Azərbaycan ədliyyəsi bu gün özünün
yüksək inkişaf mərhələsindədir
Məhkəmə-hüquq islahatları ölkəmizin
ümumi inkişafına öz töhfələrini verir
Bu gün müstəqil
Azərbaycan Respublikası elə bir ictimai-siyasi və
sosial-iqtisadi durumdadır ki, bizim üçün ölkənin
bütün sahələrindəki islahatlar zəruridir. Ancaq
hüquq islahatları, xüsusən, ölkədə ədalətin
bərqərar edilməsi üçün məhkəmə
islahatları bugünkü Azərbaycan üçün daha
böyük önəm kəsb edir. Biz bu islahatları
yüksək səviyyədə həyata keçirəcəyik.
Heydər ƏLİYEV,
Ümummilli lider
Bu gün Azərbaycan yüksək sürətlə
inkişaf edir. Regionun ən qüdrətli ölkələrindən
birinə çevrilmiş müstəqil respublikamızın
uğurlarının sıralanmasının təməlində
müdrik siyasət, reallıqları nəzərə alaraq
qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizə
müdrik siyasəti ulu öndər Heydər Əliyev gətirmişdisə,
bütün istiqamətləri günün reallıqlarına
əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi
möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Məhz bu iki siyasətçinin
dövlətçilik təcrübəsinin nəticəsi
olaraq bu gün Azərbaycan bir çox göstəricilər
üzrə nəinki postsovet məkanında, eləcə də
bütün dünyada nümunə göstərilir. Bizim
üçün fəxrdir ki, müasir Azərbaycan
sosial-iqtisadi inkişafın tempinə, cəmiyyətin daha da
demokratikləşdirilməsi üçün həyata keçirilən
tədbirlərin miqyasına, elmi-texniki tərəqqinin daha
geniş tətbiqinə, tolerantlığın mükəmməl
bir səviyyəyə qalxmasına, infrastruktur yeniləşməsinə
və ümumiyyətlə, cəmiyyət həyatının
bütün sahələrinə aid öz nümunəsini
yaradır. Bu sadalananlar arasında bizim üçün daha
böyük önəm kəsb edən məsələ isə
Azərbaycanın dünyanın bütün ölkələri
arasında ən islahatçı ölkə kimi
tanınmasıdır. Özü də bu qərarı
planetimizin ən mötəbər beynəlxalq təşkilatlarından
biri vermişdir.
“Ən islahatçı
ölkə”. Bu ifadəni eşidərkən hərə
özünə aid olan sahədə həyata
keçirilmiş islahatlar barədə düşünür.
Hamı elə bilir ki, ən dərin və ən səmərəli
islahat məhz onun fəaliyyət göstərdiyi sahədə
aparılıb. Təbii ki, biz , ədliyyə sahəsində
çalışanlar da haqlı olaraq məhz həmin qənaətdəyik:
ölkədə ən uğurlu nəticələrlə yadda
qalan islahatlar məhkəmə-hüquq islahatlarıdır.
Ancaq məsələnin mahiyyətinə bir qədər də
dərindən varanda məlum olur ki, istənilən sahədə
aparılan islahatlar məhz ölkənin ümumi
inkişafı ilə, hərtərəfli yeniləşmə
ilə həmahəngdir. Hər halda ulu öndər Heydər Əliyevin
ölkəyə ikinci dəfə rəhbərlik etdiyi
dövr Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə
xarakterizə edilir. 2003-cü ilin payızından — Prezident
İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə
başlamasından sonra isə respublikamızın ədliyyə
sistemi sözün həqiqi mənasında inkişaf etmiş
dünya ədliyyəsinin mühüm tərkib hissələrindən
birinə çevrildi.
