“Koroğlu”ya ümumtürk məhəbbəti

 

Bir zamanlar Koroğlu türk dünyasının hər yerindən igid, qəhrəman oğulları Çənlibelə toplayıb burda bəşər tarixində görünməmiş, insanlığın, haqqın, ədalətin hər şeydən uca tutulduğu bir cəmiyyət yaratmışdı. Bu dəfə də türk dünyasının hər yerindən elm adamları Türkiyənin Bolu şəhərinə toplaşmışdılar. Bu toplantının da səbəbkarı Koroğlu idi. Bolu şəhəri Koroğlu işığına bələnmişdi, Koroğlu havasına köklənmişdi. Şəhərin hər yerində bir reklam gözə dəyirdi: “Uluslararası Koroğlu, Bolu tarixi və kültürü konfransı”.

 

Konfransı Bolu şəhərindəki Abant İzzət Baysal Universiteti, AMEA Folklor İnstitutu və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu birlikdə təşkil etmişdi. Sözsüz ki, konfrans Bolu şəhərində keçirildiyinə görə, onun əsas ağırlığı Abant İzzət Baysal Universitetinin üzərinə düşmüşdü. Öncə deyim ki, böyük bir ərazidə meşələrlə örtülmüş təbiətin qucağında yerləşən bu universiteti İzzət Baysal adlı bir türk şəxsi vəsaiti ilə tikdirib dövlətə vermişdir. Hazırda universitetin 20 minə yaxın tələbəsi var.

Türkiyədə və Azərbaycanda yaxşı tanınan türkoloq Səyfəddin Altaylı kürsüyə çıxaraq konfransı açmaq üçün Abant İzzət Baysal Universitetinin rektoru professor Atilla Kılıça söz verdi. Rektor öncə qonaqları salamladı, Koroğlu adının bütün türk dünyasında olduğu kimi, Bolu şəhərində də uşaqdan böyüyə hamının dilinin əzbəri olduğunu, Koroğlu ilə bağlı örnəklərin Bolunun tarixində və mədəniyyətində xüsusi yer tutduğunu vurğuladı. O, türk xalq yaradıcılığının daha geniş və ardıcıl öyrənilməsinin önəmindən, Bolu Xalq Kültürünün Araşdırma Mərkəzinin bu sahədə gördüyü işlərdən danışdı.

AMEA Folklor İnstitutu adından professor Füzuli Bayata söz verildi. O, “Koroğlu” eposunun çox geniş bir coğrafiyada yayıldığından, 17 türk və 8 qeyri-türk xalqında onun variant və versiyalarının olduğundan, ingilis, alman, fransız, rus dilləri də daxil olmaqla 9 xarici dilə tərcümə edildiyindən söz açaraq, fikrini “Koroğlu 200 milyonluq türk millətinin qəlbində taxt qurmuşdur” – deyə tamamladı.

Moldaviya EA Qaqauzologiya Bölümünün müdiri professor Liubov Çimpocş Koroğlunun Balkanlardakı və Bessarabiyadakı qəhrəmanlıqlarından, bunların xalq arasında indi də yaşadığından, dastanın qaqauz variantından danışdı. Tatarıstan EA Dil və Ədəbiyyat İnstitutu folklor bölməsinin müdiri professor İlseyar Jakirova, Qazaxıstan EA Ədəbiyyat və Sənət İnstitutunun professoru Vahidcan Azibayeva “Koroğlu” dastanının tatar və qazax variantlarının özəlliklərindən söz açdılar. Bakı Dövlət Universitetinin dosenti Nəzakət Hüseynova “Türk dövlətlərinin sərhədlərinin pozulmasına yol vermək olmaz” deyərək, Azərbaycanın xəritəsini və Bakıdan apardığı kitabları Abant İzzət Baysal Universitetinin rektoru professor Atilla Kılıça hədiyyə etdi. Professor İlhan Başgözün “Xalqın Koroğlusu — tarixin Koroğlusu” mövzusunda çıxışından sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirdi.

