Halal zəhmətin yüksək dəyəri

 

Yaradıcılıq impulsu insanlığın ilahi vergisidir. Lakin yaratmaq bacarığı və istedadı az adama nəsib olan xoşbəxtlikdir. Tarix də öz istedadının imkanlarından istifadə edib əsərlərini dünyaya, bəşəriyyətə hədiyyə edəni yaşadır. Mənə elə gəlir ki, təbiətlə harmoniya yaradan, öz dövrlərinin yaşam tərzini, düşüncə modelini, zövqünü bu günə “daşıyan” abidələr — saraylar, qəsrlər, qalalar, evlər tikən memar və inşaatçıları bu xoşbəxtlər siyahısının görkəmli yerində yazmaq olar. Çünki onların istedadı xeyirxah bir missiyaya xidmət edir - dünyanı gözəlləşdirməyə.

 

Bu gün də bu sənət adamları öz fantaziyalarının gücünü, yaradıcılıq imkanlarını öz ölkələrinin gözəlləşməsinə, xalqlarının rahat yaşamaları üçün yaraşıqlı evlərin, idarə və müəssisələrin, konsert və idman saraylarının tikintisinə sərf edirlər. Haqqında söhbət açacağımız Şəmsəddin Aslanov da onlardan biridir — yaradıcılıq potensialını, biliyini, bacarığını və səriştəsini bu işə həsr edən, taleyini bu peşəyə bağlayan mühəndis inşaatçı.

Şəmsəddin Aslanovun az qala yarım əsri haqlayan ömür yoluna nəzər salanda, bu qənaətə gəldim ki, onun ilk sevgisi də məhz öz peşəsinə, ixtisasına olan sevgidir. Doğulduğu Lerik rayonunun ucqar dağ kəndi olan Anzoluda 1975-ci ildə səkkizillik məktəbi fərqlənmə ilə bitirən Şəmsəddin təhsilini Bakı Politexnik Texnikumunda davam etdirmək qərarına gəlir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə Bakı eynən indiki kimi əsil tikinti bumu yaşayırdı. Bəlkə elə ona görə gənc Şəmsəddini inşaat mühəndisi ixtisası daha çox çəkdi. 1979-cu ildə orta ixtisas məktəbini də fərqlənmə ilə bitirən gənc mütəxəssisi Bakı Baş Tikinti İdarəsinin sərəncamına göndərdilər. 21 saylı tikinti idarəsində 2-ci dərəcəli bənna kimi əmək fəaliyyətinə qədəm qoyan gənc mütəxəssis təhsildə qazandığı biliklərin təcrübədə tətbiqinə də beləcə sənətin “bünövrəsindən” başlayır.

Çox çəkmir ki, gənc usta ordu sıralarına yollanır. Hərbi xidməti 1981-ci ildə başa vurub birbaşa öz işinə, 21 saylı tikinti idarəsinə qayıdır. Elə həmin ildə də müvəfəqiyyətlə imtahan verib Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə qəbul olunur.

Öz peşəsinin sirlərinə bələd olduqca vəzifə pillələrində də addım-addım yüksəlir. Əvvəlcə usta, 1986-cı ildə isə iş icraçısı vəzifəsinə irəli çəkilir. Bu irəliləyiş onu çaşdırmır, əksinə Şəmsəddin daha böyük şövqlə öz peşəsinin incəliklərini öyrənir və anlayır ki, artıq iş icraçısı kimi onun funksiyaları və vəzifələri artmış, bununla bərabər məsuliyyəti də böyümüşdür. İndi o rəhbərlik etməklə yanaşı, həm də işin təşkilinə, görülən işin keyfiyyətinə nəzarət etməli, tabeçiliyində olan işçilərin təhlükəsizliyinə diqqət yetirməli, işlərin layihə üzrə aparılmasını təmin etməlidir.

