Sumqayıt – 60
“Baxdıqca hər yana qəlbə xoş gəlir”
Sumqayıt şəhəri
çox uğurla inkişaf edir. Sumqayıtda gedən quruculuq,
abadlıq işləri məni çox sevindirir. Bildiyiniz kimi,
mən tez-tez Sumqayıta gəlirəm, vəziyyətlə
tanış oluram. Şəhərin gələcək
inkişafı üçün bütün lazımi tədbirlər
görülür və addımlar atılır. Sumqayıt
gözəlləşir, cavanlaşır, yeni yollar, parklar
salınır, yeni binalar tikilir, köhnə binalar bərpa
olunur. Eyni zamanda, Sumqayıtın müasir sənaye mərkəzinə
çevrilməsi üçün bizim böyük
planlarımız vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Elə bil dünən
idi — Sumqayıtın təməl daşları qoyuldu. Boz çöllər cana gəldi.
Zavodlar, fabriklər tikildi, evlər sıralandı. Arzular, istəklər
nura boyandı...
Bakının 30-35
kilometrliyindəki sənaye rayonuna — yaşayış məntəqəsinə
şəhər adı verildi. Gənc şəhər sürətlə
böyüdü, gözəlləşdi. Hünər, zəfər
qalasına çevrildi...
Bu gün artıq
Sumqayıt şəhərinin 60 yaşı var. O vaxt
böyük həvəslə Xəzərin sahilinə şəhər
salmağa gələn 20-25 yaşlı gənclərin
çoxu qocalıb dünyasını dəyişdi. Amma
şəhərin bugünkü növrağı ilə
öyunən, yaşı 80-i, 90-ı ötən
sumqayıtlılar da var aramızda.
Sumqayıt onu
qurub-yaradanların özləri üçün
ucaltdıqları möhtəşəm bir abidəyə bənzəyir.
Gözəlliyi ilə dünyaya meydan oxuyur. Şair, rəssam
və bəstəkarların ilham mənbəyi, adi sakinlərin
qürur ünvanı, bu yerlərdən əskik olmayan xəzrinin,
gilavarın anbaan sehirləndiyi gözəl, sevimli bir məkandır
Sumqayıt!
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt
şəhərinin 60 illik yubileyinin keçirilməsi ilə
bağlı bu il aprelini 24-də imzaladığı sərəncam
hər bir sumqayıtlının ürəyindən xəbər
verib: “2009-cu ilin noyabr ayında Sumqayıt şəhərinin
yaradılmasının 60 ili tamam olur. Ötən müddət
ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək
ölkəmizin böyük sənaye mərkəzlərindən
birinə çevrilmişdir. İri müəssisələr
şəbəkəsinin və müvafiq infrastrukturun
formalaşması şəhərin mədəniyyət, elm, təhsil,
səhiyyə, idman və digər sahələrdə tərəqqisinə
güclü təkan vermişdir. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra Sumqayıt şəhəri öz
tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısı olan Sumqayıt qazandığı
nailiyyətləri ilə suveren Azərbaycan
Respublikasının iqtisadi qüdrətinin daha da
artırılmasında yaxından iştirak edir, ölkənin
mədəni və intellektual potensialının gücləndirilməsi
naminə töhfələr verir...”
Sumqayıtın 60 illik yubileyinin
ölkəmizdə geniş qeyd edilməsi dövlət
başçısının Sumqayıta və
sumqayıtlılara diqqət və qayğısının,
doğma münasibətinin daha bir təzahürüdür. Yubilyar şəhərin ictimaiyyəti Prezident
İlham Əliyevin 1 oktyabr 2009-cu il sərəncamı ilə
Sumqayıtda abadlıq işlərinin sürətləndirilməsi
üçün dövlət başçısının
ehtiyat fondundan yüksək məbləğdə vəsait
ayrılması bu sahədə görülən tədbirlərin
gücləndirilməsinə əlavə stimul
yaradıb. Yubileyə bir neçə gün
qalmış şəhərin sosial-iqtisadi inkişafında
xidmətlərinə görə 6 nəfərin “Şöhrət”
ordeni, 41 nəfərin “Tərəqqi” medalı ilə təltif
olunması, 13 nəfərə fəxri adların verilməsi,
daha 5 nəfərinsə Prezidentin fərdi təqaüdlərinə
layiq görülməsi sumqayıtlıların bayram
ovqatını daha da yüksəltmişdir.
