Yeni Azərbaycan Partiyası Heydər Əliyevin milli dövlətçilik təfəkkürünün məhsuludur

 

İstər yaşlı, istər də gənc nəsil üçün ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu insan iradəsinin yenilməzliyinin və qətiyyətinin parlaq nümunəsidir. Ötən əsrin 40-cı illərindən başlanan və XXI əsrə adlayan bu dövr Azərbaycanın müasir tarixinin ən önəmli, əhəmiyyətli bir mərhələsini, Heydər Əliyev epoxasını təşkil edir. Mübaliğəsiz demək olar ki, bu dövrü Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki tariximizə şərəf və şöhrət gətirən bu səhifələrin hər birində Heydər Əliyevin imzası, dəst-xətti var.

 

Azərbaycan tarixinin bir qərinəlik dövrü ərzində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin siyasi, sosial-iqtisadi həyatında oynadığı rolu, onun Azərbaycanın milli mənafeləri baxımından fəaliyyətini təhlil edən ən nüfuzlu politoloqlar, siyasi xadimlər, ekspertlər, müxtəlif sənət sahibləri belə nəticəyə gəliblər ki, bu nəhəng siyasi sima çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan tarixində unudulmaz və əvəzolunmaz şəxsiyyət, misilsiz dövlət başçısı səviyyəsinə yüksəlib.Ən azından onun hakimiyyətə qayıdış illərini xatırlayın...

...Ötən əsrin 90-cı illərinin əvvəllərində gənc, müstəqil Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Ölkə iqtisadi, siyasi və sosial böhran içərisində boğulurdu. Vətəndaş müharibəsi hər an başlaya bilərdi. Müstəqilliyimiz “olum və ya ölüm” dilemması qarşısında idi. Azərbaycan bir tərəfdən torpaqlarının Ermənistan tərəfindən işğalı, yüz minlərlə qaçqın-köçkün problemi ilə, digər tərəfdən daxildə qarşıdurmalar və hakimiyyət böhranı ilə üz-üzə qalmışdı.

Müasir Azərbaycan tarixinin bu kəşməkeşli, ziddiyyətli məqamlarını göz önünə gətirib dəyərləndirmək qərarına gələndə ixtiyarsız olaraq Türkiyənin tanınmış siyasi xadimi Bülənt Ecevitin ümummilli liderimiz Heydər Əliyev haqqında söylədiyi bu fikir yadıma düşür: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirzaoğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirzaoğlu min ildən bir yetişən dahilərdəndir”.

Bu gün müstəqil Azərbaycanın simvoluna çevrilmiş ulu öndər Heydər Əliyev hələ sovet dönəmində, imperiyanın təzyiq və hədələrinə baxmayaraq, Azərbaycana misilsiz xidmətləri ilə adını tarixə yazmışdı. Ancaq çoxlarının ağlına belə gəlmirdi ki, bu siyasət dahisinin tarixi missiyasının daha əzəmətli və daha şərəfli bir erası hələ qarşıdadır. Heydər Əliyev xarizmasının əzəmətindən, siyasi nüfuzunun çəkisindən, iti zəkasından, siyasi iradəsi və səriştəsindən qorxub onu çox böyük ədalətsizliklə siyasi arenadan uzaqlaşdıranlar, bu siyasət dahisinin az bir zamandan sonra ölkəsinin müstəqillik tarixinin şanlı səhifələrini yazacağını dar düşüncələrinə sığışdıra bilmirdilər.

Amma zaman öz qəti hökmünü verməkdə idi... 1990-cı il yanvarın 20-də imperiyanın Bakıya yeni qanlı, işğalçı hücumundan dərhal sonra Moskvada siyasi ildırım çaxdı. Faciəyə bələnmiş millətin naləsi Heydər Əliyevin qəzəbindən doğan sərt bəyanatından boy verib bütün imperiya ağalarını silkələdi. Bu nə idi? Heydər Əliyevin siyasətə qayıdışımı? Qəti cavab vermək o vaxt çox çətin idi. Amma xalqın taleyini yaşayan insan, heç şübhəsiz, Azərbaycanın müti rəhbərlərinin o zaman qəbul etdiyi qərarları, atdıqları addımları, xalqın azadlıq mübarizəsini diqqətlə izləyir, təhlil edir və buraxılan səhvlərə daxilən acıyır, əzab çəkirdi.