Aşağıda həm
1993—2003-cü illərdə, həm də 2003-cü ildən
sonrakı dövrdə milli ədliyyəmizin inkişafı
üçün atılmış mühüm addımların
bir neçəsini yada salacağıq. Hələlik isə ənənəvi
olaraq Azərbaycan Ədliyyəsinin yaranmasından keçən
91 ildə keçdiyimiz yola qısa ekskurs edək. Təbii ki,
həmişə böyük əməllərin təməlini
müdrik insanlar qoyurlar. Ötən əsrin əvvəllərində
dünyada gedən qarşısıalınmaz ictimai-siyasi
proseslər, xüsusən, 300 illik tarixi olan romanovlar sülaləsinin
süqutu nəticəsində yaranan müstəqil dövlətlərin
hərəsi özünəməxsus yol tutmuşdu. 1918-ci il
may ayının 28-də elan edilmiş Azərbaycan Xalq
Cümhuriyyəti isə müsəlman Şərqində ilk
demokratik respublika olaraq sivil, dünyəvi dövlət
quruculuğu yolu seçmişdi. İlk müstəqil
dövlətimizin Nazirlər Şurasının sədri Fətəli
Xan Xoyskinin tarixi bir ifadəsi bugünkü sivil Azərbaycan ədliyyəsinin
təməlini qoymuş oldu. Baş nazir demişdi: “Ədliyyəsi
olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət
irəliləməz”. Beləliklə də cəmi 21 ay
yaşamış ilk müstəqil Azərbaycan Respublikası
sivil dövlətçilik baxımından mühüm
addımlar atmış oldu. Ədliyyə Nazirliyi, onun müxtəlif
strukturları, məhkəmələr yaradıldı. Bu məhkəmələr
ölkədə uzun əsrlər mövcud olmuş şəriət
məhkəmələrindən və çar üsul-idarəsinin
yaratdığı qəza məhkəmələrindən
(1806-cı ildə Gəncədə, 1812-ci ildə isə
Bakı və Qubada yaradılmışdı) tamamilə fərqlənirdi.
Şəriət məhkəmələrində qərarlar
hansısa qazinin istəyi əsasında, qəza məhkəmələrində
isə imperiya nümayəndələrinin mənafeyinə
xidmət edən şəkildə qəbul edilirdi. ADR-in
yaratdığı məhkəmələr ədalətin bərqərar
edilməsinə xidmət etsə də həmin dövrün
problemləri bu məhkəmələrin fəaliyyətini hədsiz
dərəcədə sıxırdı.
Məlum hadisələrdən
və SSRİ-nin yaranmasından sonra sovet imperiyasının hər
yerində olduğu kimi, Azərbaycan ədliyyə sistemi də
çox ciddi çərçivələr arasında fəaliyyət
göstərməli olmuşdur. Azərbaycan Demokratik
Respublikasının süqutundan yarım ay sonra
yaradılmış Xalq Ədliyyə
Komissarlığının adında xalq sözü olsa da, əslində
bu qurum xalqa divan tutmaq üçün imperiya silahı kimi fəaliyyət
göstərirdi. 1933-cü ildə yaradılan Ədliyyə
Nazirliyi dörd il sonra çox cüzi səlahiyyətləri
olan bir quruma çevrildi və nəhayət, 1957-ci ildə
tamamilə ləğv edildi. Çünki həmin dövrdə
ölkə rəhbərliyinə ədliyyə—ədalət
deyil, ideologiya—siyasət lazım idi. Azərbaycan ədliyyəsi
Fətəli Xan Xoyski tərəfindən müəyyənləşdirilmiş
funksiyalarına 1970-ci ildən sonra qayıda bildi.
Respublikanın o zamankı rəhbəri olan Heydər Əliyev
ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə
sistemində də mühüm islahatlar aparılmasına nail
oldu və Azərbaycan ədliyyəsi öz
inkişafının növbəti mərhələsini
yaşamış oldu.
Taleyin qismətidir ki,
ötən əsrin sonlarında qazandığımız
ikinci müstəqillik dövründə də ədliyyə
sistemimizin Fətəli Xan Xoyski prinsiplərinə
qayıtmasının əsas səbəbi məhz ulu öndər
Heydər Əliyev oldu: “İndiki Azərbaycan dövlətinin
yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə
söyləməyə imkan verir ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi
bir də heç zaman əldən verməyəcək, onu
qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”
— deyən ümummilli lider Heydər Əliyev bütün bu vəzifələrin
öhdəsindən bacarıqla gəldi və Azərbaycanın
müasir dünyanın inkişaf etmiş ölkələrindən
birinə çevrilməsinə nail oldu. Ulu öndərin həmin
qətiyyəti Azərbaycan ədliyyəsinin misilsiz bir
inkişafına stimul vermiş oldu. 1995-ci ilin noyabrında ilk
parlamentin seçilməsi ilə eyni gündə qəbul
edilmiş ilk Konstitusiyamız, Əsas Qanunumuzdakı insan
hüquq və azadlıqlarının hətta bir çox
Avropa ölkələrindən belə yüksək səviyyədə
qorunmasını təsbit edən maddələr,
Hüquq-İslahat Komissiyasının yaradılması və
səmərəli fəaliyyəti, nəhayət “Məhkəmələr
və hakimlər haqqında” Qanunun qəbul edilməsi ölkədə
ədliyyə sisteminin sürətli inkişafına zəmin
yaratmış oldu.
