Qusarperspektivli turizm mərkəzi

 

Mən görəndə ki, Qusar qısa müddət ərzində öz simasını, demək olar ki, dəyişib, gözəlləşib, çox sevinirəm. Bizim görəcəyimiz işlər hələ çox olacaqdır. Qusarda hələ bundan sonra da açılışlar olacaqdır. Mən əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirlərin icra vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkə başçısı vaxtaşırı bölgələrə səfər edir. Sentyabr ayının 18- Prezident İlham Əliyev növbəti dəfə Qusarda oldu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək, onların qarşısında çıxış etdi. Bu, onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində Qusara dördüncü səfəri idi.

 

Qusarda keçirdiyi görüşlər zamanı ölkə başçısı son illər rayonda mövcud problemlərin həlli istiqamətində əməli tədbirlərin görüldüyünü, abadlıq işlərinin aparıldığını, bütövlükdə işlərin çox yaxşı getdiyini xüsusi olaraq vurğuladı. Prezident Qusar şəhərinin mərkəzindəki Heydər bağında ulu öndərin abidəsini ziyarət etdi, şəhərin girişində, dəniz səviyyəsindən 689 metr hündür ərazidə inşa olunmuş “Dövlət Bayrağı” kompleksində oldu, xəstəxana kompleksində tikinti işlərinin gedişatı ilə maraqlandı, “Qanlı dərə”də daşnak ordusu üzərində qələbə çalmış qəhrəmanların şərəfinə ucaldılmış abidənin açılışı və “Şahdağ” Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimlərində iştirak etdi. Dövlət başçısı Qusarda olarkən, həmçinin inşası nəzərdə tutulan Heydər Əliyev Xatirə Kompleksinin və Samur-Həzrə yolunun sxematik planları və eskiz layihələri ilə də tanış oldu, özünün rəy və təkliflərini bildirdi. Prezident Qış-Yay Turizm Kompleksinin əhəmiyyətindən bəhs edərkən dediyi bu sözlər isə qusarlıların gələcəyə inamını daha da artırmışdır: “Bu, son illər ərzində qeyri-neft sektorunda investisiyaların həcminə görə ən böyük layihədir. Bu layihəyə 100 milyonlarla dollar vəsait qoyulacaqdır və Qusarda, Şahdağda dünya miqyaslı yay-qış kurortu, dağ xizəyi kurortu tikiləcəkdir. Şübhə yoxdur ki, biz bunu yaradandan sonra həm minlərlə yeni iş yeri açılacaq, həm də turistlərin sayı artacaq və bir sözlə, Qusar beynəlxalq turizm mərkəzinə çevriləcəkdir”.

2009-cu ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində respublikanın digər rayonlarında olduğu kimi, Qusarda da iqtisadiyyatın və sosial infrastrukturun inkişafını xarakterizə edən göstəricilərdə hiss olunacaq artım qeydə alınmışdır. Belə ki, əvvəlki illə müqayisədə ümumi daxili məhsul istehsalı 5,5 faiz, sənaye məhsulu istehsalı 9,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 46,6 faiz, kənd təsərrüfatında ümumi məhsul istehsalı 8,2 faiz, nəqliyyat sektorunda əldə edilən gəlir 23,2 faiz, poçt və rabitə xidmətlərinin həcmi 5,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,4 faiz, bir işçiyə hesablanan orta aylıq əmək haqqı 25,2 faiz artmışdır.

Məlum olduğu kimi, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi ölkə başçısının daim diqqətdə saxladığı məsələlərdəndir. Müsbət haldır ki, Qusar rayonunda da bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi və problemlərinin həllinə xüsusi diqqətlə yanaşılmaqdadır. Bunun nəticəsidir ki, 2009-cu il ərzində ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət etmiş 1171 ailənin 5911 üzvünə ünvanlı sosial yardım, 1179 nəfərə aylıq müavinət, 758 nəfərə birdəfəlik müavinət, 588 nəfərə pensiya təyin edilmiş, 246 nəfər tənha və kimsəsiz vətəndaşa evində xidmət təşkil edilmişdir. Pensiya, müavinət və ünvanlı sosial yardım alan 16270 nəfərin 15560 nəfərinə ödənişlər plastik kartlar, ucqar dağ kəndlərində yaşayan 710 nəfərə isə poçtlar vasitəsilə həyata keçirilmişdir.

Rayonda fəaliyyət göstərən banklar tərəfindən sahibkarlara 250 min manata yaxın, o cümlədən 200 min manatdan çox uzunmüddətli kreditlər verilmiş, əhali tərəfindən banklara 353,1 min manat və 158,1 min ABŞ dolları məbləğində əmanətlər qoyulmuşdur.

