Yeni Azərbaycan Partiyası xoşbəxt gələcəyimiz
uğrunda mübarizənin ön sırasındadır
Bu gün YAP-ın yaranmasının 19-cu
ildönümü tamam olur
1988-ci ildən etibarən Azərbaycanda başlanan
siyasi, dövlət və hakimiyyət böhranı getdikcə
dərinləşirdi. Ölkəmizə düşmən olan
qüvvələr daxildəki əlaltılarının
köməyi ilə hərc-mərcliyi gücləndirməyə,
etnik qarşıdurmalara və vətəndaş müharibəsini
reallaşdırmağa can atırdılar. Bir-birinin ardınca baş verən qanunsuzluqlar,
özbaşınalıq və anarxiya xalqın
narazılığını daha da gücləndirdi.
Azərbaycan
xalqını gözdən salmaq üçün mərkəzdən
— Kremldən hazırlanmış planların həyata
keçirilməsi vəziyyəti daha da
ağırlaşdırırdı. Ermənistanda — öz
tarixi torpaqlarında yaşayan 250 minə qədər
soydaşımız ata-baba yurdlarından qovulur, xalqın haqq
səsi eşidilmirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi Haqqında
Konstitusiya Aktı qəbul edilsə də, Ayaz Mütəllibov
rejimi keçmiş imperiya mərkəzinə yarınmaq siyasəti
yeridirdi. Azərbaycana qarşı açıq təcavüzün
qarşısını almaq, soydaşlarımızın təhülkəsizliyini
qorumaq, milli ordu yaratmaq əvəzinə öz hakimiyyətini
qoruyub saxlamağa çalışan A. Mütəllibov və
onun tərəfdarları əsasən Moskvadakı
ağalarının tapşırıqlarını yerinə
yetirirdilər. Ölkədə yaranmış xaos və anarxiyadan
öz məqsədləri naminə istifadə edən Azərbaycan
Xalq Cəbhəsi Ayaz Mütəllibovu
rüsvayçılıqla hakimiyyətdən
uzaqlaşdırdı və AXC-nin “meydan qəhrəmanları”
hakimiyyəti ələ aldı.
AXC-Müsavat
cütlüyünün hakimiyyəti dövründə yenicə
müstəqilliyini qazanmış Azərbaycan uçuruma daha
da yaxınlaşırdı. Səriştəsiz və
naşı “siyasətçilər” hakimiyyətdə
olduqları qısa müddət ərzində ölkəni fəlakət
girdabına, vətəndaş qarşıdurmasına və
parçalanma həddinə gətirib çıxardılar. Ölkədə
iqtisadi böhran getdikcə dərinləşir, beynəlxalq
aləmə inteqrasiyada heç bir irəliləyiş hiss
olunmurdu. Xalqın güzəranı, həyat tərzi gündən-günə
pisləşirdi. Ermənistanın torpaqlarımızı hissə-hissə
işğal etməsinin və ərazi iddialarının
qarşısı alınmırdı. Xarici siyasət sahəsində yol verilən
kobud səhvlər Azərbaycanın dünya miqyasında təklənməsinə,
inkişaf etmiş bir sıra dövlətlərlə
qarşılıqlı münasibətlərinin gərginləşməsinə
gətirib çıxarmışdı. Belə bir şəraitdə
ölkədə yaranmış ziddiyyətli proseslərdən
düzgün nəticə çıxara biləcək,
xalqı bir şəxsiyyətin, liderin ətrafında birləşdirərək,
müstəqilliyimizi qoruyub saxlaya biləcək, milli dövlətçiliyimizə
qarşı təzyiqlərin qarşısını almağa
qadir olan bir siyasi partiyanın yaradılmasına böyük
ehtiyac var idi. Elə bir partiya ki, xalq onun liderinə inansın,
ətrafında sıx birləşsin və Azərbaycanı
müstəqil dövlət kimi yaşatsın, inkişaf
etdirsin. Xalqın yeganə ümid və inam yeri o vaxt
Naxçıvanda yaşayan və Naxçıvan MR Ali Məclisinə
rəhbərlik edən ümummilli lider Heydər Əliyev idi.