Konfransa “Azərbaycandan daha çox alim və koroğluşünas qatılmışdı. Professorlardan Füzuli Bayat, Firudin Cəlilov, Məhərrəm Cəfərli, tədqiqatçı Əli Şamil ayrı-ayrı salonlardakı bölümlərə rəhbərlik etdilər. Firudin Cəlilovun “Koroğlu – Herakl mifi folklorda”, Məhərrəm Cəfərlinin “Koroğlu” dastanının mifoloji bağlamda araşdırılma tarixi (Azərbaycan təcrübəsi)", Füzuli Bayatın “Koroğlunun xilaskar qəhrəman tipindən ədaləti qoruyan qəhrəmana dönüşü”, İslam Sadığın “Koroğlu xarakterinin genetik kodu”, yaxud “Koroğlu” dastanının “erməni variantı” haqqında”, Nəzakət Hüseynovanın “Ural Batır” və “Koroğlu” dastanlarında at və qılıncın mifik səciyyəsi”, Elçin Abbasovun “Koroğlu” dastanında savaş ritualının poetik mətn təzahürləri”, Əziz Ələkbərlinin “Koroğlu” dastanı və tarix: İrəvan əyaləti ilə ilgili obraz və motivlər", “Xəlil Ağaverdiyevin ”Koroğlu" dastanının tatar-tobol versiyası və arxaik türk eposunun yapısı”, Əli Şamilin “Koroğlu” dastanında aşıq sərbəstliyi” məruzələri koroğluşünasın çağdaş suallarına inandırıcı cavablar oldu.

Gülnaz Ağdullazadənin “Koroğlu” dastanının Üzeyir Hacıbəylidən Andan Sayquna qədər Azərbaycan və Türkiyə opera musiqisindən keçən yolu”, Elmar Hüseynovun “Koroğlu” dastanındakı (Paris nüsxəsi) toponimlər haqqında”, Elxan Məmmədovun “Koroğlu” dastanında aşıq şeiri növləri”, Həbibə Məmmədovanın “Azərbaycanda Koroğlu havaları (“Koroğlu” dastanı əsasında)”, Mətanət Əzizqızının “Koroğlu” dastanının evrənsəl ekzoterik yapısı” mövzularındakı çıxışları da konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı, müzakirələrə səbəb oldu. Bu müzakirələrdə universitetin tələbələri də iştirak edirdillər.

Konfrans iştirakçıları axırıncı gün Bolunun öz gözəlliyi ilə yadda qalan Sarıalan yaylasında oldular. Maraqlı gəzintidən sonra iştirakçılar Sarıalan yaylasındakı konfrans salonuna toplaşdılar. Burda konfransın sonuncu yığıncağı keçirildi. Seyfəddin Altaylı yenidən kürsüyə çıxaraq natiqlərə söz verdi. İlk olaraq Abant İzzət Baysal Universitetinin rektoru, professor Atilla Kılıç kürsüyə çağırıldı, konfrans haqqında yekun sözü söylədi. Rektor konfransın gedişindən razı qaldığını və bu cür tədbirlərin daha geniş şəkildə təşkilinin böyük önəm daşıdığını bildirdi. Bundan sonra Bolu ilçəsi Dörddivar bələdiyyəsinin sədri və kaymakan da Koroğlu və Bolu bağlılığından, konfransın önəmindən danışaraq qonaqlara öz təşəkkürlərini çatdırdılar.

Konfransın bağlanış yığıncağını Azərbaycan alimi professor Firudin Cəlilov apardı. Buradakı çıxışlar da diqqətlə izləndi, maraqla qarşılandı. İki gün davam edən konfrans təbiətin qucağında Abant İzzət Baysal Universitetində açıldı, təbiətin gözəl bir güşəsi olan Sarıalan yaylasında bağlandı. Konfrans işini başa çatdırdıqdan sonra iştirakçılar aşağı Sayıq kəndində oldular. Burada qonaqlar Koroğlunun yaşadığı güman edilən, yerli əhalinin qoruyub saxladığı qədim evə baxdılar. Kənd məktəbliləri Koroğlu musiqisinin sədaları altında rəqs etdilər. Türk dünyasının yaxın-uzaq yerlərindən Koroğlu işığına toplaşan elm-sənət adamları Boludan zəngin təəssüratla ayrıldılar.

 

 

İslam SADIQ,

koroğluşünas, şair

 

Xalq qəzeti.- 2009.- 20 noyabr.- S. 7.