2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda meyvəçilik, taxılçılıq, arıçılıq və heyvandarlıq məhsulları istehsalının və emalının dəstəklənməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmiş, nəticədə Hiloba və Şirvanovka kəndlərinin hər birində 10 hektar alma bağı, Yuxarı Zeyxur və Suduroba kəndləri ərazisində 30 hektar yüksək məhsuldar üzüm bağı, Minəxür kəndi ərazisində isə 25 hektar fındıq bağı salınmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qaydada 500 ton azot və super-fosfat gübrəsi, 10 ton elit kartof, 45 ton buğda toxumu, 36 baş cins mal verilmiş, əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 1 milyon 365 min manat vəsait ödənilmişdir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ildə rayonda keçən ildəkindən 13,5 faiz, yəni 6222 ton çox taxıl istehsal edilmişdir. 1 oktyabr 2009-cu il tarixə olan məlumata görə, rayonda 538 ton qarğıdalı, 18106 ton kartof, 17816 ton tərəvəz, 4229 ton meyvə yığılmış və hazırda da bir çox məhsulların yığımı davam etdirilir.

2008-ci ilin sentyabrında Qusar Olimpiya İdman Kompleksinin açılışı mərasimində iştirak edərkən rayon sakinləri Samur-Həzrə avtomobil yolunun təmiri və yenidən tikilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər. Qusarlıların arzu, təklif və problemlərinə hər zaman xüsusi həssaslıq nümayiş etdirən ölkə başçısı 27 avqust 2009-cu il tarixdə bu məsələ ilə əlaqədar xüsusi sərəncam imzaladı. Prezidentin “Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən Samur-Həzrə yolunun, bütövlükdə Rusiya Federasiyası ilə sərhəddə yerləşən 27 kəndin yol probleminin əsaslı şəkildə həlli nəzərdə tutulur. Artıq bir neçə aydır ki, Samur-Həzrə yolunun əsaslı təmirinə başlanıb. Uzunluğu 23 km olan yolun yatağı genişləndirilərək 10-12 metrə çatdırılmış, 18 kilometrlik hissəyə birinci qat asfalt döşənmiş, zəruri yerlərdə istinad divarlarının tikintisi və su ötürücü boruların qoyulması, yol yatağının qaldırılması və digər işlər görülmüşdür.

Prezident İlham Əliyev sentyabr ayının 18-də Qusarda olarkən yenidən rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü və Samur-Həzrə yolunun tikintisindən məmnunluğunu bildirdi: — Keçən il biz görüşəndə siz mənə Samur-Həzrə yolu haqqında deyəndə artıq bir az gec idi. Çünki bu ilin büdcəsi, demək olar ki, hazır vəziyyətdə idi. Ona görə də biz bu ilin büdcəsinə bu yolu sala bilmədik. Ancaq biz yol tapdıq və Prezidentin Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrıldı... Mən şadam ki, bu yolun tikintisi başlayıb..."

Samur-Həzrə yolu ilə paralel olaraq Qusar-Əniq-Ləzə-Suvar düşərgəsi avtomobil yolunun da əsaslı təmirinə başlanmışdır. Xatırladaq ki, həmin yolun ilk 6 kilometrlik hissəsinə hələ keçən il birinci qat asfalt döşənmişdir. Hazırda həmin yolun şəhərin Əzizbəyov və S. Vurğun küçələrindən keçən hissəsində rabitə və kanalizasiya quyularının təmiri və ikinci qat asfalt örtüyü vurulmasına başlanmışdır. 39 kilometrlik bu yolun əsaslı təmiri 11 kənddə yaşayan 10 min nəfər əhalinin yol problemini birdəfəlik həll edəcəkdir. Layihəyə görə, həmin yolda 4 ədəd körpü, 43 ədəd dəmir-beton su keçidlərinin tikintisi nəzərdə tutulur.

2009-cu ilin ötən ayları ərzində, həmçinin Rusiya Federasiyası istiqamətində olan avtomobil yolunda, habelə Quba-Qusar və Qusar-Xudat yolunda 6360 kvadratmetr, kəndarası və kənddaxili yollarda 528391 kvadratmetr sahədə cari təmir işləri görülmüş, Qusar-Həzrə avtomobil yolunda 2300 kvadratmetr asfalt örtüyü təzələnmişdir.

Qusar şəhərində abadlıq işləri davam etdirilmiş və bu məqsədlə Ləzgi Əhməd küçəsinə 2000 kvadratmetr asfalt salınmış, Tağıyev və Əzizbəyov küçələrində 12000 kvadratmetr sahəyə qırmadaş və çınqıl döşənmiş, 1410 metr uzunluğunda yeni beton arxlar çəkilmiş, şəhər avtovağzalı ətrafında 340 paqon metr dekorativ məhəccər quraşdırılmış, əraziyə yaşıl qazon salınmışdır. Şəhər küçələrinin işıqlandırılması, səkilərin təmiri, suvanması, rənglənməsi, bölüşdürücü xətt və zolaqların çəkilməsi işləri görülmüşdür. Bu il, həmçinin Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, “Dövlət Bayrağı” Kompleksinin, “Qanlı dərə”də daşnak ordusu üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin tikintisi başa çatdırılmış, S. Səfərov küçəsindəki 2 və 4 saylı çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadları əsaslı təmir edilmiş, Əniq kəndində balıq yetişdirmə müəssisəsi, Qusar şəhərində mineral su sexi, saatda istehsal gücü 60 kubmetr olan yeni beton zavodu və 2 istirahət parkı istifadəyə verilmişdir.

