Qəti və ciddi mübarizə varsa...

 

Gəncədə cari ilin 9 ayında baş vermiş cinayətlərin 96 faizi açılmışdır ki, bu da şəhər polis idarəsi və onun tabeli orqanlarının işindəki yüksək fəallıqla bağlıdır.

 

Şəxsi heyətin mübarizliyinin yüksəldilməsi, kadrların seçilib yerləşdirilməsi, mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əməkdaşların mənəvi və maddi həvəsləndirilməsinə diqqətin artırılması, cinayətkarlığa qarşı mübarizədə tabeli orqanların rolunun artırılması, xidmət və icraçılıq intizamının daha da möhkəmləndirilməsi və digər amillər bu gün Gəncə şəhər polisinin fəaliyyətində özünü açıq-aşkar büruzə verir. Sadaladığımız bu vacib tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, Gəncədə cinayətkarlığa qarşı ciddi, amansız və ardıcıl mübarizə aparılır. Rəqəmlərə fikir verək. Bu ilin 9 ayında şəhərdə 520 cinayət hadisəsi qeydə alınmış və onların üstünün açılması 96 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bu, ötən ilin müvafiq dövründəkindən 1,5 faiz çoxdur. Bu müddətdə qeyri-aşkar şəraitdə baş vermiş 102 cinayət hadisəsindən 86-nın və ya 84,3 faizinin açılması təmin olunmuşdur.

Əvvəlki illərdən bağlı qalmış hadisələrin açılması sahəsində şəhər polisinin bu gün həyata keçirdiyi tədbirlər xüsusilə maraq doğurur və bütövlükdə şəhərdə polisə inam hər an yüksəlir. Əhali bilir ki, cinayətkarlar gec-tez tutulub gətiriləcək və onlara qarşı daim amansız mübarizə aparılacaq. Təsadüfi deyildir ki, cari ildə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalan və geniş ictimai əks-səda doğuran 9 cinayətin, o cümlədən 3 qəsdən adamöldürmənin, həmçinin uzun illər açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstünün açılması ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Bundan əlavə müvafiq orqanlarla birgə aparılmış tədbirlər nəticəsində 15 il əvvəl Cəlilabad rayonunda və bir neçə il əvvəl Bakı şəhərində törədilmiş qətl hadisələrinin də üstü açılmışdır.

Şəhər polis idarəsi rəhbərliyinin axtarışda olub təqsirləndirilən şəxslərin tutulması və itkin düşənlərin axtarılması sahəsində mövcud vəziyyəti bir neçə dəfə ciddi şəkildə müzakirə etməsi və konkret tədbirlər görməsi də öz müsbət səmərəsini vermişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1994-cü ilin məlum oktyabr hadisələrinin fəal iştirakçıları – həmin vaxtdan axtarışda olan Əbdürrəhmanov qardaşlarının tutulması da təmin edilmişdir. Ümumiyyətlə, şəhər polisi bu dövrdə cinayət törətməklə qaçıb istintaqdan gizlənmiş 184 şəxsin axtarışı ilə məşğul olmuş və görülən tədbirlər nəticəsində onların 130 nəfəri, yəni axtarılanların 70,7 faizi tutulub istintaqa təhvil verilmişdir. Bu göstərici də keçən ildəkindən yüksəkdir.

Şəhərdə sabitliyin qorunması, mütəşəkkil və qrup halında olan dəstələrin zərərsizləşdirilməsi, odlu silah və xüsusi azğınlıqla törədilən və geniş ictimai rəy doğura biləcək cinayətkarlığa qarşı mübarizə şəhər polis idarəsi rəhbərliyini daim düşündürür. Bu baxımdan “Cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli Fərmanı daim əldə rəhbər tutulur və qanunsuz silah-sursatın yığılması sahəsində iş ciddi nəzarət altındadır. Sevindirici faktdır ki, şəhər ərazisində ötən 9 ay ərzində odlu silahla törədilmiş hadisə qeydə alınmamışdır. Bu dövrdə şəxsi heyət tərəfindən müəyyən miqdarda silah və sursat, o cümlədən 7 avtomat, 15 tapança, 11 tüfəng, 6 qumbaraatan, 36 qumbara, 31 sandıqça, 8941 güllə, 17 qumbara alışqanı, 5 mərmi, 1 mina və 2 ədəd süngü bıçağı götürülmüşdür.

