Nərimanov rayonu: sosial-iqtisadi inkişaf daha da güclənir

 

Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatı üçün son dərəcə mühüm, məsul bir il tədricən sona yaxınlaşır. 2009-cu il ölkəmiz üçün çətin və həm də şərəfli bir dövr olmuşdur. Belə ki, dünyanı cənginə almış maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etmiş, ölkəmiz bu ağır və çətin sınaqdan uğurla çıxa bilmişdir. Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uzun müddət üçün işlənib hazırlanmış məqsədyönlü islahatlara söykənir.

 

Məhz buna görə də il ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar, sənayeləşdirmə siyasəti, bölgələrdə reallaşdırılan infrastruktur layihələri, özəl sektora verilən güzəştli kreditlər və həyata keçirilən digər mühüm tədbirlər müsbət nəticələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına dair oktyabrın 16-da keçirilmiş iclasında ölkəmizin sosial-iqtisadi uğurları geniş təhlil olunmuş, qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Son illər paytaxtımızın ən abad və yaraşıqlı guşələrindən birinə çevrilən Nərimanov rayonu da ölkəmizin davamlı inkişaf prosesinə mühüm töhfələr vermişdir. Belə ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sosial-iqtisadi inkişaf proqramlarından, mühüm fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində reallaşdırılmış tədbirlər rayonda əsaslı yüksəlişə möhkəm zəmin yaratmışdır. Bir sözlə, burada görülmüş bütün işlər, həyata keçirilmiş tədbirlər ümumi inkişafa və tərəqqiyə xidmət etmişdir. Təsadüfi deyil ki, əvvəlki illərdə müşahidə olunan dinamik inkişaf bütün ölkədə olduğu kimi, Nərimanov rayonunda da, bir an da olsa, səngiməmiş, makroiqtisadi sabitlik qorunub saxlanmışdır. Elə cari ilin doqquz ayının makroiqtisadi göstəriciləri də rayonun son dövrlərdəki dinamik sosial-iqtisadi inkişafını təsdiqləyən mühüm amillərdəndir. Cari ilin doqquz ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayedə 104,5 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil etmişdir. Hesabat dövründə sənaye müəssisələrində işləyənlərin sayı 7427 nəfər təşkil etmiş, onların nominal əmək haqları 10,4 faiz artaraq 275 manatı ötmüşdür.

Dünyada əsasən, maliyyə böhranı ili kimi xarakterizə edilən 2009-cu ilin ötən dövrü ərzində bütün ölkədə olduğu kimi, Nərimanov rayonunda da yeni iş yerlərinin yaradılması prosesi davam etmiş, doqquz ay ərzində 1973 daimi iş yerinin açılmasına nail olunmuşdur. Heç şübhəsiz, yaradılan hər bir yeni müəssisə, açılan hər bir iş yeri sakinlərin firavan həyatının, dolanışıq səviyyəsinin təminatı deməkdir. Məhz buna görədir ki, son zamanlar rayon rəhbərliyi bu sahəyə diqqəti getdikcə artırır.

2009-cu ilin yanvar-sentyabr aylarında rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşu 69,6 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,9 faiz çoxdur. Hesabat dövründə rayonun tikinti sektorunda da yüksək göstəricilər əldə edilmişdir. Elə tikinti təşkilatları tərəfindən rayon ərazisində öz gücləri ilə 273,7 milyon manatlıq iş görülməsi də belə bir qənaətə gəlməyə əsas verir. Rayonun tikinti sektorunun fəaliyyətindəki sabit iş tempi burada çalışan işçilərin say tərkibinin və orta aylıq əmək haqlarının artmasına səbəb olmuşdur. İlin ötən doqquz ayında tikintidə çalışanların sayı daha 496 nəfər artaraq 2791 nəfərə çatmışdır. İnşaat sektorunda orta əmək haqları isə 416,2 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövründəkindən 19,6 faiz çoxdur.

Son illər əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən sayılan pullu xidmətlərin artması da rayon üzrə ümumi inkişafın başlıca təzahürlərindən biridir. Bu tendensiya ilin əvvəlindən davam etmiş, doqquz ay ərzində əhaliyə 109,1 milyon manatlıq pullu xidmətlər göstərilmiş və bu sahədə artım sürəti 113,9 faiz olmuşdur. Bundan əlavə, hesabat dövründə rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 489,5 milyon manat olmuş, ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi isə 11,1 milyon manat və artım sürəti 142 faiz təşkil etmişdir.