“Zülmətlərə işıq saçan şəhərim”
Noyabrın 19-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
Sumqayıta gəlmişdir. Dövlətimizin
başçısı əvvəlcə ümummilli lider Heydər
Əliyevin şəhərin mərkəzindəki abidəsini
ziyarət edərək önünə gül dəstəsi
qoymuş, sonra 525 meqavatlıq Sumqayıt Elektrik
Stansiyasının açılışında iştirak
etmişdir.
Prezident İlham Əliyev şəhərin
60 illik yubileyi münasibətilə sumqayıtlıları təbrik
etmişdir. Dövlətimizin başçısı dörd
il əvvəl burada təməl daşını qoyduğu
stansiyanın idarəetmə mərkəzindən qurğunu
işə salmış, ən qabaqcıl texnologiyalara malik
stansiyanı nəhəng infrastruktur mərkəzi
adlandırmışdır.
Sumqayıtın
yubileyinin keçirildiyi, böyük elektrik
stansiyasının işə salındığı bu
unudulmaz günlərdə düz 68 il öncəki tarix yada
düşür. 1941-ci il fevralın 13-də gələcək
Sumqayıt şəhərində axşam mitinqinə
toplaşanlar Azərbaycanda ilk İES-in
açılışının şahidi olmuşdular. İlk turbin blokunun uğultusu ətrafı
bürümüş, Dəhnə düzü nura qərq
olmuşdu. Əsl toy-bayram idi. Ətraf kənd və qəsəbələr
neft lampası ilə həmişəlik vidalaşırdı.
Stansiyanın nur çeşməsi Sumqayıta yeni həyat
verirdi. İES gələcək şəhərin “ürəyi”
idi... Və 2009-cu il noyabrın 19-da Sumqayıtda daha
güclü, modern elektrik stansiyasının işə
salınması artıq müstəqil Azərbaycanın daha
bir tarixi nailiyyəti kimi qeyd edilməyə layiq hadisədir.
Bayram atəşfəşanlıqları
Noyabrın 18-də də
Sumqayıt özünün yubiley təntənələrini
qeyd edirdi. Həmin gün bayramsayağı bəzədilmiş
şəhər xoşbətliyinə qovuşan bəxtəvərlər
kimi gülümsəyirdi. Hava soyuq olsa da, ürəklərdə
hərarət var idi.
“Şəhər
günü” münasibətilə keçirilən bayram tədbirlərinin
iştirakçıları — idarə, müəssisə, təşkilat
rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə
Sumqayıtı “kiçik Azərbaycan”, xalqımızın
birlik və həmrəylik şəhəri, ölkəmizin
gözəl bir guşəsi adlandıran ulu öndər Heydər Əliyevin
möhtəşəm abidəsini ziyarət etdilər.
Ümummilli liderin xatirəsinə dərin ehtiram
duyğuları ifadə olundu. Prospektdə
quraşdırılmış monitorda ulu öndərin
Sumqayıtda olduğu anları əks etdirən kino-xronika
kadrları nümayiş etdirildi. Sonra şəhərin
ayrı-ayrı guşələrində — 3-cü mikrorayon ərazisindəki
fəvvarələr meydanında, “Göyərçin” meydanında,
“Lüdviqshafen” parkında və “Qarabağ”
kinoteatrının qarşısındakı parkda konsert və
rəngarəng şou proqramları təşkil edildi.
Üzərində yubiley rəmzi
olan mayka geymiş yüzlərlə idmançı bayram
marafonunda iştirakından şərəf duyurdu. Estafet şəhərin
mərkəzi küçələrindən keçirdi.
