Ağdam: təhsilin problemlərinin həllinə
böyük diqqət göstərilir
Azərbaycan təhsil sistemi mütərəqqi yeniliklərlə
müşayiət olunan yeni mərhələyə qədəm
qoymuşdur. Respublikamızda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni
məktəblərin tikilməsi, mövcud məktəblərin
əsaslı təmir edilməsi, müəllimlərin əmək
haqqının vaxtaşırı artırılması,
onların fəxri adlarla təltif edilməsi və s. təhsil
sahəsinə dövlət səviyyəsində göstərilən
diqqət və qayğının bariz nümunəsidir.
Bu il “Təhsil haqqında”
qanunun qəbul edilməsi, qəza vəziyyətində olan
ümumtəhsil müəssisələrinin yenidən
qurulması işlərinin davam etdirilməsi ilə
bağlı Prezident İlham Əliyevin sərəncamı,
bununla əlaqədar rayon ərazisində qəza vəziyyətində
olan məktəblərin qeydiyyata götürülməsi,
ötən il iki müəllimimizin “əməkdar müəllim”
adına layiq görülməsi rayonumuzun təhsil
işçilərini daha böyük qüvvə ilə
işləməyə ruhlandırmışdır.
Rayon əhalisinin
köçkünlük şəraitində yaşamasına
baxmayaraq təhsil şöbəsinin işçiləri və
təlim-tərbiyə müəssisələrinin rəhbərləri
müxtəlif bölgələrdə məskunlaşan məktəbyaşlı
uşaqların təhsildən kənarda qalmaması, ümumi
icbari təhsilin həyata keçirilməsi üçün
səylərini əsirgəməmişlər. Rayon təhsil şöbəsi
üzrə məktəblərin sayı 149, sinif komplekti 1815,
şagirdlərin sayı isə 2140 nəfərdir. Onların
təlim-tərbiyəsi ilə 4123 nəfər müəllim
məşğul olur. Məktəbəqədər müəssisələrin
sayı 32, uşaqların sayı 1520 nəfərdir. Məktəbdənkənar
müəssisələrin sayı isə 5-dir.
Milli təhsilimizin inkişaf
proqramları rayonda ardıcıl həyata keçirilir.
Respublikamızda yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblərin əsaslı təmiri
və müasir tədris avadanlıqları ilə təmin
olunmasına dair dövlət proqramının yerinə
yetirilməsi ilə bağlı 2003-cü ildən rayonumuzda
29 məktəb yenidən tikilmiş, 2 məktəb əsaslı
təmir edilmişdir. 16 məktəb üçün 1886
yerlik 81 yeni sinif otağı şagirdlərin istifadəsinə
verilmişdir. İşğal olunmamış ərazidə fəaliyyət
göstərən 28 ümumtəhsil məktəbinin 24-ü əsaslı
təmir edilmiş və yenidən tikilərək müasir tələblərə
uyğun vəziyyətə salınmışdır. Həsənxanlı
kənd orta, I Baharlı kənd əsas, I
Yüzbaşılı kənd orta məktəblərinin yenidən
tikilməsi üçün sənədləşmə
aparılmış, torpaq sahələri
ayrılmışdır.
Rayonda məktəbəqədər
tərbiyə müəssisələrinin binaları
yararsız olduğuna, otaqları ordu hissələri və
köçkün ailələri tutduğuna görə daxili
işlər naziri Ramil Usubovun köməyi ilə Quzanlı qəsəbəsində
120 yerlik, Xındırıstan kəndində isə 100 yerlik
uşaq bağçısı tikilib istifadəyə
verilmişdir.
Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin
olunmasına dair inkişaf proqramının (2005-2009-cu illər)
həyata keçirilməsi ilə əlaqədar son 3 ildə
366 parta, 780 stul, 20 stol, 95 şkaf alınıb zəruri
ehtiyacı olan məktəblərə verilmişdir. Təhsil
Nazirliyinin ayırdığı dərsliklər, Respublika
Prezidenti Administrasiyasından verilən latın qrafikası ilə
çap olunmuş bədii ədəbiyyat məktəb
kitabxanalarını zənginləşdirmişdir. I-XI sinif
şagirdləri üçün 170 adda 178090 nüsxə dərslik,
latın qrafikası ilə çap olunmuş 216 adda 76045
nüsxə bədii ədəbiyyat, 18 nüsxə uşaq
ensiklopediyası, 50 nüsxə Azərbaycan Milli
Ensiklopediyası da ümumtəhsil məktəblərin kitab
fonduna əlavə olunmuşdur.
Ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
proqramının həyata keçirilməsi istiqamətində
də müvafiq iş aparılmışdır. 2005-ci ildən
başlayaraq qeyri-hökumət təşkilatlarından 113 ədəd,
2007-ci ildə isə Təhsil Nazirliyi xətti ilə 253
kompyuter dəsti alınaraq
quraşdırılmışdır. Rayon üzrə 68 məktəbdə
hər 33 şagirdə 1 kompyuter düşür. Hazırda
rayon məktəblərində kompyuterlərin sayı 366-a
çatmışdır. Proqramın yerinə yetirilməsi
üçün 51 məktəbimizin kompyuterə ehtiyacı
var.
