Hamının sevdiyi adam

 

Xalq artisti Həsən Məmmədovun xatirəsinə

 

Salamlaşdım, əhvalını soruşdum. – Yaxşıyam, dedi. Amma üzüntülü görünüşü o qədər də xoşagələn deyildi. Eşitmişdim ki, xəstədir. Doğrusu, ürək eləmədim xəstəliyi barədə nəsə soruşum. O da bir söz demədi. Amma onu soruşdum ki, yeni filmə çəkilirsinizmi? Yox, – dedi, – hələ ki, çəkmirlər. Dedim axı, Həsən müəllim, elə il olmayıb ki, siz bekar qalasınız. Maşallah, indi də cavan oğlana oxşayırsınız, sizin elə işləməli vaxtınızdır. İnanmıram ki, sizi yeni filmə dəvət etməsinlər. Cavab verdi ki, daha yorulmuşam, indi də qoy cavanlar çəkilsin.

 

Sevimli xalq artistimiz Həsən Məmmədovdan ayrılıb kinostudiyadan çıxanda artıq axşam düşürdü. Heç ağlıma da gətirməzdim ki, bu bizim son görüşümüz olacaq. Amma neyləmək olardı ki... Və beləliklə, Həsən Məmmədov az keçmədi dünyasını dəyişdi. Bu xəbər bütün onu sevənləri sarsıtdı.

Azərbaycan kinosu çox aktyorlar yetişdirmiş, onlardan çoxu da artıq aramızdan köçmüşdür. Köhnə nəsli demirəm, orta nəsildə belələri onlarca idi. Mən burada Həsən Turabovun, Şahmar Ələkbərovun, Hamlet Xanızadənin, Hamlet Qurbanovun, Eldəniz Zeynalovun, Səməndər Rzayevin, Fazil Salayevin və onlarla başqalarının adlarını çəkə bilərəm. Onlar milli kino sənətimizin inkişafına can qoymuşdular, yaratdıqları qəhrəmanlar neçə illərdir ki, bizə həyatın, yaşamağın sirlərini öyrədirlər. Həsən Məmmədov da bu qəbildən olan sənətkarlardan idi və onu başqalarından fərqləndirən bu idi ki, bütün mənalı yaradıcılığını milli kinomuzun inkişafına həsr etmişdi. Hansı xarakterli, hansı peşə sahibi olan insanların obrazlarını yaratmadı?! Baxın, onun rolları arasında inqilabçı da var, fəhlə də, qulluqçu da, müəllim də, sürücü də, alim də, nə bilim, daha nələr yoxdur. Amma bütün bu obrazlarda kinoya öz varlığı qədər bağlı olan bir aktyorun nəfəsi, istedadı, ruhu var idi. Çünki Həsən müəllim ürəyincə olmayan heç bir filmdə oynamazdı. Gərək, yaradacağı qəhrəman onun daxili dünyasında özünə yer tapaydı, yoxsa, heç yaxına da buraxmazdı.

Salyanda doğulmuşdu, burada da orta təhsil almışdı. Deyirdi ki, bilmirəm nədənsə fizika müəllimi olmaq istəyirdim.

Ömrünün ən gözəl çağları idi və günlərin birində Kür sahilində balıq tutmaqla məşğul ikən bir nəfər əlində teleqram ona tərəf yaxınlaşaraq: – Həsən, Həsən, sənə teleqram var, səni kinoya çəkəcəklər. Bu an ürəyinin döyüntüsünü özü eşitmişdi.

– Nə olub belə, qardaş, nədir bu əlindəki – deyə, soruşanda, teleqram gətirən uşaq: “Həsən, səni kinoya çəkməyə dəvət edirlər” – dedi.

Elə bil həmin an Həsənin ruhu içindən çıxıb göylərə çəkildi. Bir müddət dinməz-söyləməz əyləşib, Kürün lal axınının sükutunda özünü xoşbəxt insanlar kimi rahat hiss etdi, sonra teleqramı alıb, evə qaçdı. O gün Həsəngilin evində toy-bayram idi. Hamı sevinirdi. Həsən “Böyük dayaq” filmində Qaraş roluna təsdiq olunmuşdu. Teleqramı ona filmin rejissoru Həbib İsmayılov göndərmişdi.

Həyatımın ən xoşbəxt anı o teleqramı aldığım gün olub. İncəsənət İnstitutunun aktyorluq şöbəsinə daxil olanda da mən belə sevinməmişdim, – deyirdi. Əslində ilk dəfə o, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdu, amma oradan qaçmışdı. – Mən aktyor olacağam, demişdi. Tanrı onun səsini eşitdi və istəyinə doğru yolundan bütün maneələri dəf etməyə güc verdi.