Bütün bunlarla yanaşı, gənc mühəndis onu da başa düşür ki, tikinti – inşaat işi zövq və fantaziyalar aləmi olmaqla yanaşı, həm də zərgər dəqiqliyi və ciddi hesablamalar tələb edir. Bəlkə elə bunu bildiyi üçün Şəmsəddin çox tez-tez E. Krikin belə bir ifadəsini xatırladır. “Çoxları elə düşünür ki, mühəndis çertyoj lövhəsinin qarşısında dayanıb bütün problemlərin həllini tapır. Bu heç də belə deyil. Mühəndis öz vaxtının böyük bir hissəsini müxtəlif məlumatların axtarışına, materiallarla tanışlığa həsr edir, tələbləri öyrənir, fikir mübadiləsi aparır, işçiləri seçir. Ona görə də işçilərlə yaxşı münasibətlər yaratmaq və onlarla uğurlu əməkdaşlıq mühəndisin işində böyük rol oynayır”.

Müdriklər nahaq demir ki, mühəndis oxuyanda yox, işdə əmək fəaliyyəti zamanı mühəndis olur. Şəmsəddinin həyat yolunda bu öz aydın ifadəsini tapıb. Çünki, o, 1987-ci ildə institutu bitirər-bitirməz yeni bir təyinat aldı — baş iş icraçısı. Amma bu vəzifədə də çox qalmadı. Rəhbərlik istehsalatda — əməklə elmin vəhdətindən peşəkar mühəndis kimi formalaşdığını yəqin edəndən sonra 1989-cu ildə Şəmsəddini “Aqrarsənayetikinti” trestinin Bakı ixtisaslaşdırılmış təsərrüfat hesablı təmir tikinti idarəsinə baş mühəndis təyin etdi. 29 yaşlı gənc mühəndisin uğurlarının sirri aydın idi. Onun intellektual imkanlarının, fərdi bacarığının çevrəsində düzgün proqnozlaşdırmaq, aydın və dəqiq tapşırıqlar vermək, çətin məqamlarda düzgün qərarlar qəbul etmək keyfiyyətləri var. Şübhəsiz, bütün bunlar üçün o, bilikli, məlumatlı olmalı, öz işinin qərarlarının nəticələrini qabaqcadan görməli idi. Təhsil aldığı illərdə vaxtını boşuna deyil, məhz tikinti inşaat sahəsində nəzəri biliklərin öyrənilməsinə həsr etdiyi üçün uğur gətirən nəticələr də özünü çox gözlətmirdi...

1993-cü ildə Şəmsəddin artıq 22 saylı Tikinti İdarəsinin baş mühəndisi, 1994-cü ildə isə həmin idarənin rəisi vəzifəsinə təyin olunur. 1999-cu ildə tikinti müəssisələri də bir çox digər sahələr kimi özəlləşdirildiyi üçün 22 saylı tikinti idarəsi də özəl “SNT” İnşaat Şirkətinə çevrilir. Buna qədər Şəmsəddin inşaat mühəndisi, idarə rəhbər kimi Bakıda bir çox məktəb və uşaq bağçalarının, idarə və müəssisələr üçün inzibati binaların tikintisini uğurla həyata keçirir. Lakin müstəqilliyin və ölkədə həyata keçirilən iqtisadi islahatların müəyyənləşdirdiyi yeni münasibətlər bütün istehsal sahələrində olduğu kimi, tikinti-inşaat sektoru qarşısında da ciddi tələblər qoyurdu. Əslində bu tələblər bazar iqtisadiyyatının ortaya qoyduğu rəqabətdən irəli gəlirdi. Öz işinin peşəkarı olan Şəmsəddini bunlar heç də narahat etmirdi. Narahatçılıq müəyyən bir mərhələdə xüsusilə, 90-cı illərin sonuna qədər maliyyə çatışmazlığı, iqtisadi böhrandan tutmuş ən müxtəlif səbəblərə görə ölkənin tikinti sektorunda işlərin demək olar ki, dayanmasında idi. Amma bu çox çəkmədi və “Əsrin müqavilə”sinin reallaşmağa başlaması ilə tikinti işləri də sürət götürdü.

Şəmsəddin tikinti-quruculuq işlərinə özünəməxsus fərdi baxışı ilə də seçilir. Deyir ki, “tikinti obyekti göz oxşayan, könül sevindirən mütənasibliyin musiqisini yaratmalı və ətraf mühitlə harmoniya təşkil etməlidir. Gözəllik, etibarlılıq və hər bir xırdalığın praktikliyi, ölkəmizin estetik simasının göstəricisi olan müasir tikililərə verilən əsas tələblərdir”.

