Səbail rayonunda “yaşıl marafon” başlandı

 

2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Şübhəsiz, gələn il bu istiqamətdə daha geniş proqramlar icra olunacaq, insanların ekoloji cəhətdən daha təmiz mühitdə yaşaması ilə bağlı müxətlif tədbirlər həyata keçiriləcək. Səbail rayonunda da bu yöndə bir sıra işlərin görülməsi nəzərdə tutulmuş və geniş ekoloji proqram hazırlanmışdır.

 

“Ekologiya ili” ilə bağlı “yaşıl marafon” isə artıq start götürmüşdür. İlk növbədə, Bibiheybət buxtasında aparılan işlər davam etdirilir. Burada uzun illər ərzində neftlə çirklənmiş ərazilərin təmizlənməsi prossesləri aparılır. Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Bibiheybət buxtasında 174 hektar sahəni təmizləyərək abadlaşdırmışdır. Burada ağaclar əkilmiş, yaşıllıqlar zonası yaradılmışdır.

Bayıl yamacı sürüşməyə meyilli zonada yerləşdiyindən həmişə rayon icra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Buna görə də rayonda payız ağac əkilməsi kampaniyasına məhz buradan başlanılmışdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq ərazi sahələrə bölünərək müəssisə və təşkilatlara təhkim olunmuşdur. Ağaclara qulluq göstərilməsi və sahənin daim nəzarətdə saxlanılması da onlara həvalə olunmuşdur. Ağacların normal inkişafı üçün suvarma məsələləri də həll olunmuş, xətlər çəkilmiş, bəzi yerlərdə isə su çənləri qoyulmuşdur.

İməcilik iştirakçılarını lazımi avadanlıqlarla təmin etməkdən örtü bel, vedrə, əlcək və s. alınmışdır. Növbəti iməcilikdə rayondakı idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin 1500 nəfərdən çox nümayəndəsi həvəslə iştirak etmişdir. Yamaclarda 5000-dən çox ağac əkilmişdir. Əvvəllər əkilən ağaclara qulluq edilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin, “Qərb” Universitetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iməclikdə daha fəal iştirak etmişlər.

“Yaşıl marafon” davam etdiriləcək, rayon ərazisində 15 min ağac əkiləcək. Görülən işlər nəticəsində dənizdən və şəhərin çox yerindən görünən “Şəhidlər” abidəsinin ətrafı görkəmini dəyişərək gözəl bir parka çevriləcək.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 17 noyabr.- S. 2.