ŞƏKİ: problemlər yerlərdə həll olunur

 

Bir dəfə Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin idarəetmə prinsiplərindəki özünəməxsus ənənələrin getdikcə daha da dərinləşdiyi barədə yazı hazırlamaq istəyirdim. Çünki bu yazının sərlövhəsindən də göründüyü kimi, icra başçısının özü də, müavinləri də iş qrafikini elə qurublar ki, həftədə bir neçə dəfə mütləq yerlərdə olur, əhalinin problemlərini öyrənir, yaranmış vəziyyətdən çıxış yollarını axtarırlar.

 

Məhz belə görüşlər nəticəsində Şəkinin əksər kənd və qəsəbələrindəki problemlər öz həllini tapıb. Qərəz, mən bu yazını hazırlamaq istədiyim günlərdə ulu öndər Heydər Əliyevin hələ 1997-ci ildəki bir nitqini oxudum. Böyük dövlət xadimi vəzifə adamlarına üz tutaraq onların üzərinə düşən missiyanı bir daha xatırladırdı: “Əgər nazir, məmur, rayon-şəhər rəhbəri otaqda oturaraq öz vəzifəsini yerinə yetirəcəksə, deməli onun rəhbərlik etdiyi sahədə heç bir uğurdan, nailiyyətdən danışmaq mümkün olmayacaqdır”. Yəni idarəetmənin kamil mütəxəssisi olan dövlət başçısı öz sahəsində hansısa uğura nail olmaq istəyən rəhbər şəxsə konkret istiqamət göstərirdi... Şəkidə böyük uğurlar əldə edildiyi barədə isə artıq yuxarıda söhbət açdıq. Elə əvvəllər də bu mövzunu dönə-dönə qələmə almışıq.

Şəkiyə növbəti gəlişim zamanı maraqlı məqamla üzləşdim. Əvvəla, icra başçısının yerlərdəki görüşlərindən birində iştirak etmək istəyimi dilə gətirməmiş qarşı tərəfdən bu təklifi eşitdim. Məmnuniyyətlə razılaşdım. Sonra... Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov maraqlı fikirlər söylədi: “Bizim yerlərdə keçirdiyimiz görüşlər, qəbullar Heydər Əliyev idarəçilik məktəbindən öyrəndiklərimizdir. Ona görə də belə tədbirlərin bilavasitə bizim adımızla bağlanılması düzgün olmaz. Yadınızdadırmı, ulu öndər həm ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə, həm də müstəqillik illərində dövri olaraq əmək insanlarının görüşünə gedir, öz gəlişi ilə istənilən şəhərdə və ya rayonda yeni bir canlanma yaranmasına nail olurdu. Elə bu gün ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev də həmin tendensiyanı uğurla yaşadır. Siz özünüz bölgə müxbiri kimi şahidsiniz. Dövlət başçımızın bölgələrə səfərləri insanlar tərəfindən necə böyük rəğbətlə, ehtiramla qarşılanır. Hamı ona öz ürək sözlərini deyir. Prezidentin səfərlərindən sonra istənilən rayonda və şəhərdə yeni bir inkişaf tempi yaranır. Özü də dövlət başçımızın bölgələrə səfərləri az qala həftədə bir dəfə baş tutur. Yəni, dövlət bu şəkildə idarə edilirsə, o dövlətin bir bölgəsi olan şəhər və rayon da məhz həmin prinsiplər əsasında idarə olunmalıdır. Biz buna nail olmağa çalışırıq.