4 ildir ki, istedadlı uşaqlarla
aparılan işləri daha da yaxşılaşdırmaq məqsədilə
müxtəlif bölgələrdə olimpiadalara
hazırlıq mərkəzləri yaradılmışdır.
Bu mərkəzlərə ən qabaqcıl, öz işinin
bilicisi olan, səriştəli müəllimlər dəvət
edilmişdir. Nəticədə, şagirdlərimiz fənn
olimpiadalarının respublika turunda fərqləndirici yerlər
tuta bilmişlər. 2009-cu ildə 5 saylı orta məktəbin
XI sinif şagirdi İmdad Məmmədov riyaziyyat üzrə
III yer tutmuşdur. O bu il Azərbaycan Dövlət Neft
Akademiyasına qəbul olmuşdur. Respublika səviyyəsində
keçirilən bir sıra müsabiqələr də səmərəli
təşkil edilmiş, uğurlu nəticələr əldə
edilmişdir.
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 86 illiyinə həsr edilmiş inşa
müsabiqəsinə rayonun bütün şagirdləri cəlb
edilmişdir. Rayon müsabiqəsinin qalibi, 2 saylı
köçkün orta məktəbin XI sinif şagirdi Rəna
Abışova respublika turunda xüsusi diploma layiq
görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin
91-ci ildönümünə həsr olunmuş inşa yazı
müsabiqəsində isə 108 orta və əsas məktəbdən
200-dən çox şagird iştirak etmişdir. 146 saylı
köçkün orta məktəbin XI sinif şagirdi Lamiyyə
Məmmədova, 5 saylı köçkün orta məktəbin
XI sinif şagirdi İmdad Məmmədov bu müsabiqədə
qalib olmuşlar.
Prezident İlham Əliyevin 4
sentyabr 2007-ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi”
və “Ən yaxşı müəllim” mükafatının
təsis edilməsi haqqında sərəncamının
icrası ilə əlaqədar 32 saylı orta məktəbin
fizika müəllimi Leyla Bağırova və 35 saylı orta məktəbin
ingilis dili müəllimi Hüzurə Ağayeva “İlin ən
yaxşı müəllimi” müsabiqəsində iştirak
etmiş, onların adı 100 qalib müəllimin içərisində
ilk 10 nəfərin siyahısına düşmüşdür.
Müəllimlərimizin
elmi-metodik hazırlığının yüksəldilməsi,
qabaqcıl təlim-metodlarının və
texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi
də diqqət mərkəzindədir. Hər ay 3-4 nəfər
müxtəlif ixtisas müəllimi xüsusi istedadlı
uşaqlarla işləmək istiqamətində yenilikləri
öyrənmək üçün Bakı şəhərində
ixtisasartırma kurslarından keçir.
2009-2010-cu dərs ilində
respublikanın ümumtəhsil məktəblərinin I siniflərində
yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar
5 günlük təlim kurslarının keçirilməsini təmin
etmək üçün hərtərəfli hazırlıq
işləri aparmışdır. Təhsil şöbəsində
xüsusi fəaliyyət planı hazırlanmış, rayonun
işğal olunmamış ərazisində, Bərdə, Tərtər,
Ağcabədi rayonları ərazilərində fəaliyyət
göstərən məktəblərin I sinfində dərs
deyəcək 206 nəfər sinif, informatika və xarici dil
müəllimləri 4 qrupda 5 günlük təlim
kurslarından keçmişlər. Ümumilikdə, 149
ümumtəhsil məktəbindən 271 nəfər I sinifdə
dərs deyəcək müəllim kurs keçmiş, onlara
müvafiq sertifikatlar verilmişdir.
Bütün məktəblərimizdə,
hər bir sinifdə “Qarabağın qan yaddaşı”
kitabçası hazırlanmış, orada hər bir bölgəmizin
işğal tarixi, ərazisi, tarixi abidələri və s.
haqqında məlumatlar toplanmışdır. Hər il
olduğu kimi, 2009-cu ilin “Yeni il” və Novruz bayramları ərəfəsində
də məktəblilərin rayon ərazisində olan hərbi
hissələrin əsgərləri ilə
görüşü keçirilmişdir. Fiziki tərbiyə
və vətənpərvərlik tərbiyəsi
apardığımız işlərin mərkəzində
dayanır. Gənclərin çağrışaqədərki
hazırlığı fənninin tədrisi səviyyəsini
yüksəltmək üçün nəzəri və
praktiki məşğələlərin keyfiyyəti
artırılmışdır.
