Ailə mübahisələrinin hüquqi tənzimlənməsi
Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından
biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin
tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişaf meyarı
sayılmışdır. Bəşəriyyət ailəni
tarixən hər bir sivil cəmiyyətin əsasını təşkil
edən, insanlığın ən ali, ülvi və saf
duyğularını, nəcib niyyətlərini özündə
təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirmişdir.
Ailə həm bioloji, həm sosial, həm də məişət
funksiyalarına görə cəmiyyətin özəyi olmaqla
yanaşı, hər bir normal insanın böyük sərvəti,
zinəti, həyatının mənasıdır. Ailə əxlaq,
mənəviyyat kimi dəyərlərin ucalığında
dayanan kiçik “dövlət”dir.
Ailə mədəniyyəti, ailə dəyərləri
bu gün dünyadakı xalqların sayı qədər rəngarəng,
müxtəlif və özünəməxsusdur. Hər bir
xalq, etnos özünün tarixən formalaşmış
mental dəyərləri əsasında ailə modeli
yaradır. Bu ortaq dəyərlərlə yanaşı, hər
bir ailənin özünün yazılmamış
“qanunları”, prinsipləri, özəllikləri var. Fəxrlə deyə bilərik ki, qədim Şərq
və müasir Qərb mədəniyyətinin ən pozitiv cəhətlərini
özünün zəngin adət-ənənələri,
mental dəyərləri ilə sintez edən Azərbaycanda ailə
institutuna böyük dəyər verilir. Azərbaycan
folklorunun və ədəbiyyatının zəngin janr
nümunələrində xalqın ailə institutuna necə
önəm verdiyi konkret epizodlarla təsdiqini tapır. Bu
nümunələrdə yüksək mənəvi keyfiyyətlərin
daşıyıcısı kimi təsvir edilmiş ailə
eyni zamanda ülvi və müqəddəs dəyərlərin
ifadəçisi kimi tərənnüm olunmuşdur. Azərbaycanlı
milli düşüncə sistemində özünə yer
tapmış qənaətlərdən biri də budur ki, ailə
başçısı kimi məsuliyyətini düzgün dəyərləndirməyən
bir şəxs kamil insan və şəxsiyyət ola bilməz.
Yalnız yüksək əxlaqi keyfiyyətlərə,
xalqın çoxminillik milli dəyərlərinə ürəkdən
bağlı olan insanlar ailənin cəmiyyətdəki rolunu hər
zaman düzgün qiymətləndirə bilmişlər.
Azərbaycan
xalqının dini dünyagörüşündə - qəlbən
tapındığı İslam dinində də ailə,
dövlət və vətən məfhumları
arasındakı assosiativ əlaqə xalqın mənəvi
kamillik səviyyəsinin parlaq təcəssümünə
çevrilmiş, onun genefondunun saflığını təmin
etmişdir. İslamda evliliyin məqsədi ailənin səadəti və cəmiyyəti
sağlam nəsillə təmin etməkdir. İslama görə,
evlilik aralarında evlənməyə mane olmayan qadınla
kişinin şərtlərinə uyğun olaraq evlənmə
əqdinin ortaya çıxaracağı hüquqi və
ictimai nəticədir. Uca Tanrı müqəddəs “Qurani-Kərim”də
buyurur: ”Sizin üçün onlarla ünsiyyət edəsiniz
deyə öz cinsinizdən zövcələr xəlq etməsi,
aranızda sevgi və mərhəmət yaratması da Onun
qüdrət əlamətlərindəndir. Həqiqətən,
bunda düşünən bir qövm üçün ibrətlər
vardır!" (“Rum” surəsi, 21).
Ümummilli liderin rəhbərliyi
altında hazırlanmış və ümumxalq referendumu ilə
qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın
nikah hüququ təsbit edilib, dövlətin ailəyə
qayğı siyasətinin əsas prioritetləri müəyyənləşib.
