Dünya sənsiz darıxır
Leyla xanım Bədirbəylinin əziz xatirəsinə
Onun sənətə gəldiyi vaxt ölkədə
Böyük Vətən müharibəsi gedirdi. Çətin
vaxtlar idi. Amma Bakı kinostudiyasında çəkilən
“Arşın mal alan” filmində ona baş rollardan birini
vermişdilər. O, Gülçöhrəni sevə-sevə
oynadı, üstəlik SSRİ Dövlət mükafatına
da layiq görüldü.
Leyla xanım sonrakı
bütün ömrünü teatr və kino sənətinə
bağladı.
Leyla Bədirbəyli
1920-ci ildə Bakıda dünyaya göz
açmışdı. Anası Bikə xanım Şəmkirli
Musa xanın qızı, atası Ağalar bəy isə həmin
rayonun kənd bəylərindən olub. 1918-ci ildə
bacıları ilə birlikdə Gəncəyə, oradan isə
Bakıya qaçırılan Bikə xanımın o zaman
12-13 yaşı vardı. İçərişəhərdəki
evlərində Leyladan başqa özündən 18 yaş
kiçik olan bacısı Ofeliya da böyüyürdü.
Çox mehriban bacı
idilər. Leyla ona həm böyük bacı, həm də
anaları ola-ola ana qayğısı göstərib. Uşaqlıqda
Ofeliyanı nə qədər çox istəsə də, ona
bir o qədər ciddi yanaşırdı. Ofeliya xanım
xatırlayır: “Heç yadımdan çıxmaz.
Nardarandakı bağımıza gedəndə anam məni Leylaya
bərk-bərk tapşırmışdı ki,
uşağı aparırsansa, ona fikir ver. Mən çox
arıq idim. Yeməklə heç aram yox idi. Nahar vaxtı
bacım nə qədər çalışsa da məni
yedizdirə bilmədi. Onu o qədər bezdirdim ki, axırda məni
gicitkənlə vurdu. Mən qışqırdım və
ağlaya-ağlaya Leylaya dedim ki, gedib anama deyəcəm, qoy məni
internata qoysun, çünki sən məni döyürsən.
Leyla həmişə deyərdi ki, ömrümdə bir pis
iş görmüşəmsə, o da bacımı həmin
gün incitməyimdi".
Ərköyün idi
Leyla. 12 yaşına qədər hər hansı bir
qonaqlığa gedərkən atasının qucağında
qayıdardı. “Yorulmuşam, gedə bilmirəm” deyən
Leylanı atası məcbur olub qucağına alardı. O
zaman Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə
gedirdi. Qızını da özü ilə aparırdı.
Leylanın incəsənətə marağı da o vaxtdan
yaranmağa başlayır.
O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olur: “Tamaşalarda həmişə baş rolları oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayıb. Çünki öz işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi. Leyla ”Solğun çiçəklər"də Saranı oynayırdı. Səhnələrin birində Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın. Deyirdi axı Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı". Bunları da Leyla xanımın bacısı deyirdi.
Leyla
xanımın Üzeyir bəylə
tanışlığı da Filarmoniyadan başlayıb. 1938-ci
ildə Moskvada Azərbaycan mədəniyyət günləri
keçirilən zaman nümayəndə heyətinə
Üzeyir bəy rəhbərlik edirdi və o, şəxsən
Leylanı nümayəndə heyətinin tərkibinə daxil
etmişdi. Onların Moskvadakı çıxışı
çox böyük uğurla qarşılanmışdı.
Çıxışlardan birində Stalin də iştirak
edirdi. O, Leyla Bədirbəylini görəndə heyran olur. Kim
olduğunu soruşur. Azərbaycanlı cavan bir rəqqasə
olduğunu və Filarmoniyada
çalışdığını öyrənir. Görüşlərin
birində Stalin onu çağırır, qucaqlayıb öpərək
deyir: “Tı krasavitsa Azerbaydjana”. O, qənirsiz gözəl idi. Onun gözəlliyinə
hamı heyran olurdu.
“Arşın mal alan” filmi (I
variant) çəkilməyə başlayan zaman
Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən
artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində
olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq
çəkilişlərində iştirak etməyib. O,
Üzeyir bəyin dəvəti və təşəbbüsü
ilə filmə çəkilib. Filmin çəkilişləri
yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol
alınmırmış. Bunu görən Üzeyir bəy
Leylanı yanına çağırıb deyir: “Qızım,
mən səni bu filmə çəkə bilməyəcəm.
