Lənkəran: inkişaf davamlı xarakter daşıyır

 

Xəzərin sahilində yerləşən “cənub mirvarisi” Lənkəranda 210 minə qədər əhali yaşayır. Rayon 2 şəhər, 8 qəsəbə və 85 kəndi birləşdirir. Qızılağac Dövlət Təbiət Qoruğu, Hirkan Milli Parkı, İstisu, Xanbulançay dəryaçası, Lənkərançay və Ulumçay, Burovar və Peştəsər dağ silsilələrinin ətəkləri, ovalıq bu gözəl diyarın gəzməli-görməli yerləridir. Lənkəran qədim dövrlərdən mərcan balıqları, həmçinin ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri ilə tanınıb. “Dairəvi qala”, 19-cu əsr hamamları, məscid və türbələr turistlərin həvəslə tanış olduğu yerlərdir.

 

Bugünkü Lənkəran ilkinliyini qoruyan, sürətlə müasirləşən bir şəhərdir. Abad, gözəl küçə və prospektlər, müxtəlif abidələr, universitet, teatr, hava limanı, muzeylər, müasir stadion Lənkəranın vizit kartında önəmli yer tutur. Yüksəkmərtəbəli yaşayış evləri, idarə və təşkilatların inzibati binaları, mehmanxanalar, ticarət silsilələri onun “üzünü” güldürür. Şəhərin zümrüd libası, kənd və qəsəbələrin təbii və parlaq mənzərələri xoş təsir bağışlayır.

Lənkəranın mərkəzi şəhər elementləri ilə zəngindir. Memarlıq üslubu rəngarəngdir. Gözəllik aşiqi, zövq əhli olan adamlardır onu qurub-yaradanlar, abadlaşdıranlar. Bu gün Lənkəranın sosial-iqtisadi inkişafı xüsusilə davamlı xarakter daşıyır. Bəzi fakt və rəqəmlərə diqqət yetirmək kifayətdir ki, bu inkişafın konturları göz önündə canlansın.

Ötən doqquz ayda Lənkəranda 96 ton balıq və balıq məhsulları, 2 milyon ədəd kərpic və kərpic bloku istehsal edilib. Emal müəssisələrində 161,3 ton tomat, 449,6 ton konservləşdirilmiş meyvə-tərəvəz hazırlanıb. Sənayedə 1411 nəfər çalışır. Kənd təsərrüfatında da inkişaf davam edib. 1458 nəfər əkinçiyə dövlət tərəfindən 155 min 736 manat birdəfəlik subsidiya verilib. Nəticədə rayonda taxıl əkini sahələri genişlənib. Bu il 2176 hektar sahədən 4280 ton taxıl yığılıb. Məhsul yığımı dövründə 7041 ton kartof, 120116 ton tərəvəz, 65 ton yaşıl çay yarpağı istehsal edilib.

Lənkəranda mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı da yüksəlib. Rayonda məhsul istehsalı artsa da, əkinə yararlı torpaq sahələri hələ çoxdur. Bu məsələyə diqqət artırılmalıdır.

Kənd təsərrüfatı məhsullarının qəbulu, emalı və saxlanmasında tikintisi başa çatmaqda olan konserv zavodunun, saxlama kamerasının çox böyük rolu olacaq.

Lənkəranda sahibkarlarla işin canlandırılması, bu sahədəki çətinliklərin aradan qaldırılması istiqamətində ardıcıl iş aparılır. İstehsal həcminin sənayedə 92,5 faizi, aqrar bölmədə 99,9 faizi, pullu xidmətlərin 85,4 faizi özəl bölmənin payına düşür. Bu il sahibkarlara və vətəndaşlara bank və kredit təşkilatları tərəfindən 26,2 milyon manat kredit verilib.

Bu ilin əvvəlindən magistral yolların kənarında və şəhərdə 32 min ədəd ağac, parklarda və bağlarda 1400 ədəd evemus ağacı və 1000-dən çox qızılgül və başqa gül kolları əkilib. Təəssüf ki, əkilən ağacların hamısını qorumaq mümkün olmayıb. Bəziləri quraqlıqdan yanıb, bəzilərini mal-qara korlayıb. Əkilən hər bir ağac qayğı tələb edir. Ərazi icra nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar bu işə diqqəti artırsalar, çəkilən zəhmət hədər getməz.

Şəhərdə, rayonun müxtəlif kənd və qəsəbələrində ümumilikdə 29960 kvadratmetr sahəyə asfalt örtüyü döşənib. 4140 kvadratmetr sahədə təmir-bərpa işləri aparılıb. Rayonun giriş hissəsində, Qumbaşı kəndi ərazisində arka tipli divar hörülüb. Gərmətük dairəsində dağ daşlarından mənzərəli şəlalə tikilib, Xalq Sənətkarlığı Şəhərciyində yenidənqurma işləri aparılıb.

Mikrorayon ərazisində yeni əyləncə və istirahət parkı salınıb, küçələrin işıqlandırılması üçün yeni sistemlər tətbiq olunub, 140 ədəd yeni işıq dirəyi quraşdırılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən bir neçə çoxmərtəbəli binada bərkitmə, gücləndirmə işləri aparılıb. Liman şəhərində idman kompleksi yenidən tikilib, qarşısında yeni stadion salınıb, ətrafında yaşıllıq zolaqları yaradılıb. Əraziyə qiymətli tamet daşları düzülüb, idman kompleksi və stadion hasarlanıb.

