Qax sakinlərinə yeni ildən müasir tipli Mərkəzi
Xəstəxanada xidmət göstəriləcək
Bölgə müxbiri kimi
çalışdığım rayonlardakı sosial-iqtisadi
inkişafı, tikinti-quruculuq işlərini, insanların rifah
halının daha da
yaxşılaşdırılmasını qələmə
almaq mənim üçün həmişə xoş olub. Belə
faktların çoxluğundan məmnunluq hissi
keçirmişəm. Ancaq nədənsə yeni tikilmiş və
ya əsaslı təmir edilmiş səhiyyə müəssisəsi
barədə yazı qələmə alanda qələm daha
“ürəkdən işləyir”. Desəm ki, bunun səbəbini
özüm də bilmirəm, səmimiyyətimə inanın.
Hansı rayonda, şəhərdə və ya hansı
yaşayış məntəqəsində olursa olsun,
müasir səhiyyə ocağının tikilməsi və ya
mövcud olan belə ocaqların təmir və bərpası
son nəticədə insana, ölkə vətəndaşına
xidmət edir.
Mənim yeni səhiyyə
ocağı görəndə sevinməyimin təməlində
bəlkə də SSRİ dövründən qalan müəyyən
psixoloji məqamlar dayanır. Çünki o dövrdə istənilən
rayonda hansısa xəstənin vəziyyəti bir az
ağırlaşırdısa, dərhal deyirdilər Bakıya
aparın. Bakıdan isə xəstələrin Moskvaya və
ya başqa şəhərlərə aparılması
tendensiyası hökm sürürdü. İndi isə... Mingəçevirdə,
Zaqatalada, Qəbələdə, Şəkidə çox
yüksək səviyyədə təchiz edilmiş səhiyyə
ocaqları var (Balakəndə isə çox keçməyəcək
ki, yeni xəstəxana binası istifadəyə veriləcək).
Bu xəstəxana və diaqnostika mərkəzləri nəinki
yerləşdiyi şəhərin və rayonun əhalisinə,
eləcə də ətraf bölgələrin camaatına da
müasir səhiyyə xidməti göstərirlər. Həmin
müəssisələrdəki maddi-texniki təchizatı və
yüksək səviyyəli kadr potensialını görəndə
ürəyimdən keçən ilk fikir belə olurdu ki,
kaş bütün rayonlarımızda belə xəstəxanalar
olsun. İndi, bu yazını qələmə alarkən həmin
arzumun çin olduğu barədə söyləməyi də
unutmayacağam. Çünki yeni ildən Qaxda əsaslı təmirdən
sonra ən yüksək səviyyədə təchiz
edilmiş mərkəzi rayon xəstəxanası işə
düşəcək. Odur ki, çox gözləməyəcəyik.
Yeni ilə nə qalıb ki?
....Respublikanın əməkdar
həkimi Fərman Əhmədzadəni çoxdan
tanıyıram. Qaxlılar onu yaxşı həkim, rayonun tibb
ictimaiyyəti yaxşı səhiyyə təşkilatçısı,
ədalətli kollektiv rəhbəri, gözəl insan kimi
tanıyırlar. Mənim isə Fərman müəllim həm
də yaxşı həmsöhbət kimi xüsusi rəğbətim
var. Elə bu yazıda qələmə
aldığımız fikirləri də rayon mərkəzi xəstəxanasının
baş həkimi kimi deyil, maraqlı bir həmsöhbət kimi
danışdı:
— Bu gün ölkəmiz öz
tarixi ərzində ən yüksək inkişaf mərhələsini
yaşayır. Bu sözləri deyəndə təkcə
dövlətin büdcəsinin artmasını, ordunun heç
zaman olmayan bir səviyyədə qüdrətlənməsini,
böyük tikinti-quruculuq işlərini nəzərdə
tutmuram. Əlbəttə, onlar da cəmiyyət həyatında
xüsusi önəm kəsb edən məsələlərdir.