Konstitusiyanın 17-ci maddəsinə əsasən, ailə və
uşaqlar dövlətin himayəsi altındadırlar. Konstitusiyanın qadın hüquqlarının
müdafiəsinə yönəlmiş əsas norması
hamının qanun və məhkəmə
qarşısında bərabərliyini, kişi ilə
qadının eyni hüquqlara və azadlıqlara malik
olduğunu bəyan edən və “bərabərlik hüququ”
adlanan 25-ci maddəsidir. Həmin maddənin
III hissəsi cinsindən asılı olmayaraq hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat
verir, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının cinsi mənsubiyyətə görə
məhdudlaşdırılmasını qadağan edir.
Əsas Qanunun nikah münasibətləri
zamanı iradə azadlığını və ərlə
arvadın hüquq bərabərliyini tənzimləyən
34-cü maddəsinin müddəaları da diqqətəlayiqdir.
Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa
çatdıqda ailə qurmaq hüququnu müəyyən edən
həmin maddənin II hissəsinə əsasən, nikah
könüllü razılıq əsasında
bağlanılır. Heç kəs zorla evləndirilə (ərə
verilə) bilməz. Bu normanın III hissəsi həmçinin,
birmənalı olaraq ər ilə arvadın hüquq bərabərliyini
təsbit edir.
Azərbaycan Prezidenti İlham Əliyev
ailə dəyərlərinə qəlbən bağlı
lider kimi, Azərbaycanda bu institutun möhkəmlənməsinə,
problemlərinin həllinə çalışır. Nazirlər
Kabinetinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr
olunmuş iclasında “Ailə və uşaq problemləri
çox böyük əhəmiyyət daşıyır. Ailə
dəyərləri xalqımız üçün həmişə
çox doğma olub, çox əziz olub və deyə bilərəm
ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir.
Azərbaycan dünya birliyinə inteqrasiya edir.
Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da
möhkəmləndirilməsi üçün və milli dəyərlərin
tam şəkildə bərqərar edilməsi
üçün ailə dəyərləri daim yüksəklərdə
olmalıdır” - deyən dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
əsasında aztəminatlı ailələrə
ünvanlı sosial yardımların, habelə gənc ailələrə
ipoteka kreditlərinin verilməsi ümumilikdə ailə
institutuna göstərilən qayğının tərkib hissəsidir.
Məhz bu siyasətin nəticəsi kimi Azərbaycanda ailə
quran gənclərin sayı ildən-ilə artır,
boşanmaların sayı isə azalır. Məlumat
üçün bildirək ki, ötən il respublikamızda
təxminən 79 min nikah və 7 min boşanma halı qeydə
alınıb. Təmsil etdiyim Binəqədi rayonunda isə
2008-ci ildə qeydə alınan 1529 nikahdan 300-ü, 2009-cu ilin
birinci yarısında isə qeydə alınan 755 nikahdan 151-i
boşanma ilə nəticələnmişdir.
Ümumiyyətlə, respublikamızda
ailə dövlət tərəfindən qorunur və himayə
edilir. Konstitusiya və qanunlarımız ailənin cəmiyyətdəki
layiqli mövqeyinə təminat yaradır. Dövlətin
bu sahədəki siyasətini özündə ehtiva edən
Ailə Məcəlləsi isə Azərbaycan Respublikası
Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş
hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə
münasibətlərinin yaranmasının və möhkəmlənməsinin,
onlara xitam verilməsinin prinsiplərini, ailə
münasibətlərinin iştirakçılarının
hüquq və vəzifələrini, dövlət
orqanlarının bu sahədə vəzifələrini, habelə
vətəndaşlıq vəziyyəti aktlarının qeydə
alınması qaydalarını tənzimləyən
normaları müəyyən edir. Məcəllə
nikahın bağlanması, nikaha xitam verilməsi və onun
etibarsız sayılması qaydaları və şərtlərini
müəyyən edir. Eyni zamanda ailə üzvləri
(ər-arvad, valideynlər və uşaqlar), eləcə də
ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda
və həddə başqa qohumlar və digər şəxslər
arasında yaranan əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləyir, habelə valideyn
himayəsindən məhrum olan uşaqların tərbiyəyə
götürülməsi qaydalarını müəyyən
edir. Ailə münasibətlərinin hüquqi tənzimi
qadınla kişinin nikahının
könüllülüyü, ər-arvadın hüquq bərabərliyi,
ailədaxili məsələlərin qarşılıqlı
razılıq əsasında həll olunması,
uşaqların ailə tərbiyəsinin
üstünlüyü, onların rifahına və
inkişafına qayğı, ailənin yetkinlik yaşına
çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin
hüquq və mənafelərinin müdafiəsinin təmin
olunması prinsiplərinə uyğun həyata keçirilir.