O, böyük sənətə can atırdı. Həbib İsmayılovun “Böyük dayaq” filmində Qaraş bu yolun başlanğıcı oldu. Əvvəlcə, çox ehtiyat edirdi. Amma yoldaşları, tələbə dostları ona ürək-dirək verirdilər. Elə bil, yuxuda idi. Heç cür ağlına gətirə bilmirdi ki, onu birdən-birə baş rollardan birinə dəvət edəcəklər. Yaxşı ki, Qaraş kənd adamı idi, onu ifa etmək o qədər də problem yaratmırdı. Mexanizatorlarla Həsən özü də yaxın olmuşdu. Pambıq tarlalarında onlarla görüşmüş, hətta pambıqyığan maşını sürməyə də cəhd göstərmişdi.

Çətini başlamaqdır, deyirlər. O da başladı çəkilməyə və elə ilk anlardan özünü aktyor kimi apardı. Yəni, kamera qarşısında sıxılmadı, rejissorun göstərişlərini bacarıqla yerinə yetirdi.

Qaraşın ifaçısı kinoda ilk obrazını yaradırdı. Əslində, bu o qədər də asan məsələ deyildi. Deyirdi ki, bircə yerdə çaşıb qaldım. Atamın rolunu oynayan Ələsgər Ələkbərov mənə sillə vurmalı idi. Mən də düşünürdüm ki, yəqin elə sakitcə vurar. Heç gözləmədən elə bir sillə çəkdi ki, o sillə məni ayıltdı. Gözlərimdən od çıxdı. Rəhmətliyin də əli o qədər ağır idi ki... Sonra mənə yaxınlaşıb dedi ki, ustad silləsidir. Hər bir şagird gərək belə bir imtahandan keçsin. Olan şeydir, incimə...

Film qurtarandan sonra bir müddət ehtiyat edib ona baxmağa. Amma onu premyeraya çağıranda orada çıxış da edib. Tamaşaçılarla ilk dəfə canlı təmasda olub. Qaraş, doğrudan da, çox maraqlı obraz idi. Yaxşı ki, rejissor bu rola məhz onu dəvət etmişdi. Çünki, əvvəlcə, məsləhət olmuşdu ki, Qaraş cüssəli, enlikürək, ucaboy olmalıdır. Ancaq rejissor gəncləri çəkməkdə iddialı idi.

Söhbətlərimizdən birində dedi ki, bu rola Murad Yegizarov, Böyükağa Bağırov dəvət olunmuşdu. Hətta, Sarı Süleymanın oğlu, güləşçi İbrahimi təsdiq etmək fikrində idilər. O vaxt geyim rəssamı Bədurə Əfqanlı bədii şuraya müraciət edib məhz mənim namizədliyimin keçməsini xahiş edib. Şura da bəyənib məni təsdiq etmişdi.

Beləcə, cüssəli, enlikürək, ucaboy Qaraş ədəbiyyatdan kinoya məhz, Həsən Məmmədovun simasında gəldi. Özü də bu rolu sevmişdi, tamaşaçılara da sevdirə bildi.

Bir maraqlı məqam məni həmişə düşündürür. Yüzdən çox filmdə çəkilən Həsən Məmmədov ampuluaya düşməyib. Hər dəfə yeni biçimdə, yeni xarakterdə, yeni görünüşdə. Məsələn, Oqtay (“Gün keçdi”), Murad (“Bir cənub şəhərində”), Murad (“İstintaq”), Bəxtiyar (“Yeddi oğul istərəm”), Abasqulu bəy Şadlinski (“Axırıncı aşırım”) biri digərindən nə qədər fərqli obrazlardır.

Bu aktyor hər rola o qədər maraqlı çalarlar tapırdı ki, tamaşaçı, sözün əsl mənasında, onun istedadına heyran qalırdı. O, elə bil yaratdığı obrazların ruhunu duyurdu. Özgələşirdi və öz xarakterindən obrazda əsər-əlamət belə qalmazdı. Bu sevgi onu kinoya bağladı. Sonralar böyük istedadla yaratdığı rollar ona şöhrət gətirdi, “Şöhrət” ordeni ilə təltif olundu, “xalq artisti” kimi şərəfli ada layiq görüldü. Üstəlik, Dövlət mükafatları ilə təltif olundu. Amma bu şöhrətə çatana kimi Həsən müəllim uzun bir yaradıcılıq yolu keçdi. Bu yolun hansı çətinliklərdən keçdiyini o özü daha yaxşı bilirdi. Amma bu barədə danışmağı sevməzdi.

