Azərbaycan-Türkiyə strateji
əməkdaşlığı sarsılmazdır
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Türkiyə
Strateji Araşdırmalar
Mərkəzinin rəhbəri
Sinan Oğanın iştirakı ilə “Azərbaycan-Türkiyə
strateji əməkdaşlığı:
reallıqlar, perspektivlər”
mövzusunda “dəyirmi
masa” keçirildi.
Tədbiri giriş
sözü ilə açan akademiyanın rektoru, əməkdar
elm xadimi, professor Seyfəddin Qəndilov “dəyirmi masan”ın
çox aktual bir mövzuya həsr olunduğunu bildirdi və
Azərbaycan-Türkiyə əməkdaşlığının
tarixi keçmişi, inkişaf mərhələləri və
qarşılıqlı münasibətlərin müxtəlif
sferalarında əldə edilmiş nailiyyətlərə diqqəti
cəlb etdi. Rektor ümummilli lider Heydər Əliyevin “Bir millət
– iki dövlət” kəlamını xatırladaraq, ulu öndərin
Azərbaycan—Türkiyə strateji əməkdaşlığının
qurulması, qorunması və inkişafında göstərdiyi
müstəsna xidmətlərini ön plana çəkdi. O, cənab
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan
və Türkiyə arasında strateji əməkdaşlıq
münasibətlərində yeni mərhələnin
başlandığını vurğuladı. Bu mərhələ
hər iki dövlətin iştirak etdiyi qlobal enerji layihələrinin
reallaşması, Türkdilli Dövlətlərin Parlament
Assambleyasının yaradılması, habelə digər əhəmiyyətli
layihələrin meydana gəlməsi ilə xarakterizə
olunur.
Professor S.Qəndilov qeyd
etdi ki, Azərbaycan və Türkiyə arasında
formalaşmış sarsılmaz dostluq münasibətlərini
gözü götürməyən qüvvələr hər
vəchlə iki qardaş xalq arasında xüsusi cəhdlə
təfriqə salmağa çalışırlar. Lakin, onlar
heç bir zaman bu çirkin niyyətlərini
reallaşdıra bilməyəcəklər. İndi həmin
qüvvələrin xeyli fəallaşdığını
diqqətə çatdıran natiq bu reallığı nəzərə
alaraq Azərbaycan və Türkiyə arasındakı ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin daha da
möhkəmləndirilməsinin zəruriliyini
vurğuladı.
Rektor akademiyanın qonağı
olan Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Sinan Oğan haqqında qısa məlumat verdi. Qeyd etdi ki,
Türkiyənin tanınmış siyasət adamlarından
olan Sinan Oğan Mərmərə Universitetinin iqtisadiyyat və
idarəetmə bölməsini bitirmiş, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. TİKA Türk
İşbirliyi və Kalkınma Agentliyi (TİKA) Azərbaycan
təmsilçisi vəzifəsində
çalışmışdır. Bundan başqa, Avrasiya
Strateji Araşdırmalar mərkəzinin (ASAM) Qafqaz və
Rusiya-Ukrayna bölməsinin rəhbəri işləməsindən,
hazırda isə çox nüfuzlu Türkiyə Strateji
Araşdırmalar Mərkəzinə rəhbərlik etməsini
tədbir iştirakçılarına bildirdi. S.Oğanın
Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və
İslam Konfransı Təşkilatının birgə təşkilatçılığı
ilə Bakıda “Sivilizasiyalar arasında dialoq: Azərbaycandan
baxış” mövzusunda keçirilən konfransda iştirak
etməsi haqqında da məlumat verdi.
Türkiyə Strateji
Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan
Azərbaycanla Türkiyə arasında formalaşmış
strateji əməkdaşlıq münasibətləri
haqqında geniş və əhatəli məlumat verdi. O,
konkret faktlara və arqumentlərə əsaslanmaqla ikitərəfli
münasibətlərin inkişaf dinamikasını
açıb göstərdi, bu prosesin siyasi, iqtisadi və hərbi-təhlükəsizlik
müstəvisində təhlilini apardı. Türkiyəli
ekspertin qənaətinə görə, son zamanlar Ankara-Yerevan
münasibətlərində normallaşma tendensiyası
müşahidə olunsa da, onun yalnız bir halda məntiqi
sonluğu ola bilər. Bu da Ermənistanın Azərbaycan
torpaqlarının işğalına son qoyması və
Dağlıq Qarabağ probleminin aradan qaldırılması nəticəsində
mümkündür. Əks halda bu normallaşma “tendensiya
statusu”ndan uzağa getməyəcək. O, Türkiyə-Azərbaycan
strateji əməkdaşlığının əbədi
olduğunu dedi.
Sonda natiq dinləyicilərin
çoxsaylı suallarını cavablandırdı.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 18 noyabr.- S. 4.