Kim bilir, onun rəhbərlik etdiyi SNT İnşaat Şirkətinin xüsusilə son illərdə qazandığı uğurların əsas səbəbi də bəlkə elə onun tikinti bazarında bu prinsiplərlə fəaliyyət göstərməsindədir. Belə olmasa, təkcə son 4 ildə onlar respublikanın ayrı-ayrı regionlarında 20-dən artıq müasir tipli məktəb binasının, qaçqınlar üçün Mehdiabadda, Biləsuvarda fərdi yaşayış evlərindən ibarət qəsəbələrin, Dövlət Reyester Xidmətinin bir sıra rayonlarda inzibati binalarının, Qubada əlil və şəhid ailələri üçün 5 mərtəbəli, Bakıda qaçqınlar üçün 63 mənzilli 9 mərtəbəli yaşayış evlərinin, Xoreoqrafiya məktəb kompleksinin, Xalq Təhsili Muzeyinin yeni binasının və sair tikinti obyektlərinin inşasına imza atmazdılar. Təcrübəli inşaatçı mühəndis yaxşı bilir ki, sifarişçilər indiki kəskin rəqabətdə üstünlüyü hansı keyfiyyət göstəricilərinə verirlər. Şəmsəddin bu haqda düşüncələrini bizimlə bölüşəndə də maraqlı bir mövqedən çıxış edərək dedi:

— Bu gün Azərbaycanda, istər Bakı olsun, istər regionlarda tikinti aparmaq böyük şərəf, həm də ciddi məsuliyyətdir. Çünki möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusilə tikinti sektorunda irəli sürdüyü strateji xətt, onu deməyə əsas verir ki, müstəqil Azərbaycan milli xüsusiyyətlər nəzərə alınmaqla tamamilə yenidən tikilir və modern bir görkəm alır. Ona görə də tikinti obyektləri mühəndis düşüncələrinin ən son nailiyyətləri olan texnologiyaların köməyi ilə inşa olunur. Hər hansı bir obyektin funksional təyinatından asılı olaraq bu və ya digər texnologiyalardan istifadə etmək lazım gəlir.

Artıq bir ilə yaxındır ki, dünya maliyyə böhranı tikinti sahəsinə də öz təsirini göstərib. Bugünkü statistikaya görə dünyanın tikinti meydançalarının 75 faizi dondurulub. Bu, dünyanın bir çox məşhur tikinti şirkətlərinin fəaliyyətinə fəlakətli şəkildə təsir göstərib. Lakin Azərbaycanın dövlət başçısının düşünülmüş iqtisadi inkişaf strategiyası ölkəmizi uğurla bu böhrandan xilas edib. Xüsusilə də bizim tikinti şirkətlərini.

Şəmsəddin Aslanov bu fikrini rəhbərlik etdiyi SNT inşaat şirkətinin həyata keçirdiyi tikinti işləri ilə də təsdiqlədi və bildirdi ki, bu gün şirkət qaçqın ailələri üçün 70 mənzilli 5 mərtəbəli yaşayış evinin, Saatlı rayonunun Kamallı kəndində 180, Hacıqabul rayonunun Qarasu kəndində 640 şagird yerlik məktəb binalarının, Goranboy rayonundakı qaçqın şəhərciyində sosial obyektlərin tikinitisini davam etdirir.

Fərq bircə ondadır ki, bu il oktyabrın 1-dən etibarən şirkət rəhbəri işə ikiqat həvəs, məsuliyyət və enerji ilə başlayıb. Şübhəsiz, bunun da çox əlamətdar bir səbəbi var. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Şəmsəddin Həmdulla oğlu Aslanov Azərbaycanın əməkdar mühəndisi adına layiq görülüb.

— Möhtərəm Prezidentimizin diqqət və qayğısının nümunəsi olan bu qərar mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. İnsan yalnız belə məqamlarda çəkdiyi zəhmətlə nəyəsə nail olduğunu və həyatı boşuna yaşamadığını dərk edir və bundan sonra daha böyük impulsla işə başlayır.

Əməkdar mühəndisin səmimi duyğularından doğan bu fikirlərlə razılaşmaya bilmirsən. Axı dəyərini alan fəaliyyət həyatda insanın yerinin olduğunu, varlığını göstərən sübutdur. Bu sübut varsa, demək “yaşamağa dəyər”...

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 20 noyabr.- S. 7.