Qadınlara qarşı zorakılığın
ləğvi həlli vacib məsələdir
Mədəniyyət İşçiləri Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsində 25 noyabr –
Qadınlara Qarşı Zorakılığın Ləğv
Olunması Gününə həsr edilmiş seminar
keçirildi. Tədbiri giriş sözü ilə açan
MİMHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova
qonaqları salamladıqdan sonra günün vacib məsələlərindən
biri olan bu problem haqında məlumat verdi. Bildirdi ki, həmkarlar
ittifaqlarının təqvimində üç əlamətdar
gün var ki, onların Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən bütün dünyada
qeyd edilməsi tövsiyə olunmuşdur.
Bunlar 8 Mart – Beynəlxalq
Qadınlar Günü, 7 oktyabr – Layiqli Əmək Günü
və 25 Noyabr – Qadınlara qarşı
Zorakılığın Ləğv Olunması
Günüdür. Bu gün Birləşmiş Millətlər
Təşkilatının təşəbbüsü ilə hər
il qeyd olunur.
Qadınlara qarşı
zorakılıq bütün
dünyanı narahat edən problemlərdəndir
və hətta ən inkişaf etmiş ölkələrdə
belə zorakılıq
əleyhinə mübarizə
dövlət siyasətinin
əsas istiqamətlərindən
birini təşkil edir. Azərbaycanda qadınların imkanlarının
genişləndirilməsi istiqamətində
ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulmuş siyasi xətt bu gün
hörmətli Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir, qadınların sosial statusunun yüksəldilməsi
təmin olunur.
Natiq bildirdi
ki, 2006-cı ildə hörmətli Prezidentimiz İlham Əliyev fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması,
10 oktyabr 2006-cı ildə “Gender bərabərliyinin təminatları
haqqında” Qanunun qəbul edilməsi, 2008-ci
il sentyabrın 26-da keçirilmiş Azərbaycan
Respublikası qadınlarının III qurultayı
bunun əməli ifadəsidir.
Bu gün ölkəmizdə qadınların
öz potensialını
reallaşdırılması üçün geniş hüquqi baza yaradılmışdır. Azərbaycan
Həmkarlar İttifaqlarının
qadın problemlərinin
həllində, onların
hüquqlarının qorunmasında
özünəməxsus rolu
və zəngin təcrübəsi vardır.
Azərbaycan Həmkarlar
İttifaqları kişi
və qadın arasında sosial bərabərliyin, qadınların
hüquq və mənafelərinin müdafiəsinin
təmin olunması üzrə böyük iş aparmaqdadırlar.
AHİK-in İcraiyyə
Komitəsinin 28 fevral
2006-cı il tarixli qərarı ilə “AHİK-in gender siyasəti üzrə Konsepsiyası”
təsdiqlənmişdir. Konsepsiyaya
uyğun olaraq İcraiyyə Komitəsinin
qərarı ilə “AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz”i yaradılmışdır.
Mərkəzin üzvləri
Türkiyədə, İtaliyada,
Özbəkistanda, Belçikada
və digər ölkələrdə seminarlarda,
görüşlərdə, BAHİK-in qadın məktəbinin hər il keçirilən seminarlarında və digər tədbirlərdə
iştirak ediblər.
2008-ci ildə
Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyanın
qərarına əsasən,
bu quruma üzv olan təşkilatlarda
zorakılığa qarşı
etiraz aksiyaları, yığıncaqlar və
digər tədbirlərin
məhz 25 noyabr tarixində keçirilməsi
tövsiyə olunmuşdur.
2006-cı il, dekabrın 21-də Milli Məclisin
qəbul etdiyi bəyanatda millət vəkilləri tərəfindən
Avropa Şurasının
qadınlara qarşı
zorakılıq, o cümlədən məişət
zorakılığı ilə
mübarizə kampaniyası
dəstəklənir. Qeyd
olunur ki, qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər,
nə də yaş hədləri tanıyır və heç bir etnik və ya
dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı
qadınlar kütləvi
şəkildə qəddar
zorakılıq əməllərinin
qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində
bunun acı nəticələrini görmüşdür.
Ermənistanın ölkəmizə
silahlı təcavüzü
nəticəsində minlərlə
azərbaycanlı qadın
həlak olmuş, yaralanmış, ağlasığılmaz
işgəncələrə və təhqirlərə
məruz qalmışdır.
Qadınlara qarşı
zorakılığın aradan
qaldırılması haqqında
Deklarasiyanın 3-cü maddəsində
qadınların siyasi,
iqtisadi, sosial, mədəni, mülki və digər sahələrdə insan hüquqları və əsas azadlıqlardan bərabər hüquqla istifadə edə biləcəyi göstərilir.