Daxili İşlər Nazirliyinin “Xaş-xaş 2009” şərti adı altında keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən narkomaniya ilə mübarizə polis idarəsi rəhbrliyinin diqqət mərkəzində olmuş, müəyyən tədbirlər görülmüşdür. Ötən dövrdə məsuliyyətə cəlb olunan vətəndaşlardan 21,5 kiloqram marixuana, 14,1 qram heroin, 18,2 qram həşiş götürülmüşdür. Gəncəçayın sağ sahilində 120 kvadratmetr sahədə 683 kiloqram çəkisi olan 1749 ədəd yabanı halda bitmiş ”kənaf" kolları aşkar olunaraq məhv edilmişdir. Narkotik maddələrin qəbul edilməsinə, onun əkilib-becərilməsinə və satışına görə 83 cinayət faktı müəyyən olunmuş və həmin şəxslər barəsində istintaq aparılıb məhkəmələrə göndərilmişdir.

Gəncədə polisin fəallığı addımbaşı hiss olunur. Gecənin istənilən vaxtı şəhərdə post-patrul xidməti maşınlarını, polis işçilərini görmək mümkündür. İctimai asayiş daim yüksək səviyyədə qorunur. Şəhərdə həyata keçirilən bütün tədbirlərdə, o cümlədən yenidənqurma və abadlıq işlərində polis ön sıralarda olmağa çalışır. Polis sahə inspektorlarının işinin yeni formada təşkili üzrə müəyyən işlər görülmüş, 2 inzibati ərazidə müasir tələblərə uyğun polis sahə məntəqəsi tikilib istifadəyə verilmişdir.

Dövlət Yol Polisi şöbəsinin də işində canlanma var. 2009-cu ilin 9 ayı ərzində 22 min 395 hərəkət qayda pozğunluğu müəyyən olunmuşdur ki, bu da keçən ildəkindən 2,9 faiz çoxdur. Ötən dövr ərzində avtomaşını sərxoş vəziyyətdə idarə edən 1473, sürət rejimini pozan 3397, ötmə qaydasını pozan 692, texniki baxışdan keçməyən 1212, bal sisteminə düşən qayda pozan 4423, ümumiyyətlə, kobud qayda pozan 16 min 647 sürücü aşkar edilmişdir. Ötən dövrdə şəhərdə 102 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 13 nəfər ölmüş, 122 nəfər yaralanmşdır.

Şəhər polis idarəsində zəhmətkeşlərin ərizə və şikayətlərinə daha diqqətlə yanaşılmasına xüsusi fikir verilir. Məhz bunun nəticəsidir ki, ötən dövrdə respublikanın rəhbər orqanlarına daxil olan müraciətlərin sayı xeyli azalmışdır. Təbii ki, şəhər polisinin işində müəyyən çatışmazlıqlar hələ də mövcuddur. Hələ də vəzifəsinə məsuliyyətsiz yanaşan neqativ hərəkətlərə yol verən əməkdaşlara rast gəlinir. Təsadüfi deyil ki, 9 ay ərzində 128 nəfər əməkdaş intizam qaydasında cəzalandırılıb, 7 nəfər mənfi motivlərlə daxili işlər orqanlarından xaric olunub.

Şəhər polis idarəsinin rəisi, polis polkovniki Rasim MUSAYEV deyir:

- Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun və şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun polisin fəaliyyətinə daim diqqət və qayğı yetirməsi məsuliyyətimizi qat-qat artırır. Biz bilirik ki, hələ çox iş görməliyik, cinayətkarlığa qarşı daha amansız mübarizə aparmalıyıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhər Polis idarəsinin yeni inzibati binasının açılışında iştirak etməsi, söylədiyi xoş sözlər və verdiyi tövsiyələr bizim hər birimizin qarşısında yeni məsul vəzifələr qoymuşdur. Bütün fəaliyyətimizlə etimadı doğrultmağa çalışacağıq.

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 22 noyabr.- S. 4.