Qeyd edək ki, Məhkəmə-Hüquq
Şurasının fəaliyyəti ölkədə məhkəmə
islahatlarının keyfiyyətlə aparılmasında, yeni
hakim korpusunun formalaşdırılmasında xüsusi əhəmiyyət
kəsb etmişdir. Bu şura ədliyyə naziri Fikrət Məmmədovun
sədrliyi ilə hələ 2000-ci ildə hakim vəzifəsinə
seçkilərin test və şifahi sorğu ilə
keçirilməsinə nail olmuşdu. Həmin prosedurun tətbiqi
nəticəsində ölkədə hakim korpusunun 60 faizə
qədəri müasir biliklərə malik, dünya ədliyyə
təcrübəsinin son nəticələrinə bələd
olan, eyni zamanda müstəqil Azərbaycan dövlətinin və
Azərbaycan xalqının mənafelərini hər şeydən
üstün tutmağı bacaran hakimlər hesabına təzələndi.
Ulu öndərin hüquq islahatlarına verdiyi önəm və
ayırdığı diqqət onun ölkəyə rəhbərlik
etdiyi dövrdə ildən ilə yeni addımlarla zənginləşirdi.
2003-cü ilin 15
oktyabrından — ümummilli liderimizin siyasi kursunun ən layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin
dövlət başçısı seçilməsindən
sonra isə Azərbaycan Ədliyyə sistemi gəncləşmək,
müasirləşmək, yeniləşmək
dövrünü yaşadı. Cənab İlham Əliyevin
bizim sahə haqqında söylədiyi istənilən fikir və
ya imzaladığı hər hansı sənəd məhkəmə-hüquq
islahatlarının daha da dərinləşdirilməsinə zəmin
yaradır. Dövlət başçımızın söylədiyi
bir fikir isə biz ədliyyə işçilərinin fəaliyyət
prinsipinə çevrilmişdir: “Ölkəmizdə demokratik,
hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq
sisteminin islahatları ilə bərabər
aparılmalıdır. Çünki bu amillər bir-birindən
çox asılıdır. İndi Azərbaycanda həm
siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir.
Ölkəmiz müasirləşir, yeniləşir, dünya
birliyinin çox fəal və dəyərli üzvünə
çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq
islahatları da ölkəmizin ümumi inkişafına öz
töhfəsini verməlidir”.
Biz tam qətiyyətlə
və əminliklə deyirik ki, ölkəmizdə aparılan
məhkəmə-hüquq islahatları respublikamızın
ümumi inkişafına öz töhfələrini verir. Bu
töhfələrin artırılmasını “Məhkəmə-Hüquq
Şurası haqqında” qanunun qəbul edilməsi (2004-cü
il), “Məhkəmələr və hakimlər haqqında”
qanuna bəzi dəyişikliklər edilməsi, “Azərbaycan
Respublikasında məhkəmə sisteminin təkmilləşdirilməsi”
və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 19 yanvar 2006-cı il tarixli
Prezident fərmanı və digər mühüm sənədlər
daha da intensivləşdirir. “Ədliyyə orqanlarının
inkişafı haqqında” Prezident fərmanı isə bizim
sistemin hüquqi, siyasi, mənəvi, həm də maddi-texniki
baxımdan inkişafını təmin etmiş oldu. Hakimlərin
sayının 153 ştat vahidi artırılması bizim
sistemin səmərəliliyinin artırılmasına zəmin
yaratdı. Bir sözlə, Azərbaycan ədliyyəsi bu
gün özünün yüksək inkişaf mərhələsini
yaşayır.
Noyabrın 22-də
öz peşə bayramını qeyd edən ədliyyə
işçilərinin ünvanına gələn təbriklər
bizi yeni uğurlara ruhlandırır.
Əşir SƏMƏDOV,
Abşeron Rayon Məhkəməsinin sədri
Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 4.