Rusiya Yazıçılar İttifaqında
görüş
Azərbaycanlı ədib Yazıçılar
İttifaqının 75 illik yubiley medalı ilə təltif
edilmişdir
Ötən həftə Avrasiya Yazıçılar
Liqasının prezidenti, Rusiya Yazıçılar
İttifaqı Moskva təşkilatının baş direktoru,
müasir rus poeziyasının görkəmli nümayəndələrindən
olan Vladimir Boyarinov Azərbaycanlı yazıçı-filosof,
dünya kəlam məktəbinin ən görkəmli
nümayəndələrindən olan Hacı Fərhad Mirzəni
Moskvaya dəvət etmişdir. Dost ölkənin paytaxtında
keçirilən görüşdə
soydaşımızın ədəbi yaradıcılığının
bu ölkədə yüksək qiymətləndirildiyi barədə
bir neçə məqam vurğulanmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan,
Türkiyə və Rusiya Yazıçılar Birliklərinin
üzvü, Türk Dünyası Araşdırmaları
Uluslararası Elmlər Akademiyasının akademiki Hacı Fərhad
Mirzə SSRİ Yazıçılar İttifaqının 75
illiyi münasibətilə təsis edilmiş “Yubiley
medalına” layiq görülmüşdür. İkinci məqam
isə azərbaycanlı müəllifin “Mısl” nəşriyyatında
çapa hazırlanan “Kəlamlar” (“Kyalam”) kitabının
ön sözünün məhz Vladimir Boyarinov tərəfindən
yazılmasıdır. Kitabı rus dilinə fəlsəfə
elmləri doktoru, professor Əli Abbasov tərcümə
etmişdir.
Vladimir Boyarinov Hacı Fərhad
Mirzə ilə söhbətində qeyd etmişdir ki,
1934-cü ilin avqustunda — XX əsrin ən görkəmli
yazıçılarından olan Maksim Qorkinin rəhbərliyi
ilə yaradılmış (M.Qorki 34-36-cı illərdə bu
ittifaqın ilk sədri olmuşdur — red.) SSRİ
Yazıçılar İttifaqı Avrasiyanın kifayət qədər
böyük ərazisini əhatə edən bir məkanda
özünəməxsus xidmətlərə malik olmuşdur. SSRİ
dağılandan sonra isə təkcə Rusiyada və ya Azərbaycanda
deyil, bütövlükdə postsovet məkanında müəyyən
maraqlı qüvvələrin dəstəyi ilə mənəvi
dəyərlərin aşınması prosesi
başlanmışdır. Təsadüfi deyildir ki, Rusiya
Yazıçılarının XIII qurultayında (aprel-2009-cu
il – red.) yazıçı Boris Burmistrov həyəcan təbili
çalaraq televiziyaların, sarı mətbuatın və bir
sıra təşkilatların mənfi təbliğatının
qarşısının alınmasının vacibliyini qeyd
etmişdir. Həm Moskvada, həm də Bakıda dövlət
rəsmiləri bu istiqamətdə çoxsaylı tədbirlər
həyata keçirsə də, ziyalıların, xüsusən,
qələm sahiblərinin üzərinə böyük vəzifələr
düşür: “Mən məmnunam ki, Azərbaycanlı
yazıçı Fərhad Mirzənin
yaradıcılığında mənəvi
aşınmaların aradan qaldırılması
üçün özünəməxsus mübarizə ahəngi
vardır” — deyə Vladimir Boyarinov bildirmişdir.
Rusiyalı ədəbiyyat
rəsmisi yubiley medalını Hacı Fərhad Mirzəyə
təqdim etmiş, “Kəlamlar” kitabının böyük əhatəyə
malik rusdilli oxucular məkanına təqdim edilməsindən məmnunluğunu
dilə gətirmişdir. Sonra Hacı Fərhad Mirzə
çıxış edərək dost ölkədə onun
yaradıcılığına göstərilən
böyük diqqətə və təltifə görə
öz minnətdarlığını ifadə etmişdir. Soydaşımız
qeyd etmişdir ki, ədəbiyyatların dostluğu dövlətlərin
və xalqların dostluğuna həmişə böyük
töhfə verib və yenə də verəcəkdir. Görüşdə
Avrasiya Yazıçılar Liqasının üzvü,
TDAUEA-nın Azərbaycan təmsilçisi, professor Elçin
İsgəndərzadə də iştirak etmişdir. Qeyd edək
ki, görüş 2009-cu ilin aprelində Rusiya
Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatında
bilavasitə Vladimir Boyarinovun təşəbbüsü ilə
yaradılmış “Boyarinov Ədəbi-Bədii
Studiyası”nda keçirilmişdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 22 noyabr.- S. 6.