Azərbaycanın ixrac potensialının səmərəli reallaşması prioritet istiqamətlərdən biridir

 

Ölkəmizin sosial-iqtisadi inkişafı getdikcə dinamik xarakter alır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların ardıcıllıqla davam etdirilməsi, yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası ümumi inkişaf tempinə görə dünyada lider mövqeyinə çıxmışdır. Ölkədə dövlət tərəfindən azad sahibkarlığın, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi təşəbbüskarlığa və iqtisadi fəallığa geniş meydan açmış, insanlarda qurub-yaratmaq əzmini gücləndirmişdir.

 

Sahibkarlığın hüquqi bazasının formalaşdırılması nəticəsində ölkədə iqtisadi sərbəstlik üçün geniş imkanlar yaranmış, iş adamlarının normal fəaliyyəti təmin olunmuşdur. İndi respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilir, texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulur. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda rəqabət qabiliyyətli, alıcı zövqünü oxşayan mallar istehsal olunur. Həmin mallar isə daxili bazarda öz yerini getdikcə möhkəmləndirməklə bərabər, bir sıra xarici ölkələrə də ixrac edilir.

Azərbaycan məhsulunun xarici bazara çıxarılması, ixrac imkanlarının genişləndirilməsi məsələsi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (birinci və ikinci) və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə də öz geniş ifadəsini tapmışdır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkündür. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən olacaqdır.

Ölkənin ixrac potensialının səmərəli rellaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunmasına ciddi əhəmiyyət verilməsi, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin reallaşdırılmasına sahibkarların və istehlakçıların cəlb olunması, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Yaxın gələcəkdə sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olacaqdır. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət göstəriləcəkdir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi, istehsalın texnoloji cəhətdən yenidən qurulması, ixtisaslı kadrların hazırlanması və s. tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, son illər kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı bir sıra işlər görülmüşdür. Bu məsələnin daha da dinamik xarakter alması üçün ikinci regional Dövlət Proqramında (2009-2013-cü illər) da bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı göstərilməsi, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların daxili və xarici bazarlarda satışının gücləndirilməsi qarşıda ən mühüm vəzifə kimi qoyulmuşdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yuxarıda sadalanan məsələlər birinci regional Dövlət Proqramında (2004- 2008-ci illər) da öz ifadəsini tapmış və həmin istiqamətlər üzrə reallaşdırılan tədbirlər müsbət nəticələrlə müşahidə edilmişdir. Bunu Dövlət Statistika Komitəsinin son məlumatından da aydın görə bilərik. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 24150,1 dollarlıq (54956,6 ton) təzə tərəvəz, 45604,1 dollarlıq (54564,7 ton) təzə meyvə, 17798,7 dollarlıq (4239,2 ton) çay, 67263,9 dollarlıq (28114,2 ton) bitki yağları, 65823,3 dollarlıq (1205 ton) şəkər, 14133,2 dollarlıq (14412,9 ton) pambıq lifi ixrac etmişdir.

Bundan başqa, sözügedən dövrdə respublikadan kənara 2957,3 dollarlıq (3199,7 ton) meyvə və tərəvəz konservləri, 12434,0 dollarlıq (17688,2 ton) meyvə və tərəvəz şirələri, 9468,3 dollarlıq (6822,2 ton) pambıq parça ipliyi, 23022,8 dollarlıq (26629,6 ton) polietilen, 11299,8 dollarlıq (24029,3 ton) metal künclüklər və şvellerlər və s. göndərilmişdir.

Son illər Azərbaycan xarici ölkələrdən enerji daşıyıcıları idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişdir. Bu, hər şeydən öncə, neft-qaz sektorunun sürətli inkişafı ilə bağlıdır. Düzdür, Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritet istiqamətini qeyri-neft sahələrinin tərəqqisi, dirçəlməsi təşkil edir. Lakin bununla belə, neft amili milli iqtisadiyyatın inkişafı üçün ən vacib amillərdən biri kimi qalmaqdadır. Ona görə də neftin qiymətinin 147 dollardan 3 dəfə aşağı düşməsinə baxmayaraq, ölkəmizdə 2009-cu ildə irimiqyaslı neft layihələrinin və sazişlərdə nəzərdə tutulmuş tədbirlərin icrası ən uğurlu nəticələrdən biri olmuş və Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Bu ilin yanvar-oktyabr ayları ərzində ötən ildəkindən 12,1 faiz çox və ya 42,3 milyon ton neft, 2,8 faiz çox, yaxud 13,5 milyard kubmetr qaz hasil edilmişdir. Sözügedən dövrdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 35,2 milyon ton neft və ya 15,2 faiz çox, 8243,6 milyon kubmetr və ya 14,6 faiz çox əmtəəlik təbii qaz hasil olunmuşdur. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 1,3 faiz artırmışlar.