Sadaladığımız bütün bu rəqəmlər, heç şübhəsiz, rayonun cari ilin doqquz ayının sosial-iqtisadi inkişafını xarakterizə edən faktların tam olmayan siyahısıdır. Bu rəqəmlərin hər birinin arxasında isə əsaslı yüksəlişin və tərəqqinin dayandığı şəksizdir. İlin ötən dövrü ərzində Nərimanov rayonu üzrə aparılan geniş miqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri, həmçinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də bunu təsdiqləyir.

Cari ilin ötən dövründə rayonda çox mühüm iri sosial və infrastruktur layihələri həyata keçirilmişdir. Bir məsələni də qeyd edək ki, Nərimanov rayonu paytaxtın mərkəzi rayonlarından olduğu üçün burada aparılan abadlıq-quruculuq və yenidənqurma işləri xüsusi diqqət tələb edir. Xüsusən də ölkə Prezidenti İlham Əliyevin abadlıq və yenidənqurma işlərinin keyfiyyətlə və zövqə uyğun aparılmasını dəfələrlə tövsiyə etməsi bu sahədə məsuliyyəti birə-beş artırmışdır. Bu baxımdan Nərimanov rayonunda inşa olunan hər bir obyekt, həyata keçirilən bütün infrastruktur layihələri günün tələblərinə tam cavab verir. Təsadüfi deyil ki, indi rayonun park və xiyabanları, küçə və meydanları, sözün həqiqi mənasında, zövq oxşayır, abadlıq-quruculuq işləri adamda xoş əhval-ruhiyyə yaradır. Geniş və yaraşıqlı küçə və prospektlər, ilin bütün fəsillərində yaşıllığa və gül-çiçəyə bürünmüş bağ-bağatlar, müasir memarlıq üslubunda inşa olunmuş çoxmərtəbəli yaşayış binaları rayonun simasına əlavə yaraşıq gətirir. Paytaxtımızın, o cümlədən Nərimanov rayonunun daha da gözəlləşməsinə xidmət edən abadlıq-quruculuq işləri sakinlərin dərin razılığına səbəb olur, onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Dövlət başçısının müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn məsələlərin həlli də daim diqqət mərkəzində saxlanılır. Belə ki, adı çəkilən mühüm dövlət sənədinə müvafiq olaraq tərtib edilmiş “Nərimanov rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi” proqramının icrası ilə bağlı 8 ünvanda abadlıq işləri aparılmış, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində məhəllədaxili yollara asfalt örtüyü salınmış, səkilərdə səliqə-sahman işləri aparılmış, qanunsuz tikililər sökülmüş, küçə ticarəti ilə mübarizə halları gücləndirilmişdir. Bütün bu işlər nəticəsində rayonun ayrı-ayrı məhəllələrində abad həyətlərin sayı xeyli artmışdır.

2009-cu ilin ötən aylarında rayon ərazisində bir sıra vacib obyektlərin tikintisi uğurla başa çatdırılmışdır. Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında tikilib istifadəyə verilmiş həmin obyektlərin açılışında dövlət başçısı şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına hospitalının yeni binası, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində inşası başa çatmış yol ötürücüsü, ulu öndərin adını daşıyan prospektdəki körpü-tunel və yeraltı piyada keçidləri, 203 saylı yarımstansiya və yenidən qurulan 110 kilovoltluq 3-cü və 4-cü “Xırdalan” hava xətləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş psixonevroloji uşaq evi və Talassemiya Mərkəzi 2009-cu ilin buraxılış obyektlərindəndir. Onu da deyək ki, sonuncu iki obyektin açılışında Prezident İlham Əliyevlə birgə xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva da iştirak etmişdir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni binaları istifadəyə verilmişdir.