İnsanların düşüncəsinə belə bir
aydın həqiqət hakim kəsilmişdi: yeni həyat, yeni
zaman və Yeni Azərbaycan üçün lideri qüdrətli
tarixi şəxsiyyət Heydər Əliyev olan bir siyasi partiya
yaranmalıdır. Yalnız bu partiya Azərbaycanın
bütün inkişaf və tərəqqi yollarını
işıqlandıra və xalqı XXI əsrin
aydınlığına qovuşdura bilərdi. Yaranmış
ağır vəziyyətdən çıxış yolunu
yalnız ulu öndərdə görən ziyalılar 1992-ci
ildə ona müraciət etdilər. Müraciətdə
deyilirdi: “... Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə
bu çətin, məsuliyyətli işi respublikada öz
öhdəsinə götürməyə gücü
çatan yeganə şəxs Sizsiniz! Uzun illər əldə
etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq,
Siz qısa müddətdə Azərbaycanda geniş xalq
kütləsinin əhatə eləyəcək, çox
böyük güclü, nüfuzlu və işlək bir
partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın,
demək olar ki, bütün bölgələrində
aparılan ictimai rəy sorğularının nəticələrinə
və bizim təşkilat komitəsinə daxil olan minlərlə
şifahi və yazılı vətəndaş təkliflərinə
əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq
istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik
etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz.
Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına
qoyduğu məqsədə çatar, respublikanın
bütün zümrələrindən olan xalq kütləsini
öz ətrafında birləşdirərək Azərbaycanın
siyasi-iqtisadi həyatında mövcud olan boşluğu
doldurar, dövlət quruculuğu işlərinə öz
layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan
Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin
ətrafında birşləşəcək, dərin zəkalı,
təmiz əxlaqlı, yüksək mədəniyyətli,
müstəqil düşüncəli, milli qürurlu, peşəkar
insanların siyasi partiyasına çevriləcək. Əgər
bu partiyanın bünövrəsini Sizin kimi güclü
dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın
bir neçə nəsli üçün də siyasi yetkinlik
məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni
düşüncə tərzli insanların Sizin ətrafınızda
sıx birləşdiyi mütəşəkkil, güclü,
aparıcı qüvvəyə malik bir partiya kimi
görürük. İnanırıq ki, Azərbaycanımızın
bu günü, sabahı naminə, başqa partiya, qurum və cəmiyyətlərin
vətənpərvər üzvləri də həlledici anda məhz
bu partiyanın mövqeyində dayanacaqlar”.
Ulu öndər Heydər Əliyev
ziyalıların müraciətinə 1992-ci il oktyabrın 24-də
cavab verdi. Azərbaycanın müstəqil dövlətçiliyinin,
ərazi bütövlüyünün təhlükə
qarşısında qalması, insanların həyatının
dözülməz hala düşməsi, vəziyyətin
getdikcə daha da ağırlaşması və digər dəhşətli
hallarla bağlı ziyalıların ciddi
narahatlığını haqlı hesab edən ümummilli
lider Heydər Əliyev cavab məktubunda yaranmış vəziyyəti
dərindən təhlil etmiş və nicat yollarını da
göstərmişdir. Qüdrətli şəxsiyyət Azərbaycanın
xilası naminə, xalqın təkidli xahişi, istəyi ilə
Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə
razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də
Yeni Azərbaycan Partiyasının təsis konfransı
keçirildi.