Şəhərin mərkəzi meydanında istifadəyə verilən, uzunluğu 31, eni 11 metr olan musiqili fəvvarə kompleksi günü-gündən abadlaşan, gözəlləşən Qusarın tikinti-quruculuq salnaməsində xüsusi yeri olan yeni tikintilərdəndir. Bunlardan əlavə, rayonun Hil, Yuxarı Ləyər, İmamqulukənd, Çiləgir kəndlərinə ümumi uzunluğu 2450 metr olan yeni qaz xətləri çəkilmiş, 2 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırılmış, 147 ədəd QTŞ təmir edilmiş, 7500 metr müxtəlif diametrli qaz xətləri korroziyaya qarşı boya ilə rənglənmişdir. Cari ilin 9 ayında Qusarda daha 724 evə təbii qaz verilmişdir. Bütün bunlarla yanaşı, o da qeyd edilməlidir ki, rayonda istehlak olunan təbii qazın dəyərinin ödənilməsi səviyyəsi qeyri-qənaətbəxşdir.

Rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 1 ədəd 630 kilovatlıq yeni transformator yarımstansiyası quraşdırılmış, 2 ədəd 100 kilovatlıq transformator yeniləri ilə əvəz edilmiş, 35,2 kilometrlik xüsusi izolyasiya edilmiş kabel xətti çəkilmiş, 2,4 kilometr naqil yenisi ilə əvəz edilmişdir. Bununla belə, rayonun elektrik şəbəkəsində dayaqların və naqillərin istismar müddətinin keçməsi ilə bağlı çox ciddi problemlər də qalmaqdadır. Xüsusilə də kənd yaşayış məntəqələrində bu cəhətdən vəziyyət daha ciddidir. Abonentlər tərəfindən istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi səviyyəsi də qaneedici vəziyyətdə deyildir. 2009-cu ilin 9 ayında rayona verilən elektrik enerjisinin dəyərinin 249,6 min manatının və ya 16,5 faizinin ödənilməməsi buna sübutdur.

İl ərzində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qusar şəhərində ümumilikdə 2107 metr uzunluğunda su xətləri yeniləri ilə əvəz edilmiş, Bakıxanov və Xammətov küçələrində, habelə Balaqusar yaşayış massivində ümumi uzunluğu 1276 metr olan yeni su xətləri, Tağıyev və M. Vəliyev küçələrində yeni kanalizasiya xətləri çəkilmiş, mövcud kanalizasiya xətləri təmir edilmişdir. Yuxarı Zeyxur-Samur su kəmərinin sel suları nəticəsində dağıdılmış hissələri təmir edilmiş, kəndlərdə içməli su təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq tədbirlər görülmüşdür.

Son vaxtlar rayonun ayrı-ayrı yaşayış məntəqələrinin daşqın və sel sularından qorunması, əhalinin suvarma suyu ilə təmin edilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Bu məqsədlə bir sıra yerlərdə suvarma sistemləri lildən təmizlənmiş, daşqın və sel təhlükəsi olan ərazilərdə çay məcraları dərinləşdirilmiş, beton kanalların 2 kilometrlik hissəsi təmir edilmişdir. Qusar çayında daşqın və selə qarşı 1463,6 kubmetr sahilbərkitmə işləri aparılmış, Qayakənddə və Qusar şəhəri ərazisində ümumi uzunluğu 210 metr olan sahilqoruyucu bəndlər tikilmiş, Şirvanovka, Langi və Quxuroba kəndlərində subartezian quyuların qazıntısı davam etdirilmişdir.

Ümumtəhsil məktəblərinin, mədəniyyət və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, Kirig kəndində inşa olunmuş məktəb binası şagirdlərin istifadəsinə verilmiş, Qusar şəhərində isə yeni məktəb binasının tikintisi davam etdirilməkdədir. Qusarçayın sağ sahilində Mərkəzi Rayon Xəstəxanası üçün yeni binanın tikintisi davam etdirilmiş, fəaliyyətdə olan xəstəxananın ayrı-ayrı korpuslarında əsaslı təmin işləri aparılmışdır. Tarix diyarşünaslıq muzeyinin əsaslı təmiri başa çatdırılmış, “Nizami” kinoteatrının əsaslı təmiri və yenidən qurulması davam etdirilmiş, XIX əsr abidəsi olan Əniq məscidinin dam örtüyünün əsaslı təmirinə başlanmışdır.

Bir sözlə, 2009-cu il Qusar rayonu üçün, sözün əsil mənasında, hərtərəfli inkişaf və yüksəliş ili olmuşdur. Həyata keçirilən uğurlu infrastruktur layihələri Qusar şəhəri ilə yanaşı, rayonun bir sıra iri kəndlərinin də sosial-mədəni simasını əsaslı şəkildə dəyişmişdir. Bütün bunlar isə Qusarın lap yaxın gələcəkdə perspektivli turizm,o cümlədən beynəlxalq turizm rayonuna çevriləcəyindən xəbər verir.

 

 

Q. CƏFƏROĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 26 noyabr.- S. 4.