Hazırda ölkə Prezidentinin tapşırıq və göstərişləri əsasında Nərimanov rayonunda dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Bununla əlaqədar bir sıra yerlərdə sakinlərin köçürülməsi zərurəti meydana çıxmışdır. Bu məqsədlə dövlət orqanları nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən hər bir ailənin mənzil şəraiti araşdırılmış, onlara yeni tikilmiş yaşayış kompleksində əvvəlki mənzillərinin ümumi sahəsindən 2-2,5 dəfə çox olmaqla tam təmirli və hər cür kommunal şəraiti olan yaraşıqlı mənzillər verilmişdir. Bu yaxınlarda Xan Şuşinski küçəsində kommunal şəraiti olmayan, darısqal evlərdə yaşayan 194 ailə Aşıq Molla Cümə küçəsində yeni inşa olunmuş tam təmirli, geniş mənzillərə köçürülmüşdür. Hazırda isə “Xutor” yaşayış sahəsi adlandırılan ərazidə yaşayan 86 ailənin köçürülməsi üçün yeni salınmış şəhərcikdəki binalarda son tamamlama işləri həyata keçirilir və yaxın vaxtlarda mənzillər sakinlərin istifadəsinə veriləcək.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzin tikintisi də getdikcə sürətlənir. Xatırladaq ki, sentyabr ayının 7-də Prezident İlham Əliyev inşaat işlərinin gedişi ilə maraqlanmaq məqsədilə bura baş çəkmiş, bir sıra tapşırıq və tövsiyələrini vermişdir. Qafqazda analoqu olmayan bu obyektin tikintisi ilə əlaqədar Heydər Əliyev prospektində yerləşən beş yaşayış binasında yaşayan 244 ailənin köçürülməsi məsələsi də yüksək səviyyədə həll olunmuşdur.

Nazirlər Kabinetinin geniş iclasında dövlət başçısı ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması ilə bağlı mühüm tapşırıqlar vermiş, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması təşəbbüsünü irəli sürmüşdür. Prezident bu məqsədlə ölkənin hər yerində davamlı olaraq ağac əkilməsini tövsiyə etmişdir. Nərimanov rayonunda da bu vacib məsələ daim diqqət mərkəzində saxlanılır. Təkcə onu demək kifayətdir ki, 2009-cu ilin yaz mövsümündə burada həyata keçirilən “yaşıl rayon” devizi altında magistral yolları boyunca 7100 ədəd yerli və xarici növ ağac əkilmişdir. Dövlət başçısının bu sahədəki növbəti tapşırığını əldə rəhbər tutan rayon icra hakimiyyəti payız mövsümü ilə əlaqədar ağacəkmə kampaniyasını davam etdirir. İlin sonunadək rayon ərazisində daha 14 min ağacın əkilməsi planlaşdırılır. Yeri gəlmişkən, əvvəlki dövrlərdən fərqli olaraq yaşıllaşdırma işlərinə münasibət dəyişib. İndi ağac əkilməsindən daha çox ona qulluq göstərilməsinin qayğısına qalınır. Elə cari ilin doqquz ayının yekunları ilə bağlı Nərimanov rayonunda keçirilmiş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu vacib məsələyə toxunaraq əkilmiş ağaclara xüsusi qulluq göstərilməsi ilə bağlı tapşırıq verməsi də burada yaşıllaşdırma işlərinə olan doğma münasibətin, diqqətin nəticəsidir.

Rayonun ayrı-ayrı xidmət sahələri də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Artıq qışın qapını aldığı bu günlərdə sakinlərin istilik, elektrik enerjisi və “mavi yanacaq”la təminatı sahəsində görülmüş işlərin müsbət nəticələri açıq-aydın hiss olunur. Cari ilin ötən dövrü ərzində rayonun istilik təchizatı sisteminin təkmilləşdirilməsi məqsədilə 5 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən müvafiq tədbirlər görülmüş, müxtəlif diametrli köhnə borular dəyişdirilmiş və onlara korroziyaya qarşı izolyasiya qatı çəkilmiş, istismar müddətini başa vurmuş siyirtmələr, nasos mühərrikləri yeniləri ilə əvəz olunmuş və ya təmir edilmiş, qazanlar işlək vəziyyətə gətirilmişdir. Eyni zamanda, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində lazımi təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 600 yaşayış binasının, 20 məktəbin, 17 uşaq bağçasının, 10 səhiyyə və digər obyektlərin istiliklə təchiz olunması təmin edilmişdir.

Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən görülmüş işlər də qış aylarında rayonda elektrik enerji ilə bağlı heç bir problemin olmayacağını deməyə əsas verir. Belə ki, cari ilin ötən dövrü ərzində investisiya planına əsasən rayonda 151 ədəd elektrik dirəyi basdırılmış, 205609 metr uzunluqda müxtəlif markalı kabel çəkilmiş, 2041 nəfər abunəçi üçün yeni elektron sayğac quraşdırılmış, 400 binada isə sayğaclar pilləkən qəfəsinə çıxarılmışdır. Hesabat dövründə, həmçinin rayonda üç yeni transformator məntəqəsi tikilmiş və həmin obyektlərdə beş ədəd təzə transformator quraşdırılmış, dörd komplekt transformator məntəqəsi isə yenisi ilə əvəz edilmişdir.

