Ömür bir pəncərədir...
Xeyirxah, işgüzar, yaxşı əməl sahibləri
həyat durduqca yaşayırlar. Həyatda özündən
sonra iz qoyan, millətinə, xalqına sədaqətlə xidmət
edən, yüksək təşkilatçılıq qabiliyyətinə
malik şəxslər insanların qəlbində hələ
sağlığında ikən öz heykəllərini
ucaldırlar. Belə şəxslərdən biri də uzun illər
partiya-sovet orqanlarında işləmiş,
qurub-yaratmış, yaddaşlara həkk olunmuş Vahid
İsmayılovdur. Ömür vəfa etsəydi, bu günlərdə
78 yaşı tamam olacaqdı.
Vahid İsmayılovun
işgüzarlığı, prinsipiallığı, insanlara
böyük qayğı göstərməsi barədə
çox eşitmişdim. Onun haqqında yazılmış
kitabları, mətbuatda dərc olunmuş məqalələri
oxuduqca yaxşı əməlləri ilə həyatda silinməz
izlər buraxmasına bir daha əmin olursan. İşlədiyi
rayonun, habelə respublikanın tərəqqisi
üçün gecə-gündüz çalışan,
el-obanın qayğısına qalan, insanların dərdini
öz dərdi bilən, kimsəsizlərə arxa - dayaq olan
Vahid İsmayılovun həyat yoluna diqqət yetirdikdə onun
33 yaşında böyük etimad qazandığının
şahidi oluruq...
Sovet dövründə,
o sərt vaxtlarda qüdrətli tarixi şəxsiyyət Heydər
Əliyevin rəhbərliyi altında rayon rəhbəri olmaq
böyük məsuliyyət tələb edirdi. Hər bir sahəni
mükəmməl bilən, Vətənin çiçəklənməsini,
şöhrətlənməsini, insanların həyat tərzinin
yaxşılaşmasını daim diqqət mərkəzində
saxlayan ulu öndər kadrların seçilib- yerləşdirilməsini
də prioritet məsələlərdən hesab edirdi. SSRİ
məkanında Azərbaycanın bütün sahələr
üzrə inkişafı, geriliyin aradan qaldırılması
və qabaqcıllar sırasına qoşulması ən vacib vəzifə
kimi qarşıya qoyulmuşdu. Bundan ötrü yüksək
təşkilatçılıq qabiliyyətinə malik,
prinsipial, Vətənə və xalqa sədaqətlə qulluq
edən, öz işgüzarlığı ilə
başqalarına nümunə ola biləcək ziyalılara
böyük ehtiyac var idi. Ulu öndər Heydər Əliyev
belə şəxslərə böyük diqqət yetirir, onlara
etimad göstərirdi. Vahid İsmayılov ulu öndərin
etimad göstərdiyi kadrlardan idi. Belə olmasaydı, onu geridə
qalmış rayonların birinə rəhbər təyin etməzdi.
O vaxt respublikamızda ən böyük
pambıqçılıq və heyvandarlıq rayonu kimi
tanınan Ağcabədiyə belə bir gənc kadrın rəhbər
təyin edilməsi dahi şəxsiyyətin uzaqgörənliyi,
insanları yaxşı tanıması, gənclərə inam
və etimadın nəticəsi idi. V. İsmayılov bu
etimadı öz əməli işi ilə doğrultmuşdu.
O, hələ Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışarkən işgüzarlığı ilə
diqqəti cəlb etmişdi. İldən-ilə uğurlar
qazanan, iqtisadi göstəricilərinə, əldə olunan
müvəffəqiyyətlərinə, sosial-mədəni sahədəki
nailiyyətlərinə görə Ağcabədi rayonu tezliklə
respublikamızda öncül yerlərdən birinə yüksəldi.
İnsanların əməyinə,
zəhmətkeşlərə verilən yüksək qiymət,
abadlaşdırılmaya, tikintiyə xüsusi diqqət yetirməsi
yerli əhalinin ona inamını daha da artırırdı.
O dövrdə Ağcabədi
rayonu ilə həmsərhəd olan Jdanov (indiki Beyləqan) da
geridə qalan rayonlardan idi. Qüdrətli şəxsiyyət
Heydər Əliyevin respublikada başladığı geniş
miqyaslı işlər Jdanov rayonunda çox ləng həyata
keçirilirdi. Rayonun iqtisadi qüdrətinin
artırılması, qabaqcıllar cərgəsinə
qoşulması üçün yüksək təşkilatçılıq
qabiliyyətinə malik, işgüzar kadra böyük ehtiyac
var idi. Ümummilli lider Heydər Əliyev belə bir vaxtda yenə
də Vahid İsmayılova etimad göstərdi və onu Jdanov
(Beyləqan) Rayon Partiya Komitəsinə birinci katib göndərildi.1978-ci
ildən 1982-ci ilin sonunadək bu rayonda Vahid İsmayılovun rəhbərliyi
altında yüksək nailiyyətlər əldə olundu.