“Arşın mal alan” filmini Tofiq Tağızadə 1965-ci ildə çəkmişdi. Bu film tamaşaçıların böyük əksəriyyətinin arzusu ilə ekranlaşdırılmışdı. Belə ki, yüzlərlə məktubda xahiş olunurdu ki, film rəngli, genişekranlı variantda yenidən işlənsin. Tofiq müəllim onun “Böyük dayaq” filmindəki Qaraşını görmüşdü və bəyənmişdi. Əsgər roluna da Həsən Məmmədovu dəvət etmişdi.

Həsən müəllimlə söhbətlərimin birində deyirdi ki, I variantda bu rolda xalq artisti Rəşid Behbudov çəkilmişdi. Onun gözəl səsi var idi və ariyaları özü ifa etmişdi. Mənim isə səsim yox idi, ancaq rejissor məcbur edirdi ki, bu ariyaları özümüz oxuyaq. Doğrudur, biz öyrəndik bu ariyaları, ancaq filmdə Əsgərin ariyalarını Rauf Atakişiyev ifa edir. Beləliklə, o, Əsgəri də yenidən ekrana gətirdi.

Sonra isə “Bir cənub şəhərində” filmi gəlir. Əgər “Böyük dayaq” filmində ona mexanizator gəncin rolu həvalə edilmişdisə, bu dəfə ona şəhərli rolunu, özü də İçərişəhərdən olan Muradın obrazını həvalə etdilər. Gənc rejissor Eldar Quliyev debütünü yaratdığı “Bir cənub şəhərində” filmində kinoda ilk addımlarını atan Həsən Məmmədovu çəkmək istəyini bildirmişdi.

Murad çox mürəkkəb obrazdır. Onun sakit təbiəti, işgüzarlığı, atasını itirdikdən sonra ailənin məsuliyyətini öz çiyinlərinə götürməsi aktyoru ciddi problemlər qarşısında qoyurdu. Amma bunlar hamısı çəkiliş prosesində ötüb keçdi və Həsən Məmmədov Muradı çox təbii formada ekranda canlandırdı. “Bir cənub şəhərində” baş verənlərin bütün ağırlığı məhz bu obrazın üzərində dayanırdı. Bütün konfliktlər onun ətrafında birləşir və aktyordan onların həlli üçün güclü ifadə vasitələri tapmağı tələb edirdi. Həsən Məmmədov artıq kinoda müəyyən təcrübə qazanmışdı və obrazın daxili dinamikası ona manevr imkanları vermişdi. Murad Həsən Məmmədov yaradıcılığında bir növ yeni mərhələ üçün tramplin rolu oynadı. Rejissorlar gördülər ki, o həm dramatik, həm psixoloji, həm də dedektiv janrlarda yüksək məharətlə işləməyi bacaran, istedadlı aktyordur. Beləliklə, onun yaradıcılığının daha məhsuldar dövrü başlandı.

Həsən Məmmədovun kinoya gəldiyi vaxt artıq bu sənətdə böyük canlanma var idi. 60-cı illərin filmlərində dövrün sosialist məzmunu əks etdirilsə də, milli-mənəvi dəyərlərə xüsusi önəm verilirdi. Rejissorlarımız bu amili tam qabarda bilməsələr də, film boyu buna cəhd edildiyi aydın duyulurdu. Elə “Yeddi oğul istərəm” filmində olduğu kimi. Həsən müəllimə bu filmdə baş rol – Bəxtiyar obrazı həvalə olunub. Doğrudur, o, inqilabçı dəstənin rəhbəridir, “yeddi yoldaşdan” biridir. Kənddə sovet hakimiyyətini qurmaq məqsədilə buraya göndəriliblər. Amma Bəxtiyar adət-ənənələrə hörmətlə yanaşmaq, din adamlarına zorakılıq göstərməmək tapşırığı verir. Bəxtiyar ağıllıdır, təmkinli və tədbirlidir. O, Gəray bəyin dəstəsini zərərsizləşdirsə də, öz ətrafındakıları da itirir. Ancaq məqsədə nail olur.

