Səttar Bəhlulzadə—100
Onun sənəti milli olduğu qədər də bəşəri
xarakterli idi
Azərbaycan Respublikası Prezidentinin “YUNESKO-nun
2008-2009- cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında” sərəncamına əsasən
2009-cu ilin noyabr ayının 16-dan 20-dək xalq rəssamı
Səttar Bəhlulzadənin Parisdə, YUNESKO-nun baş qərargahında
100 illik yubileyi keçirilir.
Belə bir tədbirin
keçirilməsində Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri
böyükdür. Ümumiyyətlə, son zamanlar Mehriban
xanım Azərbaycan mədəniyyətinin inkişafında
böyük bir missiyanı öz üzərinə
götürmüşdür. Səttar Bəhlulzadənin YUNESKO kimi nüfuzlu beynəlxalq
təşkilat tərəfindən 100 illik yubileyinin
keçirilməsi də Azərbaycan mədəniyyətinə
verilən yüksək qiymətdir. Bu günlər mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin
başçılıq etdiyi nümayəndə heyəti Parisdə
keçirilən tədbirdə iştirak edir.
Səttar Bəhlulzadə
dünya şöhrətli sənətkardır. Hərdən
onun əsərləri qarşısında dayanıb saatlarla
düşüncələrə dalmaq istəyirsən.
Çox qəribədir, hər dəfə bu əsərlər
adama yeni nəsə deyir. Onların hər birində sənətinin
vurğunu olan, çox istedadlı bir sənətkarın
ürək döyüntülərini duyursan.
Səttar Bəhlulzadə qəribə
adam idi. Elə bil Abşeronun sərt təbiəti onun sifətinə
də “əl gəzdirmişdi”. Görünüşcə də,
xaraktercə də sərt adam idi. Ancaq qəribədir ki,əsərlərində
bu sərtlik duyulmur. Əsasən isti rənglərdən
istifadə etdiyi tabloları tamaşaçıya bir həlimlik,
ilıqlıq təsiri bağışlayır. Səttar Bəhlulzadəni
görənlər, onunla bircə anlıq belə həmsöhbət
olanlar isə onun təbiətən də
göründüyü kimi sərt olmadığını
deyirdilər. Məsələn, xalq rəssamı Maral Rəhmanzadə
bu qəribə taleli insan haqqında o qədər xoş xatirələr
danışırdı, adam gördüyü o “sərt təbiəti”
tamamilə unudurdu. Maral xanım deyirdi ki, “atam məni Səttara
qoşub Moskvada oxumağa göndərmişdi. Oxuduq, ali təhsil
alıb Vətənə döndük. Amma bütün bu illər
ərzində mən bu insandan bircə qırıq belə
incimədim”.
S.Bəhlulzadə V.Surikov
adına Moskva Rəssamlıq İnstitutuna getməzdən əvvəl
Bakı Rəssamlıq texnikumunda təhsil almışdı və
onun Moskvaya ali təhsil almağa göndərilməsində Əzimzadənin
sözü həlledici olmuşdu. Moskvada böyük sənətkarlar
V.A. Favorskinin və L.A. Bruninin emalatxanalarında işləmişdi.
Özü deyirdi ki, bu rəssamlar ona böyük bir həyat
dərsi verdilər və o, rəssamlığın
bütün mahiyyətini də elə bu sənətkarlarla
birgə işləyəndə duymuşdu.
Səttar Bəhlulzadə
haqqında neçə kitab yazıldığını dəqiq
bilmirəm. Ancaq qarşımda sənətşünas
Mürsəl Nəcəfovun bu böyük rəssamın əsərlərinin
repsodiksiyaları toplanmış, çox da iri olmayan dəyərli
bir albomu var. Bu kitabı vərəqləmək kifayətdir ki,
elə Səttarın sehrli rənglər dünyasına
qovuşasan. Burada onun əsərlərinin az bir qismi əks
olunub. Ancaq olanlar çox şeylər “danışır”, sənət
haqqında, rəssamlığın sirləri barədə
insan qəlbində qəribə təlatümlər
yaradır. İlahi barmaqlar nələri yaratmağa qadir
imiş, rənglərlə nə cür möcüzələr
yaratmaq mümkünüymüş? Bu əsərlərdə
rənglər danışır, insanın həyatda hər
gün rastlaşdığı, ancaq duya bilmədiyi gözəllikləri
elə məharətlə göstərir ki, adamın qəlbində
xoş ovqatla yoğrulmuş qəribə hisslər oyadır.
Gözəlliyin hakim kəsildiyi
bu əsərlərin çoxunda rəssam bu sirli
dünyanın incəliklərini bizim üçün
açıqlayır. Dünyada insanlara beləcə xoş
ovqat gətirməkdən gözəl nə ola bilər
axı?! Səttar Bəhlulzadə
yaradıcılığını bütöv Azərbaycanın
təbiət tablosuna bənzətmək olar. Bu tablonu öz
torpağını, öz Vətənini bütün ruhu ilə
sevən və ona əbədi bağlı olan bir insanın
könül dünyasından qopub gələn rənglər bəzəyib.