Zamansa heç nəyə məhəl qoymadan öz işini görürdü. Azərbaycan çox böyük sürətlə uçuruma, məhvə sürüklənirdi. Heydər Əliyevin siyasi səhnədə olmamasından istifadə edib, erməni separatizmi körüklənir. Azərbaycan daha ağır vəziyyətə düşür, iqtisadiyyat böhran keçirir, bir vaxtlar bu dahinin min əziyyətlə yaratdığı infrastruktur dağıdılırdı.

Məhz belə bir məqamda Heydər Əliyev qəti qərar qəbul edib, təzyiq və hədələrə məhəl qoymadan 1990-cı ildə əvvəlcə Bakıya, sonra isə poçt daşıyan yük təyyarəsi ilə Naxçıvana yola düşdü. Hadisələrə müdaxilə edə bilməsə də, xalqının içində olmaq özü də bir təsəlli idi. Amma xalq bu qayıdışı gözləyirmiş deyə, təsəlli nuruna toplaşırmış kimi onun ətrafına toplaşdı, kükrədi və öz yolunu tapıb, öz seçiminə hökm verdi. Daha geriyə yol yox idi.

Yeni Azərbaycan Partiyasının yaradılması həmin illərdə müstəqil Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisə oldu. Çünki 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası üçün yeni siyasi partiyanın təsis edilməsi tarixi zərurətə çevrilmişdi. Amma buna hələ zaman fürsət verməmişdi.

O vaxt milli Azərbaycan dövlətçiliyi heç bir sosial-siyasi dayağa malik deyildi. Tam hakimiyyətsizlik va anarxiya vəziyyətində yaşayan Azərbaycan uçuruma yaxınlaşırdı. Ölkədə hakimiyyətə can atan təcrübəsiz, naşı meydan qəhrəmanları isə pafoslu çıxışlardan və bir-birini ittiham etməkdən başqa bir iş görə bilmirdilər. Bu ağır günlərdə xalqımızın milli birliyini təmin edən, onun problemlərini tənzimləməyi bacaran vahid siyasi təşkilat və güclü lider yox idi.

1990-cı ilin sentyabrında xalqın istək və arzuları Naxçıvanda parladı və Heydər Əliyev muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Bu ilk addım usta siyasətçinin yenidən yüksək mövqe tutmaq imkanlarına xalqda qəti inam yaratdı. Artıq təkcə ağıllı, uzaqgörən ziyalılar yox, sadə və müdrik insanlar, bu dahinin şəxsi keyfiyyətlərinə bələd olan adamlar da qəti əminliklə bildirirdilər ki, Azərbaycanın xilası Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır. Bu fikir xalq arasında daha geniş yayıldıqca hakimiyyət divanələri ciddi narahat olmağa başlayır, müxtəlif vasitələrlə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təzyiqlər göstərməyə başlayırdılar.

Vətən və millət haqqında düşünən, qeyrətli, müdrik insanlar çətin, təhlükəli məqamda yalnız ağıllı, güclü, nüfuzlu şəxsiyyətə üz tutur, ondan ümid gözləyir, taleyini onunla bağlayırdı. Bu duyumla da Azərbaycan ziyalıları və ictimaiyyəti milli qeyrətinə və siyasi təfəkkürünə bələd olduqları Heydər Əliyevi yenidən hakimiyyətə qaytarmaq haqqında düşünürdülər. Xalqın mütəfəkkir ziyalılarının tələbi ilə Heydər Əliyevin dövlətin idarə edilməsi işində iştirak etməsi üçün onun respublika Prezidenti postuna namizədliyi məsələsi zərurətə çevrilmişdi. Xalqın bu arzusunu anlayan savadsız dövlət məmurları Heydər Əliyevin seçkilərdə iştirak etməsini məhdudlaşdırmaq məqsədilə Prezident seçkisində iştirak etmək üçün yaş senzi müəyyən etdilər.Ədalətsizcəsinə Əsas Qanuna dəyişiklik edib buna nail olsalar da Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilməsinə mane ola bilmədilər.

Xalqın təkidi ilə Naxçıvan seçki dairəsində Heydər Əliyevin namizədliyi qeydiyyatdan keçirildi və o, Naxçıvan sakinlərinin təkidi ilə yekdilliklə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Beləliklə də respublikanın ictimai həyatında fəal iştirak etmək imkanı qazandı. Deputat statusunu qazanan Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi və siyasi təfəkkürü ilə Azərbaycanda parçalanmış, qruplara bölünmüş insanların böyük bir hissəsinin sosial həmrəyliyini təmin etmək məqsədilə xalqın geniş təbəqələrinin mənafelərini və maraqlarını ifadə edən yeni siyasi partiyanın yaranması zərurətinin olduğunu görürdü.