Mən “ölkənin ən yüksək inkişaf mərhələsi”
dedikdə insana göstərilən qayğını və
diqqəti nəzərdə tuturam. Təməli ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan bu siyasət cənab
Prezident İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirilir. İnsana göstərilən
qayğı və diqqəti nə üçün
qabartmağa çalışıram? Son iki
yüz il ərzində, elə ondan əvvəlki dövrlərdə
də müxtəlif imperiyaların tərkibində olan Azərbaycan
insanı layiq olduğu diqqəti və qayğını
heç zaman görməyib. İndi isə Allaha
şükür hər şey hamının gözü
qabağındadır. Bəlkə də mən ixtisasca
və daxilən həkim olduğuma görə belə
düşünürəm. Mənim fikrimcə insana göstərilən
qayğı və diqqətin önündə əvvəlcə
onun lazımi səhiyyə xidməti ala bilməsi, sonra isə
təhsillə əhatələndirilməsi getməlidir. Uşaq
6-7 yaşına kimi sağlam böyüyə bilməsə,
onun normal təhsil ala bilməsi də problemə çevriləcək.
Dövlət öz vətəndaşına bu iki xidməti
yüksək səviyyədə göstərirsə, deməli
milli tariximiz qarşısında böyük xidmətlər
göstərmiş olur.
Diqqət yetirin, bu
gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada
müasir dünya standartları səviyyəsində
Müalicə Diaqnostika Mərkəzi və ya yüksək
standartlara cavab verən xəstəxanalar, səhiyyə
ocaqları tikilməsin. 2003-cü ilin oktyabrından sonra
ölkədə tikilən yeni məktəblərin sayı artıq yüzlərlə
deyil, minlərlə hesablanmaq ərəfəsindədir. Mənim
fikrimcə ölkə insanının sabahını
düşünərək atılan bu addımlar ən
uğurlu dövlət siyasətinin nəticəsidir. Cənab
İlham Əliyevin imzaladığı “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramları” sözün həqiqi mənasında
regionların böyük inkişafına zəmin yaradıb.
Elə Qax Rayon Mərkəzi Xəstəxanasının indi
gördüyünüz şəkildə, tamamilə yenidən
qurulması da məhz həmin dövlət proqramları
çərçivəsində mümkün olub.
Dövlət Proqramlarının
icrasına uyğun olaraq artıq iki ilə yaxındır ki,
Mərkəzi xəstəxanada əsaslı təmir işləri
aparılır. Binanın dam örtüyü tamamilə təzələnib,
arakəsmələr sökülüb, otaqlar müasir tələblərə
uyğun yenidən bölüşdürülərək
Avropa standartları səviyyəsində yeni qapı və pəncərələr
qoyulubdur. Su, elektrik, istilik və kanalizasiya xətləri təzələnibdir.
İnfeksion və cərrahiyə şöbələri
artıq xeyli müddətdir ki, tam hazır vəziyyətə
gətirilib. Bu işlər üçün 2007-ci ildə 300
min, 2008-ci ildə isə 700 min manatlıq iş
görülüb. Cari ildə isə işlər hələ
davam edir. Təmir işləri ilin sonunadək başa
çatdırılacaq. Artıq xəstəxananın həyətində
abadlıq işlərinə başlanılıb.
Camaşırxana və qazanxana yenidən qurulub. Qazanxanaya
çəkilən qaz xətti isə daxili imkanlar hesabına
başa gəlib. Xəstəxanaya yeni rentgen və ultrasəsli
müayinə aparatı, eləcə də exo-kardioqram
aparatları verilib. Laboratoriyalar isə tamamilə müasir
avadanlıqla təchiz olunacaqdır. Bir sözlə, yeni ildən
qaxlılar müasir standartlara cavab verən mərkəzi xəstəxananın
xidmətindən istifadə edə biləcəklər.
Fərman Əhmədzadə deməsə
də mən bir məsələni qeyd etmək istəyirəm.
Rayon mərkəzi xəstəxanası əsaslı
şəkildə təmir edilirsə və bu məqsədlə
binanın əksər hissələri sökülübsə,
üstəlik, xəstəxana öz fəaliyyətini dayandırmayıbsa,
bu səhiyyə ocağında çalışanların gərgin
fəaliyyətinin miqyasını təsəvvür etmək
çətin deyil. Tibb işçiləri sözün həqiqi
mənasında fədakarlıq nümayiş etdirərək
öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər.