Nazim müəllim ölkə əhalisinin, deməli həm də Şəki camaatının rəhbərliklə görüşməyə böyük maraq göstərdiyini dedi:

Bilirsinizmi, insan psixologiyasında belə bir məqam var. Hamı istəyir ki, onun səsi eşidilsin. Səsi eşidilməyən adam ya həyatdan küskün düşür, ya da əli işdən soyuyur. Hər iki halda cəmiyət itirir. Ona görə də biz yerlərdən olan istənilən səsə səs vermək, münasibət bildirməklə insanların inamını möhkəmləndirməyə nail oluruq. Diqqət yetirin. 2009-cu ilin 9 ayı ərzində icra aparatı 916 məktuba cavab verib. Bu cavablar “aldım, oxudum, sağ olun”dan ibarət ola bilməz. Hər bir məktub əsaslı şəkildə araşdırılmasa, hüquqi normativlərə istinadən cavablandırılmasa insanların bizə olan inamı heçə enər. Eyni zamanda bu müddət ərzində 850 yazılı ərizə və şikayətə baxılıb. Bu ərizə və şikayətlər də həmçinin. Çox böyük diqqət və vaxt tələb edən məsələlərdir. Kəndlərin bir sıra problemlərinin həllində icra nümayəndəlikləri və bələdiyyələrin yaxından iştirak etməsi də ümumi vəzifənin yerinə yetirilməsinə öz töhfəsini verir. Kənd əhalisi tərəfindən qaldırılan məsələlər icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən yerində öyrənilir, aidiyyatlı dövlət idarələri qarşısında məsələ qaldırılır. Şəki bələdiyyələri tərəfindən 126 layihənin hazırlanması da yerlərdəki təkliflərin nəticəsidir.

...İcra hakimiyyəti başçısnını ucqar Daşbulaq kəndinin sakinləri ilə görüşü daha maraqlı idi. Əvvəla ona görə ki, indiyə kimi bu kəndə rayon rəhbərlərindən heç biri gəlməyib. İkinci də camaatın deməyə sözü çox idi. Çünki kəndə su çəkilmişdi. Uzaqdan baxanda Şəki-Zaqatala bölgəsi öz təbii görkəmi ilə elə təsəvvür yaradır ki, guya buralarda heç zaman su problemi ola bilməz. Ancaq belə deyil. Buralarda da suvarma suyu və içməli su sarıdan çətinlik çəkən kəndlər var. Daha doğrusu, var idi. Son zamanlar belə kəndlərin hamısına su çəkilib. Daşbulaq kənd icra nümayəndəsi İlqar Əliyevin fikrincə, qəzetlər məhz belə məsələlərdən bəhs edən yazılar verməlidirlər.

— Bəli, bizim kəndin su problemi var idi. Özü də uzun illərdən bəri. Hər gün dövlətin, xalqın, vəzifə adamlarının, rayon-şəhər rəhbərlərinin ünvanına minbir yalan və böhtan yazan qəzetlərin heç biri bu problemi yada salmadı. Əslində isə inkişaf etmiş ölkələrdə müstəqil qəzetin əsas vəzifəsi görülmüş işlərə kölgə salmaq yox, görülməmiş işi işıqlandırmaqdan ibarətdir. İndi budur, böyük zəhmət, diqqət və xərc hesabına kəndimizə su çəkilib. Bu faktı təqdir edən bir yazıya da rast gəlmirik. Dövlət, dövlət başçısı, rayon, şəhər rəhbərləri hər gün bir yeni uğura imza atan inkişaf strategiyasını reallaşdırırsa, xalqa elə bu bəsdir. Rayon rəhbərinin bizim kənd camaatına dediyi “Su çəkmək bizim vəzifəmiz idi, sizin vəzifəniz isə əkib-becərməkdir” ifadəsi kənd camaatının fəaliyyətini daha da stimullaşdırıb. Ümumiyyətlə, Şəkinin indiki rəhbərliyi işləmək istəyən hər bir insana yüksək səviyyədə imkan yaradır. Bu il rayonda rekord miqdarda taxıl istehsal edilməsi yerlərdən gələn istənilən təklifin dəstəklənməsinin, fermer və sahibkarların qayğı ilə əhatələnməsinin nəticəsi idi.