Ailə Məcəlləsinin 10.1 maddəsinə
görə, Azərbaycan Respublikasında nikah yaşı
kişilər üçün 18 yaş, qadınlar
üçün 17 yaş müəyyən olunur. Məcəllənin 13.1 maddəsində göstərilir
ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə
tibbi-genetik, tibbi-psixoloji və ailənin
planlaşdırılması məsələləri üzrə
məsləhət verilməsi onların
razılığı ilə yaşayış yerindəki
dövlət və bələdiyyə tibb müəssisələrində
pulsuz həyata keçirilir. Eyni zamanda 29-cu maddənin
müvafiq bəndlərində qeyd olunur ki, Azərbaycan Respublikası
Konstitusiyasında təsbit edilmiş qadın və kişinin
hüquq bərabərliyinə uyğun olaraq ər və arvad
ailə münasibətlərində bərabər şəxsi
və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və
təhsili, eləcə də ailənin digər məsələləri
ər-arvadın hüquq bərabərliyi prinsiplərinə
uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə
məşğuliyyət, sənət və yaşayış
yeri seçməkdə azaddır. Ər və
arvad ailədə öz münasibətlərini
qarşılıqlı yardım, hörmət hissi əsasında
qurmalı, ailənin möhkəmləndirilməsi və
rifahı üçün birgə fəaliyyət göstərməli,
övladlarının inkişafı üçün əlverişli
şərait yaratmalı və onların
sağlamlığının qayğısına
qalmalıdırlar.
Məcəllənin
32.1 maddəsinə görə, nikah müddətində ər-arvadın
əldə etdikləri əmlak onların ümumi birgə
mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə
mülkiyyətinə onların hər birinin əmək,
sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində
əldə etdikləri gəlirlər, aldıqları pensiya
və müavinətlər, eləcə də xüsusi təyinatı
olmayan digər pul ödəmələri (şikəstlik,
sağlamlığın bu və ya digər formada pozulması
nəticəsində əmək qabiliyyətinin itirilməsinə
görə ödənilən məbləğ, maddi
yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə
edilən daşınar və daşınmaz əmlak, qiymətli
kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına
qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın
ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin
kimin adına və ya kim tərəfindən
qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın
qazandığı hər hansı sair əmlak daxildir. Nikah
dövründə ev təsərrüfatı ilə,
uşaqlara qulluq etməklə məşğul olduğundan və
ya digər üzürlü səbəblərə görə
müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak
üzərində bərabər hüquqa malikdir.
Vacib məsələlərdən
biri də evlilikdən əvvəl gələcək ailə
münasibətlərinin planlaşdırılması,
bütün həssas məqamların incəliklərə qədər
dəqiqləşdirilməsidir. Əksər dünya ölkələrində
yeni ailə quranlar nikah müqaviləsi bağlamaqla, ailə həyatlarının əsas
məqamlarını, əsasən də əmlak məsələlərini
nizama salmağa üstünlük verirlər. Azərbaycan
Respublikasının qüvvədə olan Ailə Məcəlləsinin
38-ci maddəsində nikah müqaviləsinin məzmunu
açıqlanır. 38.1 maddədə göstərilir ki,
nikah müqaviləsi nikaha daxil olan şəxslər
arasında bağlanan, nikah dövründə və (və ya)
nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən
edən sazişdir. 38.2 maddəsinə görə nikah
müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin
qanunla müəyyən olunmuş rejimini dəyişərək,
ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və
ya ər-arvadın hər birinin əmlakına birgə,
paylı və ya ayrıca mülkiyyət
rejimi tətbiq edə bilərlər. 38.3. maddədə
göstərilir ki, nikah müqaviləsi ər-arvadın
mövcud olan və gələcəkdə əldə edəcəkləri
əmlaka dair bağlana bilər. 38.4 maddəyə görə,
ər-arvad nikah müqaviləsində bir-birinin
qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər
birinin ailə xərclərində iştirakı qaydası ilə
bağlı hüquq və vəzifələrini, nikah
pozulduqda hər birinə düşəcək əmlakı və
ər-arvadın əmlak münasibətlərinə dair hər
hansı başqa müddəanı müəyyənləşdirmək
hüququna malikdirlər.