İlk həmkarlar
təşkilatlarında fəaliyyət
göstərən gender
bərabərliyi komissiyalarının
üzərinə bu hüquqların iş yerlərində hansı səviyyədə həyata
keçməsi, kollektiv
müqavilələrdə öz
əksini tapması, təkliflərin irəli sürülməsi kimi vəzifələr düşür.
Bu istiqamətdə
biliklərin artırılması,
seminarlar, konfranslar, praktiki tədbirlər planları tərtib edilməsində məqsəd
həmkarlar ittifaqı
üzvlərinin iş
yerilərndə zorakılıqla,
ayrı-seçkiliklə
üzləşməsinin riskini
azaltmaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova
çıxış edərək
qadınlara qarşı
zorakılığa öz
münasibətini bildirdi.
Ta qədimlərdən
bəri qadına münasibətin ayrı-ayrı insanlar tərəfindən birmənalı
olmadığını qeyd
etdi. Bildirdi ki, cəmiyyətin formalaşmasından bəri
ilk dəfə Məhəmməd Peyğəmbər
(s.) Kəbəyə qayıtdıqdan sonra qadınlara qarşı zorakılığın
qarşısını almaq
məqsədilə, bir
sıra tədbirlər
həyata keçirməyə
başladı. Müxtəlif
təsirlərdən qorumaq
məqsədi ilə qadına vəhşi münasibəti aradan qaldırmaq üçün
onlara çadranı məqbul saydı. S.Qəhrəmanova
məişətdə qadına
qarşı zorakılığa
aid xeyli faktlardan söhbət açdı. Erkən nikahların belə bu zorakılığın
bir növü olduğunu dedi. Fiziki və mənəvi cəhətdən daim zorakılıqla üzləşən
qadınların mənən
kişilərdən daha
güclü olmasından
söz açdı. Ən çətin məqamlarda səbrlə,
dözümlə həmin
situasiyadan çıxmağı
bacaran da qadınlardır—dedi.
“Qadın döyülə
bilər, təhqir oluna bilər, işdən çıxarıla
bilər, evin bütün yükünü
daşıya bilər,
ailədə hər kəsə qulluq edər, xörək bişirər, paltar yuyar — çünki qadındır. Kişi
isə əmr edə bilər, döyər, söyər,
külli ixtiyar sahibi kimi özünü
aparar — çünki kişidir”. Bu fikrin üstündən birdəfəlik xətt çəkmək vaxtı
artıq çoxdan çatıb. Bütün
qadınlar hüquqlarını
tanımalı və onu qorumağı bacarmalıdırlar.
AHİK-in şöbə
müdiri Namiq Hüseynov çıxışında
Gender mərkəzinə
bu tədbirə görə təşəkkür
etdi, Sədaqət xanımın zorakılıqla
bağlı fikirlərinə
şərik olduğunu
bildirdi. Zorakılığı
insanların həyatını
zəhərləyən yoxsulluğun
ömrünü uzadan
faktor hesab etdiyini diqqətə çatdırdı. Qadınlara
qarşı zorakılığı
pislədiyini vurğuladı,
qadın hüquqlarının
pozulmasını ciddi
tənqid etdi.
Azərbaycan Neft
və Qaz Sənayesi İşçiləri
HİRK-nin “Gender bərabərliyi və qadın problemləri” üzrə komissiyanın sədri İntizar Əzimova erkən nikahların, nikah müqavilələrinə etiraz
edənlərin fikirlərini
də qadınlara zorakılıq kimi dəyərləndirdi. Məktəblilərlə
görüşlərdən, onlarla etdiyi söhbətlərdən sonra
qızların nəinki
18, hətta 20 yaşlarında
da ailə qurmalarına narazı olduqlarını bildirdi. Onların ali təhsil almaq arzularını diqqətə
çatdırdı.
MİMHİ Qubadlı Rayon Komitəsinin sədri Əmrah Hüseynov, Şuşa Dram Teatrının HİK-nin sədri Enura Abdullayeva, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin gənclər redaksiyasının baş
redaktoru Aybəniz Məmmədəliyeva və
digərləri çıxış
edərək haqqında
söhbət açılan mövzuya münasibət bildirdilər.
Qadın azadlığı,
qadın hüquqlarının
qorunmasının cəmiyyətimiz
üçün önəmli
olmasını xüsusi
vurğuladılar.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 26 noyabr.- S. 5.