Saat 12-də isə Heydər
Parkında şəhər gəzintisi oldu. Burada 80 müəssisənin
iştirakı ilə geniş sərgiyə baxış
keçirildi. Parkda H.Ərəblinski adına Dövlət
Musiqili Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş
kompozisiya nümayiş etdirildi. Sumqayıtın
ilk qurucuları — “Şöhrət” ordenli inşaatçı
Gülbahar Vəliyeva və Prezident təqaüdçüsü
olan kimyaçı, Sosialist Əməyi Qəhrəmanı
Dadaş Dadaşov şəhər icra hakimiyyətinin
başçısı Vaqif Əliyevə Sumqayıtın rəmzi
açarını təqdim etdilər. V.Əliyev Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə
Sumqayıta göstərdiyi diqqət və qayğıya
görə minnətdarlığını bildirdi. O, şəhər
sakinlərini yubiley münasibətilə təbrik etdi. Sonra
sakinlər uzunluğu 5, eni 4 metrə çatan 1 tonluq nəhəng
bayram tortundan daddılar. Minlərlə rəngarəng şar
səmaya buraxıldı. Bülbül adına incəsənət
məktəbinin müəllim və şagird kollektivi tərəfindən
hazırlanmış konsert proqramı hər kəsə
xoş təsir bağışladı.
İdmançıların
nümunəvi çıxışları böyük maraqla
izlənildi. Taekvandoçular, kikboksinqçilər,
karateçilər məharətlərini göstərib
alqışlandılar. Kütləvi informasiya vasitələri
nümayəndələri fürsət tapan kimi şəhər
icra hakimiyyətinin başçısı Vaqif Əliyevi
dövrəyə alıb ürək sözlərini söyləməsini
xahiş etdilər. O dedi:
— Gördüyünüz kimi,
Sumqayıtın 60 ildə keçdiyi yol miqyasına görə
ölçüyəgəlməzdir. Qurub-yaradan
insanların fədakar əməyi ilə Xəzər sahilində,
səhrada gözəl, işıqlı bir şəhər
ucaldılıb. İstilik-elektrik mərkəzinin
yanındakı kiçik yaşayış məntəqəsindən
başlanan Sumqayıt ölkəmizin sosial-iqtisadi və mədəni
həyatında xüsusi çəkiyə malik böyük
bir mərkəzə çevrilib.
Sumqayıtın
qurucularının misilsiz hünər nümunəsi heyrət
doğurur. Şəhərin hər qarışında, hər
daşında bu fədakar insanların qadir əməyinin izi
vardır.
Vətənimizin
bütün bölgələri təmsil olunan,
xalqımızın ən gözəl ənənələrini
özündə birləşdirən Sumqayıt ümummilli
lider Heydər Əliyevin yüksək qayğısını
daim üzərində hiss edib. Şəhərin tarixinin ən
parlaq səhifələrinin yazılması məhz ulu öndərin Azərbaycana
rəhbərlik etdiyi dövrlərə aiddir. Unudulmaz
böyük şəxsiyyət hakimiyyətdə olduğu
vaxtlarda 16 dəfə Sumqayıta səfər edib. Dahi rəhbər
Sumqayıtın iri sənaye mərkəzi kimi yüksəlməsi,
burada yaşayan sadə zəhmət adamlarının xoş
güzəranı üçün əlindən gələni
əsirgəmirdi. Onun gərgin səyləri, dəmir iradəsi
sayəsində şəhərdə çoxlu sayda yeni müəssisələr
istifadəyə verilib, yaşayış massivləri və
sosial təyinatlı obyektlər inşa edilib.
Ümummilli liderin Sumqayıta
sonuncu dəfə səfər etdiyi 2003-cü ilin 3 aprel
günü şəhər tarixinin yeni mərhələsinin
istinad nöqtəsinə çevrilib. Həmin
gün ulu öndərin şəhər ictimaiyyəti
qarşısında Sumqayıtın problemləri ilə
bağlı ürək yanğısı ilə etdiyi
çıxışı bütün ölkədə
geniş əks-səda doğuraraq, məzmun etibarı ilə
şəhərin gələcək inkişafının
istiqamətlərini müəyyənləşdirdi, son
6 ildə qazanılan uğurların möhkəm təməlini
qoydu.