Elə, inqilabi mübarizədən bəhs edən “Axırıncı aşırım” (rej.K.Rüstəmbəyov) filmində də ona Abasqulu bəyin geniş diapazonlu obrazı həvalə olunmuşdu. Bu film onun yaradıcılığının yüksək zirvəyə çatdığını bir daha təsdiq edirdi. Abasqulu bəy sovet hökumətini qəbul etmiş və elə, Kərbalayı İsmayılı da ağıllı olmağa, sovet hökuməti ilə barışmağa çağırır. O, yaxşı bilir ki, bu mübarizə mənasızdır.

Biz filmdə hər iki bəyin dialoqunu dinləyərkən hiss edirik ki, təslim olmağı Kərbəlayı öz qururuna sığışdırmır, baş verənləri qəbul etmək istəmir, ancaq Abasqulu bəy mümkün qədər ona hadisələri başa salmaq istəsə də, sonda özünü qurban verməli olur. Çox çətin obraz idi Şadlinski. Həsən Məmmədovun yaradıcı istedadı onu bütün varlığı ilə canlandırmaq imkanı verdi. O, bu roluna görə Ümumittifaq kinofestivalının “ən yaxşı kişi rolunun ifaçısı” mükafatını qazandı. Amma Respublika Komsomolu mükafatını Bəxtiyar (“Yeddi oğul istərəm”), SSRİ Dövlət mükafatını isə “İstintaq” filmindəki Murad roluna görə qazanmışdı. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında kinorejissor Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmində o, tamamilə başqa bir ampuluada çıxış edirdi. Kimin isə günahı ucbatından düşdüyü kriminal vəziyyət onu qəlbən sarsıtmışdı. Başqası cinayət törətmiş, ancaq onun boynuna atmışdılar. Biz Həsən Məmmədovun ifasında Muradın bütün daxili dünyası ilə tanış oluruq.

1972-ci ildə kinorejissor Arif Babayev ona romantik bir rol təklif etmişdi. Yəqin ki, söhbətin “Gün keçdi” filmindəki Oqtaydan getdiyi sizə məlum oldu. Bu filmə baxanlar yaxşı bilir ki, Oqtay adi mühəndisdir və layihə institutlarından birində çalışır. Onu qəlbən sevən, Moskvadan Bakıya ad gününü təbrik etməyə gələn keçmiş sinif yoldaşı Əsmərin məhəbbətinə biganəliyi bəzən tamaşaçıda çaşqınlıq yaradır. Əslində isə onun hərəkətlərində təmkinli, dostluğa vəfalı bir gəncin saf, mehriban münasibəti hiss olunur. O, obrazı elə təmkinlə, elə orijinal üslubda yaradıb ki, tamaşaçı, doğrudan da, çaş-baş qalır və sonda ona bəraət qazandırır.

Ağababa (“Bağ mövsümü”) isə, sadə avtobus sürücüsüdür. Yüksək əxlaq normaları ilə yaşayan, namuslu bir insandır. Ancaq ətrafında baş verənlər bəzən onu təbdən çıxarır. Bağ evində kirayədə yaşayan harınlamış ailənin və onun başçısının azğınlığı Ağababanı təngə gətirir. Hətta, onun iti belə bu insanların səxavətini qəbul etmir.

Mən Həsən müəllimin oynadığı bütün rollara tamaşa etmişəm və qənaətim budur ki, onu Tanrı elə kino üçün yaratmışdı. Rəngarəng rolları ilə o, bizim kinoya bir ucalıq gətirdi. Təsəvvür edin o, “Dədə Qorqud”da da, “Alma almaya bənzər”də də eyni həvəslə oynadı.

Həsən müəllimin rollarını sadalamaq fikrindən uzağam. Amma onu demək istəyirəm ki, milli kinomuz onun gəlişi ilə çox şeylər qazandı. Həsən müəllim yüz filmdə bu qədər də rol oynadı. Onların hamısı mənəvi dünyamızın yadigarlarıdır. Biz onlardan insanlıq öyrənmişik, onlar bizi Vətənə, torpağa bağlı olmağa çağırıb, bizə çətin situasiyalardan xilas yollarını öyrədib. Bu böyük sənətkar sayılıb-seçilən insanlardan idi. Onu hamı sevirdi. Bu dünyadan apardığı isə xalqının sevgisi, məhəbbəti oldu.

İndi tez-tez filmlərimizdə onun adına rast gələndə hər kəs “Allah rəhmət eləsin, gözəl sənətkar idi” deyir. Bu xoşbəxtlik isə hər kəsə nəsib olmur.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 21 noyabr.- S. 8.