Kənd bələdiyyəsinin sədri İsfəndiyar Rəsulov isə daşdan da çörək çıxara bilən daşbulaqlıların əməksevərliyinin xüsusilə qeyd edilməsini vacib saydı:

— Daşbulaq camaatı sözün həqiqi mənasında, daşdan sızılan bulaq suyu kimi təmiz camaatdı. Hamının çörəyi halallıqla çıxır. Bu halallığı rayon rəhbərliyi bir qədər də zənginləşdirdi. Kəndimizə su çəkilməsini nəzərdə tuturam. Bizim camaat su olan yerdə cənnət yarada bilər. Dövlət başçımız bütün ölkəni cənnətə çevirirsə, biz bir kəndi nə üçün cənnətə çevirməyək? Bir məsələni də qeyd edim ki, biz bu Şəkiyə başqa bir Şəkidən gəlmə camaatıq. Belə ki, indi Ermənistan adlanan torpaqlardakı Sisiyan rayonunun Şəki kəndindən gəlmişik. Yəni qədim türk torpaqlarının bir ərazisindən o birisinə köçmüşük. Ən başlıcası odur ki, rayonun və ölkənin ümumi inkişafında iştirak edirik. Rayon icra hakimiyyətinin başçısı Nazim İbrahimov bizim təkliflərimizi və qaldırdığımız məsələləri çox ciddi şəkildə dinləyir və reallaşdırılmasına dəstək verir. Belə olanda isə bizim yeni-yeni layihələrimiz ortaya çıxır və nəticədə camaat üçün növbəti bir iş görmüş oluruq.

Ümumiyyətlə, 2009-cu ildə Şəkidə yenidənqurma, tikinti-quruculuq işləri geniş şəkildə davam etdirilib. Bu tendensiyanın daha əhatəli miqyas almasının əsas səbəblərindən biri isə yerlərdən gələn səslərin eşidilməsi, təkliflərin qəbul edilməsi, layihələrin dəstəklənməsidir. Tutaq ki, Şəkinin mühüm turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı sənaye və emal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman ocaqlarının tikilməsi Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramlarının icrası nəticəsində mümkün olur. Ancaq öz həllini tapmış bir çox məsələlər də var ki, onlar bilavasitə rayon rəhbərliyinin yerlərdə keçirdiyi görüşlər zamanı qaldırılmışdır. Məsələn, Aşağı Şabalıd kəndindəki məktəbin ikinci korpusunun təmiri ( bu təmir artıq başa çatmaq üzrədir), Baş Layısqı kəndinə su çəkilməsi, bayaq haqqında danışdığımız Daşbulaq kəndinin su probleminin həll edilməsi və bir çox belə məsələlər məhz yerlərdən gələn təkliflər əsasında öz həllini tapıb.

Bir sözlə, Şəki tarixi təcrübəsinə söykənərək öz yeni ənənələrini formalaşdırmaqdadır. Mən bu barədə xeyli müddət əvvəl “Kiş kəndində açıq dərs keçiriləcək” adlı qəzet materialında geniş söhbət açmışdım. Bu ilin avqustunda isə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin doğum günü münasibətilə Şəkidə keçirilən “Poeziya günü”ndə daha bir ənənənin təməli qoyuldu. Millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, Sabir Rüstəmxanlı və xalq şairi Zəlimxan Yaqubun iştirak etdiyi tədbirdə qərara alındı ki, gələcəkdə “Bəxtiyar Vahabzadə poeziya günü” ənənəvi xarakter alsın və bu söz bayramına türk dünyasının tanınmış ədəbiyyat xadimləri də dəvət olunsunlar. Diqqət yetirin, ildə ən azı bir özünəməxsus ənənə yaradılır. Sadə şəkililər bu ənənələrin hamısını sevir, ehtiramla qarşılayırlar. İcra başçısının yerlərdəki görüşlərini o cümlədən. Çünki bu görüşlər ildə bir dəfə deyil, hər həftə reallaşdırılır. Elə uğurların əsası da buradan başlanır.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 26 noyabr.- S. 5.