Orada Göy-Göl də var, Kəpəzin sərt qaya rəsmləri
də, Xəzərin lacivərd ləpələrinin
yaladığı Abşeronun çılpaq sahilləri də.
Bu tabloda dahi sənətkarın istedadının bütün
çalarları öz ifadəsini tapıb. Qarşımda bu
tablodan dahiyanə işlənmiş bir əsər dayanır.
“Qudyalçay vadisi” adlanan, rənglər harmoniyasından
yoğrulmuş bu əsərin insan qəlbində
doğurduğu hisslərin ölçüsü belə
yoxdur. Buradakı çaykənarı ormanlar, yolüstü
kolların təbii təsviri adamın ruhuna qəribə bir təravət
gətirir. Göz işlədikcə uzanan səma ənginlikləri
necə də qəlb oxşayır. Çiçəklərin
rənginə tamaşa edin, göydəki buludlara diqqət
yetirin. Bu əsərin özünəməxsusluğu
ondadır ki, Səttar Bəhlulzadə onu öz ruhunun, qəlbinin
hökmü ilə yaradıb, təbiətin gözəlliyini
elə olduğu kimi tabloya köçürə bilib.
Payız mövzusu onun
yaradıcılığından bütöv bir xətt kimi
keçir və demək olar ki, sonrakı illərdə onun əsərlərində
payız etüdləri əsas motivlərdən birinə
çevrilir. Əsasən mənzərə rəssamı kimi
tanınsa da, Səttar Bəhlulzadə üçün
mövzu məhdudiyyəti yox idi. İstər tarixi, istərsə
də müasir mövzularda işlədiyi əsərlərin
hər birində bütövlük, tamlıq hakimdir. Babək
haqqında çəkdiyi tabloda xalqın qəhrəmanlıq
ruhu olduqca orijinal təsvir olunub. Elə Fətəli xanın
obrazının da qəhrəmanlıq çalarları
çox güclü və realdır. Böyük Vətən
müharibəsində Azərbaycan xalqının şücaəti
ilə bağlı yaratdığı tablolarda da onun öz
üslubu aydın hiss olunur. Müharibədən sonrakı illərin
quruculuq əzmi də Səttar
yaradıcılığından yan ötməyib. Ümumiyyətlə,
o, Vətən təbiəti ilə yanaşı müasirlərinin
əzəmətli obrazlarını da yaratamaqla bir növ
dövrün sənət salnaməsini öz rənglər
dünyası ilə tamamlayırdı: Sumqayıt, Mingəçevir,
Əli Bayramlı kimi yeni şəhərlərin əsl
tikinti meydanına çevrilməsini, Xəzərdə ilk
estakadaların qurulması və s. Səttar
yaradıcılığının, demək olar ki,
bütöv bir dövrünü təşkil edir. Onun bu
mövzularda yaratdığı silsilə əsərlərdə
xalqımızın yaşamaq, qurub-yaratmaq əzmi,
insanların tükənməz iradəsi real cizgilərlə əks
olunmuşdu.
Səttar Bəhlulzadə
yaradıcılığında Azərbaycan təbiətinin
gözəlliklərini əks etdirən mənzərə
tabloları öz orijinallığı ilə seçilir.
“Qızbənövşəyə gedən yol”, “Bağlar
arasında”, “Qudyalçayın sahili”, “Yaşıl xalı”,
“Payız”, “Şahdağın ətəyində” kimi əsərlərində
bu istedadlı rəssam təbiətin gözəlliyi
haqqında sanki nağıllar dünyası yaradır.
“Qızbənövşəyə gedən yol” peyzajı
öz işlənmə üslubuna görə klassik ənənələrə
çox yaxındır. Uzaqdan görsənən dağın
fonunda işlənmiş kənd yolunun hər tərəfində
güllər açıb, ara-sıra ağaclar bu təpələr
diyarının ümumi fonunda bir növ tamamlayıcı
funksiya yerinə yetirir. “Bağlar arasında” – bu əsər
“Quba” seriyasından işlənmiş tablolardandır. Bu
tabloda təbiət mənzərəsi real cizgilərlə təsvir
edilib. Sıra ilə düzülmüş meyvə
ağacları, ortada tək dayanmış söyüd
ağacı. Bunlar hamısı tabloda bütöv bir ansambl
yaradır və ortaya əsl istedadın məhsulu olan orijinal
bir əsər çıxır. Ümumiyyətlə, S.Bəhlulzadə
yaradıcılığının ilkin dövrü klassik rəssamlıq
ənənəsi ilə bağlıdır. Bu ənənələr
əsasən realist üslubdan bəhrələnən rəssamın
öz bənzərsiz üslubunun formalaşması ilə
yekunlaşır.
Sonralar yaratdığı əsərlərdə
daha orijinal üslub seçən sənətkar Azərbaycan rəssamlıq
sənətində yeni bir dövrün, yeni bir məktəbin
başlanğıcını qoyub.