Bütün bunlarla eyni vaxtda ulu öndər Heydər Əliyev həm Ali Məclisin sədri kimi blokada şəraitində yaşayan Naxçıvanın idarəçiliyini həyata keçirir, həm də Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərirdi. O, artıq Naxçıvanda müstəqilliyin atributlarını Ali Məclisin müzakirəsinə çıxarıb təsdiqləyirdi. Bunlardan ən önəmlisi, 1990-cı il noyabrın 17-də keçirilmiş Ali Məclisin birinci sessiyasında Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa edilməsi oldu. Təbii ki, burada qəbul edilmiş qərarlar paytaxt Bakıda böyük əks-səda doğurur, xalqın rəğbətilə qarşılanırdı.

Respublika rəhbərliyi isə hələ də gözləmə mövqeyi tutur, demokratik qüvvələrin, hətta Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul etmək barədə tələblərini qulaqardına vurur, qətiyyətsizlik göstərirdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bütün dünyaya bəyan edildi.

Ancaq bu, heç də ölkənin qarşılaşdığı problemlərdən, düşdüyü ağır vəziyyətdən çıxış yolu olmadı. Əksinə, Azərbaycanın müstəqillik qətiyyətindən qəzəblənmiş bəzi xarici qüvvələr daha ciddi şəkildə Ermənistanın işğalçılıq müharibəsini qızışdırırdılar. Azərbaycanın sərhədboyu bölgələrində vəziyyət son dərəcə ağırlaşırdı. Qorxaq respublika rəhbərliyinin siyasi səbatsızlığından, qətiyyətsizliyindən cana gələn, vətən və millət haqqında düşünən qeyrətli, müdrik insanlar, ziyalılar belə çətin və mürəkkəb vəziyyətdə ölkənin xilasını milli qeyrətinə və dövlətçilik təfəkkürünə, idarəçilik təcrübəsinə və səriştəsinə, beynəlxalq aləmdə nüfuzuna və hörmətinə bələd olduqları Heydər Əliyevin siyasətə, daha dəqiq desək ölkənin siyasi rəhbərliyinə qayıdışında görürdülər. Bunun sivil yolu isə siyasi təşkilat yaradıb, qanun çərçivəsində hakimiyyətə gəlmək idi.

Bu gün şərəfli tarixinin 17-ci ilini qeyd edən Yeni Azərbaycan Partiyası məhz belə ziddiyyətli və ağır bir dövrdə, Azərbaycan müstəqilliyinin bələkdəykən ölümə sürükləndiyi, Vətənimizin parçalanmağa yönələn bir ərəfədə dünyaya gəldi. Qətiyyətlə deyə bilərəm ki, YAP-ın yaradılması ideyası tarixi bəlli olan mütərəqqi fikirli, böyük bir qrup vətənpərvər ziyaliya məxsus olsa da, əslində bu, xalqın çox böyük əksəriyyətinin istək və arzusundan doğmuşdu. Bir həqiqət də var ki, əgər bu partiya özünə ulu öndər Heydər Əliyevdən kənar bir lider axtarışına çıxmış olsaydı, şübhə yox ki, bu gün onun uğurlarından belə geniş danışmaq mümkün olmazdı. Çünki istər bundan əvvəl, istər o ərəfədə, istərsə də sonralar bir çox ictimai, siyasi təşkilatlar, partiyalar yaradıldı və onlardan heç biri YAP-ın qazandığı uğurların kiçik bir hissəsinə belə imza ata bilmədi. Bunun yalnız bir səbəbi vardı -onların heç birinin Heydər Əliyevə nə şəxsiyyətdə, nə nüfuzda, nə təfəkkürdə, nə siyasi təcrübədə, nə uzaqgörənlikdə azacıq belə bənzəyən liderləri olmayıb və yoxdur.

Gərgin, əzablı, qan-qadalı günlərin uzanması vətənpərvər qüvvələrdə müstəqilliyi itirmək xofu yaradanda böyük siyasət ustasına, xalqın artıq öz lideri kimi qəbul edib “baba” deyə müraciət etdiyi millət atasına yazılı müraciət ünvanlandı.Tariximizə “91-lərin müraciəti kimi düşən bu məktub bəlkə də 91-minlərin 910 minlərin böyük sərkərdəni sidq ürəklə təkcə yeni yaradılacaq siyasi partiyaya deyil, gənc, müstəqil Azərbaycana rəhbərlik etməyə çağırışı idi. Yəqinliklə demək olar ki, Heydər Əliyev öz fəhmi ilə bu müraciətin arxasında 91 nəfərin yox, çox böyük bir qüvvənin — milyonların durduğunu görürdü.