Ailə Məcəlləsinin
38.5 maddəsinə görə, nikah müqaviləsində nəzərdə
tutulmuş hüquq və vəzifələr müəyyən
müddətlərlə məhdudlaşa bilər, müxtəlif
şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.
38.6 maddəsində isə vurğulanır ki, nikah müqaviləsində ər-arvadın
hüquq və fəaliyyət qabiliyyətini, öz
hüquqlarının müdafiəsi üçün məhkəməyə
müraciət etmək hüququnu, uşaqlara münasibətdə
hüquq və vəzifələrini, eləcə də ər-arvad
arasındakı şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyən, ehtiyacı olan və əmək
qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması
üçün vəsait almaq hüququnu məhdudlaşdıran,
ər-arvaddan birini çox əlverişsiz vəziyyətə
salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan
müddəalar nəzərdə tutula bilməz.
Məcəllənin 40-cı maddəsi
nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və
etibarsız hesab edilməsi ilə bağlı məsələləri
tənzimləyir. Həmin maddənin birinci bəndinə
görə, nikah müqaviləsi ər-arvadın
razılığı ilə istənilən vaxt bu Məcəllənin
39.3-cü maddəsində göstərilən qaydada
(yazılı və notariat qaydasında) dəyişdirilə
və ya pozula bilər. 40-cı maddənin ikinci bəndinə
görə, nikah müqaviləsinin
icrasından birtərəfli qaydada imtinaya yol verilmir.
Üçüncü bənddə isə göstərilir ki,
ərin (arvadın) tələbinə əsasən, məhkəmənin
qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
müqavilələrin dəyişdirilməsi və
pozulması üçün nəzərdə tutulmuş əsaslarla
və qaydada dəyişdirilə və ya pozula bilər.
Dördüncü bəndə görə, nikah müqaviləsində
nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə
tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi
anından nikah müqaviləsinə də xitam verilir. Beşinci bənddə qeyd olunur ki, nikah müqaviləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə əqdlərin etibarsız hesab edilməsi
üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə
tərəfindən tamamilə və ya qismən etibarsız
hesab edilə bilər. Nəhayət, altıncı bənddə
vurğulanır ki, müqavilənin şərtləri əri
(arvadı) çox əlverişsiz vəziyyətə
saldıqda nikah müqaviləsi onun tərəfindən
mübahisələndirilə bilər. Nikah müqaviləsinin
bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini
pozan şərtləri əhəmiyyətsizdir və
müqavilənin bağlandığı andan etibarsız hesab
edilir.
Ailə Məcəlləsinin 14-cü
maddəsi nikaha xitam verilməsinin əsaslarını müəyyən
edir. Məcəllənin 14.1 maddəsinə
görə, ər (arvad) öldükdə, yaxud məhkəmə
qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.
14.2 maddədə isə göstərilir ki, ərin
(arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında,
eləcə də məhkəmə qaydasında fəaliyyət
qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun
ərizəsi əsasında nikaha xitam verilə bilər. Məcəllənin 19.2 maddəsinə görə, ər-arvadın
razılığı olduqda, lakin onlardan biri müvafiq icra
hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda
(ərizə verməkdən imtina etdikdə, nikahın
pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə
və s.) nikahın pozulması məhkəmə qaydasında
həyata keçirilir.