Sumqayıt təəssübkeş
və fədakar insanların şəhəridir. Prezident
İlham Əliyevin bilavasitə dəstəyi ilə şəhərdə
böyük bir regionda oxşarı olmayan istehsal sahələri
işə salınıb, infrastruktur layihələr həyata
keçirilməkdədir. Siyasətinin əsas qayəsini
insan amili təşkil edən dövlət
başçımızın müəllifi olduğu regional
inkişaf Dövlət Proqramı ölkəmizin hər
qarışının canlanmasına səbəb olub. Bu
dövlət qayğısı Sumqayıtın nümunəsində
özünü aydın göstərir.
Bu gün Sumqayıt bayram
libasına bürünüb. Prezident İlham Əliyevin
Sumqayıtın yubileyinin ölkə miqyasında qeyd
olunması və abadlıq, quruculuq işlərinin sürətləndirilməsi
haqqında sərəncamlarını böyük sevinc hissi
ilə qarşılayan sumqayıtlılar bundan daha da
ruhlanır və doğma şəhərin tərəqqisinə
yeni töhfələr vermək əzmindədirlər.
Günün əsas rəsmi mərasimi
Səməd Vurğun adına Mədəniyyət Sarayında
baş tutdu. Burada şəhər rəhbərliyinin,
ictimaiyyətin nümayəndələrinin və qonaqların
iştirakı ilə təntənəli iclas keçirildi. Əvvəlcə
qonaqlar sarayın foyesində təşkil olunan, şəhərin
inkişafının əsas mərhələlərindən bəhs
edən fotosərgi ilə tanış oldular. İclasda ilk
olaraq Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi. Sumqayıtın tarixini əks etdirən sənədli
film nümayiş etdirildi. Daha sonra
çıxış edən şəhər icra hakimiyyətinin
başçısı Vaqif Əliyev Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin sərəncamı
ilə Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri
olan 65 nəfərə respublikanın yüksək
mükafatlarının verildiyini vurğuladı. O,
Sumqayıtın bu gün də yaşıllaşdığını,
böyüdüyünü, yeniləşdiyini, daha da
füsunkar görkəm aldığını söylədi.
Sumqayıtda ilk qurucuların əmək şücaəti
estafetini qəbul edə biləcək yeni layiqli nəslin
formalaşdığını, bu gənclərin şəhərin
gələcəyi naminə bütün çətinliklərə
sinə gərməyə hazır olduqlarını qeyd etdi. Sonda çıxış edən əməkdar mədəniyyət
işçisi Əşrəf Veysəlli, “Şöhrət”
ordenli pedaqoq Ofelya Babayeva, Prezident təqaüdçüsü
Zərifə Təhməzova, əməkdar həkim Mailxan
Tağıyev şəhərdə aparılmış
abadlıq-yenidənqurma işlərinə,
sumqayıtlılara göstərilən diqqət və qayğıya
görə ölkə rəhbərliyinə hədsiz minnətdarlıqlarını
bildirdilər. Şəhər rəhbərliyinin
ünvanına ürəkdən gələn sözlər
söylədilər.
Günün sonunda isə Səməd
Vurğun adına mədəniyyət sarayının
qarşısındakı meydanda respublikanın incəsənət
ustalarının iştirakı ilə konsert proqramı təqdim
olundu.
“Şəhər günü” tədbirlərinə
atəşfəşanlıqla yekun vuruldu. Sumqayıtın
axşam səmasında “gül” açan əlvan
qığılcımların yaratdığı
gözoxşayan parlaq etüdlər ecazkar təsir
bağışlayır, bayram ovqatına yeni-yeni rənglər
qatır, şəhəri əsrarəngiz parıltılara qərq
edirdi. Bu, illər ötsə də, gənclik təravətini
itirməyən gözəl, müasir, nümunəvi şəhərin
yubiley sevinclərinin coşğun ifadəsi idi...
Ürəkdən gələn sözlər...
Yubiley şənliklərində
sevinc dolu, fərəh dolu anlar yaşayan, gözəlliklərdən
vəcdə gələn sumqayıtlılar ürək
sözlərini, könül duyğularını bizimlə
böyük həvəslə bölüşdülər.