Rayon əhalisini payız-qış aylarında “mavi yanacaq”la tam təmin etmək məqsədilə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici qurğular və məntəqələr təftiş edilmişdir. Bununla yanaşı, qazdan istifadə ilə bağlı aşkara çıxarılmış qayda pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür. Cari ilin doqquz ayında rayonda əhaliyə satılmış qazın 85 faizinin, sənaye müəssisələrinə verilmiş qazın isə 98,2 faizinin haqqı ödənilmişdir.

Hesabat dövründə rayon su kəməri istehsalat istismar zonası tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 1872 paqonometr boru dəyişdirilmiş, 11 ədəd nasos və mühərrik, eləcə də 17 ədəd siyirtmə təmir olunmuş, 27 ədəd su anbarı isə yuyularaq təmizlənmişdir. Rayonun kanalizasiya qəza sahəsi tərəfindən isə 95 paqonometr uzunluqda magistral kanalizasiya boruları yenisi ilə əvəz olunmuş, kanalizasiya və yağış sularının axıdılmasını təmin edən şəbəkələrdə lazımi təmir-bərpa işləri aparılmışdır.

Rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən payız-qış mövsümü ilə əlaqədar görülmüş işlər də qənaətbəxşdir. Belə ki, ötən müddətdə adı çəkilən qurum tərəfindən yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilmiş, əvvəlcədən hazırlanmış tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün imkanlar səfərbər edilmişdir. Artıq ayrı-ayrı yaşayış binalarının və fərdi evlərin qarışıq və şifer dam örtükləri təmir olunmuş, ümumi istifadə yerlərində lazımi şüşələnmə işləri aparılmış, köhnə qapı və pəncərələr dəyişdirilmiş, su boruları və yağış navalçaları təmir edilmişdir. Bundan əlavə, ayrı-ayrı şirkət və nazirliklərin rayon ərazisində fəaliyyət göstərən mənzil-kommunal istismar sahələri tərəfindən müxtəlif ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, ümumi girişlərdəki qapı və pəncərələr dəyişdirilmiş, eləcə də sakinlərin rahatlığı üçün digər zəruri tədbirlər görülmüşdür.

Son illər Nərimanov rayonu üzrə təhsil sahəsində əldə olunmuş nəticələr isə daha qənaətbəxş, daha uğurludur. Məlumat üçün bildiririk ki, ötən tədris ilində rayon ərazisində yerləşən 22 ümumtəhsil məktəbində 26554 şagird təhsil almışdır. XI sinfi bitirmiş 2448 nəfər şagirddən 2157-si orta təhsil haqqında şəhadətnamə almış, beş nəfər isə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2009- 2010-cu tədris ili üçün ali məktəblərə qəbul olunmuş abituriyentlərin 55 nəfəri 600-dən yuxarı bal toplamış, 8 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Bu da rayonda təhsilin keyfiyyətinin xeyli artmasını təsdiqləyən başlıca amillərdəndir.

Rayon məktəblərinin digər nailiyyətləri də ölkə Prezidentinin məlum sərəncamları ilə qeyd olunmuşdur. Belə ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 34 və 258 saylı məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Fuad Hüseynov və Sima Novruzova “Tərəqqi” medalına, 304 saylı məktəbin idman müəllimi Nadejda Korbakova isə “Əməkdar müəllim” adına layiq görülmüşlər. Bundan əlavə, rayonun 47 və 212 saylı məktəbləri, həmçinin “Ankara məktəbi” “İlin məktəbi”, 82 saylı məktəbin riyaziyyat müəllimi Əli Məmmədov, 219 saylı Ekologiya liseyinin ibtidai sinif müəllimi Qəmər Tağıyeva, Bağça-Məktəb-Lisey Kompleksinin biologiya müəllimi Xoşqədəm Orucova və ingilis dili müəllimi Rəsmiyyə Bədirova “İlin müəllimi” seçilmişlər.

Rayon ərazisindəki səhiyyə müəssisələrində hazırda 1172 nəfər həkim və 1549 nəfər orta tibb işçisi çalışır. Əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, həmçinin rayonun sanitar-epidemik vəziyyətinin sağlamlaşdırılması məqsədilə də mühüm tədbirlər həyata keçirilmişdir.