Onu da xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində Heydər Əliyev adına Bakı—Tbilisi—Ceyhan ixrac neft boru kəməri vasitəsilə 27,3 milyon ton, 2006-cı ildən — Ceyhan limanı istismara veriləndən oktyabr ayına kimi isə 100 milyon tondan artıq neft ötürülmüşdür. Gündəlik nəqletmə gücü bir milyon barel olan Bakı—Tbilisi—Ceyhan neft kəmərinin texniki və texnoloji tədbirlər nəticəsində ötürücülük qabiliyyəti 20 faiz artmış və hazırda gün ərzində kəmər vasitəsilə 1,2 milyon barel neftin nəqli üçün imkan yaranmışdır. Bu ilin doqquz ayı ərzində ixrac olunan qazın həcmi də 4 milyard 267 milyon kubmetrə çatmış və Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyəyə 3 milyard 530 milyon kubmetr, Gürcüstana isə 278 milyon kubmetr qaz nəql edilmişdir.

Ölkəmizin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir.

Müasir “Şimal” elektrik stansiyasının istismara verilməsi və respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymuşdur. Artıq iki ildir ki, Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Hazırda ölkəmiz tərəfindən Rusiya, İran və Türkiyəyə elektrik enerjisi ixrac olunur...

Göründüyü kimi, Azərbaycan ayrı-ayrı ölkələrə enerji daşıyıcıları ixrac edir. Bu ixracın yaxın gələcəkdə daha da artırılacağı gözlənilir. Əlbəttə, belə bir məqsəd dövlətimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “...Bizim ətrafımızda yerləşən bölgələrdə enerji resurslarımıza böyük tələbat vardır. Mən bir daha demək istəyirəm ki, bölgəmizdə yerləşən ölkələrdə həm qaz, həm də neft hasilatı Azərbaycandan bir neçə dəfə çoxdur. Amma reallıq ondan ibarətdir ki, biz bu ölkələrə neft, qaz və elektrik enerjisi satırıq. Nəyin hesabına? Görülən işlərin, infrastruktur layihələrinin, düzgün iqtisadi siyasətin və strateji baxışların hesabına. Həm taktiki gedişlər aparılır, eyni zamanda, məqsəd var və biz o məqsədə doğru gedirik. O məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı güclənsin. Əlbəttə ki, iqtisadiyyatımız gücləndikcə bizim siyasi imkanlarımız da genişlənir”.

Ölkəmizdə hazırda ixracın genişləndirilməsi, ixrac mallarının çeşidinin artırılması da diqqət mərkəzində saxlanılır. Artıq respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulmuşdur. Ölkəmizin “GSP+” proqramına daxil edilməsi Azərbaycan üçün təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da respublikamızın ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir.

Ölkəmizdə ixracın artırılması məqsədilə “GSP+” proqramından daha geniş istifadə olunması Avropa İttifaqının Azərbaycanla bağlı siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə hazırda bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də “GSP+” proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə noyabr ayında İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqı ilə birgə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlar keçirmişdir. Tədbirdə iqtisadi inkişaf, kənd təsərrüfatı, sənaye və energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin və muxtar respublikanın Sahibkarlar Konfederasiyasının nümayəndələri, eləcə də sahibkarlar iştirak etmişlər.

Seminarlarda Azərbaycanda yaradılmış əlverişli biznes mühiti və ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verilmiş, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” Proqramının əhəmiyyəti vurğulanmışdır. Qeyd edilmişdir ki, “GSP+” Proqramının tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir.

Avropa İttifaqının mütəxəssisləri “GSP+” Proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmış, mənşə sertifikatının verilməsi “GSP+” sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimat keçirilmiş, sahibkarların sualları cavablandırılmışdır.

Göründüyü kimi, regionlarda qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin, keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya siyasətinə mühüm əhəmiyyət verilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, investorlar üçün azad rəqabət mühitinin formalaşdırılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, ixrac potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaqdır.

 

 

Vaqif BAYRAMOV,

Məqalə Azərbaycan Respublikasının

Prezidenti yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 

 

Xalq qəzeti.- 2009.- 26 noyabr.- S. 3.