Müşahidələr göstərir
ki, nikaha məhkəmə qaydasında xitam verildiyi halda ərlə
arvad arasında nikah müqaviləsinin olmaması ciddi problemlər
yaradır. Bu problemlər isə əsasən alimentin müəyyən
edilməsi, habelə yaşayış sahəsi ilə təmin
olunma ilə əlaqədar meydana çıxır. Nikah
müqaviləsi olmadıqda aliment tələb edən
qadınlar kişinin əmlak vəziyyətini müəyyən
edə bilmir. Bu zaman məhkəmələr
aliment kimi sabit pul məbləği müəyyənləşdirmək
məcburiyyətində qalır. Özünü qabarıq
göstərən problemlərdən biri də
boşanmış qadınların illərlə
yaşadıqları mənzildə yaşayış
hüququnun tanınmamasıdır. Bir çox hallarda
nikah pozulduqdan sonra qadın uşaqları ilə bayıra
atılır, yaşamağa yer tapmır. Bu da təsadüfi
deyildir ki, hazırda məhkəmələrin icraatında olan
mülki iddiaların böyük qisminin mənzildən istifadə
hüququnun xitamı və ya bu hüququn verilməsi
(Mülki Məcəllənin 228-ci maddəsi) ilə
bağlıdır. Mülki Məcəllənin 228-ci
maddəsində qeyd edilir ki, nikaha girən şəxslər,
mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş
müqavilə bağlamalıdır. Təcrübədə
isə mülkiyyətçi ilə ailə üzvləri
arasında belə bir müqavilənin imzalanmasına çox
nadir hallarda rast gəlinir. Ailə münasibətlərinə
xitam verildikdə isə mənzil istifadəçisi ilə
mülkiyyətçi və digər ailə üzvləri
arasında mübahisə yaranır. Bu zaman yaşayış
sahəsinin mülkiyyətçisinin digər ailə
üzvünün yaşamasına və mənzildən istifadə
hüququna notariat qaydasında təsdiq edilmiş
yazılı razılığının olmadığı
meydana çıxır.
Nikaha daxil olan
qadın həyat yoldaşının valideynlərinin və ya
qohumlarının mülkiyyətində olan mənzilə adət
normalarına uyğun olaraq gəlin gəlir ki, boşanma
zamanı da qadının mənzildə yaşamaq hüququnun
təmin edilməsi üçün bu normalar kifayət etmir.
Çünki nikaha girən şəxslər, əksər
hallarda isə qadın gəlin gəldiyi mənzildən
istifadə və ya bu mənzildə yaşamaq hüququ
haqqında mənzilin mülkiyyətçisi ilə
müqavilə bağlamadığından gələcəkdə
xoşagəlməz hallar baş verir. Nəticədə
məhkəmə çəkişmələri uzun illər
davam edir. Bütün məhkəmə
instansiyalarını keçən iddiaçı məhkəmə
qərarlarından narazı qalır və keçmiş həyat
yoldaşını, onun valideynlərini və
qohumlarını haqsızlıqda, məhkəmələri isə
ədalətsiz qərar qəbul etməkdə ittiham edirlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
2008-ci ildə bu zəmində baş verən məhkəmə
çəkişmələrinin həlli məqsədilə
prinsipial qərar qəbul etdi. Belə ki, 2008-ci ildən
xüsusi müqavilə ilə ərə gəldiyi evə
qeydiyyata düşməyən qadınlar boşanma zamanı
mülkiyyət iddiası qaldıra bilməyəcəklər.
Odur ki, nikaha girərkən tərəflərə nikah
müqaviləsi ilə yanaşı, mülkiyyətçi ilə
belə bir müqavilənin bağlanmasının vacibliyi də
izah olunmalıdır. Bu, ailədə sonradan yarana biləcək
problemlərin bəri başdan həllinə xidmət edən
sivil yanaşmadır.
Əgər
mülkiyyətçi onun mülkiyyətində olan mənzildə
gəlinin yaşamasına yazılı razılıq veribsə,
həmin şəxsi mənzildən çıxarmaq
üçün qanunda nəzərdə tutulan əsaslar
yaranmalıdır. Əsas yoxdusa, mülkiyyətçi mənzildən
istifadə hüququ əldə etmiş şəxsə
kompensasiya ödəməklə onun istifadə hüququna xitam
verilməsini tələb edə bilər.