Böyük öndərin cavab məktubu həmin ərəfədə sanki bütün ölkəni silkələdi. Vəziyyətin bunca ağır olmadığını dərk etməyənlər yalnız bu məktubdan, Heydər Əliyevin şəraiti dəqiq-dürüst təhlilindən sonra dərk etdilər ki, belə getsə xalq nəinki müstəqilliyi, hətta vətənini, keçmişini və gələcəyini də itirə bilər.

Heydər Əliyevin respublikada siyasi vəziyyətin geniş təhlilini verən, yaranmış vəziyyətdən konkret çıxış yollarını göstərən və bütün bunların həm ölkə rəhbərliyindən, həm respublikadakı siyasi qüvvələrdən, həm də hər bir vətəndaşdan ciddi səylər tələb etdiyini göstərən bu məktubu sonralar yeni yaradılmış YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.

Yeni Azərbaycan Partiyasının təsis qurultayını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirmək qərara alındı. Çünki yeni siyasi qurumun özünə lider seçdiyi tanınmış siyasi xadim, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsinə özünü demokratik sayan AXC hakimiyyəti tərəfindən imkan verilmirdi. Naxçıvana təsis konfransına gələn nümayəndələri təyyarə meydanında toplaşan hüquq mühafizə orqanlarının əməkdaşları geri qaytarır, müqavimət göstərənləri döyür, təhqir edirdilər.Lakin təhdid və təqiblərə baxmayan vətənpərvər qüvvələr Naxçıvana yola düşür və 550 nəfərdən ibarət təşəbbüs qrupu burada təsis konfransına başlayır.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan səhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı yeni siyasi təşkilatın rəsmən fəaliyyətə başladığını elan edir. Yeni Azərbaycan Partiyasını yaradan Heydər Əliyev ölkənin böhran vəziyyətindən xilas edilməsinə, siyasi sabitliyin dönməzliyinə təminat yaradılmasına, əhalinin bütün təbəqələrini işğal edilməmiş ərazilərimizin müdafiə edilməsi uğrunda mübarizəyə istiqamətləndirilməsinə başladı. Təsis konfransında Heydər Əliyev partiyanın adı, onun məramı, məqsəd və vəzifələri haqqında düşünərək belə qərara gəldi ki, Azərbaycanın qədim bölgəsi olan Naxçıvanda təsis edilən partiya bütün Azərbaycanın və bütün azərbaycanlıların siyasi partiyası olmalıdır. Heydər Əliyev partiyanın adı haqqında düşünərkən belə hesab edirdi ki, bu siyasi təşkilat ağır şəraitda yaşayan, lakin müstəqillik qazanan bütün Azərbaycanın vahid partiyası olacaqdır. Bu məramla da Heydər Əliyev yaranan partiyanı Yeni Azərbaycan Partiyası adlandırdı. Partiya yarandıqdan sonra onun fəal üzvləri təqiblərə, təzyiqlərə, zorakılıqlara məruz qaldılar. Lakin heç kim əqidəsindən, tutduğu yoldan dönmədi.

Partiyanın yaradılmasının qarşısını almaq məqsədilə bu təşəbbüsün tərəfdarlarına qarşı hazırlanan ən təhlükəli aksiyalardan biri Heydər Əliyevin özünə ünvanlanmışdı. Sədaqətli, qeyrətli, cəsarətli insanların dəstəyi ilə bu faciəli qəsdin qarşısı alındı, xalqımızın böyük oğlu Heydər Əliyev təhlükəli fitnəkarlıqdan hifz edildi.

Partiyaya qarşı təşkil olunmuş təxribat və fitvalardan biri də Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi ilə əlaqədar idi. Ədliyyə Nazirliyi vacib şərt kimi partiyanın qeydiyyatı üçün 1050 imzanın toplanmasını tələb edirdi. Aydındır ki, dövlət məmurlarının sərt nəzarəti altında olan yeni partiyanın dəstəklənməsi üçün 1050 imzanın toplanması o qədər də sadə məsələ deyildi. Adamların çoxu təqiblərdən, təzyiqlərdən ehtiyat edirdi. Lakin Heydər Əliyevin şəxsiyyətinə, dövlətçilik təcrübəsinə və milli qeyrətinə sədaqət göstərən insanlar təzyiqlərdən, təqiblərdən çəkinmədən bu işə özlərinin dəstəklərini verdilər və Heydər Əliyevin dövlətçilik təfəkkürü ilə yaranan partiyanın qeydiyyatdan keçməsinə nail oldular. Qısa müddət ərzində Heydər Əliyevin dövlətçilik dühasına və böyük islahatçılıq siyasətinə ümumxalq inamı əsasında Yeni Azərbaycan Partiyası bütün xalqın arzu və diləklərini ifadə edən nüfuzlu ümumxalq partiyasına çevrildi.