Çünki bu rol səndə alınmır”. Leyla
qayıdır evə. Gecə nə düşünürsə,
səhər yenidən gəlir Üzeyir bəyin yanına və
onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə
Gülçöhrə obrazı uğurlu yaradılır.
Üzeyir bəy isə “mən belə dedim ki, gedib öz
üzərində çalışasan”, deyir. Və beləcə
Leyla Bədirbəyli dünya ekranlarına çıxan
“Arşın mal alan” filminə çəkilir. O zaman Rəşid
Behbudovla Leyla Bədirbəyli arasında məhəbbət macərasının
yaşandığı haqqında söhbətlər gedirdi.
Lakin bunların hamısı şaiyə idi: “Onda Rəşid
Behbudovun Bakıda evi yox idi. Köhnə ”İnturist"də
qalırdı. Özü də gec evlənmişdi. Anam
çox xeyirxah qadın idi. Deyirdi ki, evi yoxdu, yeməyini
heç kim bişirmir. Rəşid bizimlə ailəvi
yaxınlaşmışdı. Yeznəmizlə də yaxın
dost idilər. Bir dəfə hamılıqla oturub evdə yemək
yeyirdik. Kimsə zəng etdi. Yeznəm dəstəyi
götürdü və onu nalayiq sözlərlə söyməyə
başladılar ki, sən evdə oturmusan, ancaq sənin
arvadın Rəşidlə gəzməyə gedib. Halbuki anam,
Rəşid, Leyla-hamımız süfrə arxasında
oturmuşduq. Yeznəm də dedi ki, yaxşı eləyirlər,
qoy gəzsinlər, kef çəksinlər. Onlar haqqında
belə sözlər çox danışırdılar. Bu, Rəşidə
çox təəccüblü görünürdü.
Bizimkilər onu sakit edirdilər ki, fikir vermə, burada
çox şey danışa bilərlər".
Leyla Bədirbəyli 1937-ci ildə
16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin
ömrü çox qısa, 1-2 il olub. 1942-ci ildə isə
Kamil Aslanovla evlənib. 1947-ci ildə ilk qız övladı
Lalə dünyaya gəlib. 1964-cü ildə isə ikinci
qızları olub.
Uzun müddət kinostudiyada
çalışdı Leyla xanım. Burada “Dəli Kür”,
“Sevil”, “Görüş”, “Onun böyük ürəyi”,
“Kişi sözü”, “Dərviş Parisi partladır” filmlərində
çəkildi.
“Azərbaycanfilm” studiyasında
“Aktyor teatrı” yaratdı. Öz təcrübəsini gənclərə
öyrətdi.
Allah ona hər şeyi nəsib
etmişdi. Gözəllik, ailə səadəti, sənət
uğuru. O xoşbəxt idi. Onu sevən və sevilən həyat
yoldaşı, 2 övladı və nəvələri var idi.
O, dünyada ən gözəl hiss olan analıq hissini
yaşamışdı. Ürəyində heç bir arzusu
qalmamışdı.
Qadınlar arasında birinci
“İstiqlal” ordenini Leyla Bədirbəyli, ikincisini isə Əminə
Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam
etdiyi zaman ailədə faciə baş verir. 1995-ci ildə həyat
yoldaşı Kamil xarici ölkədə yol qəzasına
düşdü. Yağışlı havada maşın
sürüşür, çevrilir və... Ərini ürəkdən
sevən həyat yoldaşı üçün bu itkiyə
dözmək çox çətin olur. Ancaq bu, bəs
etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir...
Heç bir il keçməmiş buna bənzər daha bir faciə
baş verir. Leyla Bədirbəylinin böyük qızı
Lalə xanımı Kukla Teatrının qabağında
maşın vurdu. Övlad itkisi də ananın ürəyinə
dağ çəkdi. İki böyük itki Leyla
xanımın ömrünü şam kimi əritməyə
başladı. Həyatdan küsdü. Ər, övlad itkisindən
sonra özünə qapandı. 3-4 il isə ümumiyyətlə,
evdən çölə çıxmadı.
1999-cu il noyabrın 23-də
hamının gözəlliyinə heyran olduğu qadın,
böyük sənətkar Leyla Bədirbəyli gözlərini
əbədi olaraq yumdu. Azərbaycan Respublikasının xalq
artisti, SSRİ və Azərbaycan SSR Dövlət
mükafatları laureatı Leyla xanımın
yaradıcılığı xalqmızın mənəvi
yaddaşında əbədi yaşayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 7.