Boşanma zamanı mənzillə
yanaşı, digər daşınmaz və daşınar əmlak
mübahisələrinin yaranması da son dövrlərdə cəmiyyətdə
ciddi problemlərdən biri kimi özünü göstərir.
Açıq demək lazımdır ki, müasir dövrdə
başqasının əmlakını ələ keçirmək
üçün məqsədli şəkildə nikaha girənlərə
də rast gəlinir. Bu problemin aradan qaldırılması
üçünsə ən optimal çıxış yolu
nikah müqaviləsində ümumi hesab edilən əmlakın
bəri başdan dəqiq müəyyənləşdirilməsidir.
Bazar iqtisadiyyatı şəraitində işgüzar
insanların qanuni yolla varlanması, yaxşı
yaşaması üçün daha geniş imkanlar var. Eyni
zamanda bu gün hansısa insanın bir neçə evə,
avtomobilə, bağa və s. əmlaka malik olması heç
kimdə təəccüb doğurmur. Boşanma zamanı isə
ər və ya arvad bu əmlakın yarısından məhrum
edilməsi ilə barışmır. Sosial ədalət
prinsiplərinin təmini baxımından Azərbaycanda da bu məsələlərin
qanunvericiliklə tənzimlənməsinin zamanı
çatıb. Yəni nikaha girən vaxt ər və
arvadın məcburi qaydada nikah müqaviləsi imzalamaları
məsələsi Ailə Məcəlləsində əksini
tapmalıdır.
Bu həm də ona görə vacibdir
ki, mülkiyyət hüququ tarixən əsas insan hüquq və
azadlıqlarından biri olaraq toxunulmaz sayılıb.
Hazırda əksər dünya dövlətlərinin əsas
qanunlarında mülkiyyətin toxunulmazlığı və
dövlət tərəfindən qorunması birmənalı təsbit
olunmuşdur. Analoji hal Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü maddəsinin I bəndində də
öz yerini tapmışdır.
Qeyd edək ki,
boşanma ilə bağlı işlərə baxan məhkəmələr
humanizm prinsiplərini rəhbər tutaraq boşanmış
qadına keçmiş həyat yoldaşının hələ
nikahdan əvvəl əldə etdiyi mənzildə və ya
onun qohumlarına məxsus evdə yaşamaq hüququ verirdi
ki, bu da müxtəlif
narazılıqlara və uzun-uzadı məhkəmə çəkişmələrinə
səbəb olurdu. Bu hal həmin mənzillərin
mülkiyyətçilərinin mülkiyyət
hüquqlarının pozulması kimi qiymətləndirilir və
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin
tələbləri baxımından məqbul
sayılmırdı. Konstitusiyanın həmin maddəsinin 1-ci
bəndində deyilir ki, “Azərbaycan Respublikasında
mülkiyyət toxunulmazdır və dövlət tərəfindən
müdafiə olunur”.
Belə olduğu halda, nikah müqaviləsində
mülkiyyətin ər və arvad arasında dəqiq “sərhədləri”nin
müəyyənləşdirilməsi həm də mülkiyyət
hüququnun qorunması baxımından zəruridir. Nikah
müqaviləsinin bağlanması ilə bağlı təbliğat
işində Ədliyyə Nazirliyinin vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı orqanları da fəal
olmalı, yeni ailə quran şəxslərə müqavilənin
üstünlükləri izah olunmalıdır. Nikah
müqaviləsinin olmamasının nikaha girmək istəyən
şəxslər arasında nikahı istisna edən hal kimi
qiymətləndirilməsi və ailə qurmaq istəyən
şəxslər tərəfindən VVAQ orqanlarına təqdim
edilməsi zəruri olan sənədlər arasında nikah
müqaviləsinin də olması qaydasının
qanunvericiliyə gətirilməsi daha düzgün olardı.
Bu, əmlak zəminində baş verən ailə mübahisələrinin
sivil yolla hüquqi tənzimlənməsi baxımından ən
məqbul addımdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 4.