Səbail rayonunda bəstəkar Tofiq Quliyevin xatirə aylığı

 

Görkəmli Azərbaycan bəstəkarı, milli estrada musiqisinin banilərindən biri, xalq artisti Tofiq Quliyevin doğum günü ilə əlaqədar Səbail rayonunun orta təhsil və mədəniyyət müəssisələrində xatirə aylığı keçirilir.

 

Bəstəkarın adını daşıyan 12 saylı musiqi məktəbində keçirilmiş tədbirdə iştirakçılar və qonaqlar əvvəlcə əsaslı təmir olunmuş bina, sinif otaqları, dərs şəraiti ilə yaxından tanış olmuş, Tofiq Quliyevin həyat və yaradıcılığını, məktəbdə keçirilən müxtəlif tədbirləri, musiqi məktəbinin fəaliyyətini əks etdirən sərgiyə baxmışlar.

Sonra məktəbin şagirdlərinin iştirakı ilə sevimli bəstəkarın xatirəsinə həsr olunmuş böyük konsert proqramı nümayiş etdirilmişdir. Təntənəli konserti açıq elan edən məktəbin direktoru Gülnarə Səfərova bəstəkarın həyat və fəaliyyətindən söz açaraq bildirmişdir ki, Tofiq Quliyev mahnıları bu gün də sevilə-sevilə ifa edilən sənətkarlardandır. Bəstəkar Azərbaycanın estrada və caz musiqisinin əsasını qoyanlardan biri olmaqla yanaşı, həm də pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano musiqilərinin müəllifi olmuşdur. Tofiq Quliyevin yaradıcılığının böyük bir hissəsi Azərbaycan kinosunun inkişafı ilə bağlı olmuş, o, bir sıra kinofilmlərə musiqi bəstələmişdir. Sənətkarın fəaliyyətini dövlətimiz yüksək qiymətləndirmiş, xalq artisti fəxri adı ilə yanaşı, ulu öndər Heydər Əliyev onu “Şöhrət” ordeni ilə mükafatlandırmışdır. Musiqi məktəbinin bəstəkarın adını daşıması da onun yaradıcılığına verilən qiymətin bir nümunəsidir.

Konsert proqramı şairə Solmaz Amanovanın bəstəkarın xatirəsinə həsr etdiyi şeirlə başlamışdır. Tofiq Quliyevin populyar musiqiləri, kinofilmlərə yazdığı mahnılarla yanaşı, Vasif Adıgözəlovun, Qara Qarayevin, klassik dünya bəstəkarlarından Albenisin, Vivaldinin, Faylanın əsərləri də ifa olunmuşdur. Şagirdlərdən Şəbnəm Şahpələnglinin, Həmidə Ağasoyun, Emin Hüseynovun skripkada, Rafiq Fərəcovun tarda, İlham Əsgərlinin, Nəzrin Mahmudovanın, Rəşidə Əliyevanın fortepianoda, Hacıbaba Babayevin saksafonda, məktəb ansamblının müşayiəti ilə solistlərdən Lalə Sultanlı, Qarabəy Kərimov, Vüqar Məmmədov və Şamil Məmmədovun ifaları alqışlarla qarşılanmışdır.

Xatirə tədbirində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sonda maraqlı konsert proqramına görə məktəbin kollektivinə xoş sözlərini çatdırmış və qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev həmişə mədəniyyət işçilərinə çox böyük diqqət və qayğı göstərmişdir. Onun səyləri nəticəsində mədəniyyətimiz böyük inkişaf yolu keçmiş, musiqi xadimlərimizin əsərləri dünyanın bir çox ölkələrində səslənmişdir. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin gördüyü işləri inkişaf etdirərək mədəni həyatın tərəqqisinə böyük töhfələr verməkdədir.

Bu gün respublikamızdakı bir çox mədəniyyət ocaqları təmir olunur və yeniləri tikilir. Son illər rayonda yerləşən Rus Dram, Kukla, Gənc Tamaşaçılar teatrları, Ədəbiyyat, İncəsənət və Tarix muzeyləri, MNT Mədəniyyət Mərkəzi, Yazıçılar, Bəstəkarlar və Rəssamlar ittifaqlarının binaları, bir sıra parklar əsaslı təmir olunmuşdur. Bakıda Beynəlxalq Muğam Mərkəzi kimi nadir mərkəz tikilmişdir. Şəhər 132 və 134 saylı məktəblərin binalarında əsaslı təmir işləri aparılır.

Sonda başçı şagirdlərin nümunəvi çıxışlarının hazırlanmasında 12 saylı musiqi məktəbi müəllimlərinin zəhmətini qeyd etmiş, uşaqlara gələcəkdə Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Bülbül, Şövkət Ələkbərova kimi sənətkarlar olmağı arzulamışdır.

 

 

R. TAHİR

 

Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 4.