YAP-ın yaradılması ilə
bağlı çətinliklərdən danışarkən
ulu öndər Heydər Əliyev demişdir: “1992-ci ildə
Naxçıvanda ağır bir şəraitdə,
böyük təzyiqlər altında biz partiyanın
yaranması ilə əlaqədar xeyli işlər
gördük və ilk konfrans keçirdik. O vaxt, əlbəttə
ki, partiyanın yaranması yalnız ayrı-ayrı şəxslərin,
bu partiyanın yaranmasında çox təşəbbüs
göstərmiş insanların, o cümlədən təkcə
mənim xidmətim deyildir. Yeni Azərbaycan Partiyası o
vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan
xalqının mənafellərinə xidmət etmək
üçün və xalqın o ağır dövründə
ölkəmizin qarşısında duran məsələlərin
həll edilməsi üçün zamanın tələblərinə
uyğun olaraq zərurətdən yaranmış bir
partiyadır. Biz partiyanı yaradarkən heç də
düşünmürdük ki, qısa bir müddətdən
sonra hakimyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki
vəziyyət — sizin hamınıza məlum olan vəziyyət
— bizim hamımızı düşündürürdü. Ona
görə də bir tərəfdən, biz hesab edirdik ki,
partiyanı yaradaraq, biz xalqımıza müəyyən bir
xidmət göstərə bilərik. İkinci tərəfdən
də, sadəcə, ölkənin belə ağır vəziyyətində
bir çox insanların ümidi, istəyi, nəhayət, bu
partiyanın yaranmasına gətirib çıxardı”.
Azərbaycanın müasir və
gələcək tarixində, xalqımızın taleyində
mühüm rol oynayan, müstəqilliyimizi əbədi, daimi
edən, ölkəmizi nurlu sabaha apara biləcək Yeni Azərbaycan
Partiyası yaradıldı və dünya şöhrətli
siyasi xadim Heydər Əliyev bu partiyanın sədri
seçildi.
Yeni Azərbaycan
Partiyasının Azərbaycanın müstəqillik tarixində
ən böyük missiyası Azərbaycanın ən
ağır, faciəli günlərində, onun taleyinin
ölüm-dirim məsələsi həll olunduğu bir vaxtda
xalqla, geniş kütlə ilə onun yeganə nicatı olan
Heydər Əliyev arasında ümid yeri olmasında “Heydər
— Xalq” birliyinin təzahürünə çevrilməsindədir.
Milli dövlətçiliyimizin yaranmasında və möhkəmlənməsində,
yeni iqtisadi münasibətlərin formalaşmasında,
ictimai-siyasi sabitliyin bərqərar olunmasında, demokratik cəmiyyət
quruculuğunda əvəzsiz rol oynayan YAP-ın ölkənin əsas
inkişaf strategiyasının istiqamətverici qüvvəsinə
çevrilməsi onun lideri Heydər Əliyevin adı ilə
bağlıdır. Bu partiya böyük bir tarixi zərurət
nəticəsində yaranmışdır. Onun getdikcə daha
çox nüfuz qazanaraq cəmiyyətin əsas
aparıcı siyasi qüvvəsinə çevrilməsi də
bu zərurətin ifadəsidir. Xalq müdrik şəxsiyyət
Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan
Partiyasının ətrafında sıx birləşdi.
Xalqın təkidli xahişi ilə ümummilli lider Heydər Əliyev
yenidən hakimiyyətə gəldikdən sonra dövlətimizin
əsl müstəqillik tarixi başlandı və Yeni Azərbaycan
Partiyası müxalifət partiyasından iqtidar partiyasına
çevrildi.
Azərbaycana ikinci dəfə rəhbərlik
etdiyi dövrdə YAP-ın sədri, ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi şərəfli
xilaskarlıq missiyası bütün dünyanın
gözü qarşısında cərəyan etmişdir. Azərbaycan
parçalanmaqdan xilas oldu, müstəqillik və demokratiya
yolunda inamla irəlilədi. Müstəqil Azərbaycan
dövləti gələcəyə inamla baxan güclü,
qüdrətli bir dövlətə çevrildi. Ulu öndərin
gərgin zəhməti, yorulmaz fəaliyyəti, siyasi iradəsi
sayəsində həyata keçirdiyi nəhəng işlər
müstəqil dövlətimizi dünyanın inkişaf
etmiş dövlətləri ilə bir cərgəyə qoydu.
