Daşkənddə uşaq və gənclərin rəsm müsabiqəsi keçirildi
Noyabr ayının ilk şənbəsi Daşkənddə Özbəkistan
Respublikası “Kamolot”
Gənclər İctimai
Hərəkatı və
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin birgə səyləri ilə uşaq və gənclərin “Azərbaycan haqqında nə bilirsiniz?” mövzusunda rəsm əsərlərinin yekun müsabiqəsi keçirilmişdir.
Müsabiqənin məqsədi
Özbəkistan gəncliyini Azərbaycanın təbiəti,
tarixi, mədəniyyəti, abidələri, adət və ənənələri
ilə tanış etmək idi. Yekunlaşdırma mərhələsinə
Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi
də qatılmışdır.
Müsabiqəyə
Özbəkistan üzrə 2000-ə yaxın əsər təqdim
olunmuş, münsiflər heyəti yekun mərhələsi
üçün onlardan 100-ü seçmişdir. Bu əsərlərdə
Azərbaycanın xəritəsi, dövlət simvolları, vətənimizin
təbiət rəngarəngliyi, Xəzər dənizinin
görüntüləri, tarixi abidələrimiz və xalq qəhrəmanlarımız
əks olunmuş, Novruz, Qurban bayramlarını, milli rəqs və
idman oyunlarımızı təsvir edən rəsmlər də
nümayiş etdirilmişdir.
Nizami Gəncəvi və
Əlişir Nəvai, Əlişir Nəvai və Məhəmməd
Füzuli, Nəsirəddin Tusi və Uluqbəyin birgə
portretləri münsiflər heyəti tərəfindən
xüsusi rəğbətlə
qarşılanmışdır.
Final mərhələsində
qaliblərə “Kamolot” təşkilatı və Azərbaycan
Respublikasının Özbəkistandakı səfirliyi tərəfindən
diplomlar və qiymətli hədiyyələr təqdim
olunmuşdur. Birinci yerə Fərqanə vilayəti
Altıarık orta məktəbinin məzunu, “Sənət”
kollecinin tələbəsi Timurbek Mamadkarimov layiq
görülmüşdür.
T.Mamadkarimovun təhsil
aldığı məktəbdə
üç il əvvəl səfirlik tərəfindən Azərbaycan
və Heydər Əliyev güşələri
yaradılmış, məktəbin
kitabxanasına Azərbaycanın
tarixi və mədəniyyəti haqqında
kitab, buklet, CD-disklər və Azərbaycan Respublikasının
bayrağı təqdim
edilmişdir. T.Mamadkarimov “Kamolot”un hesabına
Azərbaycana bir həftəlik səyahət
imkanı qazanmışdır.
Müsabiqəyə təqdim olunan ən yaxşı əsərlər
bir ay ərzində
Respublika Uşaq Yaradıcılıq Sarayında,
sonra isə Bakıda nümayiş etdiriləcəkdir.
Pərzad ABDİNOVA,
Daşkənd
Xalq qəzeti.- 2009.- 20 noyabr.- S. 7.