Rayonda fərdi yaşayış evi tikintisinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən artıb. Doqquz ayda ev tikmək üçün 564 vətəndaşa 101392 kvadratmetr, qeyri-yaşayış obyekti tikintisindən ötrü isə 113 nəfərə 31866 kvadratmetr yer ayrılıb. Dövlət vəsaiti hesabına Rvo kəndində 360 yerlik və Heydər Əliyev Fondu hesabına Tüədo kəndində 100 yerlik müasir məktəb binaları tikilib.

2009-cu ilin “Üşaq ili” elan edilməsi ilə əlaqədar şəhər icra hakimiyyətinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların mənəvi tərbiyəsi və sağlamlığı ilə bağlı tədbirlər, bayram şənlikləri, müsabiqələr, rəsm sərgiləri keçirilib.

Mərkəzi xəstəxananın nəzdində yaradılmış perinatal mərkəz səhiyyə nazirinin iştirakı ilə açılıb. Bundan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun ucqar dağ kəndləri olan Gəgiran və Diryanda həkim ambulatoriyası və feldşer-mama məntəqəsi tikilib. Kənd yerlərində daxili imkanlar hesabına tikilmiş tibb məntəqələrinin fəaliyyətə başlaması ərazilərdə əhaliyə göstərilən tibb xidmətini xeyli yaxşılaşdırıb.

Rayonun mədəni-maarif müəssisələrində yaddaqalan tədbirlər keçirilib. Mədəniyyət işçilərinin, bədii özfəaliyyət kollektivlərinin respublika baxış-müsabiqələrində iştirakı təmin edilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının fəaliyyəti xeyli yaxşılaşıb. Teatrın yaradıcı kollektivi rayonun mədəni həyatında yaxından iştirak etməklə yanaşı, qastrol səfərlərində də olub.

Cari ildə daxili imkanlar hesabına Gərmətük qəsəbəsində yeni elektron ATS binasının tikintisi başa çatdırılıb. Kərgəlan kəndində 768 nömrəlik, Tüədo kəndində isə 32 nömrəlik elektron ATS-lər üçün binalar istifadəyə verilib.

Əhalinin həyat səviyyəsinin və alıcılıq qabiliyyətinin yüksəlməsi əmtəə dövriyyəsini və pullu xidmətlərin həcmini də artırıb. Burada yeni istifadəyə verilmiş kimyəvi təmizləmə müəssisəsi və digər xidmət obyektlərinin rolu böyükdür.

Lənkəran artıq beynəlxalq əhəmiyyətli turizm şəhərinə çevrilməkdədir. Lakin rayon rəhbərliyini hələlik qane etməyən cəhətlər də var. Xüsusilə, rayona gələn turistlərə, müxtəlif səviyyəli qonaqlara iaşə müəssisələrində göstərilən xidmət istənilən səviyyədə deyil. Servis sahəsində çalışan sahibkarlar bu barədə düşünməlidirlər. Doqquz ay ərzində rayonda 4821 nəfərə 1 milyon 734 min 606 manatlıq ünvanlı sosial yardım ödənilib.

Sosial müdafiəsi zəif olan ailələrə dövlət qayğısı ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin “Mərhəmət” fondu və daxili imkanlar hesabına maddi yardımlar göstərilib.

Doqquz ay ərzində şəhər icra hakimiyyətində 3311 yazılı müraciət araşdırılıb, onlardan 3214-ü müsbət həll edilib, 97 müraciət icraatda saxlanılıb. Şifahi qəbullar zamanı isə 827 nəfərin müraciətinə baxılıb.

Yerlərdə əhali ilə görüşlər və səyyar qəbullar davam etdirilib. Bu il rayonun 33 yaşayış məntəqəsini əhatə edən ərazi vahidlərində görüşlər və səyyar qəbullar keçirilib. Bu görüş və qəbullarda 8599 nəfər iştirak edib, 263 nəfərin müraciəti dinlənilib, 122 nəfərin müraciəti müsbət həll edilib, 70 nəfərə qanunamüvafiq cavab verilib, 10 nəfərin müraciəti icra üçün nəzarətə götürülüb, 61 halda qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin 2009-2013-cü illər üçün qəbul olunmuş yeni sosial-iqtisadi inkişaf proqramına salındığı barədə vətəndaşlara məlumat verilib.

Hazırda bələdiyyə seçkilərinə hazırlıq işləri davam etdirilir. Bələdiyyə seçkiləri çox mühüm siyasi kampaniyadır. Rayonda 4 dairə üzrə 34 bələdiyyəyə seçkilər keçiriləcəkdir. Seçki məntəqələrində hazırlıq işləri başa çatdırılmışdır. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı qlobal layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Görüləcək işlərin nəticəsində Lənkəran şəhəri və rayon daha da inkişaf edəcək, iqtisadi durumu daha da yaxşılaşacaq.

Adi günlərdə belə bayramsayağı bəzək-düzəyi ilə seçilən Lənkəran şəhəri də, rayonun digər yaşayış məntəqələri və təbiəti də indilər çox cazibədardır. Subtropik zonanın bol payız yağışları, libasını qızılı rənglərdən biçən ormanlar romantik təsir bağışlayır. Adam bu gözəlliklərə heyran qalır, sosial-iqtisadi tərəqqiyə qəlbən sevinir.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 5.