəfindən Azərbaycanın dövlət başçısına ünvanlanmış müraciətdə daha sonra bildirilir: “Dünyada Sizi tarixi ”İpək yolu" qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi baxımdan bu layihəni həyata keçirənlərdən biri hesab edirlər. Bu layihənin nəcib ideyaları Yer üzündə tərəqqi və sülh naminə sivilizasiyaların hərtərəfli inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən qarşılıqlı zənginləşməyə, qarşılıqlı iqtisadi əlaqələrə xidmət edir..."

Kanadanın türkdilli diasporlarının forumunda çıxış edən nümayəndələr Azərbaycan Prezidentinin mükəmməl savada, nadir erudisiyaya malik olmasını da qeyd edərək vurğulamışlar ki, bu keyfiyyətlər onun ən müxtəlif beynəlxalq tribunalardan müxtəlif auditoriya qarşısında nitq söyləməsinə, ölkəmiz üçün mühüm mədəni və iqtisadi layihələrə diqqəti cəlb etməsinə, hamıda həmin layihələrə maraq hissi oyatmasına kömək edir. Kanadadakı türkdilli diasporların forumunun iştirakçıları bütün bunları əsas tutaraq Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə “İlin adamı” seçmişlər.

Azərbaycanda aparılan islahatlar, insan haqlarının daim ön planda tutulması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu göstərici üzrə də postsovet məkanında liderlik Azərbaycana məxsusdur. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Azərbaycanda siyasi islahatlar uğurla gedir. Azərbaycan demokratik dövlətdir və demokratiya yolunu seçibdir. Bizim hüquqi dövlət quruculuğu işində böyük uğurlarımız var. Qanunun aliliyinin tətbiq edilməsində böyük addımlar atılıbdır. Azərbaycanda bütün azadlıqlar var — həm iqtisadi, həm siyasi azadlıqlar”.

Bütün bunların məntiqi nəticəsidir ki, ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən “Gallup” təşkilatının elan etdiyi sorğuya görə, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır və bu, postsovet məkanında ən yüksək göstəricidir.

“Gallup” təşkilatı bildirir ki, 12 postsovet ölkəsində hər min nəfərlə üzbəüz söhbətdə onlara belə bir sual verilib: “Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?” Bu suala cavabda “Rəhbərliyin işini bəyənirəm” deyənlərin sayına görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyib. Sorğunun nəticələri bir daha əyani şəkildə nümayiş etdirir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı kifayət qədər yüksəkdir və həyata keçirilən siyasət geniş xalq kütlələri tərəfindən tam dəstəklənir.

Qeyd edilənlər ümumilikdə belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan təkcə iqtisadi inkişafına görə yox, digər mühüm sahələr üzrə də dünya liderləri sırasındadır. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin rasional xarakter daşıması, sosial liberailzmə əsaslanması, milli maraqların qorunmasına yönəlməsi, beynəlxalq sferada ölkəmizin mövqelərinin güclənməsini təmin etməsi, həmçinin bu siyasətin qlobal miqyasda da inkişaf və sülhə xidmət etməsinin məntiqi nəticəsidir.

Yeri gəlmişkən, bir maraqlı faktı da oxucuların diqqətinə çatdırmaq istərdim. Beynəlxalq qurumların hesabatlarına əsasən Azərbaycanda yeridilən modernləşdirmə xəttinin iqtisadi nailiyyətlərlə düzgün şəkildə əlaqələndirilməsi, özəl sektorun inkişafına stimul yaradılması, ölkəmizin dünya bazarında rəqabət imkanlarının genişləndirilməsi nəticəsində respublikamız rəqabətə davamlılıq baxımından nəinki regionda liderdir, hətta postsovet məkanında əsas dövlətlər sırasındadır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qarşıdakı 6 ildə Azərbaycanda adambaşına düşən gəlir dünyada ən yüksək sürətlə (252,6 faiz) artacaqdır. Belə ki, Azərbaycanda adambaşına ÜDM-in həcmi 2007-ci ildəki 3663 ABŞ dollarından 2013-cü ildə 12915 ABŞ dollarına çatacaqdır. Beləliklə, əgər 2003-cü ildə Azərbaycanda adambaşına milli gəlirin həcmi (888 ABŞ dolları) Ermənistandakı müvafiq göstəriciyə (873 ABŞ dolları) təxminən bərabər idisə, 2013-cü ildə Azərbaycan həmin göstərici üzrə adı çəkilən dövləti üç dəfədən çox qabaqlayacaqdır. Hesablamalara görə, 2013-cü ildə respublikamız adambaşına ÜDM üzrə BVF-nin hesabatında təmsil olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaqdır. Azərbaycan siyahıda Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş, Yaxın Şərqin neft hasil edən ölkələrindən sonra gələcəkdir.

Prezident İlham Əliyevin düzgün, əsaslandırılmış xarici və daxili siyasəti nəticəsində Azərbaycan son illərdə əsas parametrlər üzrə ciddi irəliləyişə nail olmuş, sosial-iqtisadi inkişafın dinamikası təmin edilmişdir. Bütün bunlar onu göstərir ki, möhtərəm dövlət başçımız Azərbaycanın modernləşməsi xəttini, müasirləşməsi prinsipini yeritməklə ilk növbədə ümummilli liderimiz Heydər Əliyev ideyalarını reallaşdırır. İlham Əliyevin fikirlərindən bir neçə məqamı oxucuların diqqətinə çatdırmaqla elə bilirəm ki, yazının əsas məqsədini daha aydın açıqlayaram. Möhtərəm İlham Əliyev demişdir: “...İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı — Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq. Hamımız, Azərbaycan xalqı bu siyasətə sadiqdir. Biz bu siyasəti davam etdirəcəyik. Azərbaycanda bu siyasətin alternativi yoxdur. Xalqımız da, beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir...

...Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şey öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir. Ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin..."

 

 

Elşad ABBASOV,

“EMBAWOOD” MMC-nin prezidenti 

 

Xalq qəzeti.- 2009.- 17 noyabr.- S. 3.