Kərim AXUNDOV – Prezident təqaüdçüsü:
— Mən bu şənliklərin ən
qocaman iştirakçısıyam. Doxsan altı yaşım
var, əlli beş ildir ki, Sumqayıtdayam. O vaxtlar Odessada
mülki obyektlərin tikintisində
çalışırdım. Bir gün qəti qərara gəldim
ki, Sumqayıta gedib onun tərəqqisində iştirak edim.
Beləcə taleyimi gənclik şəhəri ilə
bağladım. 1954-cü ildən tikinti idarələrində
məsul vəzifələrdə işləmişəm.
1972-ci ildə şəhər icraiyyə komitəsi sədrinin
tikinti işləri üzrə müavini təyin edilmişəm.
Bütün fəaliyyətim şəhərin inşası
ilə bağlı olub. Əsas diqqət mənzil tikintisinə,
mədəniyyət evlərinə, klublara, məktəblərə,
uşaq bağçalarına verilirdi. Sumqayıt küçə-küçə,
məhəllə-məhəllə böyüyürdü.
İndi 320 mindən çox əhalisi var. Sumqayıtın
genişliyi, yaşıllığı, gözəlliyi
heç də hər yerdə yoxdur. Buna görə hər
qarışı mənə doğma olan bu şəhərin
vurğunuyam.
İdris DADAŞOV – əməkdar
inşaatçı:
— Mən 1948-ci ildə, on doqquz
yaşında Qubadlıdan Sumqayıta gəlmişəm.
Bütün ömrüm tikinti meydanlarında keçib. Sumqayıtı ucalda-ucalda özümüz də
ucalmışıq. Üst trikotaj fabriki, “Kimyaçı” mədəniyyət
sarayı, sintez-kauçuk zavodu və digər obyektlər
bizim əllərimizlə ərsəyə çatıb. Əməyim
bir sıra orden və medallarla qiymətləndirilib. Əməkdar
inşaatçı, Dövlət mükafatı
laureatıyam. İndi səksən yaşındayam.
Sumqayıtın hər daşında izim var. Şəhərimizin
bugünkü növrağını gördükcə sanki mən
də gəncləşirəm. Ötən günləri yada
salanda fəxr edirəm ki, Sumqayıtın ilk qurucularından
biriyəm.
Ofelya BABAYEVA – “Şöhrət” ordenli pedaqoq, şair:
— Sumqayıt taleyimizin,
arzularımızın həmişəcavan şəhəridir.
Yubiley ərəfəsində “Şöhrət” ordeninə
layiq görüləndə düşündüm ki,
Sumqayıta həsr etdiyimiz illər hədər ötməyib.
Sumqayıtın ölkəmizdə təhsil sisteminin
mayakına çevrilməsi qəlbimi qürurla doldurur.
İndi şəhərimiz özünün ikinci gəncliyini
yaşayır. Onu idarə edənlər, nümunəvi
bir şəhərə çevirənlər yüksək
ziyalı keyfiyyətləri ilə, əsl vətənpərvərlikləri
ilə tanınırlar. İnanıram ki, davamlı şəkildə
aparılan quruculuq, yeniləşmə işlərinin nəticəsində
Sumqayıt daha abad və daha yaraşıqlı bir şəhərə
çevriləcək. Bütün həmyerlilərimi yubiley
münasibətilə təbrik edirəm!
Dadaş DADAŞOV – Sosialist Əməyi
Qəhrəmanı:
— Mən 1947-ci ildə Pirəküşkül
kəndindən Sumqayıta gələndə on yeddi
yaşında idim. İndi səksəni haqlayıram.
Kimyaçılar şəhərinin dünyada
tanınmasında mənim də zəhmət payımın
olması ilə fəxr edirəm. Xoşbəxtliyimi bu şəhərdə
tapmışam. Öyünməyə haqqım var. Bu şəhər
məni əmək qəhrəmanı zirvəsinə
ucaldıb. İndi də hərtərəfli qayğı ilə
əhatə olunmuşam. Vaqif Əliyevin gəlişi ilə
şəhərimizdə böyük canlanma, əsl gözəllik
yürüşü başlanıb. Hər sahədə
yenilik, inkişaf duyulur. Sumqayıt bizim ömrümüzü
nurlandıran bir şəhərdir.