İlin əvvəlindən rayon əhalisinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində ölkə Prezidentinin fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin ödənilməsinə cəlb edilmişdir. Hesabat dövründə rayon üzrə 23208 nəfər pensiyaçıya 25 milyon 44 min manat pensiya ödənilmiş, əhalinin bu təbəqəsinə yeni plastik kartların verilməsi təmin olunmuşdur. Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər də davam etdirilmiş, 12610 nəfəri əhatə edən 2801 ailəyə orta hesabla 114 manat olmaqla hər ay 319 min manat məbləğində vəsait ödənilmişdir.

Məlum olduğu kimi, ölkəmiz çox mühüm bir ictimai hadisə ərəfəsindədir. Belə ki, bu il dekabr ayının 23-də Azərbaycanda üçüncü dəfə yerli özünüidarəetmə orqanlarına — bələdiyyələrə çeçkilər keçiriləcək. Hazırda ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edən bu kompaniyaya ciddi hazırlıq görülür. Nərimanov rayonundakı üç seçki dairəsi üzrə 76 seçki məntəqəsi fəaliyyət göstərir. Ötən müddətdə hər üç seçki dairəsinin dislokasiyası dairə seçki komissiyaları tərəfindən nəzərdən keçirilmiş, məntəqə seçki komissiyalarının tərkibi tam formalaşmışdır. Məlumat üçün bildiririk ki, rayondakı üç seçki dairəsi üzrə seçicilərin ümumi sayı 100487 nəfər təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilərə beş gün qalmış rayon ərazisində yerləşən xəstəxanaları, cəzaçəkmə müəssisələrini və hərbi hissələri əhatə edən məntəqə seçki komissiyaları yaradılacaqdır. Seçki praktikasının təkmilləşdirilməsi, habelə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin şəffaflığını, demokratikliyini və mütəşəkkilliyini təmin etmək məqsədilə dairə və məntəqə seçki komissiyaları üçün Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bütün texniki təminat və lazımi şərait yaradılmışdır.

Rayon icra hakimiyyəti tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi, təbliğat və təşviqat aparılması üçün müvafiq yerlər yaradılmış, seçki məntəqələrinin hər birinin yaxınlığında təşviqat lövhələri quraşdırılmışdır. Bir sözlə, bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün rayonda bütün zəruri işlər görülür.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına müvafiq olaraq həyata keçirmiş, nəzərdə tutulmuş məsələlərin və verilən cari tapşırıqların yerinə yetirilməsini təmin etmişdir. 2009-cu ilin doqquz ayı ərzində rayon icra hakimiyyəti başçısı yanında şuranın 18 iclası keçirilmiş, müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında şuranın qərarları, zəruri hallarda rayon icra hakimiyyəti başçısının sərəncamları verilmişdir.

Ötən dövr ərzində çoxsaylı ümumrayon müşavirəsi, yığıncaq, konfrans və toplantılar keçirilmiş, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin idarə, təşkilat və müəssisələrdə rayon fəalları, ictimaiyyətin nümayəndələri, əmək kollektivləri sakinləri, qaçqın və məcburi köçkünlərlə görüşləri təşkil olunmuşdur. Hər ay keçirilən tədbirlər barədə və rayon icra hakimiyyəti tərəfindən vətəndaşların müraciət və şikayətlərinə baxılması, eləcə də yerlərdə keçirilən görüşlərdə deyilmiş tənqidi qeydlərin və təkliflərin icrasına dair məlumatlar hazırlanıb Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə göndərilmişdir.

Rayon icra hakimiyyətində vətəndaşların ərizə və müraciətlərinə, onların qəbul olunmasına xüsusi diqqət yetirilmişdir. Vətəndaşlar tərəfindən daxil olmuş bütün müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qanundan irəli gələn digər normativ-hüquqi aktlara uyğun olaraq baxılmışdır.

Ötən dövr ərzində Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin yerlərdə 38 səyyar qəbulu təşkil olunmuşdur. Qəbullar sənaye və orta ümumtəhsil müəssisələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, inzibati binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində, əhalinin mədəni-kütləvi tədbirlər otağında və s. yerlərdə keçirilmişdir. Keçirilən qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilmişlər.

Məlum olduğu kimi, ölkə Prezidenti bütün görüşlərində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi barədə göstəriş və tapşırıqlar vermişdir. Odur ki, ötən doqquz ayda Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yerlərdə əhali ilə keçirilən görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəzi məsələlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Göründüyü kimi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, sakinlərə göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində mühüm işlər görülmüşdür. Bununla belə, rayon əhalisinin durmadan artan maddi, mənəvi və digər tələbatının tam və dolğun ödənilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün imkanlar səfərbər edilir, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün zəruri tədbirlər görülür.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 5.