Hazırda rayonda əsas tədbirlərin
keçirildiyi 600 yerlik mədəniyyət sarayı məhz
V. İsmayılovun səyi nəticəsində tikilib. Rayonun
daxili imkanları hesabına tikilməyə başlayan bu
böyük tikinti kompleksi sonradan plana da salındı. O
dövrdə ulu öndər müntəzəm olaraq rayonlara
gedir, görülən işlərlə yaxından
tanış olurdu. Jdanov (Beyləqan) rayonunda olarkən
görülən işlərdən
razılığını bildirən və əlavə
tapşırıqlar verən umummilli lider mədəniyyət
sarayı kompleksində inşaat işləri ilə
tanış olarkən bu tikintinin cari ilin planına
salınması barədə yerindəcə göstəriş
vermişdir. Ulu öndərin bu qayğısı rayon rəhbərliyinə
sanki güc-qüvvət verdi. Gənc, perspektivli,
işgüzar gənclərə şərait yaradıldı.
Rayon iqtisadiyyatının əsasını təşkil edən
pambıqçılıqla yanaşı
üzümçülük, heyvandarlıq və digər sahələrin
inkişafında da əsaslı dönüş yarandı. Nəhayət,
Beyləqan rayonu respublikamızın inkişaf etmiş
rayonları sırasına qoşuldu. Ümumiyyətlə,
Vahid İsmayılova hansı sahə tapşırılırdısa,
o sahədə ciddi irəliləyiş müşahidə
olunurdu. Ümummilli lider Heydər Əliyev V. İsmayılovu
qabaqcıl, tapşırılan işi layiqincə yerinə
yetirən, yüksək təşkilatçılıq
qabiliyyətinə malik kadr kimi xarici ölkələrdə
keçirilən tədbirlərə də göndərirdi. O
vaxtlar artıq ənənəyə çevrilmiş Azərbaycan-Özbəkistan
pambıqçıları arasında qabaqcıl iş təcrübəsini
öyrənmək üçün qarşılıqlı səfərlərdə
V. İsmayılov yeganə birinci katib idi ki, həmişə
respublikamızın nümayəndə heyətinin tərkibinə
salınırdı. Bu da ulu öndərin etimadının,
inamının nəticəsi idi. Onlarla xarici ölkələrdə
də o, Azərbaycanı müvəffəqiyyətlə təmsil
edib.
1969-cu ildən 1983-cü ilə qədər
respublikanın bir sıra rayonlarında rəhbər vəzifələrdə
çalışmış V. İsmayılovun əməyi o
vaxtlar dövlətin ən yüksək mükafatlarına
layiq görülmüşdür. Bu təltiflər
sırasında iki Lenin ordeni, iki Oktyabr İnqilabı ordeni,
Qırmızı Əmək Bayrağı ordeni və digərləri
diqqəti cəlb edir. O, Azərbaycan KP MK-nın üzvü və
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1974-1976-cı
illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
üzvü olmuşdur. Onu da qeyd edək ki, belə yüksək
dövlət mükafatlarına layiq görülmək, səlahiyyətli
vəzifələrə seçilmək o qədər də
asan deyildi. Bütün bunlar bir daha təsdiqləyir ki, Vahid
İsmayılov ulu öndərin inandığı və
güvəndiyi şəxslərdən idi. Hətta, bir dəfə
V. İsmayılovun səhhətində problem yarananda
Bakıdan xüsusi həkim briqadası Jdanova (Beyləqana)
göndərilmiş və yerindəcə ona yüksək
tibbi yardım göstərilmişdi.
... Azərbaycan ikinci dəfə
müstəqilliyini qazandıqdan sonra xalqın təkidli
xahişi ilə yenidən hakimiyyətə gələn
ümummilli lider Heydər Əliyev V. İsmayılovun ailəsi
ilə maraqlanmışdır. Qədirbilən ulu öndər
hələ Moskvada yüksək vəzifədə işləyərkən
məşhur neftçi Fərman Salmanov Vahid İsmayılovun
dünyasını dəyişməsi barədə ona məlumat
vermişdi. Ümummilli lider bu acı xəbərdən
çox mütəəssir olduğunu bildirmişdi. Müstəqil
Azərbaycanın inkişafında, daha da şöhrətlənməsində
belə təcrübəli, yüksək peşəkarlıq
qabiliyyətinə malik şəxslərə böyük ehtiyac
var idi.
Hazırda müstəqil dövlətimiz
ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm
qoymuş, beynəlxalq aləmdə böyük nüfuz
qazanmışdır. Bu siyasi kurs müstəqil Azərbaycanı
getdikcə şöhrətləndirəcək. Vahid
İsmayılov bu günü görməyə haqqı
çatan şəxslərdən idi. Çünki o da
ümummilli lider Heydər Əliyev siyasi məktəbindən
dərs almışdı, ulu öndərin rəhbərliyi
altında uzun müddət rəhbər vəzifələrdə
çalışmışdı, böyük təcrübə
toplamışdı və sovetlər birliyində
respublikamızın qabaqcıllar sırasına
qoşulmasında böyük zəhmət payı
olmuşdur.
Vaxtsız ölüm aman versəydi,
bu günlərdə 78 yaşı tamam olacaqdı. Öz
biliyini, bacarığını, yüksək təşkilatçılıq
qabiliyyətini müstəqil dövlətimizin çiçəklənməsi
yolunda yenə də əsirgəməyəcəkdi. Elə bu
sədaqətinə, özündən sonra silinməz iz
qoyduğuna, işlədiyi dövrdə insanlara qayğı
göstərdiyinə görə bu gün də qəlblərdə
yaşayır.
Ağakişi HACIYEV,
Azərbaycan Vəkillər Kollegiyasının üzvü
Xalq qəzeti.- 2009.- 22 noyabr.- S. 5.