Onun rənglərin
“savaşına” bürünmüş yeni üslubda olan əsərlərində
mübariz bir rəssamın həyat eşqi, mübarizə əzmi
canlanıb. Xüsusilə Abşeronla bağlı yeni əsərləri
bu baxımdan çox maraqlıdır.
Səttar Bəhlulzadənin demək
olar ki, bütün həyat yolu Əmircanda keçib.
Bakının öz koloriti, öz adət-ənənələri
ilə seçilən kəndində onu hamı
tanıyırdı, hətta uşaqlar da ona böyük
ehtiram göstərirdilər. Çox qeyri-adi bir insan idi. Elə
bil qəribəliklərini bütövlüklə əsərlərinə
də köçürmüşdü. Dostları da olduqca
çox idi. Onların hamısına öz əsərlərinin
orijinallarını, hər biri bir muzeyin zinəti olsa belə,
səxavətlə bağışlayardı. İndi bir
çox görkəmli yazıçı, bəstəkar və
rəssamlarımızın mənzillərində onun
imzası ilə bağışlanmış əsərlər
asılıb.
Hərdən yorğun olanda onun əsərlərinə
baxın. Necə də ruha, qəlbə sakitlik gətirir bu əsərlər.
Hansı tablosuna tamaşa edirsənsə, onun yüksək
istedadına, yaradıcılığının şahidinə
çevrilirsən. Bu əsərlər dünyanın ən
mötəbər sərgi salonlarında nümayiş
etdirilib. Onlar haqqında dünyanın çox mötəbər
şəxsiyyətləri ürək sözlərini deyiblər.
Səttar Bəhlulzadənin əsərlərində çox
güclü bəşəri ideyalar hakimdir. Bu əsərlər
həyata olan sevgi, insanların daim xoşbəxt gələcəyə
can atması, təbiətin əbədi gözəlliyi kimi
ideyalardan olan yaradıcı axtarışların nəticəsində
ortaya çıxan əvəzsiz sənət nümunələridir.
“Xəzər gözəli”, “Abşeronda axşam” ,
“Xınalıq yaylaqları”, “Bilgəh”, “Naxçıvan
peyzajı”, “Torpaq, Su, Günəş və Əmək”,
“Bozdağın ətəkləri”, “Tut ağacları” və
başqa onlarla əsərində öz orijinal üslubuna sadiq
qalaraq, rəssamlıq sənətimizə yeni misilsiz töhfələr
bəxş etmişdir.
Səttar Bəhlulzadə
yaradıcılığında millilik və bəşərilik
üzvi şəkildə birləşib. Onun əsərlərində
xalqımızın mənəvi dünyası, təbiətimizin
bənzərsiz gözəlliyi, insanların əməksevərliyi
elə incə ştrixlərlə verilib ki, bunların rəssam
fırçası məhsulu olduğuna belə şübhə
ilə yanaşırsan. Səttar Bəhlulzadədə ilahi
istedad var idi. O, əsərlərini sevərəkdən yaradırdı
və ona görə də bu əsərləri sevməmək
mümkün deyil.
Səttar
yaradıcılığının özəlliyi bir də
onda idi ki, o bütün həyatını bu əsərlərə
həsr etmişdi. Onlara övlad məhəbbəti ilə
yanaşırdı. Səttar Bəhlulzadə istedadını
onun zəhmətsevərliyi bir növ tamamlayırdı. Bəzən
10-12 saat fasiləsiz işləməkdən yorulmazdı.
Ayrıla bilmirdi yarımçıq əsərlərindən.
Hərdən elə emalatxanasında gecələməli
olurdu. Bütün bu yuxusuz gecələrin bəhrəsi kimi
yaranan əsərlər bu gün bizim xalqın əsl milli sərvətinə
çevrilmişdir. Səttar Bəhlulzadə 1974-cü ildə
Moskva klinikalarından birində vəfat etdi. Bu dahi sənətkarı
Əmircanın kənd qəbiristanlığında,
qohumlarının yanında dəfn etdilər. Hazırda sənətkarın
məzarı üstündə xalq rəssamı Ömər
Eldarovun hazırladığı bürünc heykəl
ucalır. Onun ən böyük heykəli isə sənətsevərlərin
qəlbində məskunlaşıb. S.Bəhlulzadə
sağlığında Dövlət mükafatı
laureatı, xalq rəssamı fəxri adına layiq
görülmüşdür.
100 illiyini qeyd etdiyimiz
böyük sənətkarın bizə yüzlərlə əsəri
yadigar qalıb. Bu günlər onun 100 illiyi ilə
bağlı gənc rəssamların yaradıcılıq
müsabiqəsi keçirildi. Səttar Bəhlulzadə
haqqında film çəkilir. Bu zəngin mənəvi irsi
qoruyub gələcək nəsillərə çatdırmaq
bizim vətəndaşlıq borcumuzdur.
Elçin ORUCOV,
rəssam
Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 7.