Hətta, bu proses gedə-gedə qonşu rayonlardan da
çoxlu sayda xəstə qəbul edilib. Bu dövrdə ən
gərgin iş isə gündə iki-üç dəfə
təmirin vəziyyəti ilə tanış olan həkimin fəaliyyəti
olub. Üstəlik rayonun digər tibb müəssisələrinin
fəaliyyətinin nizamlanması... Baş həkim həmin məsələlər
barədə söz açaraq dedi:
— Rayonumuzda 55 min nəfər
əhaliyə 370 çarpayılıq mərkəzi Rayon Xəstəxanası,
60 çarpayılıq uşaq xəstəxanası,
ümumilikdə 205 çarpayı olmaqla 7 kənd xəstəxanası
və 26 yerli tibb müəssisəsi səhiyyə xidməti
göstərir.
Bundan başqa 2 təcili tibbi yardım məntəqəsi, eləcə
də qadın və uşaq məsləhətxanaları da
rayon əhalisinin xidmətindədir. Mərkəzi
rayon xəstəxanası 1975-ci ildə — ulu öndər Heydər
Əliyevin ölkəyə birinci dəfə rəhbərlik
etdiyi dövrdə, xüsusi layihə əsasında tikilib.
İki mərtəbədən ibarət xəstəxanada 11
şöbə fəaliyyət göstərir. Biz məmnunuq
ki, ulu öndərin tikdirdiyi xəstəxananı 34 ildən
sonra onun siyasi varisinin imzaladığı Dövlət
Proqramı çərçivəsində Avropa
standartları səviyyəsində yenidən qurulur.
Ümumiyyətlə, rayonun tibb
müəssisələrində həm maddi-texniki bazanın
möhkəmləndirilməsi, həm də tibbi xidmətin
yüksəldilməsi dövlətin bizim qarşımıza
qoyduğu vəzifələr səviyyəsindədir. Kadrların yerləşdirilməsi, təkmilləşdirilməsi,
əmək intizamının təmin edilməsi, yeni texniki
vasitələrin alınması, dərmanların gətirilməsi,
xüsusən imtiyazlı xəstələrə (şəkərli
diabet, onkoloji, psixonevroloji, vərəmli, bronxial astmalı xəstələr,
şəhid ailələri. I, II qrup əlillər) pulsuz
dərmanların verilməsi daim diqqət mərkəzindədir.
Təkcə 2009-cu ilin 9 ayında imtiyazlı xəstələrə
59 min manatlığa yaxın dərman verilib. Güzəştli
tibbi xidmət alanların sırasında rayonda yaşayan
qaçqın və məcburi köçkünlər də
vardır. Həmin insanlar da pulsuz tibbi xidmətdən istifadə
edirlər.
Beləliklə, bu dağlar
diyarındakı səhiyyə ocaqlarının fəaliyyəti
barədə bir neçə faktı söyləməklə
qısa da olsa söz açdıq. Sonda Qaxda eşitdiyimiz
özümüz üçün maraqlı olan iki ifadəni
hörmətli oxuculara da təqdim edirik. Bir ağbirçək
söylədi ki, xəstəni həkimin verdiyi dərman yox, həkimin
danışığı müalicə edər. Maraqlı
işarə idi. Qaxda görüşdüyümüz mingəçevirli
dostumuzun ifadəsi isə daha maraqlı idi: “Qaxda xəstəxana
nəyə gərəkdir? Bu rayonun təbiəti elə
insanın bütün dərdlərini müalicə edir”. Təki
belə olsun. Amma Avropa filosoflarından biri deyib ki, nə qədər
ki, yer üzündə insan var, o vaxta qədər həkimə
ehtiyac olacaq. Yadıma “Hippokratın məşhur sözü
düşdü. “Xəstə sağalanadək həkimin
ürəyi ilə yaşayır”.
Görürsünüzmü nə qədər sərrast
deyilib? Məncə əlavə şərhə ehtiyac yoxdur.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2009.- 22 noyabr.- S. 4.