Tərlan KƏRİMOV –
samboçu, Avropa çempionu:
— Ötən il Tbilisi şəhərində
kişilər arasında Avropa çempionatında
bürünc mükafata layiq görülmüşəm. Lakin
cari ildə qarşıma vəzifə qoydum ki, İtaliyada
keçirilən çempionatda daha böyük uğur
qazanım. Sevinirəm ki, bu istəyimə qovuşdum. Uzaq ölkədə Azərbaycan himnini səsləndirdim,
bayrağımızı ucaltdım. Şəhərimizin
yubileyi ərəfəsində daha bir uğura imza
atmağımdan məmnunam: həm də dünya kubokunun
sahibi olmuşam. Əldə etdiyim qələbələri
canım qədər sevdiyim Sumqayıt şəhərinin 60
illik yubileyinə hədiyyəm hesab edirəm.
“Sumqayıt” səhifələri
Yox, söhbət unudulmaz şairimiz Nəbi Xəzrinin
məşhur poemasından getmir. Nəfis tərtibatı ilə
diqqət çəkən “Sumqayıt” qəzeti
qarşımdadır. Şəhərin 60 illik yubileyinə həsr
olunan təntənəli yığıncağın
iştirakçılarına hədiyyə edilən bu qəzetin
səhifələrində qazanılan uğurlara,
Sumqayıtın adını ucaldanlara geniş yer verilib. Qəzetin baş redaktoru, əməkdar
jurnalist Qüdrət Məlikov da bu günlərdə “Tərəqqi”
medalına layiq görülüb. Qüdrət müəllim
Həsən bəy Zərdabinin nəslindən olması ilə
fəxr edir. Kiçik qardaşı Aydın Məlikov elə
bu sevimli qəzetin də çap olunduğu “Zərdabi” nəşriyyat-poliqrafiya
müəssisəsinin direktorudur. Birlikdə Sumqayıtın
salnaməsini yazıb əbədiləşdirirlər.
Mən hələ tələbə
jurnalist olduğum vaxtlardan bu qəzetin
buraxılışlarında fəal iştirak edirdim. Qüdrət Məlikovu, gəncliyində mətbəədə
çapçı işləyən Aydın Məlikovu, eləcə
də Sumqayıtın 60 illik yubileyi ərəfəsində əməkdar
jurnalist fəxri adını almış Ramiz Tapdıqovu və
Eyruz Məmmədovu həmin illərdən tanıyıram.
Gənclərə qayğı göstərən mətbuat
işçiləridir. Bu gün də onlar sıradadırlar,
qələmləri ilə Sumqayıtın
uğurlarını təbliğ edirlər. Qüdrət Məlikovun
dedikləri:
— Yubileyə həsr olunan nömrənin
hazırlanmasında icra hakimiyyəti aparatının
işçiləri bizə yaxından köməklik göstəriblər.
Qəzeti sevinə-sevinə buraxmışıq. Axı
bütün materialları qürur duyduğumuz doğma şəhərimizin
bugünkü büsatına həsr etmişik. Sumqayıtla
bağlı xoş xəbərlərin müjdəçisi
olmağımızdan məmnunuq. Elə bu nömrədə də
müjdələr çoxdur: Sumqayıt şəhərinin
sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin
təltif edilməsi, fəxri adlara və Prezident təqaüdünə
layiq görülməsi haqqında dövlət
başçısının imzaladığı sərəncamlar,
Hacı Zeynalabdin qəsəbəsində yeni istirahət
parkının istifadəyə verilməsi, samboçu Tərlan
Kərimovun dünya kubokunu qazanması və s. buna misal ola bilər.
Bəli, Sumqayıtın həyatı
yeniliklərlə zəngin olduğu kimi, “Sumqayıt”ın səhifələri
də müjdələrlə zəngindir. İnanırıq
ki, həmişə belə olacaq.
Altmış yaşın
mübarək, mənim doğma Sumqayıtım!
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 22 noyabr.- S. 3.