Geniş xalq kütlələrinin sosial sifarişi olan və ictimai zərurətdən yaranan siyasi partiya bütün çətinliklərə sinə gərərək müstəqillik tariximizdə ən böyük missiyanı — Azərbaycanın ən ağır, faciəli günlərində ölkədə vətəndaş müharibəsi getdiyi bir vaxtda xalqa dayaq durdu, onun milli birliyini təmin etdi, xalqımızın xilaskarlıq yolunu göstərdi, xalqla onun dahi oğlu Heydər Əliyev arasında körpü oldu. “Heydər-xalq, xalq-Heydər” birliyinin təşkilatçısına çevrildi.

Yarandığı gündən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və inkişaf etmiş iqtisadiyyat yaratmaqla sosial rifahı təmin etməkdən ibarət olmuşdur. Zaman göstərdi ki, son 17 ildə bu partiya öz məqsədləri naminə müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və ədalət prinsipləri çərçivəsində fəaliyyət göstərmişdir. Məhz buna görə xalqın partiyasına çevrilən, yüz minlərlə üzvü birləşdirən partiya bu müddət ərzində ölkədə bütün səviyyələrdə keçirilən (prezident, parlament və bələdiyyə) seçkilərdə inamlı qələbələr qazana bilmişdir. Bu bir daha ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının geniş ümumxalq dəstəyinə malik yeganə və alternativsiz tərəqqi yolu olduğunu sübut edir.

Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti sayəsində Yeni Azərbaycan Partiyası bu günlər sürətlə inkişaf edir və milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində cəsarətli, uğurlu addımlar atır. Azərbaycanda yaranan möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin, Prezident İlham Əliyevin uğurlu idarəçiliyi sayəsində ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasında özünə möhkəm yer tutmuş, tam müstəqil siyasət yeridən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Respublikamızın regionda birmənalı lider dövlətə çevrilməsi ulu öndər Heydər Əliyevin böyük dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir .

Prezident İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının strateji məqsədi Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpa edilməsindən, demokratik, hüquqi, dünyəvi dövlətin yaradılmasından, ictimai-siyasi sabitliyin təmin edilməsindən, milli həmrəyliyin möhkəmləndirilməsindən, sosial yönümlü güclü iqtisadiyyatın yaradılmasından ibarətdir.

Ümummilli liderimiz Heydər Əliyevin dühası ilə yaranan Yeni Azərbaycan Partiyası 17 illik fəaliyyəti ərzində əzəmətli və tarixi yol keçmiş, cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. YAP-ın sosial bazası gündən-günə güclənir, xalqımızın ən müdrik insanları onun ətrafında birləşir, təşkilatın təsir imkanları genişlənir. Heydər Əliyevin siyasi dövlətçilik təfəkkürü ilə yaranan, formalaşan, iqtidara gələn Yeni Azərbaycan Partiyası tarixi varislik prinsipi ilə sosial tərəqqi və davamlı inkişaf kursunu uğurla hayata keçirən İlham Əliyevin rəhbərliyi altında böyük nüfuz qazanır, xalqın milli və doğma partiyası kimi cəmiyyətin idarə edilməsində fəal iştirak edir. Bu gün YAP-ın sıralarında 450 min möhkəm əqidəli insan cəmlənmişdir.

Hazırda bu qədər insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin bütün yaşayış məntəqələrində ən layiqli, YAP-ın işinə və ideyalarına sadiq ən etibarlı şəxslər, ölkəmizin gələcəyinə böyük inamla partiyanın sıralarına daxil olur və Prezident İlham Əliyevin Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf proqramının uğurla hayata keçirilməsində böyük əzmkarlıq və fəallıq nümayiş etdirirlər. Partiya üzvləri Prezident İlham Əliyevin dövlətçilik siyasətinin strateji istiqamətlərinin və ideya siyasi kursunun uğurla reallaşdırılmasında birmənalı dövlətçilik mövqeyi nümayiş etdirir, böyük təşəbbüskarlıq göstərirlər. Prezident İlham Əliyevin Azərbaycanın sürətli inkişaf proqramının nəticələrinə dərindən inanan rəhbər işçilər, nüfuzlu ziyalılar, iş adamları səhiyyə və təhsil işçiləri, elm adamları vahid dövlətçilik platformasında birləşərək ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP-ın nüfuzunu yüksək zirvəyə qaldırmışlar.