Yeni Azərbaycan Partiyası demokratik siyasi partiya kimi
böyük nüfuz qazandı və qısa müddət ərzində
bu partiya üzvlərinin sayına görə ölkədəki
digər siyasi təşkilatlar üçün əlçatmaz
oldu. 1993-cü ildən başlayaraq bütün seçkilərdə
böyük üstünlüklə qələbə
qazanması, digər siyasi partiyaları xeyli arxada qoyması
YAP-ın ən güclü, ən qüdrətli partiya
olmasından xəbər verir. Ulu öndər YAP-ın ən
güclü partiya olmasını müxtəlif tədbirlərdə
çıxış edərkən dəfələrlə bəyan
edərək deyib: “Yeni Azərbaycan Partiyası Azərbaycanın
həyatında ən güclü, ən böyük
intellektual səviyyəyə, ən böyük hörmətə
malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın
bu gününün partiyasıdır, Azərbaycanın
sabahının partiyasıdır, XXI əsrin
partiyasıdır, üçüncü minilliyin
partiyasıdır”.
Yeni Azərbaycan Partiyası Azərbaycan
xalqını Heydər Əliyev idealları ətrafında səfərbər
edən siyasi-ideoloji məktəbdir. Bu partiyanın siyasi
strategiyasının məntiqli nəticəsi olaraq bu gün
Azərbaycan siyasi həyatına Heydər Əliyev siyasi məktəbinin
yetirməsi, müstəqilliyimizin və demokratiyanın
qarantı olan, yeni düşüncəyə, yeni təfəkkürə
malik bir gənclik qədəm qoyub. Bu gənclik Azərbaycanın
siyasi həyatına yeni təfəkkür, praqmatik
düşüncə və intellektual səviyyə tərzi
ilə qədəm qoymuş bir liderin — möhtərəm
Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyevin ətrafında sıx birləşib.
Ümummilli lider Heydər Əliyevin ideyalarını
yaşadan, siyai kursunu layiqincə davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan
Partiyasının aparıcı mövqelərinin daha da
möhkəmləndirilməsi, cəmiyyətin demokratik
düşüncəli, hərtərəfli biliyə malik
sağlam qüvvələrinin milli dövlətçilik
ideyaları ətrafında daha sıx birləşdirilməsi
üçün çox zəruri, dəyərli işlər
görür. Möhtərəm Prezidentimizin
düşünülmüş siyasəti nəticəsində
bu gün Azərbaycan Avropaya və dünya birliyinə
böyük uğurla inteqrasiya edir. Müstəqil dövlətimizin
beynəlxalq aləmdəki mövqeləri getdikcə daha da
möhkəmlənir, əlaqələri genişlənir.
Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi
iqtisadi strategiya Azərbaycanın iqtisadi qüdrətini daha da
artırıb. Hazırda müstəqil dövlətimiz
iqtisadiyyatın sürət tempinə görə dünyada
lider dövlətdir. Aparıcı beynəlxalq qurumların rəyinə
görə, Azərbaycan dünyada ən islahatçı
dövlətdir. Bütün bunlar möhtərəm
Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının məntiqli siyasi xəttinin nəticəsidir.
... Artıq 17 ildir ki, Azərbaycanın
ictimai-siyasi həyatında öz liderliyini qoruyub saxlayan və
daha da möhkəmləndirən Yeni Azərbaycan
Partiyasının üzvlərinin sayı beş yüz minə
çatmaq üzrədir. 17 ildir ki, ölkədə
keçirilən bütün seçkilərdə rəqiblərinə
böyük üstünlüklə qalib gələn Yeni Azərbaycan
Partiyası üçüncü minilliyin partiyasıdır.
Partiyanın böyük müvəffəqiyyətlə həyata
keçirdiyi strategiyası onu liderlik zirvəsindən
heç vaxt endirməyəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 21 noyabr.- S. 5.