Hərbi kabinetlərdə Azərbaycanın,
həmçinin Ağdamın milli qəhrəmanları
haqqında stentlər, hərbi rütbələr haqqında məlumatlar
asılmışdır. Nümunəvi xidməti olan gənc
hərbçilərlə də görüşlər
keçirilir, söhbətlər aparılır. Məktəbdənkənar
tərbiyə müəssisələrində şagirdlərin
yaradıcılıq qabiliyyəti kifayət qədər
yaxşılaşdırılmışdır. Uşaq gənclər
idman məktəbinin fəaliyyəti olimpiya idman kompleksində
bərpa edilmişdir, Uşaq gənclər şahmat məktəbinin
şagirdləri respublika birinciliklərində iştirak edərək
öz qüvvələrini sınamış, bu
yarışlarda müvəffəqiyyət əldə
etmişlər. Məktəbli formasının tətbiqi ilə
əlaqədar bütün məktəblərdə valideyn
iclasları keçirilmiş, təbliğatı işlər
aparılmış, nəticədə rayonun bütün məktəbliləri
vahid formaya keçmişdir.
Bu il rayonun 117 orta ümumtəhsil
məktəbini bitirən 1193 məzundan 600 nəfəri Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına sənəd
vermişdi. 195 nəfər I turda ali məktəblərə qəbul
olmuşdur. 110 məzunumuz II tura sənəd vermiş, 13 nəfər
ali məktəblərə, 76 nəfər isə orta ixtisas məktəblərinə
qəbul olmuşdur. Ali məktəblərə qəbul
olanların sayı 208 nəfər olmuşdur ki, bu da sənəd
verənlərin 35 faizi deməkdir. 20 nəfər 500-dən, 5
nəfər isə 600-dən çox bal
toplamışdır. 33 saylı məktəbin məzunu Nigar Əhmədzadə
655 bal, 88 saylı məktəbin məzunu Qərənfil
Allahverdiyeva isə 630 bal toplayaraq Azərbaycan Tibb Universitetinə
qəbul olmuşlar. Ali məktəblərə qəbulun nəticəsi
təhlil edilmiş, hər bir məktəbin fəaliyyətinə
qiymət verilmişdir. Ən yüksək nəticəni, 42
saylı məktəb – 9 nəfər, 88 saylı məktəb
– 8 nəfər, 73 saylı məktəb – 8 nəfər, 71
saylı məktəb – 7 nəfər, 35 saylı məktəb
– 8 nəfər, 32 saylı məktəb – 7 nəfər,
qazanmışdır.
Bu günlərdə təhsil
naziri Misir Mərdanov Qarabağ bölgəsində olarkən
rayonumuzun da məktəblərində oldu,
uğurlarımızla və problemlərimizlə
maraqlandı, tövsiyələrini bildirdi. Nazir qeyd etdi ki,
dövlətimizin təhsilə göstərdiyi böyük
diqqət və qayğının hədəfi təlim-tərbiyənin
səviyyəsini qabaqcıl dünya standartlarına
çatdırmaq, müstəqil ölkəmiz
üçün bilikli və bacarıqlı nəsil
yetişdirməkdir.
Bu mühüm vəzifəni
layiqincə yerinə yetirmək üçün rayonumuzun təhsil
işçiləri mövcud çətinliklərə
baxmayaraq səy və bacarıqlarını əsirgəmirlər.
Lakin bəzi üzdəniraq qüvvələr ölkəmizdəki
inkişaf və yeniləşməyə daim qara eynəklə
baxdıqları kimi, köçkünlük şəraitində
yaşayıb-çalışan müəllimlərimizin
şərəfli əməyi, kollektivimizin fəaliyyəti
barədə də müxtəlif qəzetlərdə
dedi-qodular yayırlar. Əslində isə rayonumuzun təhsil
uğurları ildən-ilə artır, mənəvi-siyasi iqlim
daha da sağlamlaşır, sabitləşir. Həqiqət
budur ki, son illərdə məktəblərimiz sürətlə
təzələnir, yeniləri tikilir. Maddi-texniki baza
müasirləşir. Problemlər ardıcıl həllini
tapır. Bərdə şəhərində
köçkünlük şəraitində yaşayan təhsil
şöbəsi üçün də yeni ikimərtəbəli
bina tikilir. Tədrisin keyfiyyətini yüksəltmək
üçün qabaqcıl təlim üsulları inamla tətbiq
olunur.
Bütün bunlar onu deməyə
əsas verir ki, Ağdamın pedaqoji kollektivləri öz ənənəsinə
sadiq qalaraq, bundan sonra da ölkəmiz üçün həyatın
bütün sahələrində layiqli övladlar yetişdirəcək,
dövlətimizin təhsilə göstərdiyi qayğı və
diqqəti üzağardan işləri ilə
cavablandıracaqlar.
Elmira ŞÜKÜROVA,
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri,
Respublikanın əməkdar müəllimi
Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 5.