YAP-ın tarixinə nəzər salanda partiyanın 1999-cu ildə keçirilmiş I qurultayında möhtərəm İlham Əliyevin çıxışı yadıma düşür: ... “Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı və siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü ilk növbədə , onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir,YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.

Bu fikirlər on il əvvəl deyilsə də bu gün də orijinaldır və reallığı əks etdirir. Çünki bu gün ümummilli lider Heydər Əliyevin həm dövlət başçısı kimi, həm də partiya lideri kimi ideya siyasi kursu onun bütün məqamlarda layiqli varisi olan möhtərəm İlham Əliyev tərəfindən çox böyük əzmkarlıq və uğurla davam etdirilir.

Ümummilli lider həyatının son anlarında da varlığı qədər sevdiyi Azərbaycanı düşünərək xalqa doğru, düzgün yol göstərdi, seçimində yanılmamağı məsləhət gördü: “Üzümü sizə–həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd , mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin peyğəmbərcəsinə dediyi bu sözlərin təsdiqinə elə də böyük vaxt lazım gəlmədi. Xalq öz böyük dahisinin son diləyini, göstərdiyi işıqlı yolu tutdu və İlham Əliyevi Prezident seçdi. Bununla eyni vaxtda Heydər Əliyev partiyası olan YAP-a böyük etimadla səs verdi.

17 illik zaman kəsiyində öz sələfi Heydər Əliyevin ümidlərini böyük uğur və şərəflə doğruldan Prezident İlham Əliyev artıq təkcə YAP-ın yox , xalqın şəriksiz liderinə çevrilib. Məhz onun həyata keçirdiyi siyasi və iqtisadi islahatlar, ölkənin inkişaf strategiyası bu gün Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə, Yeni Azərbaycan Partiyasını isə regionun ən qabaqcıl və nəhəng siyasi təşkilatına çevirib.

Prezident İlham Əliyevin bilavasitə başçılığı ilə reallaşan neft strategiyası, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı, ölkədə sürətli və davamlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun infrastrukturunun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin açılması, şəhərlə kənd arasındakı fərqin azalması, əhalinin kənddən şəhərə axınının qarşısının alınması üçün güclü təməl yaratmışdır.

Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yüksək dəyər verən Prezident İlham Əliyev partiyanın IV qurultayındakı nitqində bir daha qarşıda duran əsas məqsəd və vəzifəni haqlı olaraq belə ifadə edir: “Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda, bizim birinci dərəcəli vəzifəmiz Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Azərbaycan xalqının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması bizim üçün çox vacibdir”.

Bu gün qətiyyətlə demək olar ki, dövlət başçısının əsas diqqəti məhz bu sahəyə yönəlmişdir və artıq uğurlu nəticələr kifayət qədərdir.

Azərbaycanda ən güclü, ən böyük partiya olan YAP hazırda dünyanın bir sıra nüfuzlu partiyaları ilə uğurla əməkdaşlıq edir. Bu gün YAP-ın Türkiyənin AKP, Rusiyanın “Yedinaya Rosiyya”, Çin Kommunist Partiyası, ABŞ-ın Demokratlar, Respublikaçılar, Almaniyanın Sosial Demokrat, Yaponiyanın, Hindistanın, Fransanın , Misirin, İngiltərənin partiyaları ilə əlaqələri geniş miqyas almışdır. Bu baxımdan, 2007-ci ilin sentyabr ayının 27-də dünyanın 40 siyasi partiyasının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən “ Sivilizasiyaların dialoqu və siyasi partiyalar” mövzusunda beynəlxalq konfrans Prezident İlham Əliyev və onun başçılıq etdiyi YAP-ın beynəlxalq nüfuzunun əyani təsdiqi idi.

Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyası özünün lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin partiyası olaraq müstəqil ölkəmizin tərəqqisi naminə hələ tariximizin qələbələrlə dolu şanlı çox səhifələrinə imzalar atacaq.

 

 

Siyavuş QARAYEV,

ADNA-nın rektoru, akademik 

 

Xalq qəzeti.- 2009.- 25 noyabr.- S. 4.