“İdrak” məktəb-liseyində yubiley tədbiri
Sumqayıtdakı ilk özəl orta təhsil ocağı olan “İdrak” məktəb-liseyində gənclik şəhərinin yaranmasının
60 illik yubileyinə həsr olunmuş maraqlı ədəbi-bədii gecə keçirilmişdir.
Tanınmış alim,
şair və pedaqoqların iştirak etdikləri yubiley tədbirinin
aparıcıları obrazlı şəkildə “səhrada
çiçək” adlandırılan Sumqayıtın yaranma
tarixi və inkişafı ilə bağlı ətraflı məlumat
verdilər, şəhərin bugünkü növrağı
və yüksəlişindən söhbət açdılar.
Məktəb-lisey xorunun ifasında Sumqayıtı tərənnüm
edən ilk mahnı oxundu. Müasir təhsil kompleksi kimi
tanınmağa başlayan “İdrak”ın direktoru, pedaqoji elmlər
namizədi Mönsüm Alışov şəhərin
inkişaf dinamikası, burada elm və mədəniyyətə,
gənc nəslin təlim-tərbiyəsinə göstərilən
qayğı barəsində qənaətlərini
bölüşdü.O, eyni zamanda rəhbərlik etdiyi liseyin
fəaliyyəti üçün Sumqayıtda hərtərəfli
şərait yaradıldığını və bunun da
kollektivi yeni-yeni uğurlar qazanmağa
ruhlandırdığını xüsusi vurğuladı.
Fəlsəfə elmləri
doktoru, professor Həsən Sadıqov Sumqayıt haqqında
yazdığı və bir çox dilllərə tərcümə
edilmiş elmi-sosioloji əsərlərinin bəzi məqamlarını
nəzərə çatdırdı. Xatırladaq ki, gənclik
illərindən taleyini Sumqayta bağlamış Həsən
müəllimin həmmüəllifi olduğu “Ermənilər
Sumqayıtda” adlı kitab 35 xarici ölkədə geniş
yayılmışdır. Qocaman alimin
çıxışı məktəb-liseyin şagirdləri
tərəfindən böyük maraqla qarşılandı.
Sumqayıt mövzusuna
yaradıcılığında geniş yer vermiş müəllim-şair Əvəz Mahmud Lələdağ bu həmişəcavan, gözəl şəhərlə
ürəkdən fəxr
etdiyini söylədi və əmək qəhrəmanlarına həsr
etdiyi poemadan parçalar oxudu.
Azərbaycan Yazıçılar
Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan bu
şəhərdə yaradıcı
adamlara daim qayğı göstərildiyini
nəzərə çatdırdı
və qələm sahiblərinin yubileyə poetik töhfələrindən
bəhs etdi. Sonra o, yubiley
münasibətilə keçirilən
“Ən yaxşı şeir” müsabiqəsində
mükafata layiq görülmüş “Altmışında
gəlin kimi” şeirini oxudu.
Yubiley tədbirində
məktəb-liseyin gənc istedadlarının
təqdim etdikləri musiqi klipləri, mahnı və rəqslər tamaşaçı
alqışları ilə
mükafatlandırıldı. Ədəbi-bədii gecə iştirakçılara
unudulmaz təsir bağışladı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 8.